Məhkəmə qərarları › İş №1(062)-28/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-28/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-28/2024 24.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə, saat 13 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Kia Rio” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz-Əlibəyli avtomobil yolunun Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisindən keçən hissəsində Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, həmin tələbə əsasən ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağının kifayət edən məsafədə boş olmasına və iki nəqliyyat vasitəsinin nisbi sürətinin ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı olduğu halda bu tələblərə əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətini davam etdirməklə, həmin yolda öz hərəkət zolağı ilə Tovuz şəhəri istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olan Şahid idarə etdiyi “VAZ 21011” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq ötmə əməliyyatı keçirib yenidən öz zolağına qayıtmaq istəyərkən toqquşmuş və nəticədə ehtiyatsızlıqdan “VAZ 21011” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 sağ qasıq sümüyünün qalxan şaxəsi və sirkə kasasının qapalı, cuzi yerdəyişmiş sınığı, sol qamış sümüyünün distal metafizinin arxa kənarının qapalı, yerdəyişməyən sınığı, sol üst göz qapağının əzilmiş-cırılmış yarasından sonrakı çapığı ilə müşayiət edilən ümumilikdə sağlamlığın uzun müdətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, həmçinin həmin avtomobildə əyləşmiş sərnişin Zərərçəkmiş şəxs2 sağ incik sümüyünün sınığı kimi ümumillikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almalarına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğuldur. Avtomobili idarə etmə üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi olsa da, 2018-ci ildə vəsiqənin istifadə müddəti bitmişdir. Yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Kia Rio” minik markalı **-CX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mülkiyyətçisi X1r. Həmin avtomobili o, hər hansı bir etibarnamə olmadan idarə etmişdir. 01 aprel 2023-cü il tarixdə saat təxminən 13 radələrində müştəri ona zəng edib onu xəstəxandan götürməyini xahiş etmişdir. O, da yaşadığı evdən çıxıb, idarə etdiyi “Kia Rio” markalı **-CX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşib, müştərinin olduğu, Tovuz rayonu Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən Tovuz Mərkəzi Rayon Xəstəxanası istiqamətinə tərəf hərəkət etməyə başlamışdır. Tovuz şəhəri, Şəhriyar küçəsi ilə üzü Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi istiqamətinə doğru hərəkətdə olarkən, qarşısında, eyni zolaqla, eyni istiqamətə “Mercedes” markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı, avtomobil hərəkət etmişdir. O, tələsdiyi üçün həmin avtomobili ötüb keçmək qərarına gəlmişdir. Bunun üçün əks istiqamət zolağına çıxaraq sürəti artırmaqla “Mercedes” markalı avtomobili keçməyə cəhd göstərmişdir. “Mercedes” markalı avtomobili ötməkdə olarkən, əks istiqamət zolağında “Mercedes-Benz” markalı mikroavtobusun yolun kənarında dayanıb sərnişinləri düşürtdüyünü görmüşdür. O, məsafəni seçib “Mercedes” minik markalı avtomobili ötüb keçərək, mikroavtobusa təxminən 6-7 metr məsafə qalmış, öz hərəkət zolağına qayıtmışdır. O, öz zolağında olarkən anidən, Tovuz rayonu Yuxarı Öysüzlü kəndindən üzü Tovuz şəhər istiqamətinə doğru, yəni ona tərəf “VAZ 21011” markalı avtomobil “Mercedes-Benz” minik markalı sərnişin avtobusunun arxasından çıxaraq, onun hərəkət zolağına daxil olduğunu görmüşdür. Ara məsafələri az qaldığı üçün hadisənin qarşısını almaq üçün hər hansı bir tədbir görə bilməmiş və avtomobillər onun hərəkət etdiyi zolaqda toqquşmuşlar. Hazırda əməlindən peşmandır. Zərəçəkmiş şəxslərin ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, bu kimi halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, hazırda rəsmi olaraq N saylı hərbi hissədə çilingər peşəsində çalışır. Yol nəqliyyat hadisəsi zamanı “VAZ 21011” markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən Şahid onun iş yoldaşıdır. 01 aprel 2023-cü il tarixdə saat təxminən 11 radələrində Eltun özünə məxsus avtmobil ilə onun yaşadığı evə gəlib onu hərbi hissəyə aparmışdır. Belə ki, hərbi hissənin kazarmasının atapleniyasının biri xarab olmuşdur. O, həmin atapleniyanın nasazlığını aradan qaldırdıqdan sonra həmin gün saat təxminən 12:30 radələrində, geri rayon istiqamətinə qayıtmalı olmuşlar. Qayıdarkən Eltuna məxsus avtomobilin ön oturacağına N nömrəli hərbi hissənin zabiti Zərərçəkmiş şəxs1 da əyləşmişdir. Eltun onu evinə düşürməliymiş. Tovuz şəhəri, Şəhriyar küçəsi ilə üzü Tovuz şəhəri istiqamətinə doğru saat da 60-70 km/sürət həddi ilə hərəkətdə olarkən anidən, Eltunun hərəkət etdiyi zolağa, qəfildən qırmızı rəngli avtomobilin, ötmə əməliyyatı etmək üçün, çıxıb da üzü onlara tərəf, sürətlə hərəkət etdiyini görmüşdür. Həmin vaxt o, arxa oturacaqdan ”özünüzü bundan gözləyin” sözlərini işlətmişdir. Hərəkətdə olduqları zolağa çıxan avtomobil, Eltunun hərəkət etdiyi zolaq ilə onlara çatarçatmaz, Eltun öz idarə etdiyi avtomobili əks istiqəmət zolağına, yəni sola tərəf çəkərək, əks istiqamət zolağına çıxmaqla hadisədən yayınmağa çalışmışdır. Bu vaxt ötmə əməliyyatı edən həmin avtomobil də öz zolağına qayıtmış və hər iki avtomobillər üzbəüz gələrək toqquşmuşlar. Avtomobilin sürücüsünün “limon” kimi tanıdığı Nizami olduğunu, hadisə baş verdikdən sonra bilmişdir. Hadisə zamanı özü və avtomobildə olan zabitlər xəsarət almışlar. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 da Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Əlavə olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə Tovuz-Əlibəyli avtomobil yolunun Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisindən keçən avtomobil yolunda baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla, hadisə baş verən zaman yaş, düz olmaqla hər iki istiqamətə hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisə baş vermiş avtomobil yolunun ümumi eni 10 (on) metrdir. Yolun hər iki tərəfində piyadaların hərəkəti üçün səki nəzərdə tutulmuşdır. Yolun orta hissəsində bir hərəkət istiqamətini digərindən ayıran hər hansı bir xətt yoxdur. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil yolun Tovuz rayonu Aşağı Öysüzlü kəndindən keçən hissəsində Şahid idarə etdiyi “VAZ 21011” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisənin baş verdiyi ərazi yaşayış sahəsidir. Hadisə yerinə yaxın ərazidə heç bir üstünlük və yaxud hərəkəti məhdudlaşdıra biləcək yol nişanları aşkar edilməmişdir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Hadisə yerinin sxemi çəkilərək protokola əlavə edilmişdir. Baxış zamanı qəzaya uğramış “Kia Rio” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21011” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillər hadisə yerində müəyyən edilmişlər. Həmin avtomobillər hadisə nəticəsində yararsız hala düşmüşlər. Məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 589 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - sağ qasıq sümüyünün qalxan şaxəsi və sirkə kasasının qapalı, cuzi yerdəyişmiş sınığı, sol qamış sümüyünün distal metafizinin arxa kənarının qapalı, yerdəyişməyən sınığı, sol üst göz qapağının əzilmiş-cırılmış yarasından sonrakı çapığı küt əşyanın (əşyaların) təsirindən onun Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sərnişini olduğu avtomobilin toqquşaraq dərəyə aşması nəticəsində əmələ gələ bilməsi istisna olunmur. Məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 290 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - sağ incik sümüyünün sınığı küt əşyanın (əşyaların) təsirindən onun Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə uzun müddətə pozulmasına səbəb olan olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sərnişini olduğu avtomobilin toqquşaraq dərəyə aşması nəticəsində əmələ gələ bilməsi istisna olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 X8 X2 verdiyi xx.xx.2023-cü il tarixli, 738 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. Hal hazırda öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır, o, cinayət əməlini törədərkən anlaqlı olmuşur. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlığı istisna etməyən psixi pozuntusu aşkar olunmur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1686 nömrəli rəyindən görünür ki, “Kia Rio” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Kia Rio” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. X5-İmtahan və X6 verilmiş xx.xx.2023-cü il tarixli, 016-689 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “BC” kateqoriyalı, AB-081928 saylı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Naziriliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəza dəyişdirilərək üzərində qəti olaraq 03 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Cəzasını xx.xx.2020-ci ildə çəkib qurtarmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(104)-47 saylı hökmündən çıxarışdan görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş protest təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ləğv edilmiş və iş üzrə yeni hökm çıxarılmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının müddətinin əvvəlinin xx.xx.2021-ci ildən hesablanması və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin İV hissəsinə görə velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 51-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə görə ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır kiqarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqların olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və zərərçəkmiş şəxslərin ondan hər hansı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxslə bağlı yuxarıda sadaladığı cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, həmçinin təqsirləndirilənin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası nisbətən yuxarı həddindən aşağı həddə təyin edilməlidir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs barəsində Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(104)-47 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalıdır. Həmin normada təsbit edilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz (Cinayət Məcəlləsinin 66.1 və 66.2-ci maddələri). Həmçinin məhkəmə qeyd edir ki, cəzaçəkmə müəssisəsinin növü ciddi rejimli müəyyən edilməli və cəzanın əvvəli xx.xx.2021-ci ildən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış Kia Rio minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı və Vaz 21011 minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 10 avqust 2021-ci il tarixdən hesablansın. Maddi sübutlar Kia Rio minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı və Vaz 21011 minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar