Məhkəmə qərarları › İş №1(062)-29/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-29/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-29/2023 22.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Tovuz rayonu, Abulbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu ödənilməmiş və götürülməyən, Tovuz rayonu, Abulbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2 ədəd gümüşü kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qram və 0,149 qram, ümumi təmiz çəkisi 0,181 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 3 ədəd gümüşü kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,563 qram, 0,062 qram, 0,047 qram, 0,064 qram, ümumi təmiz çəkisi 0,736 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədilə əldə edib üzərində saxlamış, qeyd olunan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin bir qismini, yəni gümüşü rəngli kağız bükümdə bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümdə olan təmiz çəkisi 0,064 qram hissəsini 02 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Tovuz rayon Abulbəyli kəndi ərazisində “Çayın kruqu” adlanan yerin yaxınlığında əvvəldən tanıdığı Gədəbəy rayonu Tərsyer kəndində yaşayan Şahid4 15 manata satmış, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində saxlamaqda şübhəli olduğu üçün xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasına dəvət edilmiş, həmin tarixdə saat 16:20-də Tovuz rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib üzərində saxladığı 2 ədəd gümüşü kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qram və 0,149 qram, ümumi təmiz çəkisi 0,181 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 3 ədəd gümüşü kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,563 qram, 0,062 qram və 0,047 qram, ümumi təmiz çəkisi 0,672 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əynindəki sarı rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayon Abulbəyli kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda da yaşayır. Özü hazırda rəsmi olaraq heç bir yerdə işləmir, lakin, Tovuz rayonunda avtoyuma məntəqəsində fəhləlik edib, özünün və ailənin gündəlik təlabətını qarşılamağa çalışır. Uzun müddətdir ki, narkotik vasitə aludəçisidir. Belə ki, narkotik vasitə olan heroindan və “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamindən istifadə edir. Təxminən,2022-ci ilin sentyabr ayının əvvəllərində günorta saatlarında Gədəbəy rayon sakini Nicat adlı şəxslə Tovuz rayon Abulbəyli kəndi ərazisində “çayın kruqu” deyilən yerdə yerləşən ona məxsus avtomobillərin yuyulması məntəqəsinin yaxınlığında görüşmüşdür. Həmin vaxtı Nicat adlı şəxs ondan bir dəfə qəbul etmək üçün narkotik vasitə olan heroin istəmişdir. O, da həmin şəxsə bir dəfə qəbul edilməsi üçün narkotik vasitə olan heroin verib əvəzində ondan 15 manat pul almışdır. xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Tovuz şəhər H.Əliyev prospekti ilə yaşadığı evə gələrkən Tovuz rayon avtovağzalına çatan zaman mülki geyimdə olan üç nəfər ona yaxınlaşmış və özlərini Tovuz RPŞ-nin əməkdaşı kimi təqdim etmişlər. Ardı ilə də üzərində narkotik vasitə gəzdirməkdə satmaqda şübhəli olduğu üçün onlarla birlikdə Tovuz RPŞ-yə getməli olduğunu bildirmişlər. O da hər hansı bir müqavimət göstərmədən onlarla Tovuz RPŞ-yə gəlmişdir. Tovuz rayon polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində olarkən özünü Tovuz RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı kimi təqdim edən, polis kapitanı Elmar Rüstəmov üzərində narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirib hüquqlarını ona izah edib üzərində şəxsi axtarış aparacağını bildirmiş, axtarış aparılmazdan əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olduğunu demişdir. Ardı ilə isə hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir.O da həmin siyahının içərisindən vəkil kimi X3 hüquqlarının müdafiəsini həyata keçirməsi üçün seçmişdir. Bir qədər sonra olduğu otağa vəkil Elşad Rəhimov gəlmişdir. Bundan sonra Tovuz RPŞ-nin inzibati binasında ona təqdim edilmiş vəkilin və onu Tovuz RPŞ-yə gətirmiş 3 nəfər mülki geyimdəki polis işçilərinin iştirakları ilə, videoçəkilişdən də istifadə edilməklə şəxsi axtarış istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış aparılarkən, Tovuz RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Elmar Rüstəmov ondan üzərində əldə edilməsi, saxlanması və daşınması qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşduqda o üzərində elə bir əşya olduğunu bildirmiş və cibindən çıxarıb təhqiqatçıya təqdim etmişdir. Beləliklə də, 22 sentyabr 2022-ci il tarixdə Tovuz RPŞdə təhqiqatçı Elmar Rüstəmov tərəfindən üzərində şəxsi axtarış aparılması həyata keçirilərkən, əynindəki sarı rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan kəsiyində 5 ədəd gümüşü rəngli kağız bükümdə olan kütlənin hər birinə açılaraq baxış keçirilmişdir. Həmin gümüşü rəngli kağız bükümdə olan kütlənin iki ədədi qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan heroinə bənzədiyi, digər üç ədəd bükümdə olan kütlələrin isə şəffaf, kristal halda olan psixotrop maddə metafetaminə bənzədiyi müəyyən olunmuşdur. O bildirdi ki, üzərindən aşkar edilmiş kütlənin bir hissəsi narkotik vasitə olan heroin, digər hissəsi isə psixotrop maddə metafetamindir. Beləliklə də, üzərindən aşkar edilərək götürülmüş kütlə təhqiqatçı polus kapitanı Elmar Rüstəmov tərəfindən elektron tərəzidə çəkilmişdir. Həmin iki ədəd gümüşü kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.21qram, 0.12 qram, ümumi çəkisi 0.33 qram olan ağ rəngli, psixotrop maddəyə oxşar metafetamin bənzər kütlə, 3(üç) ədəd gümüşü kağız bükümlərdə, ayrı-ayrılıqda çəkiləri 1.03,qram, 0.16 qram, 0.13 qram, ümumi çəkisi 1.32 qram olan tünd-qəhvəyi rəngli toz şəkilli hissəçiklərdən ibarət narkotik vasitə olan “herion”ə oxşar kütlə aşkar olunaraq ekspertiza təyin edilməsi məqsədilə kağız zərfə qoyulub qablaşdırılmış və həmin zərfin ağzı möhürlənmişdir.Bundan sonra isə bu barədə tərtib edilmiş müvafiq protokola və həmin kağız zərfin üzərinə biz bütün iştirakçılar imza edilmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Gədəbəy rayon Pərizamanlı kəndində daimi pasport qeydiyyatında olsa da ailə üzvləri ilə birlikdə Gədəbəy rayon Tərsyer kəndində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Uzun müddət narkotik vasitə aludəçisi olmuş, lakin 2022-ci ilin oktyabr ayından narkotik vasitədən istifadə etmir. Tovuz rayon Abulbəyli kənd sakini Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayından tanıyır. Belə ki, özü əvvəllər narkotik vasitə aludəçisi olduğu üçün Tovuz rayon “çayın dairəsi” deyilən yerdə avtoyuma məntəqəsi olduğunu və həmin avtoyuma məntəqəsini İlhamın adlı şəxsin işlətdiyini, eyni zamanda İlhamın narkotik vasitə satdığını eşitmişdir. Bu səbəbdən də 2022-ci ilin iyul ayında İlham adlı şəxsin istifadə etdiyi avtoyuma məntəqəsinə gələrək İlhamdan 10 manat dəyərində narkotik vasitə olan heroin almışdır. Elə həmin vaxtdan İlham ilə tanış olmuşdur. Daha sonra isə ikinci dəfə xx.xx.2022-ci il tarixdə təkrar narkotik vasitə istifadə etmək qərarına gəlmişdir. Həmin vaxt Tovuz rayon mərkəzi istirahət bağında gəzirmiş. Əvvəllər də İlhamdan narkotik vasitə aldığı üçün təkrar İlhamın işlətdiyi avtoyuma məntəqəsinə gəlmişdir. Təxminən bir neçə dəqiqədən sonra İlham da məntəqəsinə gəlmişdir. Yenə İlhamdan 15 manat müqabilində narkotik vasitə olan heroin almış və oradan uzaqlaşaraq çıxıb getmişdir. İlhamdan aldığı narkotik vasitə olan heroini yalnız öz istifadəsi üçün almış, həmin vaxtı ikisi olmuş, bu barədə heç kimə məlumat verməmişdir. O, narkotik vasitəni İlhamdan aldıqdan sonra, həmin günü saat 16 radələrində avtobus gözləyərkən mülki geyimdə olan 3 nəfər mülki geyimdə olan şəxs idarə etdiyi avtomobili saxladaraq ona yaxınlaşmış və özlərini Tovuz RPŞ-nin əməkdaşı kimi təqdim etmişlər. Ardı ilə də üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğum üçün onlarla birlikdə Tovuz RPŞ-yə getməli olduğumu bildirmişlər. Onlara hər hansı bir müqavimət göstərmədən onlarla birlikdə Tovuz RPŞ-yə getməyə razılıq vermişdir. Beləliklə də həmin polislər onu Tovuz RPŞ-yə gətirmişlər. Tovuz rayon polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində olarkən özünü ona Tovuz RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı kimi təqdim edən, polis kapitanı rütbəsini daşıyan Elmar Rüstəmov adındakı polis işçisi, üzərində narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirib hüquqlarını ona izah etmişdir. Bundan sonra isə Elmar Rüstəmov üzərində şəxsi axtarış aparacağını bildirmiş və axtarış aparılmazdan əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olduğunu ona demişdir. Ardı ilə isə hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. Həmin siyahının içərisindən vəkil kimi X4 hüquqlarının müdafiəsini həyata keçirməsi üçün seçmişdir. Bundan sonra Tovuz RPŞ-nin inzibati binasında ona təqdim edilmiş həmin vəkilin və onu Tovuz RPŞ-yə gətirmiş elə həmin 3 nəfər mülki geyimdəki polis işçisinin iştirakı ilə, videoçəkilişdən də istifadə edilməklə şəxsi axtarış istintaq hərəkəti aparılmasına başlanmışdır. Onu da bildirib ki, onun barəsində şəxsi axtarış aparılarkən, Tovuz RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Elmar Rüstəmov ondan üzərində əldə edilməsi, saxlanması və daşınması qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşduqda, o, isə üzərində elə bir əşya olduğunu bildirmiş və üzərindəki narkotik vasitəni şalvarının arxa sağ cibindən çıxararaq təhqiqatçıya təqdim etmişdir. Beləliklə də, 02 sentyabr 2022-ci il tarixində Tovuz RPŞ-də təhqiqatçı Elmar Rüstəmov tərəfindən üzərində şəxsi axtarış aparılması həyata keçirilərkən, əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş kütlə aşkar olunduğunu bildirmişdir. Həmin kütləni təhqiqatçı Elmar Rüstəmov ondan götürərək, ardı ilə də həmin sellofan büküm açılaraq onun içərisindəki kütləyə baxış keçirilmişdir. Beləliklə də üzərindən aşkar edilərək götürülmüş kütlənin Elmar Rüstəmov tərəfindən elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitə olan heroinin sellofan bükümü ilə birlikdə çəkisi ümumilikdə 0.14 qram təşkil etdiyini bildirmişdir. Bundan sonra isə həmin kütlə ekspertiza təyin edilməsi məqsədilə bir ədəd kağız zərfə qoyulub qablaşdırılmışdır. Həmin zərfin ağzı isə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. Tovuz rayon Abulbəyli kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda da yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımış, Təqsirləndirilən şəxs rayonda el arasında “Moyşik İlham” kimi tanınıb və narkotik maddələrin satışı ilə məşğul olması ilə əlaqədar əməliyyat məlumatları olmuşdur. Bundan başqa Gədəbəy rayon Tərsyer kənd sakini Şahid4 barəsində Tovuz RPŞ-nin Təhqiqat bölməsində üzərində şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitə olan heroin gəzdirmək ilə bağlı araşdırması olmuşdur və Şahid4 həmin vaxt narkotik vasitə olan heroini “Moyşik İlham” ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs aldığını bildirmişdir. 22 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbiri barəsində onu deyə bilər ki, həmin gün o, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 İnqilab oğluna Tovuz rayon Abulbəylli kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz şəhəri, H.Əliyev prospekti, Tovuz rayon avtovağzalının qarşısında olması barədə məlumat almışlar. Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 İnqilab oğlu ilə həmin gün saat 15 radələrində avtomobilə əyləşib Tovuz şəhər avtovağzalının qarşısında tək dayanmış Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Ardı ilə xidməti vəsiqələri Təqsirləndirilən şəxs göstərib və polis əməkdaşı olduğunu bildirərək Təqsirləndirilən şəxs təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə onlarla birlikdə Tovuz RPŞ-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs isə onlarla birlikdə heç bir müqavimət göstərmədiyi üçün onu avtomobillə Tovuz RPŞ-yə gətirmişlər. Tovuz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X1 Məmmədova hüquq və vəzifələrini, eyni zamanda da nədə şübhəli olduğunu izah edərək, barəsində şəxsi axtarış aparılmazdan əvvəl müdafiəçiyə malik olmaq hüququnun olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı X13 rayon vəkillər Bürosunun vəkillərinin siyahısını Təqsirləndirilən şəxs tədqim etmişdir. Təqsirləndirilən şəxs həmin siyahıdan vəkil X2 özünə müdafiəçi qismində seçmişdir. Elşad Rəhimov dəvət əsasında Tovuz RPŞ-yə gəldikdən sonra isə o, təhqiqatçı Elmar Rüstəmov tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkil Elşad Rəhimov ilə tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra istintaq hərəkətinin iştirakçılarının hamısına elan edildi ki, video-çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılması həyata keçiriləcəkdir. Şəxsi axtarış istintaq hərəkəti aparılmazdan əvvəl, təhqiqatçı Elmar Rüstəmov Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində elə bir əşya olduğunu bildirmişdir. Ardı ilə də əynindəki sarı rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan kəsiyində 5 ədəd gümüşü rəngli siqaret falqasına bükülü halda olan həmin kütləni çıxarıb Elmar Rüstəmova təqdim etmişdir. Həmin beş ədəd gümüşü rəngli siqaret falqasındakı kütlə təhqiqatçı Elmar Rüstəmov tərəfindən götürülmüş və qeyd olunan bükülülər açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, bükülüdəkilərin üç ədədi qəhvəyi rəngli kütlə, ilkin görünüşdən narkotik vasitə olan heroinə bənzər maddədir, digər iki ədəd bükümdə isə şəffaf, kristal halda olan psixotrop maddə metafetaminə bənzər maddədir. Sorğu zamanı Təqsirləndirilən şəxs şifahi olaraq bildirdi ki, əynindəki cins şalvarın sol yan cibindən aşkar edilmiş, bir ədəd şeffaf sellafon kəsiyində olan 5 ədəd gümüşü rəngli siqaret falqasına bükülü halda olan kütlənin üç ədəd bükülü “heroin”, digər iki ədəd bükülü isə psixotrop maddə olan metafetamindir. Bununla yanaşı həmin narkotik vasitə olan heroinin və metafetaminin özünə məxsus olduğunu, onu bir ay əvvəl Bakı şəhərində olarkən tapdığını, narkotik vasitə olan heroini satmaq niyyətinin olmadığını, gələcəkdə özü istifadə etmək məqsədilə cibində saxladığını bildirmişdir. Bundan sonra həmin bir ədəd şeffaf sellafon kəsiyində olan 5 ədəd gümüşü rəngli siqaret falqasına bükülü halda olan kütlənin olduğu siqaret falqası ilə birlikdə əczaçı tərəzisində çəkilmişdir. Həmin üç ədəd gümüşü rəngli kağız bükümdə ayrılıqda çəkisi 1.03 qram, 0.16 qram, 0.13 qram ümumi çəkisi 1.32 qram narkotik vasitə olan heroin və digər iki ədəd gümüşü rəngli kağız bükümdə ayrılıqda çəkisi .021 qram, 0.12 qram ümumi çəkisi 0.33 qram olan psixotrop maddə olan metafetamin təşkil etmişdir. Daha sonra həmin kütlə təhqiqatçı Elmar Rüstəmov tərəfindən gələcəkdə ekspertizaya təqdim edilməsi üçün götürülərək zərfə qoyulub zərfin ağzı bağlanmış və zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü vurulduqdan sonra zərfin üzərinə, o cümlədən şəxsi axtarış və götürmənin aparılması barədə tərtib edilən protokola biz bütün iştirakçılar imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 İnqilab oğlu da şahid X5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçisi X7 iştirakı ilə və video çəkiliş aparılmaqla saat 15:25-dən saat 16:20-dək şəxsi axtarış aparılmış və həmin şəxsin əynindəki sarı rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan kəsiyində 5 ədəd gümüşü rəngli kağız bükümdə olan kütlənin hər birinə açılaraq baxış keçirilmişdir. Həmin gümüşü rəngli kağız bükümdə olan kütlənin iki ədədi qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan heroinə bənzədiyi, digər üç ədəd bükümdə olan kütlələrin isə şəffaf, kristal halda olan psixotrop maddə metafetaminə bənzədiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlənin bir hissəsi narkotik vasitə olan heroin, digər hissəsi isə psixotrop maddə metafetamindir. Beləliklə də, üzərindən aşkar edilərək götürülmüş kütlə Elmar Rüstəmov tərəfindən elektron tərəzidə çəkilmişdir. Həmin iki ədəd gümüşü kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.21 qram, 0.12 qram, ümumi çəkisi 0.33 qram olan ağ rəngli, psixotrop maddəyə oxşar metafetamin bənzər kütlə, 3(üç) ədəd gümüşü kağız bükümlərdə, ayrı-ayrılıqda çəkiləri 1.03,qram, 0.16 qram, 0.13 qram, ümumi çəkisi 1.32 qram olan tünd-qəhvəyi rəngli toz şəkilli hissəçiklərdən ibarət narkotik vasitə olan “herion”ə oxşar kütlə aşkar olunaraq ekspertiza təyin edilməsi məqsədilə kağız zərfə qoyulub qablaşdırılmış və həmin zərfin ağzı möhürlənərək götürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin X11 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 16/1132 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş kütlə” sözləri yazılmış kağız paketi açdıqda içərisindəki bir ədəd sellofan bükümdə olan, 2 (iki) ədəd gümüşü kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qram, 0,149 qram, ümumi təmiz çəkisi 0,181 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. 3 ədəd gümüşü kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,563 qram, 0,062 qram, 0,047 qram, ümumi təmiz çəkisi 0,672 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmin tarixdə o müvəqqəti saxlama yerindən azad edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq şübhəli şəxs qismində tutulduğu 2 gün müddət üzərindən çıxılmış, habelə Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 05 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 4 ay 24 gün hissəsi yeni hökmlə təyin edilmiş cəzayla qismən birləşdirilərək üzərində qəti olaraq 1 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs cəzadan azad edilmiş, cəzadan azad edilmənin barəsində olan narkomaniyadan məcburi müalicənin ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 1622 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs barəsində Tovuz şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, ailə tərkibi arvadı Lətafət Məmmədova, uşaqları Şahin Məmmədov və Tərlan Məmmədovdan ibarətdir. Yaşayış yeri üzrə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilmişdir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2 ədəd gümüşü kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qram və 0,149 qram, ümumi təmiz çəkisi 0,181 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 3 ədəd gümüşü kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,563 qram, 0,062 qram, 0,047 qram, 0,064 qram, ümumi təmiz çəkisi 0,736 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədilə əldə edib üzərində saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, amnistiya aktı tətbiq edilməklə cəzasının qalan hissəsindən azad edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş yenidən cinayət əməli törətmişdir. Bu səbəbdən Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 06 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2022 -ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə görə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ona görə də onun barəsində məcburi müalicə təyin olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut – Tovuz Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış ümumi təmiz çəkisi 0,141 qram metamfetamin və ümumi təmiz çəkisi 0,513 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64,80 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbs olunsun. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 0,141 qram narkotik vasitə olan metamfetamin və ümumi təmiz çəkisi 0,582 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64,80 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar