Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-32/2025 25.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 24 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən özünə məxsus yaşadığı evin həyətində birlikdə yeyib-içdikdən sonra sonuncunun onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı orada Zərərçəkmiş şəxs sağ gözünün üst hissəsinə, sifət nahiyəsinə və bədəninin digər müxtəlif nahiyələrinə ardıcıl bir neçə yumruq zərbələri vuraraq, sonuncuya alın nahiyəsinin, sağ hər iki üst göz qapaqlarının, sağ alt göz qapağı-gözaltı nahiyənin, sol alt göz qapağı-gözaltı nahiyənin, həmçinin sol əlin İİ, İİİ, İV barmaqlarının uc falanqalarının, hər iki bazu nahiyələrinin, döş qəfəsinin ön səthinin və sol baldır nahiyəsinin qançırları, sol ǝlin İİ, İİİ və İV barmaqlarının uc falanqalarının və sağ diz oynağının səthi yaraları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən və burun nahiyəsinin burun qanaxması ilə müşayiət edilən qançır-şişkinliyi və sol təpə nahiyəsinin qançır-şişkinliyi və əzilmiş yarası kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həyətində tikinti işləri görmək üçün Zərərçəkmiş şəxsla danışmışdır, ondan xahiş etmişdir ki, onun həyətində yardımçı otaq və su hovuzu tiksin. Onlar onunla danışıb razılaşmışlar. 13 oktyabr 2024-cü il tarixdə Vahid, X2 Şahid4 Firudin oğlu ilə birlikdə onun evinə gəlib işə başlamışlar. Onlar 24 oktyabr 2024-cü il tarixdə öz işlərini başa çatdırmışlar. Onlar evdə işlədikləri müddət ərzində hər gün günorta onun evində çörək yemişlər, işlərini qurtaranda o, Zərərçəkmiş şəxsla hesablaşmışdır, onların əmək haqqını tam ödəmişdir və əlavə olaraq 20 manat da artıq verib demişdir ki, bunu da benzin pulu verirəm. Bundan sonra öz yaşadığı evdə onlara işlərini görüb qurtardıqlarına görə qonaqlıq təşkil etmişdir. Onlar birlikdə onun evinin həyətində oturub yeyib içmişlər, o da Vahid də spirtli içki olan araq və pivə içmişlər. Yeyib içəndən sonra Vahid sərxoş olduğu üçün başlamışdır həyətdə nalayiq sözlər danışmağa başlamışdır. o Vahidə demişdir ki, yoldaşı və uşaqlar eşidirlər nalayiq sözlər danışma. Lakin Vahid yenə nalayiq sözlər danışmağa davam etmişdir, o da onları evin həyətindən küçəyə çıxartmışdır, küçədə ona demişdir ki, ikimizdə kefliyik çıx evinə get. O, belə deyəndə Vahid ona demişdir ki, kişi kişini evindən qovmaz sən niyə məni evdən qovdun. O, Vahidin bu sözünə məhəl qoymayıb həyətə girmişdir, darvazanın arxasını bağlayanda Vahid təpiklə çöldən darvazanı vurmuşdur və ona nalayiq sözlər deməyə başlamışdır. O, həmin vaxt sərxoş olduğu üçün Vahidin nalayiq söyüşlər söyməsindən hirslənmişdir, darvazanı açıb onu içəri həyətə çağırmışdır. Vahid darvazadan həyətə girəndə Vahidin sinəsindən itələmişdir, Vahid yerə kubiklərin üstünə yıxılmışdır. Sonra yerdən qalxıb Vahid anasının, bacısının ailəsinin, ata anasının, ölülərinin ünvanına nalayiq sözlər deyəndə o hirslənib yumruqla onun sağ gözünün altından bir dəfə zərbə endirmişdir. Bundan sonra arvadı Sevinc qonşuları çağırmışdır. Bundan sonra onlar həyətdən küçəyə çıxmışlar, küçədə Vahid yenə ona nalayiq söyüşlər edəndə o hirslənib yenə Vahidin sifət nahiyyəsindən bir dəfə zərbə endirmişdir, zərbənin təsirindən hər ikisi yerə yıxılmışdır. Həmin vaxt qonşuları Məlahət və Vasif gəlmişlər, onlar Vahidi sakitləşdirməyə çalışmışlar, lakin Vahid yenə ona nalayiq söyüşlər söyməyə davam etmişdir, o çıxıb evlərinə getmişdir, onu da birtəhər maşına mindirmişlər, bundan sonra onlar da çıxıb getmişlər. O, öz həyətlərində Vahidə sağ gözünün altından bir dəfə zərbə vurmuşdur, küçədə də bir dəfə sifət nahiyyəsindən zərbə endirmişdir. Həmin hadisə təxminən 2-3 dəqiqə davam etmişdir, həmin vaxt onlarla birlikdə olan Rauf, Emin, Maarif və onun arvadı Sevinc hadisənin şahidi olmuşlar. Sonradan qonşuları Məlahət və Vasif gəlmişlər. Onlar gələndə onlar artıq dalaşmamışlar, o kənarda dayanmışdır, Vahid söyüş söymüşdür, bundan sonra o, qayıdıb həyətə girmişdir, onlarda Vahidi öz maşınına mindirib aparmışlar. O, darvazanın arxasını bağlamamışdır, yalnız Vahidi həyətə çağırmışdır, o həyətə girəndə onu itələmişdir, o yerə yıxılıb qalxanda ona söyüş söydüyü üçün o onun sağ gözündən bir dəfə yumruq zərbəsi endirmişdir, sonra onlar küçəyə çıxanda küçədə yenə ona söyüş söydüyü üçün bir dəfə yumruqla onun sifət nahiyyəsindən zərbə endirmişdir. O, öz səhfini başa düşür, öz əməlindən peşman olmuşdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Tovuz rayonu Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında heç bir ədavəti və düşmənçiliyi yoxdur, onlar qonşu yaşayırlar, münasibəti bir qonşu kimi yaxşı olmuşdur. Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, onun həyətində hovuz hörsün. O, onunla danışıb razılaşmışdır. Onunla birlikdə işləyən Aşağı-Quşçu kənd sakini Amil və Eminlə birlikdə Təqsirləndirilən şəxs həyətində hövuzu, hasarı və yardımçı otağı hörmüşlər. Onlar işlərini xx.xx.2024-cü il tarixdə başa çatdırmışlar. Həmin günü yəni xx.xx.2024-cü il tarixdə saat 14 radələrində işlərini başa vurandan sonra Alim, onların əmək haqqını hesablayıb vermişdir, əlavə də 20 manat pul vermişdir ki, bu da benzin pulu. Bundan sonra o, onlara və orada işləyən digər işçilər Şəmistan, Şəmistanın yanında gəlmiş bir nəfərə və qonşuları Vasifə qonaqlıq vermişdir. Onlar Alimin evinin həyətində oturub yeyib içmişlər, Alim 2 butulka 750 qramlıq spirtli içki olan araq və 2 litir pivə almışdır. Onlar hamısı birlikdə həmin arağın ikisinidə içmişlər, Alim özüdə onlarla birlikdə araq və pivə içmişdir. Pivənin yarısı qalmışdır, Alim həmin pivənin yarısını təkcə özü içmişdir. Bundan sonra o qayınatasına zəng vurub demişdir ki, bizə gəl, o da demişdir mənim maşınımmı var, Alim ona demişdir ki, taksiyə min gəl. Aradan bir az keçəndən sonra Alimin qayınatası İsrayıl gəlmişdir, o onlarla oturub iki rumka araq içmişdir. Alim ona demişdir ki, sən o vaxt qızı mənə vermirdin, deyirdin ki, nəşǝxorsan görürsən mənim nə gözəl evim var. O, belə deyəndə İsrayıl çıxıb getmişdir. İsrayıl gedəndən sonra Alim arvadına qışqırmışdır ki, mənə pul gətir, Alimin arvadı bir ədəd əlli manatlıq, bir ədəd 20 manatlıq pul gətirmişdir. Alim həmin pulları arvadından alıb cırıb onların başından tökmüşdür, sonra arvadına demişdir ki, dollar çamadanını mənə gətir bunları dollarla basıracam. Ancaq arvadı heç nə gətirməmişdir. O, görmüşdür ki, Alim sərxoşdur, özünü idarə edə bilmir, onunla oturanlara işarə vermişdir ki, gəlin çıxaq. Onlar qalxıb həyətdən çölə çıxmışlar, küçədə Alim usta yoldaşı Amillə mübahisə edəndə o Alimə demişdir ki, bir tikə çörək veribsən niyə burnumdan tökürsən. O, belə deyəndə Alim ona demişdir ki, əmi bir dəqiqə içəri gəl sənnən işim var. O, Alimlə birlikdə həyətə girmişdir, Alim həyət darvazasını arxadan bağlamışdır. O, bir addım atıb Alimə tərəf dönmüşdür ki, görsün ona nə deyəcək. Həmin vaxt Alim hər iki əli ilə onun çiynindən tutub kəllə ilə onun söl gözünün altından güclü zərbə vurmuşdur. Zərbənin təsirindən o huşunu itirib yerə yıxılmışdır. Bundan sonra o heç nə xatırlamır, onu xatırlayır ki, uşaqlar gəlib Alimi kənara itələyib onu yerdən qaldırmışlar. Bundan sonra onunla birlikdə olanlar onu aparıb öz maşınına mindirmişlər, həmin vaxt Alim yenə onun üstünə yetirib onun baş nahiyyəsindən yenə bir dəfə yumruqla zərbə endirmişdir. Həmin vaxt onun avtomobilinin qabaq sol qapısı zədələnmişdir. Bundan sonra qonşuları Vasif onun maşınını sürüb onu öz evinin yanına aparmışdır. Evinin qarşısında onu maşından düşürtmüşlər, o arvadı Əntiqanı çağırmışdır ki, mən ölürəm tez ol təcili yardım maşını çağır. Bundan sonra o yenə huşunu itirmişdir, özünə gələndə görmüşdür ki, xəstəxanadadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, onların üç az yaşlı övladı var. 13 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs iki nəfərlə onların evinin həyətində yardımçı otaq tikməyə gəlmişlər, onlar evin həyətində yardımçı otaq və su hovuzu tikmişlər. 24 oktyabr 2024-cü il tarixdə onlar işlərini qurtarmışlar. Günorta ǝri onların pulunu hesablayıb verəndən sonra işin qurtarması münasibətilə evdə onlara qonaqlıq təşkil etmişdir. Vahid, onunla işləyən iki nəfər Emin və Amil kimi tanıdığı şəxs, qonşuları Vasif, bir də nəfər onların həyətində fəhləlik edən şəxslər onların evinin həyətində oturub yeyib içməyə başlayanda Vahid zəng vurub kirvəsi Maarifi də çağırmışdır. Maarif də gəlib onlarla birlikdə oturmuşdur. Onlar 3 butulka spirtli içki olan araq va 2,5 litirlik pivə içmişlər. Onlar əvvəlcə mehriban söhbət edib deyib gülmüşlər, yeyib-içmişlər. Vahid sonra əri Alimdən əlavə şirinlik kimi pul istəmişdir, Alimdə ona 20 manat, yanındakıların hər birinə 10 manat əlavə pul vermişdir. Onlar yeyib içəndən sonra əri Alim işə irad bildirmiş və onların aralarında mübahisə yaranmışdır. Əri Alim ustaları qovmuş və onların ikisi həyətdən çıxıb getmişlər, Vahid isə başlamışdır Alimlə mübahisə etməyə. Vahid başlamışdır nalayiq söyüşlər söyməyə. Sonra görmüşdür ki, əri Alim yumruqla Vahidi vurmuşdur. Küçədə Vahid əri Alimin ölmüş qardaşının ünvanına nalayiq söyüşlər edəndə Alim yenə Vahidi yumruqla sifətindən bir dəfə vurmuşdur. Sonra Alim ayağa qalxıb içəriyə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığından Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində işə baxan Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-32/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-32/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver