Məhkəmə qərarları › İş №1(062)-32/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-32/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-32/2023 22.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi X2, müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs X5 hüquqi varisi X1 iştirakları ilə, xx.xx.2005-ci ildə Tovuz rayonu Düz Qırıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vıətəndaşı,orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Tovuz rayonu Düz Qırıqlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində ofisiant kimi işlədiyi Tovuz rayonunun Alakol kəndinin ərazisində yerləşən “Ocaq” kafesində işdə olan zaman kafenin 6 nömrəli otağında müştəri qismində əyləşmiş Tovuz rayonunun Hacallı kəndində qeydiyyatda olmaqla Tovuz rayonunun Əlimərdanlı kəndində yaşayan X5 və onunla birlikdə əyləşmiş bir neçə digər şəxsin yemək masasında spirtli içki qəbul edib sərxoş vəziyyətdə olduqlarını, daha sonra isə həmin şəxslərin otaqda sözlə mübahisə etdiklərini, mübahisə zamanı masada əyləşmiş müştərilərdən Elnur Əliyevin nizamsız şəkildə atdığı spirtli içki şüşəsinin otağın qapısının şüşədən olan hissəsini sındırdığını, daha sonra isə kafenin icarədarı Şahid3 həmin otaqda əyləşən şəxslərə yaxınlaşaraq şüşənin sındırılması ilə əlaqədar dəymiş maddi ziyanı tələb etdiyini, onun ziyanın tələb edilməsi ilə bağlı həmin müştərilərdən Şahid4 və Şahid6la kafenin həyətində müzakirə apardığını, həmin vaxt otaqda olan müştərilərdən Elnur Əliyevin sərxoş vəziyyətdə otaqdan çölə çıxıb həmin otağın qarşısında şüşənin sındırılması ilə bağlı məlumatın kafenin icarədarı Şahid3 bildirilməsinə, bundan sonra dəymiş ziyanın sonuncu tərəfindən ödənilməsi tələbinə etiraz olaraq kafedə işləyən ofisiantların ünvanına nalayiq ifadələr işlədərək Şahid3 üzərinə doğru yeridiyini görüb, X14 Məmmədova qarşı hər hansı xoşagəlməz hərəkət edəcəyini düşünüb, yaxın məsafədə olduğu üçün dərhal onlara yaxınlaşaraq Elnur Əliyevin qarşısını almaq məqsədilə, otağın qarşısında onun sinə nahiyəsindən əli ilə geriyə doğru itələmiş, nəticədə onun ehtiyatsızlığı səbəbindən Elnur Əliyev arxası üstə yıxılaraq başının ənsə nahiyyəsinin yer səthinə döşənmiş daş örtüyünə dəyməsi nəticəsində ənsə-təpə-alın nahiyəsinin dərialtı hematoması, kəllə tağı sümüklərinin sınığı və subdural hematoması ilə müşayiət olunan həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid baş beyin toxumasına, qişalarına, mədəciklərə qansızma ilə nəticələnən başın ənsə-təpə nahiyəsinin qançırı xəsarətləri almış, daha sonra tibbi yardım göstərilməsi üçün aparıldığı “Tovuz rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2022-ci il tarixdə, saat 12:45-də kəllə tağı sümüklərinin sınığı nəticəsində inkişaf edən baş beyin toxumasına, qişalarına, mədəciklərə qansızma nəticəsində ölmüş, yəni ehtiyatsızlıqdan X6 öldürmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsinin iştirakı ilə dindirilən zaman ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayonu, Düz Qırıqlı kəndində atası X9, anası X3, özündən kiçik bacıları X7 və X8 ilə birlikdə yaşayır. Atası usta işləyir, anası evdar qadındır. Bacıları orta məktəbdə oxuyurlar. 2022-ci ildə Tovuz rayonu Düz Qırıqlı kənd tam orta məktəbini bitirmişdir. xx.xx.2005-ci ildə anadan olubdur, 18 yaşı tamam olmayıbdır. xx.xx.2021-ci ildən Tovuz rayonu Alakol kəndində yerləşən “Ocaq” kafesində ofisiant işləyir. xx.xx.2022-ci il tarixdə saat 09-dan “Ocaq” kafesində işdə olmuşdur. Həmin günü saat 22 radələrində kafenin həyətinə üzərində “İrşad Telecom”un etiketi olan nömrəsini xatırlamadığı “Fiat doblo” markalı avtomobil gəlib dayanmış, həmin avtomobildən tanımadığı 2 nəfər şəxs düşərək kafeyə girişdə sol tərəfdə yerləşən 6 nömrəli kabinetdə əyləşmişlər. Həmin kabinetə Elməddin adlı ofisiant qulluq etmiş, həmin 2 nəfər şəxs kabinetə keçdikdən bir müddət sonra o da öz işi ilə məşğul olan zaman həmin kabinetdə 5 nəfər şəxsin əyləşdiyini görmüşdür. Həmin şəxslərin əyləşdiyi kabinetin qapısı boya-boy şüşədir və şüşənin üzəri qara rəngli plyonka ilə örtülmüşdür. Hava işıqlı olanda çöldən içəri görsənməsə də, qaranlıq düşdükdən sonra çöldən kabinetin içərisini rahatlıqla görmək olur. Həmin kabinetdə oturan şəxslər birlikdə təxminən 1 saat yarım yeyibiçdikdən sonra həmin kabinetdən səs-küy gəlməyə başlamış, onlar da həmin vaxtı kafenin kassasının yanında olmuşlar. O, olduğu yerdən kabinetin içərisi rahatlıqla görsənmişdir. Səsküy gəldikdən sonra kafedə işləyən bir neçə ofisiant həmin kabinetə tərəf baxmış, həmin vaxtı kabinetdə adlarını sonradan bildiyi Elnur və Rövşən adlı şəxs bir-birləri ilə qarşılıqlı şəkildə süpürləşsə də bir-birlərinə hər hansı zərbə endirməmişdirlər. Onların mübahisəsi yalnız bir-birlərini itələməkdən ibarət olmuşdur. Kabinetdə olan digər 3 nəfər şəxs də onları sakitləşdirməyə çalışmışdır. Həmin vaxtı müdirləri olan kafenin icarədarı Teymur həmin kabinetə yaxınlaşıb həmin şəxslərə kafedə başqa adamların olduğunu və biraz sakitliyə riayət etmələrini bildirmiş, sonra isə kabinetdən çölə çıxmışdır. Teymur müəllim kabinetdən çölə çıxdıqdan sonra həmin şəxslər yenə səs-küy salmağa və mübahisə etməyə davam etmişlər. Həmin vaxtı sonradan adının Göyüş olduğunu bildiyi şəxs Rövşəni qucaqlayıb kabinetdən çölə çıxartmış, müdirləri də yenidən onlara yaxınlaşanda Elnur kabinetin içərisində stolun üzərində olan araq butulkasını götürüb nizamsız şəkildə geriyə doğru, üzü kabinetin giriş istiqamətinə doğru atmış və həmin butulka kabinetin şüşədən olan qapısına dəymişdir. Teymur da həmin vaxtı polisə zəng edib dava-dalaş barədə məlumat vermişdir. Həmin şəxslər Teymura nəyə görə onları videoya çəkdiyini deyib ona öz iradlarını bildirmiş, ancaq Teymur onları videoya çəkməmişdir. Teymur Rövşən və Göyüş adlı oğlanla söhbət edən zaman Elnur kabinetdən söyüş söyə-söyə çölə çıxmış, orada olan ofisiantlar da hər hansı dava-dalaş olsa buna müdaxilə etmək üçün onlara tərəf getmişdir. Elnur kabinetdən çıxdıqdan sonra yenə ümumən söyüşlər söyüb Teymurun üzərinə doğru gedəndə o, Teymurun təzə əməliyyat olunduğunu və Elnurun ona nə isə edəcəyini fikirləşdiyi üçün əli ilə sonuncunu sinə nahiyəsindən geriyə doğru itələmiş, həmin vaxtı Elnur geriyə doğru gedib arxası üstə yerə yıxılmış və arxa təpə nahiyəsi yerin bərk səthinə dəymişdir. Konkret olaraq onun Elnuru itələdiyini kiminsə görüb-görmədiyinə fikir verməmiş, ancaq onu həmin vaxt həmkəndlisi olan və hadisə vaxtı kafeyə veriləcək göy-göyərtini siyahı etmək üçün kafeyə gələn Pərviz adlı oğlan görmüşdür. Elnur yerə yıxıldıqdan sonra xırıldamağa başlamış və o, qorxusundan kənara doğru çəkilmiş, orada olan adamların hamısı Elnurun başına yığışmış, onun sifət nahiyəsinə su tökmüşlər. Sonra ora təcili yardım maşını gəlmiş və Elnuru xəstəxanaya aparmışlar. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Elnurun xəstəxananda öldüyünü eşitmişdir. Etdiyi əməldən dərin peşmançılıq hissi keçirir. Dəfələrlə atasıgil zərərçəkmişin evlərinə gedib yas mərasimində iştirak etmək, onlara mənəvi dəstək olmaq istəsələr də, zərərçəkmişin hüquqi varisi buna imkan verməmişdir. İcra nümayəndəsi bildirmişdir ki, zərərçəkmiş tərəf onların gəlməsinə razı deyildir. Odur ki, bu kimi halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 hüquqi varisi X4 ifadəsində göstərdi ki, Tovuz rayonunun Hacallı kəndində qeydiyyatda olmalarına baxmayaraq Tovuz rayonunun Əlimərdanlı kəndində həyat yoldaşı X10 ilə birlikdə yaşayır, evdar qadındır. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X11 doğma oğludur. Elnur Əliyev ölməmişdən əvvəl "xxxx" MMC-də satıcı işləmişdir. xx.xx.2022-ci il tarixdə Elnurun istirahət günü olduğu üçün bütün günü evdə olmuşdur. Həmin günü saat 19 radələrində Elnur evdən çıxıb harasa getmiş, Elnurun kənddə kiminsə “ciyər axşamı” olduğunu fikirləşib ora getdiyini zənn etmişdir. Elnur getdikdən sonra evə gec gələcəyini düşündüyü üçün onu gözləmədən yatmışlar. xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Elnurun iş yoldaşları həyat yoldaşına zəng edib Elnurun sərxoş olduğunu və hazırda xəstəxanada komada olduğunu bildirmiş, onlar da dərhal Tovuz RMX-na getmişlər. Xəstəxanaya getdikdən sonra Elnurun iş yoldaşları onlara Elnurla birlikdə “Ocaq” kafesində yeyib-içdiklərini, Elnurun çölə çıxdıqdan sonra yerə yıxıldığını və onu xəstəxanaya gətirdiklərini bildirmişlər. Həmin vaxtı həkimlərdən reanimotoloq Tofiq həkim onlara narahat olmamağı, xəstənin vəziyyətinin yaxşı olduğunu bildirmişdir. Həmin günü gecə Elnur xəstəxanada qalmış, 13 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində onlar Elnuru Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparıb yerləşdirmək üçün Gəncə şəhərindən təcili yardım çağırmışlar. Lakin təcili yardım maşını gələndə onlara Elnurun artıq vəfat etdiyini bildirmişlər. Sonra isə Elnurun meyitini morqa aparıb orada onu daxili müayinə eləmişlər. xx.xx.2022-ci il tarixdə Elnuru kənd qəbirstanlığında dəfn etmişlər. Sonradan bilmişlər ki, xx.xx.2022-ci il tarixdə oğlu Elnurla iş yoldaşları “Ocaq” kafesində oturub birlikdə yeyib-içən zaman onların oturduğu kabinetdə səs-küyləri olmuş, həmin vaxtı kafenin sahibi gəlib onlara irad bildirmiş, sonra da orada işləyən Asif adlı ofisiant Elnuru itələmiş, Elnurun da başı yer səthinə dəymiş, sonra isə onu xəstəxanaya gətirmişlər. X20 Təqsirləndirilən şəxs arasında əvvəllər hər hansı tanışlıq, ədavət, düşmənçilik olmayıbdır. Bununla belə təqsirləndirilən şəxslə barışıq əldə etməmişdir. Doğrudur ki, təqsirləndirilən şəxsin ailəsi yas mərasimində iştirak etmək üçün gəlmək istəmişlər, lakin icra nümayəndəsinə özü bildirmişdir ki, onların heç kim hüzrə gəlməsin. Qeyd olunanlara əsasən qanuni hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Düz Qırıqlı kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində həmişəki kimi ondan meyvə-tərəvəz alan Tovuz rayonu Alakol kəndində yerləşən “Ocaq” kafesinə getmiş, kafeyə getdikdən sonra kafenin icarədarı olan Teymurla kafeyə lazım olacaq meyvətərəvəzin siyahısını yazan zaman kafeyə girişdə sol tərəfdə yerləşən 6 nömrəli kabinetdən səs-küy gəlməyə başlamış, həmin kabinetə doğru baxanda kabinetdə 5 nəfər şəxsin əyləşdiyini, onlar sərxoş vəziyyətdə bir-birlərinə nizamsız hərəkətlər etdiyini görmüşdür. Həmin kabinetin qapısı boya-boy şüşədir və şüşənin üzəri qara rəngli plyonka ilə örtülmüşdür. Hava işıqlı olanda çöldən içəri görsənməsə də, qaranlıq düşdükdən sonra çöldən kabinetin içərisini rahatlıqla görmək olur. Həmin vaxtı kabinetdə adlarını sonradan bildiyi Elnur və Rövşən adlı şəxs bir-birləri ilə qarşılıqlı şəkildə süpürləşmiş, lakin bir-birlərinə hər hansı zərbə endirməmişlər. Onların mübahisəsi yalnız bir-birlərini itələməkdən ibarət olmuş, kabinetdə olan digər 3 nəfər şəxs də onları aralamağa çalışmışdır. Həmin vaxtı Teymur onlar əyləşən kabinetə yaxınlaşıb kafedə başqa adamların olduğunu və biraz sakitliyə riayət etmələrini bildirmiş, sonra isə kabinetdən çölə çıxmışdır. Teymur kabinetdən çölə çıxdıqdan sonra həmin şəxslər yenə səs-küy salmağa və mübahisə etməyə davam etmişlər. Həmin vaxtı sonradan adının Göyüş olduğunu bildiyi şəxs Rövşəni qucaqlayıb kabinetdən çölə çıxartmaq istəyəndə Elnur kabinetin içərisində stolun üzərində olan araq butulkasını götürüb nizamsız şəkildə geriyə doğru, üzü kabinetin giriş istiqamətinə doğru atmış və butulka kabinetin şüşədən olan qapısına dəymişdir. Teymur həmin vaxtı polisə dava-dalaş barədə məlumat vermiş, həmin şəxslər də Teymura nəyə görə onları telefonla videoya çəkdiyini deyib ona öz iradlarını bildirmiş, Teymur isə onları videoya çəkməmişdir. Teymur Rövşən və Göyüş adlı oğlanla söhbət etmiş, onlara hərəkətlərini videoya çəkmədiyini demişdir. Onlar isə Teymura inanmamış, həmin vaxtı da Elnur kabinetdən söyüş söyə-söyə çölə çıxmış, onlar da həmin vaxtı dava-dalaş olmasın deyə onlara tərəf yaxınlaşmışlar. Elnur Teymurun ünvanına nəyə görə onları polisə məlumat verdiyi üçün söyüş söymüş, sonra da ümumən söyüşlər söyməyə başlamış, həmin vaxtı da qeyd etdiyi kimi Teymurla Rövşən söhbət etmişdir. Teymurun arxası Elnura tərəf olmuş, Elnur qəfildən Teymura tərəf gedəndə həmkəndlisi olan və həmin kafedə ofisiant kimi işləyən Asif adlı oğlan Elnuru sinəsindən arxaya doğru itələmiş, Elnur da müvazinətini itirərək geriyə doğru gedib arxası üstə yerə yıxılmış və arxa təpə nahiyəsi yerə dəymişdir. Elnur yerə yıxıldıqdan sonra xırıldamağa başlamış və onun ilk öncə qulağından, sonra isə ağız nahiyəsindən qan gəlmişdir. Sonra onun üzünə su tökmüşlər. Bir neçə dəqiqədən sonra təcili yardım maşını gəlmiş və Elnuru xəstəxanaya aparmışlar. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Elnurun xəstəxananda öldüyünü eşitmişdir. Asifin Elnuru itələməsini başqa kimin gördüyünü bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Alakol kəndində yaşayır. 2014-cü ildən etibarən Tovuz rayonu Alakol kəndində yerləşən “Ocaq” kafesini icarə əsasında işlədir. xx.xx.2022-ci il tarixdə saat 09-dan kafedə olmuşdur. Həmin günü saat 22 radələrində kafenin həyətinə üzərində “İrşad Telecom” un etiketi olan “Fiat doblo” markalı avtomobil gəlib dayanmış, həmin avtomobildən düşən şəxslər 6 nömrəli kabinetdə əyləşmişlər. Həmin kabinetə Elməddin adlı ofisiant qulluq etmiş, xx.xx.2022-ci il tarixdə saat 00:20 radələrində kafedəki ofisiantlar 6 nömrəli kabinetdə əyləşən müştərilərin səs-küy saldığını demişdir. Həmin kabinetin qapısı boya-boy şüşədir və şüşənin üzəri qara rəngli plyonka ilə örtülmüşdür. Hava işıqlı olanda çöldən içəri görsənməsə də, qaranlıq düşdükdən sonra çöldən kabinetin içərisini rahatlıqla görmək olur. Ofisiantlar ona bu barədə dedikdən sonra kabinetdə əyləşən şəxslərdən adlarını sonradan bildiyi Elnur və Rövşənin sözlü mübahisə etdiklərini görmüş, o da həmin kabinetə doğru gedib onları sakitləşdirməyə çalışmışdır. Kabinetin qarşısına çatdıqda kabinetdən 2 nəfər adlarını sonradan bildiyi Rövşən və Göyüş adlı şəxs çölə çıxmış, o, Rövşəni əvvəl 1-2 dəfə kafelərinə gəldiyi üçün üzdən tanımışdır. Həmin vaxtı kabinetdə olanlardan hansısa kabinetin qapısına tərəf araq butulkası atmış, butulka kabinetin şüşədən olan qapısına dəymişdir. Həmin vaxtı o, kabinetdən çıxan qeyd etdiyim 2 nəfər şəxslə söhbət etmiş, onlar ona dəymiş ziyanlığı ödəyəcəklərini demiş, o da onlara kafedə dava-dalaş etməyin mənasız olduğunu və onlara kafedən getmələrini bildirmişdir. Daha sonra kabinetdən sonradan adının Adil olduğunu bildiyi şəxs ona tərəf gəlib onları nə səbəbə videoya çəkdiyini demiş, o da ona onları videoya çəkmədiyini, əlindəki telefonla polisə zəng edib hadisə barədə məlumat vermək istədiyini demişdir. Həmin vaxtı da o, həqiqətən polisə zəng edib hadisə barəsində məlumat vermişdir. O həmin şəxslərlə söhbət edən zaman qəfildən kimsə “yıxıldı, yıxıldı” demiş, geriyə baxanda adının sonradan Elnur olduğunu bildiyi şəxsin kabinetin qarşısında arxası üstə yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, ancaq Elnurun hansı şəraitdə və necə yerə yıxıldığını görə bilməmişdir. Onlar tez Elnura tərəf yaxınlaşmış, onun üzünə su vurmuş, orada olan şəxslər hamı Elnura ilkin yardım etmiş, sonra isə təcili yardım çağırmışlar. Təcili yardım gəldikdən sonra Elnuru xəstəxanaya aparmışlar. Onlar həmin vaxtı Elnurun sərxoş olduğu üçün ayağının harasa ilişib yerə yıxıldığını zənn etmişlər. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Elnurun xəstəxananda öldüyünü eşitmişdir. Hadisədən 2-3 gün sonra hadisə baş verən günü mübahisə olan vaxtı kafedə ofisiant işləyən Asifin Elnuru itələdiyini, sonuncunun da geriyə doğru gedərək arxası üstə yerə yıxıldığını bilmiş, Asifin Elnuru itələdiyini də kafeyə meyvə-tərəvəz gətirən Pərviz adlı oğlan görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2019cu il tarixdən "xxxx" MMC-də Bakı şəhəri üzrə sürücü işləyir. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 əvvəllər tanımamışdır. xx.xx.2022-ci il tarixdə qərb regionu üzrə sürücü işləyən əməkdaş məzuniyyətdə olduğu üçün onun əvəzinə cəmiyyətdə satış təmsilçisi işləyən Şahid6la birlikdə qərb regionuna ezam gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Şahid6la birlikdə cəmiyyətin Tovuz filialına gəlmiş, həmin vaxtı filialda menecer işləyən Adil onları qonaqlığa dəvət etmişdir. O, əvvəllər Tovuz filialının heç bir işçisini tanımamışdır. Göyüş də Adilə işlərini tez yekunlaşdırsalar oturacaqlarını bildirmiş, saat 21 radələrində Göyüşlə Adil birlikdə oturmaq barədə razılaşmış, sonra Göyüşlə o “Ocaq” adlı kafeyə getmişlər. Onlar kafeyə gedəndə ora hələ heç kim gəlməmiş, kafedə girişdən sol tərəfdə yerləşən 6 nömrəli kabinetdə əyləşmişlər. Onlardan 10-15 dəqiqə sonra Adil və adlarını sonradan bildiyi və birinci dəfə gördüyü filialda satıcı işləyən Elnur və Qədir kafeyə gəlmişlər. Həmin vaxtı kabinetdən girişdə arxası kabinetin qapısına doğru Göyüş, onun sağ tərəfində o, yanında Adil, Göyüşdən sol tərəfdə Elnur, onun sol tərəfində isə Qədir əyləşmişdir. Birlikdə oturduqdan sonra bir qədər araq içmişlər. Stolda yalnız Göyüşlə Qədir araq içməmişdir. Saat 22 radələrində sonradan adının Rövşən olduğunu və cəmiyyətdə işlədiyini bildiyi şəxs də gəlmiş və Qədirin yanında əyləşmişdir. Onlar yeyib-içməyə davam etmiş, Rövşən özü də araq içmişdir. Təxminən 1 saata yaxın Qədir onlarla oturduqdan sonra ailəsində problem olduğu üçün evlərinə getmiş, sonra isə Rövşən Qədirin əyləşdiyi stulda, Elnurla yan-yana əyləşmişdir. Qeyd etdiyi kimi o, stolda oturanlardan yalnız Göyüşü tanımışdır. Stolda o, Adillə satışla bağlı söhbət etmiş, həmin vaxtı Adillə arasında sözlü mübahisə olmuş, Rövşən ona Adilin yaşca ondan böyük olduğunu və onunla mübahisə etməyinin doğru olmadığını bildirmişdir. Bu zaman Rövşənin yanında əyləşən Elnur Rövşənə onun qonaq olduğunu və ona nəyə görə elə dediyini bildirmiş, Rövşən isə ona çox da əhəmiyyət verməmişdir. Özü də Elnurun həddən artıq araq içdiyini və hərəkətlərini idarə edə bilmədiyini görmüş, buna baxmayaraq araq içməyə davam etmişlər. Həmin vaxtı artıq 02 ədəd 0.7 litrlik “Bulbaş” markalı araq içib qurtarmışlar, 01 ədəd 0.7 litrlik araqdan isə təxminən yarıdan çox içmişlər. Onlar yenidən bir-birilə ilə normal söhbət edən zaman Elnur yenə Rövşənlə söyüşlə danışmağa başlamış, Rövşən də ona söyüşlə cavab vermişdir. Rövşən Elnurun həddindən artıq araq içdiyini və artıq özünü idarə edə bilmədiyini görüb onu yola verməyə çalışsa da Elnur onunla əl-qol hərəkətləri ilə mübahisə etməyə başlamış, həmin vaxtı Göyüş onların mübahisəsinin yaxşı qurtarmayacağını deyib Rövşəni kabinetdən çölə çıxartmışdır. O özü isə həmin vaxtı telefonu ilə məşğul olmuş, Elnurla Rövşənin bir-birinə qarşı etdiyi biədəb söyüşlər ona xoş gəlmədiyi üçün onların hərəkətlərinə əhəmiyyət verməmişdir. Rövşəngil kabinetdən çıxdıqdan sonra o özü də çölə çıxmış, həmin vaxtı Elnur da çölə kabinetdən çölə çıxmış, o özü Göyüşə yaxınlaşıb ona durduq yerə işə düşəcəklərini deyib çıxıb getməli olduqlarını bildirmiş, sonra da özü gəldikləri avtomobilə tərəf getmişdir. Həmin vaxtı ora kənar adamlar da toplaşmış, özü isə həmin yerə yaxınlaşmasa da Elnurun söydüyü söyüşləri eşitmişdir. Həmin yerə doğru baxanda “kapşonkalı” bir nəfər hündürboy oğlanın Elnuru sinə nahiyəsindən itələdiyini, sonuncunun isə müvazinətini itirərək geriyə doğru gedib arxası üstə yerə yıxıldığını və başının yerə dəydiyini görmüşdür. Həmin vaxtı tez Elnur tərəfə getmiş, tez onun üzünə su vurmuşlar. Həmin vaxtı kimsə təcili yardıma məlumat vermiş, bir neçə dəqiqədən sonra təcili yardım maşını gəlmiş və Elnuru maşına yerləşdirərək onu xəstəxanaya aparmışlar. Göyüşlə özü isə xəstəxanaya getməyərək gec olduğu üçün müvəqqəti qaldıqları Gəncə şəhərinə getmişlər. Həmin günün səhəri Elnurun vəfat etdiyini eşitmişlər. Konkret olaraq o, Elnur Əliyevi üzünü görmədiyi, lakin başında kapşonka olan oğlanın itələdiyini görmüş, sonradan həmin oğlanın kafedə ofisiant işləyən Asif adlı oğlan olduğunu bilmişdir. Elnurun vəfat etdiyini sonradan bilmiş, onun yerə yıxıldıqdan sonra ölə biləcəyini düşünməmişdir. Şahidlər Şahid5 və Şahid4 məhkəməyə teleqram ünvanlayaraq ibtidadi istintaq zamanı verdikləri ifadəni təsdiq etdiklərini bildirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X5 ehiyatsızlıqdan öldürülməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tovuz rayon polis şöbəsinin Qovlar polis bölməsindən rayon prokurorluğuna daxil olmuş xx.xx.2022-ci il tarixli, 186-5132-1227 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Tovuz rayonunun Alakol kəndində yerləşən “Ocaq” kafesində baş vermiş mübahisə zamanı Tovuz rayonu Düz Qırıqlı kənd sakini Təqsirləndirilən şəxs Tovuz rayonu Hacallı lənd sakini X6 itələməsi nəticəsində sonuncu yerə yıxılaraq xəsarət almış və xx.xx.2022-ci ol tarixdə Tovuz RMX-da ölmüşdür. xx.xx.2022-ci tarixdə və ondan əvvəlki tarixlərdə Təqsirləndirilən şəxs və X5 arasında hərhansı bir mübahisə olmamışdır. xx.xx.2022-ci tarixdə X11 iş yoldaşları Şahid6, Şahid2, Şahid4, Şahid5 ilə birlikdə Alakol kəndində yerləşən “Ocaq” kafesində əyləşib yemək yeyib spirtli içki qəbul etmişlər. Bundan sonra X11 ilə Şahid4 arasında mübahisə yaranmış, mübahisə zamanı Elnur Əliyev kafenin otağının şüşəsini sındırmışdır. Kafenin icarədarı Şahid3 yaxınlaşıb Elnur Əliyevdən şüşənin sındırılması ilə bağlı dəymiş maddi ziyanı tələb etmişdir. Həmin vaxt X21 Məmmədovla da mübahisə etməyə başlamış, ətrafda olan kafedə ofisiant işləyən Təqsirləndirilən şəxs onları aralamağa çalışarkən Elnur Əliyevi itələmiş, nəticədə sonuncu yerə yıxılaraq baş nahiyəsindən xəsarət almışdır. Hadisə zamanı kafedə ofisiant işləyən Şahid1 orada olmuşdur.Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində adları qeyd olunan şəxslərdən başqa ətrafda hər hansı şəxsin olması müəyyən edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 32 saylı rəyindən görünür ki, X5 meyiti üzərində aşkar edilmiş xəsarət - ənsə-təpə-alın nahiyəsinin dərialtı hematoması, kəllə tağı sümüklərinin sınığı və subdural hematoması ilə müşayiət olunan, baş beyin toxumasına, qişalarına, mədəciklərə qansızma ilə nəticələnən başın ənsə-təpə nahiyəsinin qançırı xəsarəti küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na gətirildiyi vaxtdan bir qədər əvvəl, xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir, həyatidir, ölümlə bir başa səbəbli əlaqəsi vardır və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. X5 ölümünə səbəb kəllə tağı sümüklərinin sınığı nəticəsində inkişaf edən baş beyin toxumasına, qişalarına, mədəciklərə qansızma olmuşdur. X5 ölümü xx.xx.2022-ci il tarixdə saat 12:45-də Tovuz RMX-da baş vermişdir. X5 qanında məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və digər güclü təsir edici maddələr aşkar edilməmişdir. Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 695KEŞ nömrəli rəyində qeyd olunmuşdur ki, “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də X5 adına tərtib olunmuş tibbi sənədlərdən görünür ki, ona “Dəqiqləşdirilməmiş koma. Kəskin tənəffüs çatmamazlığı İİİ dərəcə” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Göstərilmiş ixtisaslı tibbi yardımlar təyin edilmiş diaqnoza və səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Elnur Əliyevin meyiti müayinə olunmuş və onun ölümünə səbəb subdural hematoma, kəllə tağı sümüklərinin sınığı, baş beyin toxumasına, qişalarına, mədəciklərə qansızmanın olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Elnur Əliyevin müalicəsinə tətbiq olunan metodika elmi əsaslı olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyi, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində göstərilmişdir ki, ehtiyatsızlıqdan adam öldürmə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 124.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 124.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, habelə yektinlik yaşına çatmamış şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Diqqətə çatdırılmalıdır ki, qanunverici cinayətin subyekti qismində çıxış edən yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət mühakimə icraatının aparılmasının xüsusi qaydalarını, habelə bu kateqoriya şəxslərə münasibətdə tətbiq oluna biləcək məhdud sayda cəza növləri nəzərdə tutmaqla onların bu sahədə hüquq və azadlıqlarının təmin edilməsinə xüsusi diqqətlə yanaşmışdır. Bununla bağlı nəzərə alınmalıdır ki,, uşaqların müdafiəsi siyasəti Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsidir. Uşaqların hüquq və azadlıqlarının qorunması, uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir. Cinayət Məcəlləsinin 85-ci maddəsi yetkinlik yaşına çatmayanlar barəsində tətbiq edilən cəza növlərini məhdudlaşdıraraq cəmi 5 cəza növü (cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən etmiş və hər bir cəza üçün qısaldılmış müddət və ya azaldılmış məbləğlər nəzərdə tutmuşdur. Qeyd olunmalıdır ki, yetkinlik yaşına çatmayanlara təyin edilə biləcək cəza növləri müəyyən edilərkən onların əqli və iradəvi xüsusiyyətlərinin, cinayətin törədilməsi hallarının, eləcə də cəmiyyətdə olan faydalı roluna uyğun olaraq yenidən inteqrasiyasına yardım etmiş olmasının nəzərə alınması tələbi beynəlxalq hüquq normalarından da irəli gəlir. Belə ki, bu kateqoriya şəxslərin törətdiyi cinayətə görə tətbiq edilən cəza növləri və tərbiyəvi xarakterli məcburi tədbirlər Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 29 noyabr 1985-ci il tarixli “Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları” (Pekin Qaydaları) və “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyası ilə müəyyən edilir. Göstərilən beynəlxalq aktlarda məhz yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət mühakimə icraatının xüsusiyyətlərini müəyyən edən, onların hüquq və azadlıqlarına təminat verən bir sıra əsas prinsiplər və qaydalar əks etdirilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 40-cı maddəsinə müvafiq olaraq, iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan hər bir uşağın onunla elə bir rəftar hüququnu tanıyırlar ki, belə rəftar uşaqda ləyaqət və mənlik hislərinin inkişafına kömək edir, uşaqda insan hüquqlarına və başqalarının əsas azadlıqlarına hörmət hissini möhkəmləndirir və bu zaman uşağın yaşını və onun reinteqrasiyasına və cəmiyyətdə faydalı rol oynamasına kömək göstərilməsinin arzu edildiyini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, həmin əmələ görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını, habelə onun yetkinlik yaşına çatmamış şəxs olmasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar