Məhkəmə qərarları › İş №1(062)-30/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-30/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-30/2025 23.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.2000-ci ildə Tovuz rayonu Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Tovuz rayonu Əyyublu kəndində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə qəsdən yumruqla zərbə vuraraq sonuncuya sol gözün ağlı qişasına qansızma ilə müşayiət edilən sol alt göz qapağı-sol gözaltı-sol almacıq nahiyənin qançır şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsrət yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu Əyyublu kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, günəmuzd fəhləlik etməklə məşğul olur. O, Zərərçəkmiş şəxs tanıyır. Onunla münasibəti yaxşı olmuş, aralarında ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində o, yaşadığı kənddə fəhlə yoldaşı Xəyal adlı şəxsin kirayə qaldığı evdə olmuşdur. O, Xəyal ilə birlikdə yemək yemiş və 100 qram araq içmişdir. Həmin vaxt Xəyalın kirayə yoldaşı Asim sərxoş vəziyyətdə evə gəlmişdir. Asim yemək yemişdir deyə onlarla birlikdə yemək yeməmişdir. Söhbət zamanı Asim Xəyala demişdir ki, ondan borc aldığı beş manat pulu versin. Xəyal pulu vermək istəyəndə Asim fikrini dəyişərək beş manat pulu istəməmiş və həmin pulu ona halal etdiyini demişdir. Lakin təxminən 10-15 dəqiqə keçəndən sonra Asim yenidən Xəyaldan beş manat borcunu istəmişdir. Xəyal da Asimə beş manat pul vermişdir. Sonra onlar evdən çıxıb evin qarşısında siqaret çəkmişlər. Evin qabağında hər üçü söhbət edən zaman o, Asimə düzgün hərəkət etmədiyini demiş, əvvəl Xəyaldan beş manat pulu istəmədiyini, sonra isə fikrini dəyişib ondan beş manat pulu aldığını bildirmişdir. Asim də yaxşı etdiyini demişdir. Buna görə hər ikisinin arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Asim onun ünvanına nəlayiq ifadə işlətmişdir. Həmin söz ona pis təsir etdiyi üçün o, hirslənərək bir dəfə yumruqla Asimin sifətinə zərbə vuraraq onu döymüşdür. Bu zaman Xəyal araya keçmişdir. Bundan sonra o, oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxs sifətinə cəmi bir dəfə zərbə vuraraq onu döyərərk ona xəsarət yetirmişdir. Həmin vaxt o, çox hirsli olmuşdur. Hadisə zamanı onların yanında Xəyaldan başqa heç kim olmamış və görməmişdir. Hadisə Tovuz rayonu Əyyublu kəndində Xəyalın kirayə yaşadığı evin qabağında baş vermişdir. Hadisə təxminən 1 (bir) dəqiqə davam etmişdir. Hazırda əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxslə barışmış, sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, material üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək bildirmişdir ki, hazırda ona dəymiş ziyan tamamilə ödənilmiş, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Odur ki, material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş və onun məhkəməyə ünvanladığı teleqramda göstərilmiş məlumatlar əsasında təqsirləndirilən şəxslə barışması müəyyən edilmiş, teleqramın məzmununa dair hər hansı şübhələr aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.7-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Həmin Məcəllənin 125.8-ci maddəsinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: МТЕ və PA X2 şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 993 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər: sol gözün ağlı qişasına qansızma ilə müşayiət edilən sol alt göz qapağı-sol gözaltı-sol almacıq nahiyəsinin qançır-şişkinliyi küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 08 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə çəkilməmiş cəzası 01 il 02 ay 13 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. Tovuz Rayon İHB-nin Əyyublu kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Həmçinin məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə təqdim edərək, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və sonuncu ilə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində olan işin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar