Məhkəmə qərarları › İş №1(062)-23/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-23/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-23/2025 15.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, orta təhsilli, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 00:20 dəqiqədə Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə həmin vaxt açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olaraq fərdi yaşayış evinin qonaq otağında olan güzgülü dolabdan asılmış çantanın içərisindən 01 cüt Rusiya istehsallı, 583 əyarlı, qaşsız, 11 qram çəkiyə malik, 935 (doqquz yüz otuz beş) manat dəyərində olan toxunmaşəkilli qadın sırğasını, 01 ədəd Türkiyə istehsallı, 585 əyarlı, 4 qram çəkiyə malik, 340 (üç yüz qırx) manat dəyərində toxunmaqaşlı qadın üzüyünü, hər biri 40 (qırx) manat dəyərində olmaqla 04 (dörd) ədəd, 01 ədədi dördbucaqlı formasında, 3 ədədi isə dairə formasında olmaqla ümumilikdə 160 (bir yüz altmış) manat dəyərində sadə materiallı qadın qol saatlarını və 150 (bir yüz əlli) manat məbləğində nağd pul vəsaitini oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1585 (bir min səksən beş) manat dəyərində əmlakı yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamışdır.Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda da yaşayır. Hazırda hər hansı bir yerdə işləmir. xx.xx.2024-cü ildə saat 21 radələrində Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində, N saylı hərbi hissə ilə üzbəüz ərazidə yerləşən Kamran adlı şəxsə məxsus kafedə yeyib-içdikdən sonra tək taksi ilə Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində “Ağcanın kruqu” deyilən yerdə fəaliyyət göstərən Şahqulunun kafesinə gəlmişdir. Orada tək 02 (iki) bakal pivə içdikdən sonra tək yaşadığı evə getmək məqsədilə tanımadığı bir taksi avtomobilinə əyləşib Tovuz şəhəri Köhnə xəstəxananın qarşısında, yəni “Ayxan” marketin qabağında taksidən düşüb piyada və tək yaşadığı evə doğru getmişdir. O, sərxoş halda yolboyu piyada hərəkətdə olan cibindəki “Kent 4” siqaret qutusunu çıxarıb qutudakı sonuncu siqareti çəkməyə başlamışdır. O, siqaret çəkəçəkə mağazalara olan borclarını, eyni zamanda ödəməli olduğu aliment borcunu fikirləşib təcili pul tapmaq üçün nəsə etməli olması barədə deyə öz-özünə danışmışdır. Bundan sonra fikirləşib oğurluq etməyi qərara almış, lakin oğurluq cinayət əməlini necə və hansı ünvandan edəcəyi barədə qətiləşmiş fikri olmamışdır. Beləliklə, düşünə-düşünə Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini, eyni zamanda qohumu Zərərçəkmiş şəxs yaşadığı evin yerləşdiyi küçəyə daxil olmuşdur. O, Zərərçəkmiş şəxs yaşadığı evin yerləşdiyi dalanın yanında olarkən oğurluq cinayəti törətmək üçün Zərərçəkmiş şəxs evinə daxil olmağı qərara almış, lakin dalana açılan giriş qapıya yaxınlaşdıqda öz-özünə vicdan əzabı çəkib fikrindən daşınmış və geri qayıdıb yoluna davam etmişdir. Təxminən 20 (iyirmi) metr piyada getdikdən sonra yenidən təcili verməli olduğu borcları və aliment öhdəliyini xatırlayıb yolun ortasında dayanmış və əlini cibinə atıb siqaret çəkmək istəmiş, lakin sonuncu siqareti az əvvəl çəkdiyi yadına düşmüşdür. Artıq çəkməyə siqaretinin belə olmadığını görüb qohumu Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq etmək fikrini tam şəkildə qətiləşdirmiş və qərara almışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 00:20 dəqiqədə geri qayıdıb Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə yaxınlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə açılan giriş qapısının açıq olduğunu və evin otaqlarının işığı yandığını görmüş, lakin evin həyətinə daxil olub evin giriş qapısına bitişik olan pilləkənin yanında dayanmış və evin içərisinə boylanmışdır. Bu zaman evin açıq olan giriş qapısından qohumu Zərərçəkmiş şəxs arvadı Mehribanın qonaq otağında olduğunu görmüşdür. Həmin vaxt evin içərisində başqa kimsə görməmişdir. Şahid2 qonaq otağında, evin giriş qapısına yaxın hissədə olduğunu görüb bir qədər gözləmişdir. Bir qədər keçdikdən sonra Şahid2 əvvəlki yerdən, yəni qonaq otağından mətbəx otağına keçdiyini pəncərədən görmüşdür. Bu zaman o, oğurluq etmək niyyətilə evin içərisinə daxil olmaq üçün pilləkənlə qalxıb giriş qapısından içəri daxil olmuşdur. O, içəri keçdikdən sonra giriş qapısından təxminən 3-4 metr irəli gedib sağ tərəf güzgülü kamodun (kiçik dolab) asılqan hissəsindən 02 ədəd qadın çantası asıldığını görüb həmin çantalara yaxınlaşmış və asılqandan götürüb kamodun üzərinə qoymuşdur. Çantaların içərisinə baxdıqda 02 ədəd biri ağ, digəri qırmızı olan pul kisələri görmüşdür. Pul kisələrinin içərisinə baxdıqda ağ rəngli pul kisəsinin içərisində olan 100 (yüz) manat məbləğdə pul vəsaiti və 01 cüt, qaşsız, toxunmaşəkilli qadın sırğası, 01 ədəd toxunmaqaşlı, qadın üzüyü, 01 ədəd sadə materialdan hazırlanmış dördbucaqlı formasında qadın qol saatı və bir ədəd sadə materialdan hazırlanmış qadın üzüyünü ağ pul kisəsi ilə birlikdə oğurlayıb əynindəki şalvarın arxa sağ cibinə yerləşdirib evi tərk etmiş və küçəyə çıxmışdır. Evdən çıxarkən onu görən olub-olmadığını xatırlamır. Xatırladığı qədərilə evin həyətinə açılan giriş qapını bərk örtmüşdür. Bundan sonra piyada oradan uzaqlaşmışdır. Bir qədər getdikdən sonra işıqlı yerdə pul qabını cibindən çıxarıb içərisinə baxmış və pul qabındakı 100 manatlıq əskinazı cibinə qoymuşdur. Ağ rəngli pul qabını isə 01 cüt, qaşsız, toxunmaşəkilli qadın sırğası, 01 ədəd toxunmaqaşlı, qadın üzüyü, 01 ədəd sadə materialdan hazırlanmış dördbucaqlı formasında qadın qol saatı və bir ədəd sadə materialdan hazırlanmış qadın üzüyü ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evindən təxminən 50 metr aralıda yerləşən kolluq ərazinin içərisində gizlətmişdir. Daha sonra həmin vaxt istifadəsində olan mobil nömrə ilə taksi sifariş etmiş və Tovuz şəhəri Poçt küçəsində yerləşən “Oba” marketə getmişdir. Oradan bir ədəd pivə və bir paçka siqaret alıb daha sonra yaşadığı evə getmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə saat 06 radələrində tək və piyada pul qabını gizlətdiyi əraziyə gedib qızıl və bəzək əşyaların pul qabının içərisindən götürüb pul qabını da cırıb kolluğun içərisinə atmışdır. Daha sonra Tovuz şəhərində yerləşən “Bəy” kafesinə getmiş və pivə içə-içə tək “Whatsapp” proqramı vasitəsilə tanışı Tovuz şəhər sakini Şahid1 ***-***-**-** saylı mobil nömrəsinə zəng edib qızıl satmaq istədiyini demişdir. Bundan sonra Şahid1 ilə Tovuz şəhəri ərazisində görüşmüşlər. Həmin vaxt o, üzərində olan 01 cüt, qaşsız, toxunmaşəkilli qadın sırğası, 01 ədəd toxunmaqaşlı, qadın üzüyü, 01 ədəd sadə materialdan hazırlanmış dördbucaqlı formasında qadın qol saatı və bir ədəd sadə materialdan hazırlanmış qadın üzüyü Şahid1 göstərib satmaq istədiyi əşyaların bunlar olduğunu demişdir. Ceyhun ondan özünə məxsus olub-olmadığını soruşduqda ailə üzvlərinin olduğunu bildirib təcili pula ehtiyacı olduğu üçün satmaq istədikləri demişdir. Şahid1 ondan 01 cüt, qaşsız, toxunmaşəkilli qadın sırğası, 01 ədəd toxunmaqaşlı, qadın üzüyü götürüb baxdıqdan sonra alıb-almayacağı barədə bir qədər sonra məlumat verəcəyini demişdir. O, da razılaşmışdır. Daha sonra o, Şahqulunun kafesinə getmişdir. Orada olarkən xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Şahid1 ona zəng edərək ümumilikdə 670 manat pul vəsaiti qarşılığında 01 cüt, qaşsız, toxunmaşəkilli qadın sırğası, 01 ədəd toxunmaqaşlı, qadın üzüyü ala biləcəyini demişdir. O, da razılaşmışdır. Bundan sonra Şahid1 tək Şahqulunun kafesinə gəlib ona 670 manat pul vəsaiti verib ondan da qızıl-zinət əşyalarını götürüb getmişdir. O, oğurluq nəticəsində əldə etdiyi həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləmişdir. Ona heç bir formada hər hansı şəxs X1 məxsus fərdi yaşayış evinə oğurluq etmək niyyəti ilə qanunsuz olaraq daxil olmağında kömək etməmişdir. O, başqa hər hansı bir ünvandan oğurluq cinayət əməli törətməmişdir. O, həmin pul vəsaitlərini öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda əməlindən peşmançılıq hissi keçirir. Zərərçkəmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Dəymiş maddi ziyanı tam ödəmişdir. Odur ki, yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, eyni zamanda məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbinin olmadığını, ona dəymiş maddi ziyanın ödənilməsini bildirərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Aralarında ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istədiyini demişdir. Həmin vaxt o, Tovuz şəhəri ərazisində olmuş və tanışı Təqsirləndirilən şəxs görüşə biləcəyini deyib Tovuz şəhərində görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs cibindən bir ədəd siqaret qutusunu çıxarıb içərisindən 01 cüt, qaşsız, toxunmaşəkilli qadın sırğası və 01 ədəd toxunmaqaşlı, qadın üzüyü çıxarıb mənə göstərib satmaq istədiyini demişdir. O, Təqsirləndirilən şəxs həmin qızıl zinət əşyalarının kimə məxsus olub-olmadığını soruşduqda sonuncu ona ailə üzvlərinə məxsus olduğunu bildirib pul ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. O, bir neçə saat sonra maraqlanıb bir cavab deyəcəyini demişdir. Bundan sonra almaq fikrinə gəlib Təqsirləndirilən şəxs qızıllarını almaq istədiyini demişdir. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində Təqsirləndirilən şəxsla görüşüb ona 01 cüt, qaşsız, toxunmaşəkilli qadın sırğası və 01 ədəd toxunmaqaşlı, qadın üzüyünü 670 manat pul qarşılığında satın ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs da razılaşmışdır. O, orada Təqsirləndirilən şəxs 670 manat pul vəsaiti verib qızıl zinət əşyalarını satın almışdır. Daha sonra həmin 01 cüt, qaşsız, toxunmaşəkilli qadın sırğası və 01 ədəd toxunmaqaşlı, qadın üzüyü yaşadığı evə gətirmişdir. O, həmin qızıl əşyalarını ailə üzvlərinə hədiyyə etmək məqsədilə satın almışdır. O, Təqsirləndirilən şəxs satın aldığı qızıl zinət əşyalarının cinayət yolu ilə əldə edildiyini bilməmişdir. O, Təqsirləndirilən şəxs tanıdığı üçün onun elə bir cinayət edəcəyini düşünməmiş, eyni zamanda sonuncu ona təcili pula ehtiyacı olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Nürəddin oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə saat 23 radələrində o, atası Nurəddin Kərimovla birlikdə işdən çıxıb evə gələn zaman anası Şahid2 atası Nurəddin Kərimova zəng edərək yaşadığı evə naməlum şəxs(lər)in daxil olduğunu bildirmişdir. Anası ilə telefon danışığını bitirdikdən sonra atası Zərərçəkmiş şəxs ona yaşadıqları evə kiminsə daxil olduğunu və anası Mehribanın həmin şəxsi uzaqdan gördüyünü demişdir. Bundan sonra o, atası ilə birlikdə birbaşa yaşadığı evə getmişlər. Həmin vaxt yaşadığı evdə anası Şahid2 olmuşdur. Onlar anası Mehribandan nə baş verdiyini soruşduqda sonuncu yaşadıqları evdən kiminsə çıxdığını gördüyünü, həmin vaxt arxası ilə qışqıraraq səsləsə də həmin şəxsin qaçaraq uzaqlaşdığını demişdir. Daha sonra o, evin həyətyanı sahəsinə baxmışdır. Bu zaman ayaq izləri görmüş, lakin evindən həmin vaxt nəsə oğurlandığını bilməmişlər. Onlar güman etmişlər ki, yəqin yaşadığı evə kimsə oğurluq etmək məqsədilə qanunsuz daxil olmağa cəhd etmiş, lakin ev sakini tərəfindən görüldüyünü bilib cinayətkar niyyətini başa çatdırmadan oradan uzaqlaşmışdır. Bundan sonra o, ailə üzvüləri ilə birlikdə yaşadığı evə daxil olmuşlar. Bu zaman yaşadığı evin zal hissəsində olan dolabın içərisindəki bir ədəd qadın çantasının içərisində olan 2 ədəd biri ağ, digəri qırmızı olan pul kisələrinin yerində olub-olmadığına baxmışdır. Həmin vaxt ağ rəngli pul kisəsinin yerində olmadığını görmüşlər. Hadisədən əvvəl qırmızı rəngli pul kisəsinin içərisində olan 150 (yüz əlli) manat məbləğdə pul vəsaiti və ağ rəngli pul kisəsinin içərisində olan 01 cüt Rusiya istehsalı olan 11 qram çəkidə olan, 583 əyarlı, qaşsız, toxunmaşəkilli qadın sırğası, 01 ədəd Türkiyə istehsalı olan 4 qram çəkiyə malik, 585 əyarlı, toxunmaqaşlı, qadın üzüyü, 01 ədədi dördbucaqlı formasında, digər 3 ədədi isə dairəvi formada olan qızıl materialından hazırlanmayan sadə materiallı qadın qol saatlarının naməlum şəxs(lər) tərəfindən oğurlandığı onlara məlum olmuşdur. Daha sonra bu barədə polis əməkdaşlarına bildirmişlər. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilərək əl-barmaq izləri götürülmüşdür. Baş vermiş hadisədən bir neçə gün sonra polis əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, yaşadıqları evə oğurluq etmək niyyəti ilə qanunsuz olaraq daxil olmuş şəxs Təqsirləndirilən şəxs olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı məhkumluğu yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 9/8359 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən, lakin tədqiqata təqdim edilməyən 02 adda qızıl-zinət əşyalarının 2024-cü ilin sentyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1275,00 müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 123 saylı ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən vətəndaş Şahid3 Nürəddin oğluna məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 01 ədəd kağız parçasının üzərində yapışdırılmış 01 ədəd şəffaf yapışqanlı lent kəsiyinin üzərində olan 01 ədəd əl-barmaq izi şəzaiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl izi xx.xx.1993-cü ildə Tovuz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsi 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, habelə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış qızıl-əşyalarınin qanuni sahibinə geri qaytarılması nəzərə alınmalı və maddi sübut kimi tanınmış hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 01 ədəd kağız parçasının üzərinə yapışdırılmış, 01 ədəd şəffaf yapışqanlı lent kəsiyinin üzərində olan 01 ədəd əl-barmaq izi cinayət işi materiallarında saxlanmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində olan «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarının ona qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi nəzərə alınsın. Maddi sübut kimi tanınmış hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 01 ədəd kağız parçasının üzərinə yapışdırılmış, 01 ədəd şəffaf yapışqanlı lent kəsiyinin üzərində olan 01 ədəd əl-barmaq izi cinayət işi materiallarında saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar