Məhkəmə qərarları › İş №1(062)-25/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-25/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-25/2023 19.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Tovuz rayonu, Hunanlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, məhkumluğu olan, orta təhsilli, Tovuz rayonu, Hunanlar kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd kibrit qutusunda təmiz çəkisi 7,79 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində, bir ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 4,89 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı isə Tovuz rayonu Hunanlar kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində olan daşların arasında saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrdə Tovuz şəhəri, Rövşən Məmmədov küçəsində saxlanılaraq Tovuz rayon polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 18 radələrdə ünvan 1 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında onun üzərində aparılmış şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı həmin bir ədəd kibrit qutusunda olan, təmiz çəkisi 7,79 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sağ yan cibindən, bir ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 4,89 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana isə həmin tarixdə saat 19 radələrdə Tovuz rayonu Hunanlar kəndində yerləşən onun yaşadığı fərdi yaşayış evinin həyətində olan daşların arasından aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə aldudəçisidir və təxminən 4 ildir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində dostu Röyal ilə Tovuz şəhəri, R.Məmmədov küçəsi ilə piyada hərəkət edən zaman iki mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Tovuz RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş, ona üzərində saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş əşyanın olmasında şübhələndiklərini bildirib onu Tovuz RPŞ-nə dəvət etmişlər. Orada onun hüquqları izah olunmuş, hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkillərin siyahısı təqdim olunmuş, həmin siyahından X1. Müdafiəçisi X3 iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində olan qəhvəyi rəngli qış gödəkcəsinin sağ cibindən bir ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin qutu açılıb onun içərisinə baxılan zaman qutunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Onun, iştirakçıların və müdafiəçinin yanında polis əməkdaşları həmin kibrit qutusunu, içərisində olan kütlə ilə birlikdə elektron tərəzisində çəkmişlər. Kibrit qutusunun içərisində olan kütlə ilə birlikdə ümumi çəkisi 7,07 qram olmuşdur. Həmin kibrit qutusu polis əməkdaşları tərəfindən zərfə qoyulub qablaşdırılıb götürülmüşdür. Daha sonra onun razılığı əsasında Tovuz rayonu Hunanlar kəndində yerləşən yaşayış evinə baxış keçirilmiş, baxış zamanı evin arxa tərəfində həyətdə yığılmış daşların arasından, bir ədəd kibrit qutusu aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin kibrit qutusu içərisində olan kütlə qarışıq elektron tərəzisində çəkilmiş, ümumi çəkisi 4,81 qram olmuşdur. Onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana ilə baxış zamanı evindən götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana eynidir. Qeyd olunan narkotik vasitələri Tovuz çayının Hunanlar kənd ərazisindən keçən hissəsinin sahilindən tapmışdır. Hazırda əməlindən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Tovuz rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində xidmətdə olan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və gəzdirməsi, həmçinin yaşadığı fərdi yaşayış evində gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Tovuz rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə əməliyyat-axtarış tədbirləri keçirmişdir. Onlar Təqsirləndirilən şəxs Tovuz şəhəri R.Məmmədov küçəsi ilə hərəkət etdiyini görüb, yaxınlaşaraq ona üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı şübhəli olduğu bildirmiş, onu Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. Tovuz rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilmiş və üzərində şəxsi axtarış keçirilməzdən əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi tələb etmək hüququn olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Tovuz rayon Vəkil bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, sonuncu ona təqdim edilmiş vəkillərin siyahısından vəkil X2, vəkil Mətləb Abbasov Təqsirləndirilən şəxs təqdim edilmişdir. O, vəkillə tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəkdir. Şəxsi axtarışdan öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşyanın və ya sair predmetin olub-olmaması sual olunmuş, olduğu təqdirdə onları könüllü olaraq təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində bir ədəd kibrit qutusunun olduğunu bildirərək həmin kibrit qutusunu əynində olan palıdı rəngli qış gödəkçəsinin cibindən çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Kibrit qutusunun içərisindən yaşıl rəngli, ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əynindəki qış gödəkcəsinin cibindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və özünə məxsus olmaqla Tovuz rayon Hunanlar kəndi ərazisilə axan “Tovuz çayı”nın sahilindən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra bir ədəd kibrit qutusunda olan həmin kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə həmin kütlənin çəkisi 7,07 qram təşkil etmişdir. Daha sonra həmin kütlə gələcəkdə ekspertizaya təqdim edilməsi üçün götürülərək zərfə qoyulub ağzı möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, həmçinin Təqsirləndirilən şəxs evinin arxa tərəfindən həyətdə yığılmış daşların arasından bir ədəd kibrit qutusu aşkar edilərək baxış keçirilmiş və aşkar edilmiş kütlənin yaşıl rəngli, bitki tərkibli, kəskin iyli olması müəyyən edilmişdir. Həmin kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 4,81 qram olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tovuz RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da Şahid1 ifadəsində olan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 18:15-də Tovuz rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı onun əynində olan palıdı rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin kütlənin kibrit qutusu ilə birlikdə ümumi çəkisi 7,07 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə olan marixuana olduğunu, Tovuz rayon Hunanlar kəndi ərazisilə axan “Tovuz çayı”nın sahilindən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. “Baxış və götürmə aparılması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19:50-də Təqsirləndirilən şəxs Tovuz rayonu Hunanlar kəndində yerləşən evində baxış keçirilərkən evin arxa tərəfində həyətdə yığılmış daşların arasında bir ədəd kibrit qutusunda olan narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin kütlənin kibrit qutusu ilə birlikdə ümumi çəkisi 4,81 qram olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 16/ 1232 saylı ekspert rəyindən görünür ki, “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,79 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. “vət.Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar 1 (bir) ədəd kibrit qutusunda olan kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 4,89 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxsin X5 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və haqqında “polisin nəzarəti altına vermə qətimkan tədbiri” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il, 11 ay, 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 3 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1757 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Tovuz rayonu, Hunanlar kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası İ Qarabağ müharibəsi şəhididir. Təqsirləndirilən şəxs təhsil aldığı, habelə hərbi xidmət müddətlərində müəllimlərin və komandirlərin rəğbətini qazanmışdır. Kən ictimaiyyəti qarşısında özünü əxlaqlı və nizam-intizamlı aparmışdır. Dövlət tədbirlərində hər zaman fəal iştirak edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilmişdir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 12,68 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs şəhid ailəsi üzvü olmasını, yəni atasının İ Qarabağ müharibəsi şəhidi olmasını ona cəza təyin edən zaman nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə bir məqamı da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan azadlığının məhdudlaşdırılması cəzasının məhkəmənin qərarı ilə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi cinayətlərinin residivi kimi ağırlaşdırıcı hal hesab edilə bilməz. Çünki “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndinə əsasən islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan CM-nin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzaları məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2022 -ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə görə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1757 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ona görə də onun barəsində məcburi müalicə təyin olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut – Tovuz Rayon Polis Şöbəsinin maddi subutların saxlanc yerinə təhvil verilmiş bir ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,75 qram və bir ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,85 qram təmiz çəkilərə malik kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv olunmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilisin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 3 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 6 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və məcburi müalicə aldığı müddətdə müalicə müəssisəsi onun cəzasını çəkdiyi yer hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsinin maddi subutların saxlanc yerinə təhvil verilmiş bir ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,75 qram və bir ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,85 qram təmiz çəkilərə malik kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar