Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-31/2023 08.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu ödənilməmiş və götürülməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,053 qram, 0,049 qram, 0,151 qram, 0,619 qram və 0,061 qram, ümumi təmiz çəkisi 0.933 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 0.346 qram, 0.163 qram, 0.550 qram, 0.049 qram və 0.064 qram, ümumi təmiz çəkisi 1,172 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etmiş və müvəqqəti kirayədə yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndindəki fərdi yaşayış evində saxlamış, 12 sentyabr 2022-ci il tarixdə saat 10:55-dən 11:40-dək olan müddət ərzində onun Tovuz rayonu Aşağı Öysüzlü kəndində müvəqqəti kirayədə yaşadığı fərdi yaşayış evinə keçirilmiş baxış zamanı fərdi yaşayış evinin yataq otağındakı masanın üzərindən və dibçəyin içərisindən 0,053 qram, 0,049 qram, 0,151 qram, 0,619 qram və 0,061 qram, ümumi təmiz çəkisi 0.933 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 0.346 qram, 0.163 qram, 0.550 qram, 0.049 qram və 0.064 qram, ümumi təmiz çəkisi 1,172 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2 il müddətdir ki, müxtəlif yollarla əldə etdiyi narkotik vasitələri çəkərək qəbul etmişdir. Qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri müxtəlif vaxtlarda müxtəlif formalarda, yəni bəzən narkotik vasitələri tapmaqla, bəzən isə narkotik vasitə almağa pulu olanda ayrı-ayrı şəxslərdən online ödəmə üsulu ilə əldə etmişdir. 12 sentyabr 2022-ci il tarixdə o, Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində yerləşən ailə üzvləri ilə birlikdə kirayə olaraq yaşadığı evdə olarkən saat təxminən 10 radələrində mülki geyimdə olan 3 nəfər şəxs yaşadığı evə icazə ilə daxil olaraq özlərini ona polis əməkdaşları kimi təqdim etmişlər. Bu zaman yaşadığı evdə həyat yoldaşı Şahid2, oğlu Ömər Nağıyev və qızı Zəhra Nağıyeva olmuşlar. Daha sonra özlərini polis əməkdaşları olaraq təqdim edən 3 (üç) nəfər şəxs ona üzərində və kirayə yaşadığı evdə qanunsuz narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib ona hüquqlarını izah edərək hüquqlarının müdafiəsi üçün vəkillər siyahısını təqdim etmişlər. O, siyahı üzrə vəkillərdən X1 hüquqlarının müdafiəsi üçün özünə vəkil seçmişdir. Daha sonra vəkil X2 və iştirakçılarla birlikdə yaşadığı evin zirzəmisində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərində qanunla istifadəsi və saxlanması qadağan olunan hər hansı əşya aşkar olunmamışdır. Şəxsi axtarış aparıldıqdan sonra onun razılığı ilə kirayə olaraq yaşadığı Tovuz rayonu, Aşağı Öysüzlü kənd ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, kirayə olaraq yaşadığı fərdi yaşayış evinə baxış keçirməzdən əvvəl polis əməkdaşları ondan yaşadığı evdə qanunla saxlanılması və istifadəsi qadağan olunmuş əşya(lar)ın olub-olmamasını soruşmuş, o, öz növbəsində polis əməkdaşlarına kirayə olaraq yaşadığı evin müxtəlif yerlərində müxtəlif çəkilərdə narkotik vasitə və psixotrop maddələr olduğunu bildirmişdir. Daha sonra müdafiəçi Arif Zeynalovun iştirakı ilə onun razılığı əsasında kirayə yaşadığı evdə baxış aparılmış, baxış zamanı o, yataq otağında olan masanın üzərinə yerləşdirdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdə və 02 ədəd gümüşü rəngli siqaret folqasında olan bükümün içərisində olan heroin olaraq bildiyi narkotik vasitələri göstərmişdir. Daha sonra polis əməkdaşları tərəfindən yataq otağının digər hissələrinə də baxış keçirilmiş, baxış zamanı yataq otağında olan gül dibçəyinin içərisindən qara rəngli folqaya bükülmüş 5 (beş) ədəd və şəffaf sellofana bükülmüş 02 ədəd kütlə aşkar olunmuşdur. Polis əməkdaşları gül dibçəyindən götürülmüş folqa və sellofana açaraq baxmış və bundan sonra həmin kütlələr qablaşdırılaraq möhürlənmişdir. O, aşkar olunan narkotik vasitələri Ağstafa rayonunda “Çiko” ləqəbli şəxsdən 50 manat müqabilində almışdır. Həmin narkotik vasitələri əldə etdikdən sonra Tovuz rayonu, Aşağı Öysüzlü kənd ərazisində yerləşən kirayə yaşadığı evdə saxlamışdır. Onun narkotik vasitələri yaşadığı evdə saxlaması barədə ailə üzvlərinin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən kirayə olaraq yaşadığı fərdi yaşayış evindən aşkar olunan narkotik vasitələr baxış keçirildikdən sonra elektron əczaçılıq tərəzisində çəkilmiş və qablaşdırılaraq möhürlənmiş, ən sonda isə zərfə qoyularaq qablaşdırılmışdır. Bunlarla yanaşı ifadəsinin sonunda bildirmişdir ki, əvvəl vermiş olduğu ifadəsində, həmçinin hazırda verdiyi ifadəsində qeyd etdiyi “Çiko” ləqəbli şəxsi özündən uydurmuş, həmin şəxs sadəcə onun təxəyyülünün məhsuludur. O, əvvəl qorxduğu üçün özündən uyduraraq kirayə olaraq yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri “Çiko” ləqəbli şəxsdən qanunsuz olaraq əldə etdiyini demişdir, lakin o, həmin narkotik vasitə və psixotrop maddələri hazırda xatırlamadığı tarixdə yol kənarından tapmış və narkotik vasitə aludəçisi olduğundan öz şəxsi istifadəsi üçün götürüb kirayə yaşadığı evdə saxlamışdır. Tapmış olduğu narkotik vasitə və psixotrop maddələri tapdıqdan sonra öz şəxsi istifadəsi üçün kirayə olaraq yaşadığı evdə saxlamışdır. Hazırda əməlindən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və yaşadığı fərdi yaşayış evində saxlaması faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi üçün 12 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində Tovuz RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyən Şahid3 və Tovuz RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evində müəyyən edib yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edib, sonuncuya qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və yaşadığı fərdi yaşayış evində saxlamasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını izah edərək hüquqlarının müdafiəsi üçün vəkillər siyahısını təqdim etmiş, sonuncu təqdim edilmiş siyahı üzrə vəkil X1 hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra vəkil X2 və iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla istifadəsi və saxlanması qadağan olunan hər hansı əşya aşkar olunmamışdır. Şəxsi axtarış apardıqdan sonra Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı fərdi yaşayış evinə baxış keçirmişlər. Yaşadığı fərdi yaşayış evinə baxış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla saxlanılması və istifadəsi qadağan olunmuş əşya(lar)ın olub-olmamasını soruşmuş, sonuncu isə onlara yaşadığı evin müxtəlif yerlərində müxtəlif çəkilərdə narkotik vasitə və psixotrop maddələr olduğunu etiraf etmişdir. Daha sonra müdafiəçisi Arif Zeynalovun iştirakı ilə və Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun kirayə yaşadığı fərdi yaşayış evində baxış aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında olan masanın üzərinə qoyduğu 01 ədəd şəffaf rəngli sellofan bükümdə və 02 ədəd gümüşü rəngli siqaret falqasında olan bükümün içərisində olan heroin olaraq bilinən narkotik vasitələri, bundan başqa yataq otağında olan ağ rəngli plasmas gül qabından aşkar olunaraq götürülmüş 05 (beş) ədəd qara rəngli folqa və 02 (iki) ədəd şəffaf rəngli sellofan bükümdə olan kütlələri göstərmiş və həmin bükümlərə açılaraq baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş kütlələri, yəni narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin, həmçinin psixotrop maddə olan metamfetamini Ağstafa rayonunda “Çiko” ləqəbli şəxsdən əldə edərək öz istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı fərdi yaşayış evinə baxış aparılması zamanı videoçəkiliş aparılmış, bundan sonra aşkar olunmuş narkotik vasitələr bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin ağızı bağlanaraq Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan danışıq zamanı bildirmişdir ki, yaşadığı, Tovuz rayonu, Aşağı Öysüzlü kənd ərazisində yerləşən fərdi yaşayış evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri Ağstafa rayonunda “Çiko” ləqəbli şəxsdən əldə edərək öz istifadəsi üçün yaşadığı evdə saxlamışdır. “Çiko” ləqəbli, hazırda şəxsiyyəti naməlum olan şəxsin kim olması barədə hazırda dəqiq məlumatı yoxdur Məhkəmə iclasında şahid qismində dindirilmiş Tovuz RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyən Şahid3 və Tovuz RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid4 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. “Baxış və götürmə barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Aşağı Öysüzlü kəndində yerləşən, kirayədə yaşadığı evdən 0,053 qram, 0,049 qram, 0,151 qram, 0,619 qram və 0,061 qram, ümumi təmiz çəkisi 0.933 qram çəkidə saxlanılması qanunla qadağan edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0.346 qram, 0.163 qram, 0.550 qram, 0.049 qram və 0.064 qram, ümumi təmiz çəkisi 1,172 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 16/1102 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs kirayədə yaşadığı Tovuz rayon Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki 3 ədəd qara rəngli kağız bükümlərdə və bir ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,053 qram, 0,049 qram, 0,151 qram, 0,619 qram, ümumi təmiz çəkisi 0,872 qram maddələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 2 ədəd qara rəngli kağız bükümlərdə və bir ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qram, 0,163 qram, 0,550 qram, ümumi təmiz çəkisi 1,059 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs kirayədə yaşdığı Tovuz rayon Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında aşkar olunaraq götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 bir ədəd şəffav polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,061 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 2 ədəd gümüşü bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qram,0,064 qram,ümumi təmiz çəkisi 0,113 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmin tarixdə o müvəqqəti saxlama yerindən azad edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 4200 manat məbləğində cərimə cəzasının çəkilməmiş qalan 1570 manat hissəsi xx.xx.2021-ci il tarixli hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilərək üzərində qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası və 1570 manat məbləğində cərimə cəzası saxlanılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş. Təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1570 manat məbləğində cərimə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 1570 manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz rayonn İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli “Amnistiya aktının” tətbiq edilməsi barədə qərarından görünür ki, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cərimə cəzasından azad edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Tovuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(062)-78/2021 saylı hökmü ilə və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(010)- 203/2022 saylı qərarı nəzərə alınmaqla ona qəti olaraq təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 1876 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs barəsində Tovuz şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2013-cü il tarixli və xx.xx.2014-cü il təvəllüdlü azyaşlı uşaqları vardır. Yaşayış yeri üzrə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilmişdir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etmiş və müvəqqəti kirayədə yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndindəki fərdi yaşayış evində saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş yenidən cinayət əməli törətmişdir. Bu səbəbdən Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, habelə himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 06 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2022 -ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə görə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ona görə də onun barəsində məcburi müalicə təyin olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut – Tovuz Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 0,792 qram və 0,041 qram heroin və 0,999 qram və 0,073 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbs olunsun. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 fevral 2023-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 0,792 qram və 0,041 qram heroin və 0,999 qram və 0,073 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-31/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-31/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver