Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-26/2025 06.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.2000-ci ildə Tovuz rayonu Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə 03 noyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixə keçən gecə, saat 01 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Tovuz şəhəri, Şəhriyar küçəsində fəaliyət göstərən “İzmir” restoranına arxa giriş qapısını açmaqla qanunsuz daxil olaraq dəmir şiş vasitəsi ilə kassanı açıb oradan 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus cəmi 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olur. O, 2024cü ilin iyun ayının əvvəllərində Tovuz şəhəri, Şəhriyar küçəsində yerləşən “İzmir” restoranında təxminən 5 ay ofisiant kimi işləmiş, 2024-cü ilin oktyabr ayının dəqiq xatırlamadığı günündə işdən çıxmışdır. 03 noyabr 2024-cü il tarixdə axşam saatlarında Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” adlı kafedə yemək yeyib bir qədər spirti içkilər olan araq və pivə içdikdən sonra yaşadığı evə getmək üçün həmin kafedən çıxmışdır. O, həmin vaxt sərxoş vəziyyətdə olmuş, kafenin yaxınlığında olan taksilərdən birinə əyləşib Tovuz şəhəri, Şəhriyar küçəsinə, oradan isə yaşadığı evə getmişdir. O, bir qədər piyada hərəkət etdikdən sonra gəzişmək üçün Tovuz şəhərinin mərkəzində yerləşən park istiqamətinə getmişdir. Bir qədər piyada yol getmiş, Tovuz şəhəri, Şəhriyar küçəsində yerləşən və onun əvvəlcə ofisiant işlədiyi “İzmir” restoranının yanından keçəndə pulunun qurtarması səbəbindən həmin restorandan oğurluq etmək qərarına gəlmişdir. O, bu məqsədlə 03 noyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixə keçən gecə, dəqiq xatırlamadığı vaxtda ətrafa bir qədər göz gəzdirib restoranın arxa tərəfinə keçmiş, orada arxa giriş qapısının yan divarına fiziki təsir görtərib qapını bir qədər aralayıb əlini araladığı yerdən restoranın içərisinə salaraq qapının dəmir bağlanma mexanizmini açmışdır. O, qapını açdıqdan sonra restorana daxil olmuş və bir qədər gedib pul vəsaitlərinin saxlanıldığı kassanın yanında dayanmışdır. O, kassada pul ola biləcəyini düşündüyü üçün kassanı pul vəsaitləri saxlanılan dəmir materialdan ibarət siyirtməsi ilə birlikdə qoyulduğu yerdən çıxarmışdır. O, kassanı ağzı bağlı dəmir materialdan olan siyirtməsi ilə birlikdə qoyulduğu müvafiq yerdən çıxarıb yerə qoymuşdur. Ondan sonra restoranın birinci mərtəbəsində yerləşən kabab bişirilən yerə keçib oradan bir ədəd dəmir materialdan olan kabab şişi götürmüşdür. Restoranın birinci mərtəbəsində olan pul vəsaitlərinin saxlanıldığı kassanı və bir ədəd kabab şişini də götürüb restoranın ikinci mərtəbəsinə qalxmışdır. O, bunu o məqsədlə etmişdir ki, onu birinci mərtəbədə restoranın şüşədən ibarət giriş qapısından bayır tərəfdən görən olmasın. Restoranın ikinci mərtəbəsində bir ədəd kabab şişi ilə kassanın pul vəsaitləri saxlanılan dəmir materialdan ibarət siyirtməsinin qapağını əyib kassanın ağzını açmışdır. Bu zaman pul vəsaitlərinin saxlanılması üçün nəzərdə tutulan kassanın siyirtməsində hazırda məbləğini xatırlamadığı pul vəsaiti olduğunu görmüşdür. Həmin vaxt o, vaxt itirmədən kassanın siyirtməsində olan 700 (yeddi yüz) manat məbləğindəki pul vəsaitini götürüb restoranın birinci mərtəbəsinə düşərək restoranın arxa giriş qapısından çıxıb oradan uzaqlaşmışdır. Həmçinin o, həmin pul kassasını və bir ədəd kabab şişini restoranın ikinci mərtəbəsində qoymuşdur. 2024-cü ilin noyabr ayının əvvələrində, dəqiq xatırlamadığı gündə Tovuz rayonundan Bakı şəhərinə getmişdir. Onun Bakı şəhərinə getməkdə məqsədi bir müddət Tovuz rayonu ərazisində görünməmək olmuşdur. Ona törətmiş olduğu oğurluq əməlini icra edərkən və yaxud icra etməzdən əvvəl hər hansı şəxs və ya şəxslər köməklik etməmişdir. O, bu əməli tək törətmişdir. Tovuz şəhəri, Şəhriyar küçəsində yerləşən “İzmir” adlı ailəvi restoranın pul kassasından oğurladığı 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini Tovuz rayonu və Bakı şəhəri ərazisində olan kafe və restoranlarda yediyi yeməklərə və içdiyi spirtli içkilərə xərcləmişdir. Məhkəmə istintaqı dövründə o, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam ödəməklə sonuncu ilə barışıq əldə etmişdir. Hazırda əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ağstafa şəhəri Nizami küçəsi ev 13A ünvaında yaşayır və hazırda rəsmi olaraq fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hatəm əvvəllər onun işçisi olmuşdur.Hər hansı düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər ona məxsus Tovuz şəhəri, Şəhriyar küçəsində yerləşən “İzmir” adlı ikimərtəbəli ailəvi restoranın pul kassasında olan 700 (yeddi yüz) manat pul vəsaitini restorana qanunsuz daxil olmaqla oğurlamışlar. İstintaqla müəyyən edilmişdir ki, oğurluq edən şəxs Hatəmdir. İbtidai istintaqı dövründə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Tovuz şəhəri, N.Nərimanov küçəsi, ev 78 ünvanında yaşayır və hazırda rəsmi olaraq Tovuz şəhəri, Şəhriyar küçəsində yerləşən “İzmir” adlı ailəvi restoranında dönərçi işləyir. Həmin restoranda müştərilər üçün müəyyən yeməklər və spirtsiz içkilər verilir. Restoranda təxminən 5-7 nəfər arası işçilər fəaliyyət göstərir. Onlardan bir neçəsi ofisiant, bir neçəsi də aşbaz və kassir kimi gördükləri iş müqabilində gündəlik aldıqları məvaciblər əsasında fəaliyyət göstərirlər. Restoran səhər saat 10:00-dan axşam saat 22:00-dək fəaliyyət göstərir. 04 noyabr 2024-cü il tarixdə, səhər saat 09:05-də dönərçi işlədiyi Tovuz şəhəri, Şəhriyar küçəsində yerləşən və Ağstafa şəhər sakini Zərərçəkmiş şəxs məxsus “İzmir” adlı ailəvi restorana gəlmiş və restorana daxil olanda restoranın birinci mərtəbəsində olan dəmir materialdan olan pul kassasının yerində olmadığını görmüşdür. Belə ki, həmin pul kassası restoranın birinci mərtəbəsinin girişində olan taxta materialdan ibarət qəbul masasının müvafiq yerində saxlanmışdır. Həmin vaxt restoranın sahibi Zərərçəkmiş şəxs da restoranın birinci mərtəbəsində olmuş və Zərərçəkmiş şəxs işə ondan tez gəlmişdir. Bir neçə dəqiqə sonra restoranın mətbəx şefi Sabutay da restorana gəlmişdir. Həmin vaxt restoranın sahibi Zərərçəkmiş şəxs, o və Sabutay pul kassasını axtarmağa başlamışlar. Onlar restoranın ikinci mərtəbəsinə qalxanda pul kassasının döşəmənin üzərində olduğunu və həmin kassanın yanında da bir ədəd kabab şişi olduğunu görmüşlər. Pul kassasının yanında olan bir ədəd kabab kişi bir neçə yerindən əyilmiş vəziyyətdə olmuşdur. Həmin kassanın dəmir materialdan ibarət olan siyirtməsi isə kassadan çıxarılıb kassanın üzərinə qoyulmuşdur. Ondan sonra onlar, yəni restoranın sahibi Zərərçəkmiş şəxs, o və Sabutay restoranın birinci mərtəbəsinə düşmüşlər. O düşərkən həmin bir ədəd kabab şişini də restorana gələn müştərilərə mane olmasın deyə götürmüş və restoranın birinci mərtəbəsində olan kabab bişirilən yerə qoymuşdur. Lakin həmin pul kassası restoranın ikinci mərtəbəsində olduğu yerdə qalmışdır. Həmin gün adı qeyd olunan restoranın sahibi Zərərçəkmiş şəxs onlarla birlikdə dəqiqləşdirib müəyyən etmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər ona məxsus Tovuz şəhəri, Şəhriyar küçəsində yerləşən “İzmir” adlı iki mərtəbəli ailəvi restoranın kassasında olan 700 (yeddi yüz) manat pul vəsaitini restorana qanunsuz daxil olmaqla oğurlamışlar. Onlar sonra bilmişlər ki, həmin oğurluq əməlini onlarla biriklə təxminən 20-25 gün bundan əvvələ qədər “İzmir” adlı ailəvi restoranda ofisiant işləyən Təqsirləndirilən şəxs törətmişdir. O, müvafiq cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs təxminən 6 aydır ki, tanıyır. Təqsirləndirilən şəxs təxminən 6 ay bundan əvvəl Tovuz şəhərində yerləşən “İzmir” adlı ailəvi restoranında ofsiant kimi işə başlamışdır. Onun Hatəmlə tanışlıq münasibəti həmin vaxtlardan yaranmış və onun Təqsirləndirilən şəxs ilə aralarında əvvəllər hər hansı ədavət və yaxud düşmənçilik olmamışdır. Şahid3 məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə iclasında Şahid3 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Qazax şəhərində yaşayır və hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Onun daimi yaşayış yeri Qazax şəhəridir. O, Tovuz rayon sakini Təqsirləndirilən şəxs ilə təxminən bir aydan çoxdur ki, sevgili kimi danışır və görüşürmüşlər. Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən “Komfort” adlı çay evində ofsiant işləyən zaman Hatəmlə tanış olmuşdur. Həmin vaxt Hatəm də Tovuz şəhərində yerləşən “İzmir” adlı ailəvi restoranda ofsiant işləmişdir. Hatəm və o, işdən sonra arabir görüşüb yemək yemişlər. Bəzi vaxtlar onlara rəfiqəsi Ramilə Qasımova və Hamətin dostu, həmçinin də rəfiqəsi Ramilənin sevgilisi Raul da qoşulmuşdur. 2024-cü ilin noyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə, gecə saatlarında Hatəm onu Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Kamfort” adlı çay evindən götürüb Tovuz rayonu ərazisində yerləşən restoranlardan birinə aparmışdır. Hatəm restoranda yemək sifariş edib onunla bir qədər söhbət etdikdən sonra dünən gecə Tovuz şəhərində yerləşən “İzmir” adlı ailəvi restorandan 500 (beş yüz) manat məbləğində pul vəsaiti oğurladığını demişdir. Lakin o, Hatəmin dediklərini ciddiyə almayıb ona inanmamışdır. Çünki Hatəm təxminən 20 gün olmuşdur ki, Tovuz şəhərində yerləşən “İzmir” adlı ailəvi restorandan işdən çıxmış və işsiz olmuşdur. Hatəm həmin gecə təxminən 80 (səksən) manat məbləğində pul vəsaiti xərcləmişdir. O, həmin gün, yəni 2024-cü ilin noyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Hatəmlə görüşdükdən sonra Tovuz şəhərində yaşayan rəfiqəsi Ramilə Qasımovanın yaşadığı evə getmişdir. Həmin günün səhəri Hatəm ona mobil telefonu vasitəsi ilə mesaj yazaraq Bakı şəhərində olduğunu və bir müddət orada qalacağını demişdir. O da bir neçə gün rəfiqəsi X2 şəhərində yerləşən yaşadığı evdə qaldıqdan sonra yaşadığı Qazax şəhərinə getmişdir. Ondan sonra o, bir daha Hatəmlə görüşməmişdir. 2024-cü ilin noyabr ayının əvvələrində, dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxs onunla Tovuz rayonu ərazisində yerləşən restoranlardan birində görüşüb yemək yediyi zaman ona Tovuz şəhərində yerləşən “İzmir” adlı ailəvi restorandan 500 (beş yüz) manat məbləğində pul vəsaiti oğurladığını deyən zaman həmin oğurluq hadisəsini kimin və ya kimlərin köməkliyi ilə etməsi barədə heç bir söz deməmişdir. O, bu barədə 2024-cü ilin noyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə rəfiqəsi Ramilə Qasımovaya məlumat verib sevgilisi Hatəmin Tovuz şəhərində yerləşən “İzmir” adlı ailəvi restorandan 500 (beş yüz) manat məbləğində pul vəsaiti oğurladığını demişdir. Həmin vaxt rəfiqəsi Ramilə Qasımova da sevgilisi Hatəmin Tovuz şəhərində yerləşən “İzmir” adlı ailəvi restorandan 500 (beş yüz) manat məbləğində pul vəsaiti oğurlamasına inanmadığını demişdir. 2024-cü ilin noyabr ayının əvvələrində, dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxs onunla Tovuz rayonu ərazisində yerləşən restoranlardan birində görüşüb yemək yediyi zaman ona Tovuz şəhərində yerləşən “İzmir” adlı ailəvi restorandan 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti deyil də 500 (beş yüz) manat məbləğində pul vəsaiti oğurladığını demişdir. Ola bilsin ki, sevgilisi Təqsirləndirilən şəxs ona Tovuz şəhəri, Şəhriyar küçəsində yerləşən “İzmir” adlı ailəvi restorandan oğurladığı pul vəsaitinin məbləği barədə yalan məlumat vermişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilik olmamışdır. Məhkəmə iclasında Şahid1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz şəhəri, N.Nərimanov küçəsi, ev 78 ünvanında yaşayır və hazırda rəsmi olaraq Tovuz şəhəri, Şəhriyar küçəsində yerləşən “İzmir” adlı ailəvi restoranında mətbəx şefi işləyir. Həmin restoranda müştərilər üçün müəyyən yeməklər və spirtsiz içkilər verilir. Restoranda təxminən 5-7 nəfər arası işçilər fəaliyyət göstərir. Onlardan bir neçəsi ofisiant, bir neçəsi də aşbaz və kassir kimi gördükləri iş müqabilində gündəlik aldıqları məvaciblər əsasında fəaliyyət göstərirlər. Restoran səhər saat 10:00dan axşam saat 22:00-dək fəaliyyət göstərir. O, hadisənin mahiyyəti üzrə göstərmişdir ki, 04 noyabr 2024-cü il tarixdə, səhər saat 09:07-də o, mətbəx şefi işlədiyi Tovuz şəhəri, Şəhriyar küçəsində yerləşən və Ağstafa şəhər sakini Zərərçəkmiş şəxs məxsus “İzmir” adlı ailəvi restorana gəlmiş və daxil olanda restoranın birinci mərtəbəsində olan pul kassasının yerində olmadığını görmüşdür. Belə ki, həmin pul kassası restoranın birinci mərtəbəsinin girişdində olan taxta materialdan ibarət qəbul masasının müvafiq yerində saxlanmışdır. Həmin vaxt restoranın sahibi Zərərçəkmiş şəxs və restoranın dönərçisi Şahid2 da restoranın birinci mərtəbəsində olmuş və onlar işə ondan tez gəlmişdir. Həmin vaxt restoranın sahibi Zərərçəkmiş şəxs, o və Şahid2 dəmir materialdan olan pul kassasını axtarmağa başlamışlar. Onlar restoranın ikinci mərtəbəsinə qalxanda həmin pul kassasının döşəmənin üzərində olduğunu və pul kassasının yanında da bir ədəd kabab şişi olduğunu görmüşlər. Pul kassasının yanında olan kabab kişi əyilmiş vəziyyətdə olmuşdur. Ondan sonra onlar, yəni restoranın sahibi Zərərçəkmiş şəxs, o və Şahid2 restoranın birinci mərtəbəsinə düşmüşlər. Şahid2 düşərkən həmin kabab şişini də restorana gələn müştərilərə mane olmasın deyə götürmüş və restoranın birinci mərtəbəsində olan kabab bişirilən yerə qoymuşdur. Lakin pul kassası restoranın ikinci mərtəbəsində olduğu yerdə qalmışdır. Həmin gün adı qeyd olunan restoranın sahibi Zərərçəkmiş şəxs onlarla birlikdə dəqiqləşdirib müəyyən etmişlər ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər ona məxsus Tovuz şəhəri, Şəhriyar küçəsində yerləşən “İzmir” adlı ikimərtəbəli ailəvi restoranın kassasında olan 700 (yeddi yüz) manat pul vəsaitini restorana qanunsuz daxil olmaqla oğurlamışlar. Onlar sonra bilmişlər ki, həmin oğurluq əməlini onlarla birlikdə təxminən 20- 25 gün bundan əvvələ qədər həmin restoranda ofisiant işləyən Təqsirləndirilən şəxs törətmişdir. O, müvafiq cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, Tovuz şəhəri, Aşağı Öysüzlü yaşayış ərazisi, “Avaztəpə” adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs təxminən 6 aydır ki, tanıyır. Təqsirləndirilən şəxs təxminən 6 ay bundan əvvəl Tovuz şəhərində yerləşən “İzmir” adlı ailəvi restoranında ofsiant kimi işə başlamışdır. Onun Hatəmlə tanışlıq münasibəti həmin vaxtlardan yaranmışdır. Onun Təqsirləndirilən şəxs ilə aralarında əvvəllər hər hansı ədavət və yaxud düşmənçilik olmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Yuxarı Öysüzlü kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurlmuş 700 manat maddi ziyan tamamilə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilən hərbi biletin və medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs və qardaşı X1 vətən uğrunda gedən döyüşlərdə iştirak etmişlər. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının 10.3-cü bəndində qeyd edilmişdir ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi tövsiyyə edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü il tarixdən 17 noyabr 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və Tovuz RPŞ-də saxlanılan Tovuz şəhəri, Şəhriyar küçəsində yerləşən “İzmir” adlı ailəvi restorana aid olan 01 ədəd pul kassası və 01 ədəd kabab şişi hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və Tovuz RPŞ-də saxlanılan Tovuz şəhəri, Şəhriyar küçəsində yerləşən “İzmir” adlı ailəvi restorana aid olan 01 ədəd pul kassası və 01 ədəd kabab şişi hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-26/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-26/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver