Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-24/2024 16.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) nəfər uşaqları olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz şəhəri Eldəniz Quliyev küçəsi ev 33 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd kağız bükümdə təmiz çəkisi 7,45 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamış, 02 oktyabr 2023-cü il tarixdə, saat 19:15-də Tovuz şəhəri, Heydər Əliyev prospektində yolun kənarında saxlanılaraq Tovuz rayon polis şöbəsinə dəvət olunmuş, həmin tarixdə saat 19:40-dan saat 20:25-dək olan müddət ərzində ünvan 1 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında üzərində keçirilmiş şəxsi axtarış zamanı bir ədəd kağız bükümdə təmiz çəkisi 7,45 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əyində olan göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanda yaşayır. Narkotik vasitə aludəçisi deyil, ara-sıra narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, siqaretə doldurub çəkir. xx.xx.2023-cü il tarixdə saat 20 radələri olardı o, idarə etdiyi **-EU-*** dövlət qeydiyyat nişanlı “VAZ 21010” markalı avtomobillə Tovuz şəhəri Heydər Əliyev prospekti ilə üzü Tovuz rayonu Düz Cırdaxan kəndi istiqamətinə doğru hərəkətdə olmuşdur. Daha sonra Tovuz şəhəri Heydər Əliyev prospektində yerləşən “Zərifə Əliyeva” adına parkın qarşısında idarə etdiyi avtomobili saxlamışdır. Həmin vaxt üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Onlar özlərini polis əməkdaşları kimi təqdim edərək, üzərində və avtomobilində daşınması qanunla qadağan olunmuş narkotik vasitələrin gəzdirilməsilə bağlı şübhələndiklərini bildirib onu Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. O, da heç bir etiraz etmədən idarə etdiyi avtomobil ilə birlikdə Tovuz rayon polis şöbəsinə gəlmişdir. Ardınca bir otağa daxil olmuşdur. Polis əməkdaşları onu nə üçün şöbəyə gətirdiklərini və hüquqlarını izah etmişlər. Sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O, da həmin siyahının içərisindən X1. Müdafiəçisi Orxan Dəmirlinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan əvvəl ona üzərində qanunla saxlanması, daşınması, istifadəsi qadağan edilmiş hər hansı əşya olubolmadığı soruşulmuşdur. O, da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı çıxardıb təqdim etmişdir. Daha sonra onun təqdim etdiyi bir ədəd kağız bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş və həmin bükümdə olan kütlənin bükümlə birlikdə çəkisi 9,89 qram təşkil etmişdir. Daha sonra təqdim etdiyi bir ədəd kağız bükümdə olan kütlə zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Tovuz rayon polis şöbəsinin inzibati binasının həyətində onun idarə etdiyi “VAZ 21010” markalı **-EU- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl avtomobildə qanunla saxlanılması, daşınması və istifadəsi qadağan edilmiş hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. O, avtomobilində qanunla qadağan olunmuş hər hansı bir əşyanın, yəni narkotik və psixotrop maddələrin olmadığını bildirmişdir. Axtarış aparılarkən onun idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya, yəni narkotik və psixotrop maddələr aşkar edilməmişdir. Həmin narkotik vasitəni Nuru adlı şəxs onun maşınına atıb qaçmış, o da ayağı ilə həmin narkotik vasitəni maşının oturacağının altında gizlətmişdir. Odur ki, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Bu səbəbdən də həmin şəxslə heç bir qohumluq əlaqəsi, münasibəti, ədavət və düşmənçiliyi yoxdur. 02 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, gəzdirməsi ilə əlaqədar həmin tarixdə də ifşa edilməsi ilə bağlı bildirmişdir ki, həmin gün saat 19:00 radələrində o, Tovuz Rayon Polis Şöbəsində gündəlik xidmətində olan zaman ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. O, Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 oğlu, Tovuz Rayon Polis Şöbəsinin Post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə həmin günü saat 19:00 radələrində avtomobilə minib Tovuz şəhər istiqamətində hərəkət etməyə başlamışlar. Daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21010” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz şəhəri Heydər Əliyev prospekti ilə üzü Tovuz rayonu Düz Cırdaxan kəndi istiqamətinə doğru yolun sağ tərəfində yerləşən “Zərifə Əliyeva” adına parkın qarşısında dayanmışdır. Onlar Təqsirləndirilən şəxs avtomobilini aşkar etdikdən sonra arxasında saxlayıb düşmüşlər. Ardınca Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs sükanın arxasında olmuşdur. Xidməti vəsiqəni təqdim edib polis əməkdaşı olduğunu bildirərək, ona üzərində və avtomobilində narkotik vasitə gəzdirməsi ilə bağlı şübhəli olduğunu bildirmişlər. Sonra onu Tovuz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərmədən avtomobilə əyləşmiş və onlar Təqsirləndirilən şəxs Tovuz Rayon Polis Şöbəsinə gətirmişlər. O, Təqsirləndirilən şəxs rayon şöbəsinə gətirilməsi ilə bağlı müvafiq raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması Tovuz Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı Ruflan Əliyeva həvalə edilmişdir. Bundan sonra Ruflan Əliyev, Təqsirləndirilən şəxs özünü təqdim etmiş və ona hüquq və vəzifələrini izah edərək bildirmişdir ki, üzərində şəxsi axtarış keçirilməzdən əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi tələb etmək hüquq vardır. Bundan sonra təhqiqatçı X8 rayon Vəkil bürosunun vəkillərinin siyahısını Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısından vəkil X2 və vəkili tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Daha sonra vəkil X10 Rayon Polis Şöbəsinə dəvət olunmuş və o, Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkili Orxan Dəmirlilə tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını demişdir. Daha sonra baxış iştirakçılarının hamısına elan edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılacaqdır. Şəxsi axtarış keçirilməmişdən öncə təhqiqatçı Ruflan Əliyev, Təqsirləndirilən şəxs təklif etdi ki, üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmet vardırsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya olduğunu bildirərək, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin bir ədəd kağız bükümə açılaraq baxış keçirilmişdir. Həmin kağız bükümdə olan kütləyə baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi kütlə qurudulmuş marixuanadır və həmin kütləni bir gün öncə Tovuz rayon ərazisindən keçən Kür çayının sahilindən taparaq özü istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız bükümdə olan kütlə elektron tərəzidə çəkilmişdir. Kağız bükümdə olan kütlənin çəkisi bükümlə birlikdə 9,89 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd kağız bükümdə olan kütlə zərfə qoyulub qablaşdırıldı və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmənin aparılması barədə tərtib edilən protokola da iştirakçıların hamısı imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21010” markalı **-EU-*** dövlət nömrə nişanlı avtomobilə onun özünün və müdafiəçisinin iştirakı ilə, eləcə də videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21010” markalı **-EU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə aparılmazdan əvvəl ona idarə etdiyi avtomobildə əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması barədə soruşulmuş, olarsa təqdim etməsini təklif olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya yoxdur. Daha sonra onun idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadələr verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdilər. Məhkəm iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır, münasibətləri yaxşı olmuş, heç bir ədavət və düşmənçiliyi olmamışdır. 02 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək, çörək yeməyi təklif etmiş, o isə sonuncu ilə razılaşmışdır. O, Tovuz Gömrük İdarəsinin qarşısında Hidayəti gözləmişdir. Bir müddət sonra Hidayət ora gəlmiş, onu idarə etdiyi avtomaşına götürdükdən sonra o, Gəncə şəhərinə getməli olduğunu, onunla birlikdə getməyi söyləmişdir. O, avtovağzalın yanında düşüb su almış, daha sonra isə Hidayətə cəza çəkdiyi üçün Tovuz rayonu ərazisini tərk edə bilməyəcəyini, bu səbəbdən onu Tovuz şəhərində yerləşən “Zərifə” parkının yanında düşürtməsini istəmişdir. O, parkın yanında avtomaşından düşdükdən sonra polis əməkdaşları Hidayətə yaxınlaşmış və daha sonra birlikdə Tovuz RPŞ-yə getmişlər. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olması şübhəsi olduğundan polis şöbəsinə dəvət edilmişdir. O, Təqsirləndirilən şəxs nə narkotik maddə verməmiş, nə də ki avtomaşınına narkotik vasitə atmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsi tərəfindən verilmiş 03 oktyabr 2023-cü il tarixli 16/973 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 7,45 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuanın təmiz çəkisi – 7,45 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 7,43 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 23 oktyabr 2023-cü il tarixli 1734 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Tovuz Rayon İHB-nin Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla və işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Ona görə də Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə məhkəmə tənqidi yanaşaraq, həmin ifadəni qeyri-səmimi hesab etməklə onu qeyd edir ki, təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı idarə etdiyi avtomobilə X6 adlı şəxsin atdığını söyləmiş, həmin şəxsin əlavə şahid qismində dindirilməsini xahiş etmiş, Nuru Tağıyev məhkəmə iclasına gətirilmiş, sonuncu məhkəmə iclasında deyilənləri tamamilə təkzib etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs göstərdikləri öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, həmin narkotik vasitə Nuru tərəfindən Hidayətə verilsə də belə Hidayətin həmin narkotik vasitəni qəbul etmək niyyəti olmasa idi onun həmin narkotik vasitəni dərhal avtomaşından çölə atmaq imkanları da var idi. Bundan başqa da özünün də məhkəmə iclasında verdiyi ifadəsindən və işdəki rəydən də müəyyən edilir ki, o narkotik vasitədən epizodik olaraq istifadə edir. Bu halların özü onu deməyə əsas verir ki, bu iş üzrə müəyyən edilmiş narkotik vasitə Təqsirləndirilən şəxs özünə aid olmaqla, öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdə müsbət xarakterizə olunmasını və himayəsində bir nəfər az yaşlı, bir nəfər isə yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi onun özü ilə yanaşı 2 nəfər uşaqlarının da həyat şəraitinə təsir edəcəkdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd kağız bükümdə təmiz çəkisi 7,43 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dən saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd kağız bükümdə təmiz çəkisi 7,43 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-24/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-24/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver