Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-26/2023 01.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1975-ci ildə Tovuz rayonu, Əlibəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu ödənilməmiş və götürülməyən, İİ dərəcəli əlil, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrıayrılıqda içərisində təmiz çəkiləri 3,88 qram və 3,64 qram olan iki ədəd kibrit qutusunda, ümumi təmiz çəkisi 7,52 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 12 oktyabr 2022-ci il tarixində üzərində saxlamış, həmin tarixdə saat 18:10 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasına dəvət olunmuş, həmin tarixdə saat 18:40 radələrində orada üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib üzərində saxladığı, ayrı-ayrılıqda içərisində təmiz çəkiləri 3,88 qram və 3,64 qram olan, iki ədəd kibrit qutusunda, ümumi təmiz çəkisi 7,52 qram qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2-ci dərəcə əlildir, lakin hər hansı ruhi-əsəb xəstəliyi və ya psixi pozuntusu olmamışdır, narkotik vasitə aludəçisidir, narkotik vasitə olan marixuanadan istifadə edir. Sonuncu dəfə narkotik vasitədən 2022-ci ilin sentyabr ayında istifadə etmişdir. O, xx.xx.2022-ci il tarixdə Tovuz rayon Aşağı-Quşçu kəndində yolun kənarı ilə gedən zaman yerdə iki ədəd kibrit qutusu görmüş, həmin kibrit qutularını yerdən götürərək açıb içərisinə baxmış, hər iki kibrit qutusunun içərisində narkotik maddə olan marixuana olduğunu görmüşdür. Həmin kibrit qutularına baxdıqdan sonra ətrafa göz gəzdirmiş, heç kəsin olmadığını görüb həmin kibrit qutularının hər ikisini əynində olan cins şalvarın sağ yan cibinə qoyaraq yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində yaşadığı evdən idarə etdiyi avtomobillə çıxmış, Tovuz şəhəri, Həzi Aslanov küçəsində 3 nəfər mülki geyimdə olan şəxslər onun idarə etdiyi avtomobili saxladaraq ona yaxınlaşmış və özlərini Tovuz RPŞ-nin əməkdaşları kimi təqdim edərək ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün onlarla birlikdə Tovuz RPŞ-yə getməli olduğu bildirilmiş, onlara hər hansı müqavimət göstərmədən onlarla birlikdə Tovuz RPŞ-nə getmişdir. Tovuz rayon polis şöbəsində Tovuz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Məhərrəm Məmmədov ona üzərində narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirib hüquqlarını izah etmiş, üzərində şəxsi axtarış aparılacağı izah olunmuş, şəxsi axtarış aparılmazdan əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olduğunu izah olmuş və vəkillərin siyahısı ona təqdim olunmuşdur. Həmin siyahından vəkil kimi Müdafiəçi seçmiş, bir qədər sonra vəkil Müdafiəçi ona təqdim olunmuşdur. Bundan sonra Tovuz RPŞ-nin inzibati binasında ona təqdim edilmiş həmin vəkilin və onu Tovuz RPŞ-yə gətirmiş mülki geyimli polis əməkdaşlarının iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış istintaq hərəkəti aparılmışdır. Təhqiqatçı ondan üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşmuş, ona üzərindəki narkotik vasitələrii cibindən çıxarıb təqdim etmişdir. Beləliklə 12 oktyabr 2022-ci il tarixdə Tovuz RPŞ-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılması həyata keçirilərkən, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd kibrit qutusunda içərisində narkotik maddə olan marixuana aşkar olunmuş, həmin kütləni təhqiqatçı götürdükdən sonra içərisindəki kütləyə baxış keçirilmişdir. Sorğu zamanı həmin kibrit qutusunun içərisində olan kütlənin marixuana olduğunu bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlələr elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitə olan marixuananın kibrit qutusu ilə birlikdə çəkisinin ümumilikdə 12,47 qram təşkil etdiyi məlum olmuşdur. Bundan sonra isə həmin kütlələr ekspertiza təyin edilməsi məqsədilə iki ədəd kağız zərfə qoyulub qablaşdırılmış və həmin zərflərin ağzı möhürlənmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri heç vaxt satmaq fikri və məqsədi olmamışdır. Həmin narkotik vasitələri yalnız özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Hazırda əməlindən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Tovuz rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. 12 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Tovuz RPŞ-nin PPX-nin əməkdaşı Şahid3 və Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 əməliyyat-axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs həmin gün saat 18 radələrində Tovuz şəhəri H.Aslanov küçəsində idarə etdiyi “ Kio Rio” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılmış və rayon polis şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə Tovuz RPŞ-yə getmiş, orada onun barəsində təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı təhqiqatçı Məhərrəm Məmmədov özünü Təqsirləndirilən şəxs təqdim edib sonuncuya hüquq və vəzifələrini, o cümlədən nədə şübhələnilərək Tovuz RPŞ-yə gətirildiyini izah etmiş, sonra onun üzərində şəxsi axtarış keçiriləcəyini demiş, müdafiəçi tələb etmək hüququnun olduğunu bildirmiş və Tovuz rayon vəkillər Bürosunun vəkillərinin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısından vəkil Müdafiəçi özünə müdafiəçi seçmiş, vəkil Müdafiəçi Tovuz RPŞ-yə dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra iştirakçılara videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı izah olunmuş, şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər hansı bir əşyanın, yəni əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs isə üzərində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Sonra əynində olan cins şalvarın sağ yan cibindən iki ədəd kibrit qutusunu təhqiqatçıya təqdim etmişdir. Kibrit qutusu içərisində yaşıl rəngli, kəskin qoxulu, ilkin görünüşdən marixuanaya bənzər kütlənin olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “marixuana” olduğunu, həmin narkotik vasitə olan marixuananı isə Tovuz rayon Aşağı Quşçu kəndi ərazisində yolun kənarına gedən zaman yerdən tapdığını bildirmişdir. Daha sonra gələcəkdə özü istifadə etmək məqsədilə qeyd olunan narkotik vasitə olan marixuananı cibinə qoyub üzərində saxladığını göstərmişdir. Bundan sonra iki ədəd kibrit qutusunda olan marixuana kibrit qutusu ilə birlikdə əczaçı tərəzisində çəkilmiş, həmin kibrit qutularından birinin çəkisi 6.38 qram, digərinin çəkisi isə 6.09 qram olmaqla ümumilikdə kibrit qutuları ilə birlikdə 12.47 qram olduğu müəyyən olunmuşdur. Nəhayət həmin kütlə təhqiqatçı tərəfindən gələcəkdə ekspertizaya təqdim edilməsi üçün götürülmüş, zərfə qoyulub qablaşdırılaraq möhürləndikdən sonra həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra videoçəkilişdən istifadə edilməklə həyata keçirilmiş şəxsi axtarış və götürmə prosessual hərəkəti barədə tərtib edilən protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 da ifadələrində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçisi Müdafiəçi iştirakı ilə və video çəkiliş aparılmaqla həmin tarixdə saat 19:20-dən saat 19:40-dək şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins materiallı şalvarının sağ yan cibindən iki ədəd kibrit qutusundu birinin çəkisi 6.38 və digərinin çəkisi 6.09 qram olmaqla ümumilikdə kibrit qutuları ilə birlikdə 12.47 qram olan narkotik tərkibli qurudulmuş marixuana iki ədəd kibrit qutusundu aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 16/11896 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki, iki ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,88 qram, 3,64 qram, ümumi təmiz çəkisi 7,52 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin marixuanadan 0,04 qram (hər birindən 0.02 qram) tədqiqata sərf edildikdən sonra 7.48 qram qalıq qalmışdır. “Təqsirləndirilən şəxsə ittiham elan etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Tovuz RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 1623 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ərizə təmin edilmiş Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 6 ay 13 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Aşağı Öysüzlü kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs tərbiyəsi və davranışı ilə yaxşı mənada seçilən şəxsdir. Heç bir dini təşkilatın üzvü deyil, normal həyat tərzinə malikdir. Tərəfindən hər hansı ictimai qaydanın pozulması hallarına təsadüf edilməmişdir. Bu günə qədər barəsində nümayəndəliyə heç bir ləkələyici və təqsirləndirici məlumat daxil olmamışdır. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Qazax-Tovuz regional filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2463 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil olduğuna görə 260,51 manat əmək pensiyası, 350 manat Prezident təqaüdü alır. Əlilliyi müddətsizdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilmişdir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7,52 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 6 ay 13 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin məhkumluğu ödənilməmiş yenidən cinayət əməli törətmişdir. Bu səbəbdən Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, ikinci dərəcə əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Eyni zamanda məhkəmə diqqətə çatdırır ki, Təqsirləndirilən şəxs çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi cəzasının qalan hissəsi isə xx.xx.2022-ci il tarixdə başa çatmalı idi. Göründüyü kimi Təqsirləndirilən şəxs şərti olaraq vaxtından əvvəl azad edildiyi cəzasının çəkilməmiş qalan hissəsi ərzində yenidən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2022 -ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1623 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut – Tovuz Rayon Polis Şöbəsində saxlanılan 7,48 qram çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(062)-16 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 6 (altı) ay 13 (on üç) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbs olunsun. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 fevral 2023-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsində saxlanılan 7,48 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-26/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-26/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver