Məhkəmə qərarları › İş №1(062)-25/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-25/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-25/2025 12.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Tovuz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Tovuz rayonu, Aşağı Ayıblı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüquq olmadan yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 10 iyul 2022-ci il tarixdə, saat 19 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan sahiblik hüququ X4 məxsus “LADA” 21102 markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu Əyyublu-Alakol kənd avtomobil yolunun Tovuz rayonu Alakol kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən, sürücü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, bu tələblərə riayət etməyərək, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən, yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, həmin tələbləri pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətlərini davam etdirməklə, həmin vaxt əks hərəkət zolağı ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan mopedlə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan mopedin sürücüsü Zərərçəkmiş şəxs döş qəfəsinin sol tərəfinin İV, V, Vİİ və Vİİİ qabırğaların sınığı, döş karkasının deformasiyası, pozulması, əzələlərin və digər toxumaların cırılması hesabına ağciyərin dərialtı prolapsı, sol tərəfli diafraqmanın cırılması, dərialtı emfizema, sol tərəfli hemopnevmotoraks ilə müşayət edilən, hemorragiktravmatik şok ilə nəticələnən qapalı küt travması, sol körpücük sümüyünün sınığı kimi ümumilikdə həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hadisə baş verən gün yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı Tovuz rayonu Əyyublu kəndində yerləşən kafelərin birində pivə qəbul etmişdir. Bundan sonra yaşadığı evə getmişdir. Axşam saatlarında istifadə müddəti bitdiyi üçün dəyişməyə verdiyi maaş kartını götürmək üçün getməli olmuşdur. Bu məqsədlə qonşusu Elşən Qarayevə məxsus “LADA 21102” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili ona verməsini istəmişdir. Spirtli içki qəbul etməsi və sürücülük vəsiqəsinin olmaması barədə Elşənə heç nə deməmişdir. Elşəndən sahibliyində olan avtomobilin açarlarını aldıqdan sonra həmin avtomobil ilə Əyyublu kəndindən Alakol kəndi istiqamətində hərəkətə başlamışdır. Alakol kəndi ərazisində öz yolu ilə hərəkətdə olarkən qarşıda olan mağazanın qarşısında dayanmaqda olan marka və modelini, həmçinin dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin arxasında dayanıb oradan siqaret almaq istəmişdir. Bu səbəbdən onun hərəkətdə olduğu yolun sol tərəfində olan ərzaq dükanının qarşısında dayanmaq və alış-veriş etmək üçün sola dönməli olmuşdur. Buna görə də əks yoldan və arxadan gəlib gedənin olmadığını görüb sola dönmə işıqlarını yandırmış və sürətini azaldıb təxminən saatda 25 kilometr sürətlə dönməyə başlamışdır. Həmin vaxt sözügedən mağazanın qarşısında dayanmaqda olan avtomobilin arxasından adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi mopedlə çıxmışdır. O, dərhal əyləci sıxmışdır. Lakin, ara məsafəsi az olduğundan onlar toqquşmuşdur. Bundan sonra o, dərhal avtomobildən enmiş və Səbuhinin xəsarət aldığını görmüşdür. O, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə xəstəxanaya aparmaq istədikdə ətrafda olan şəxslər artıq təcili tibbi yardıma məlumat vermiş olduqlarını, təcili tibbi yardımı gözləməyini bildirmişlər. Qısa müddət sonra təcili tibbi yardım əməkdaşları gəlmişlər və Səbuhini xəstəxanaya aparmışlar. Bütün bu müddət ərzində Səbuhi oyaq olmuş və huşu özündə olmuşdur. O da Zərərçəkmiş şəxs yanında olmuşdur. Təcili tibbi yardım əməkdaşlarının ardınca hadisə yerinə polis əməkdaşları da gəlmişlər. Zərərçəkmiş şəxs xəstəxanaya aparıldıqdan sonra o da polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. Şöbədə izahatı alındıqdan sonra buraxılmışdır. O, polis şöbəsində olduğu müddət ərzində onun qohumları artıq xəstəxanaya getmişlər. O, şöbədən çıxdıqda qohumları ilə əlaqə saxlamış və Səbuhinin vəziyyəti barədə soruşmuşdur. Onun qohumları da həkimlərin ilk tibbi yardım götərdiklərini, hazırda Səbuhinin vəziyyətinin yaxşı olmasını səhəri gün günorta xəstəxanadan evə buraxılacağını demişlər. Bundan sonra o, yaşadığı evə getmişdir. Ertəsi gün Səbuhinin qohumları zəng etmiş və Səbuhinin vəziyyətinin yaxşı olmadığını, əməliyyat edilməli olduğunu demişlər. Bu səbəbdən o və qohumları xəstəxanaya getmişlər. X7 şəhərində adını xatırlamadığı özəl klinikaya aparmışlar. Həmin klinikada Səbuhini bütün müayinələri etmiş və əməliyyat olunmuşdur. O, Səbuhinin həmin özəl xəstəxanada əməliyyatına, müayinə və müalicəsinə ümumilikdə 10400 (on min dörd yüz) manat pul xərcləmişdir. Bundan sonra Səbuhi evinə buraxılmışdır. O və qohumları dəfələrlə Səbuhinin Alakol kəndində yaşadığı evə ziyarətə getmişlər. Hər dəfə getdikdə 200-100 manat məbləğlərində pul vermiş, meyvə və sair ərzaq malları aparırmışlar. Bütün bunlara isə ümumilikdə təxminən 2000 (iki min) manat pul xərcləmişdir. Bu kimi xərclərə görə onun borcları artmışdır. O da məcbur olub dolanışıq və borclarını qaytarmaq üçün 6 sentyabr 2022-ci il tarixdə işləmək üçün Rusiya Federasiyasına getmişdir. O, düşünmüşdür ki, artıq Səbuhinin ondan şikayəti yoxdur. Bundan əlavə o, Rusiya Federasiyasında olarkən təxminən 2023-cü ilin dekabr ayında Səbuhi özünü narahat hiss etməsi barədə onlara xəbər göndərmişdir. Bu səbəblə həmin zaman Azərbaycanda yaşadığı Əyyublu kəndində olan anası X5 müayinə və müalicəyə ehtiyacı varsa müalicə etdirmək üçün Tovuz rayonunda çalışan Kamal həkimin daha sonra isə Qazax şəhərində çalışan Fəxrəddin adlı həkimin yanına müayinəyə aparmışdır. Hər iki həkim Səbuhiyə sağlamlığı ilə bağlı heç bir narahatlığın olmadığını bildirdiyini demişdir. Səbuhi həkimə təkidlə müalicə yazmasını istədikdə həkimdə bəzi vitaminlər yazmışdır. Həmin vitaminlərin alınmasına və həkimlərin müayinəsinə isə 200(iki yüz) manat pul xərcləmişdir. Beləki, həmin xərclənən pulları o, Rusiyadan işləyib göndərirmiş. Məhkəmə baxış iclasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 10 iyul 2022-ci il tarixdə çörək almaq məqsədilə özünə məxsus olan əkin sahələrində torpaq şumlamaq və s. məqsədlə istifadə edilən mopedlə Tovuz rayonu Alakol kəndində mağazaya getmişdir. “Xan” adlı marketə daxil olub oradan çörək almış, yaşadığı evinə tərəf yenidən yola düşmüşdür. Saat təminən 19 radələrində özünə məxsus mopedlə yaşadığı kəndin əsas asfalt yolu ilə hərəkətdə olarkən əks istiqamət zolağı ilə üzü ona qarşı avtomobil hərəkət edirmiş. Avtomobil ona yaxınlaşdıqca hiss etmişdir ki, avtomobil onun üzərinə gəlir. Bu vaxt o, idarə etdiyi mopedi yolun sağ ehtiyyat hissəsinə tərəf çəkmişdir ki, hadisədən yayına bilsin. Lakin buna baxmayaraq o, qəzadan yayına bilməmişdir. Həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, idarə etdiyi VAZ-21102 markalı **-CA-*** nömrə nişanlı avtomobillə onu öz hərəkət zolağında vurmuşdur. Ağır xəsarətlər aldığı üçün onu xəstəxanaya aparmışlar. Uzun müddət müalicə alsa sağlamlığı bərpa olmamışdır. Hadisəni törədən sürücü hadisədən sonra müalicə xərclərinin ödəsə də hazırda ona heç bir kömək etmir. Müalicəsini davam etdirməyə, dərmanlarını almağa maddi imkanı yoxdur. Yenidən cərrahi əməliiyat keçirməlidir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, o, 10 iyul 2022-ci il tarixdə axşam vaxtı dəqiq xatırlamadığı saatda Tovuz rayonu Alakol kəndində mağazanın qarşısında olmuşdur. O, mağazanın qarşısında olduğu vaxt “LADA 21102” markalı **-CA- *** dövlət qeydiyyat nişanlı avtomobil mağaza istiqamətinə dönmüş, dönmə zamanı əks istiqamətdən moped adlı qurğu ilə gəlməkdə olan həmkəndlisi Zərərçəkmiş şəxs ilə toqquşmuşdur. Toqquşma nəticəsində Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri almışdır. Yay fəsli və axşam saatları olması səbəbindən ətrafda çox insan olmuşdur. Həmin insanlar hadisə səbəbindən mağazanın qarşısına toplaşmışlar. Orada olan şəxslərdən biri təcili tibbi yardıma zəng etmişdir. Qısa müddət sonra hadisə yerinə təcili tibbi yardım əməkdaşları daha sonra isə polis əməkdaşları gəlmişdir. Təcili tibbi yardım əməkdaşları Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. O, hadisəni törədən Kamal adlı şəxsi Tovuz rayonu Əyyublu kənd sakini kimi tanıdığını bildirmişdir. Bütün bu müddət ərzində hadisəni törətmiş Kamal adlı şəxs hadisənin təsirindən həyəcanlı vəziyyətdə olsa da hadisə yerində olmuş, heç bir yerə getməmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Polis X2 xx.xx.2022-ci il tarixdə tərtib edilmiş raportda qeyd edilmişdir ki, həmin tarixdə saat 23:15-də Tovuz Rayon Mərkəzi Xəstəxanasından həkim N.Əsgərov növbətçi hissəyə zəng edərək 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs deməsinə görə avtomobil vurması nəticəsində yaranmış xəsarətlərlə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Hadisəsi yerinə baxış keçirilməsi haqqında 10 iyul 2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Tovuz rayon Əyyublu-Alakol kənd avtomobil yolunun Tovuz rayonu Alakol kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Həmin avtomobil yolu asfalt örtükdən ibarət olmaqla, düz, hadisə baş verən zaman quru, hamar olmaqla hər iki istiqamətə hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş vermiş avtomobil yolunun ümumi eni 5,6 metrdir. Yolun hər iki tərəfindən ehtiyyat hissəsindən ibarətdir. Yolun orta hissəsində bir hərəkət istiqamətini digərindən ayıran xətt yoxdur. Bunda başqa tormoz izi aşkarlanmamışdır. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 iyul 2022-ci il tarixdə, saat 22:30 radələrində idarə etdiyi iki tərəfindən ehtiyyat hissə dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Tovuz rayonu Əyyublu kəndi istiqamətindən üzü Tovuz rayon Alakol kəndi istiqamətə doğru gedən zaman Tovuz rayonu Alakol kəndi ərazisində əks istiqamətdən gələn X1 idarə etdiyi mopedlə toqquşmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi publik hüquqi şəxsin Tovuz rayon şöbəsinin 24 sentyabr 2022-cü il tarixli, 212 nömrəli məhkəmə tibbi ekspertizasını rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər – döş qəfəsinin sol tərəfinin İV, V, Vİİ və Vİİİ qabırğaların sınığı, döş karkasının deformasiyası, pozulması, əzələlərin və digər toxumaların cırılması hesabına ağciyərin dərialtı prolapsı, sol tərəfli diafraqmanın cırılması, dərialtı emfizema, sol tərəfli hemopnevmotoraks ilə müşayət edilən, hemorragik-travmatik şok ilə nəticələnən qapalı küt travması, sol kökrpücük sümüyünün sınığı küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə ümumillikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli alkotestr müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 0.942 promil alkoqol sərxoşluğu aşkar olunmuşdur. Cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2024-cü il tarixli 8/768 №-li məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, “LADA 21102” markalı **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-21102 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-21102 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-21102 markalı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi üzrə 27 noyabr 2024-cü il tarixli qərarla “LADA 21102” markalı **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və dövlət qeydiyyat nişanı olmayan moped cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TB şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 959 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmiş və adı sürücülük vəsiqəsindən məhrum edilənlər siyahısında yoxdur. Məhkəmə yuxarıda göstərilən sübutlara əsaslanaraq ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlmiş, rədd edilməli olan digər sübutlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. Məhkəmə cinayət hadisəsinin, yəni Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətinin mövcud olmasının sübuta yetirildiyi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl əsas obyekt olaraq yol hərəkətinin təhlükəsizliyini təmin edən ictimai münasibətlərə, əlavə obyekt olaraq insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd etmişdir. Obyektiv cəhətdən avtomobili idarə edən sürücü Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olan dərəcədə pozulmasında, yəni Yol hərəkəti haqqında Qanunda onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsində ifadə olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasında ifadə olunan ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə mövcuddur. Əməl maddi tərkibli olmaqla qeyd edilən ictimai təhlükəli nəticəsinin baş verdiyi andan başa çatmışdır. Təqsirləndirilən şəxs əməli subyektiv cəhətdən təqsirinin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Təqsirləndirilən şəxs 263-1-ci maddəsinin subyekti ilə bağlı şərtlərə cavab verməklə əməli törətdiyi anda 16 yaşına çatmış, anlaqlı olmuş, alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda olmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmamışdır. Qeyd edilən obyektiv və subyektiv əlamətlər Təqsirləndirilən şəxs əməlini cinayət kimi səciyyələndirdiyindən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasının sübuta yetirildiyi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən əməlin törədilməsində iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edən heç bir hal müəyyən edilməmiş, onun cinayətin törədilməsinə aidiyyəti sübuta yetirilmişdir. Beləliklə, cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmiş, onun əməli Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:30-da tutulmuşdur. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi və haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Tovuz Rayon Polis Şöbəsi MSY-dən azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. "xxxx" MMC-yə aid 189909, 189910 və 190695 nömrəli xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərinə əsasən müvafiq olaraq 1500 manat, 7000 manat və 500 manat məbləğdə pul vəsaitləri Zərərçəkmiş şəxs adına kassaya ödənilmişdir. “X3”na aid xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 400 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs adına kassaya ödənilmişdir. Tovuz rayon İHB-nın Əyyublu kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqı gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən tutulduğu 1 gün müddət təyin edilmiş cəzadan çıxılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübutların qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 noyabr 2024-cü il tarixdən 23 noyabr 2024-cü il tarixədək tutulduğu 01 gün müddət ona təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübutlar “LADA 21102” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil və torpaq sahəsini əkmək üçün nəzərdə tutulmuş daxili yanma mühərrikli mopedin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar