Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-35/2023 22.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Tovuz rayonu Alakol kəndində doğulmuş, Azərbaycan Respublikasının vıətəndaşı,orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində xidmətçi (ofisiant) kimi işlədiyi Tovuz rayonu Alakol kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus “Moskva” kafesinin həyətində müştərilərin əyləşməsi üçün nəzərdə tutulmuş çardağın altındakı masada əyləşib digər şəxslə nərd oynayan Zərərçəkmiş şəxs əynindəki şalvarın arxa cibindən pul əskinazlarının yerə düşdüyünü, sonuncunun bundan xəbərsiz olduğunu və diqqətinin nərd oyununa cəmləşdiyini kənardan gördükdə, həmin pul əskinazlarını, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə ətrafda heç kimin onu görmədiyini düşünərək Zərərçəkmiş şəxs arxa tərəfinə yaxınlaşaraq onun cibindən yerə düşmüş 500 (beş yüz) ABŞ dolları məbləğində,850 (səkkiz yüz əlli) manat dəyərində və1365 (bir min üç yüz altımış beş) manat məbləğində olmaqla, cəmi 2215 (iki min iki yüz on beş) manat məbləğində pul əşkinaslarını düşdüyü yerdən gizli olaraq götürüb əlində olan məcməyinin içərisinə qoyub oradan kənarlaşmaqla, Zərərçəkmiş şəxs məxsus cəmi 2215 (iki min iki yüz on beş) manat məbləğində pul vəsaitini oğurlamış, yəni gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayonu Alakol kəndində yaşayır, subaydır, hazırda heç bir yerdə işləmir. O, sözügedən hadisə baş verənə kimi Tovuz rayonu Alakol kəndində Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən Tovuz rayonu Alakol kənd sakini Zərərçəkmiş şəxs məxsus “Moskva” kafesində ofisant işləmişdir. Zərərçəkmiş şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, Zərərçəkmiş şəxs məxsus kafedə bir günü 5 manata işləmişdir, Məmməd birdən onun əmək haqqını verməmişdir, ondan pulunu istəyəndə demişdir ki, yoxdu işlə işlədikcə verəcəm, lakin işlədiyinin pulunun hamısını verməmiş, hissə hissə ona yarı pulunu vermişdir. Onun təxminən ona 500 manata qədər verəcəyi olmuşdur, ancaq o ondan həmin pulu istəyəndə o onun əmək haqqını verməmişdir. Zərərçəkmiş şəxs onu işlədib onun əmək haqqını verməməsi barədə o Tovuz rayon prokurorluğuna müraciət etmişdir, hazırda həmin fakt üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır. 19 sentyabr 2022-ci il tarixdə günorta saat 13 radələrində kafedə oturan müştəri qalxıb gedəndən sonra o həmin stolun üstündəki qabları yığışdırmaq məqsədilə həmin stola yaxınlaşmışdır. Həmin vaxt kafenin sahibi Məmməd digər stolda Güloğlan adlı şəxslə nərd oynamışdır, sonra onlar qalxıb digər stolda oturmuşlar orada nərd oynayıb durub getmişlər. Onlar gedəndən təxminən 3-5 dəqiqə sonra o stola yaxınlaşanda görmüşdür ki, Məmmədin əvvəlcə oturub nərd oynadığı stolun altında yerdə pul var. O, sakitcə əyilib həmin pulu yerdən götürüb cibinə qoymuşdur. Sonra qabları götürüb mətbəxə getmişdir. O, stoldan yığdığı qabları mətbəxə qoymuşdur. Həmin vaxt Eltay onun pulu yerdən götürdüyünü görmüşdür, o onu yanına çağırmış ona demişdir ki, mən o pulu səndən qabaq görmüşdüm sənin götürdüyünü gördüm, pulu mənimlə bölməsən mən gedib hamıya deyəcəm ki, yerdən pul tapıbsan. O, baxıb görmüşdür ki, onun yerdən pulu götürdüyünü Eltay görüb ona görədə heç kimə deməsin deyə pulun 300 ABŞ dollarını və 100 manatını ona vermişdir. O, pulu götürəndən təxminən 2 saat sonra icazə alıb kafedən çıxmışdır, oradan birbaşa evə getmişdir, həmin pulu aparıb evdə gizlətmişdir. Sonra da yenə qayıdıb kafeyə getmişdir. Həmin günü axşam üstü Məmməd qayıdıb kafeyə gəlmişdir, onlara demişdir ki, pulumu itirmişəm, baxın görün haradadır. O, başa düşmüşdür ki, həmin yerdən tapdığı pul kafenin sahibi Məmmədin puludur. O, qorxub pulu tapdığını Məmmədə bildirməmişdir, yalandan kafedə ora bura baxıb demişdir ki, tapa bilmədim. Bundan sonra o icazə alıb işdən çıxmış,oradan çıxandan sonra həmin puldan həmkəndlisi Tural Yaşar oğluna olan 115 manat borcunu vermişdir. Həmin günün səhəri günü Qovlar şəhərinə gedib oradan özünə hər biri 30 manata 2 ədəd ayaqqabı almışdır, telefonuna 40 manat kontur yükləmişdir. O, qayıdıb kafeyə gedəndə Samir onun yanına gəlib ona 300 ABŞ dolları pul vermişdir, 100 manatı isə özünə götürmüşdür, demişdir ki, bu da mənim. O, etiraz etməmişdir Samirdən 300 ABŞ dollarını almışdır, 100 manat Samirdə qalmışdır. Həmin günü axşam Samir 100 manatı gətirib ona verəndə o almamışdır, demişdir qoy səndə qalsın. Həmin günü axşam saatlarında polis əməkdaşları kafeyə gələndə Samir 100 manatı təhqiqatçı Elşən Məsimova vermişdir. O, qalan pulları da aparıb öz evlərində yatdığı otaqdakı şkafdan asdığı gödəkçəsinin cibinə gizlətmişdir. Sonradan təhqiqatçı ondan soruşanda o hadisəni ona danışmışdır və gödəkçənin cibində gizlətdiyi pulun hamısını özü könüllü təhqiqatçı Elşən Məsimova vermişdir. 100 manat pulu və 300 ABŞ dollarını Samirə Eltay verib deyib ki, həmin pulu mənə versin. Samir də 300 ABŞ dollarını ona qaytarmış, ancaq 100 manatı qaytarmamışdır, demişdir ki, bu pul da mənim olsun, o da ona heç nə deməmişdir. O, Məmməd oturub nərd oynayıb qalxdığı stolun altında pulu görüb həmin pulu yerdən götürmüşdür. Həmin pulun Məmmədin olmasını həmin günü axşam üstü Məmməd kafeyə gəlib pulunu itirdiyini deyəndə bilmişdir. Bundan başqa o pulu götürdüyü stolda o pulu götürməmişdən əvvəl Məmməd oturmuşdur, o həmin stoldan qalxandan təxminən 10-15 dəqiqə sonra o Məmmədin əvvəlcə oturduğu stolun altından həmin pulu tapıb götürmüşdür. Sonradan o həmin pulun Məmmədin olmasını bilmişdir, lakin pulu götürməyini ona bildirməmişdir, pulun Zərərçəkmiş şəxs olmasını biləndən sonra aparıb həmin pulun bir hissəsni xərcləmişdir, qalan hissəsini də gizlətmişdir, Şahid1 isə ona verdiyi pulun Məmmədin olmasını biləndə həmin pulu Samirə verib demişdir ki, qaytarıb mənə versin, Samirdə Eltaya verdiyi pulu qaytarıb ona vermişdir, üstündən 100 manatını özünə götürmüşdür. O, Zərərçəkmiş şəxs pulunu onun şalvarının arxa cibində olmasını görməmişdir, həmin pulu onun cibindən yerə salmamışdır, o oturub qalxdığı stolun altından pulu tapıb götürmüşdür, sonrada pulun onun olmasını bilsədə ona pulun onda olmasını bildirməmişdir. Hazırda etdiyi əməldən peşmançılıq hissi keçirir və geri qalan pulları da zərərçəkmiş şəxsə ödəyəcəkdir. Odur ki, bu kimi halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Tovuz rayonu Alakol kəndində yaşayır, sahibkardır, Tovuz rayonu Alakol kəndində Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən “Moskva” kafesi ona məxsusdur. O, həmin kafeni özü işlədir, kafedə bir nəfər Şahid3 aşbaz işləyir, Tovuz rayonu Alakol kənd sakinləri Təqsirləndirilən şəxs ilə Şahid1 kafedə qulluqçu (ofisant) işləmişlər, Ağstafa rayonu Köçəsgər kənd sakini Şahid2 isə kafedə kababçı işləmişdir. 19 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində o kafenin həyətindəki müştərilən isti vaxtlarda oturması üçün nəzərdə tutulmuş kənarları ağac materialdan düzəldilmiş çardağın altındakı stolda Zəngilan rayon sakini Güloğlan adlı şəxslə oturub nərd oynamışdır. Həmin vaxt kafedə aşbaz işləyən Elmira və o biri işçilər də digər stolda oturmuşlar. Onlar nərd oynayan zaman Elmira ona demişdir ki, Sakit müəllim arxa cibindən pulun düşür, həmin vaxt Şəhniyarda ona yaxınlaşıb demişdir ki, pulun düşür o demişdir eşitdim narahat olmayın. Sonra o stoldan qalxıb yas mərasimində iştirak etmək üçün özünə məxsus avtomobilə minib getmişdir, avtomobilə minməmişdən əvvəl əli ilə pulunun yerində olub olmadığını yoxlamış, arxa cibində olan pulu yerində olmuşdur. O, təxminən 1 saat sonra yenidən kafeyə qayıtmışdır. Yenə kafenin həyətindəki stolda oturub Güloğlanla nərd oynamışdır. Sonradan evə getmək lazım olduğu üçün qalxıb özünə məxsus avtomobilə minib öz yaşadığı evə getmişdir. Həmin vaxt tələsdiyi üçün yadından çıxmış, pulunun yerində olub olmadığını yoxlamamışdır. O, evlərinə çatanda baxıb görmüşdür ki, pulu cibində yoxdu. Dərhal kafedə aşbaz işləyən Elmiraya zəng vurub demişdir ki, pulu kafedə oturduğu yerdə düşüb baxıb görsün tapa bilərmi. O, Elmira ilə telefonla danışıb qurtarandan təxminən 20-25 dəqiqə sonra qayıdıb kafeyə getmiş, orada Şəhniyar, Eltay, Samir və Elmiraya demişdir ki, mənim pulum burada oğurlanıb, pulumu kim götürübsə qaytarıb versin yoxsa mən polisə gedib şikayət edəcəm. Lakin Onların heç biri pulu götürdüklərini boyunlarına almamışlar. Səhəri günü o yenə onların hamısına xəbərdarlıq edib demişdir ki, mənim pulum sizdədi gətirin verin yoxsa sizdən əl çəkən deyiləm. Lakin onlar yenə bildirmişlər ki, puldan xəbərləri yoxdur.Bundan sonra o polis şöbəsinə gedib şikayət ərizəsi yazmışdır. Onun şalvarının arxa cibində 5 ədəd 100-lük ABŞ dolları, yəni 500 (beş yüz) ABŞ dolları, 10 ədəd 100 manatlıq, 6 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq əskinaslar olmaqla cəmi 1365 (bir min üç yüz altımış beş) manat məbləğində AZN və 500 (beş yüz) ABŞ dolları pulu olmuşdur, həmin pulların hamısı oğurlanmışdır. Sonradan Şahid1 özü ona etiraf edib bildirmişdir ki, onun pulunu Təqsirləndirilən şəxs götürüb və həmin puldan 300 ABŞ dolları və 100 manatını ona verib, 100 manatını isə Şahid2 veriblər. Oğurlanmış puldan yalnız 550 manat ona qaytarılmışdır. Odur ki, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid1 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Alakol kəndində yaşayır, subaydır, hazırda heç bir yerdə işləmir. O, sözügedən hadisə baş verənə kimi Tovuz rayonu Alakol kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus “Moskva” kafesində ofisant işləmişdir. O, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirili bilinərək 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 19 sentyabr 2022-ci il tarixdə günorta saat 15 radələrində kafenin sahibi Zərərçəkmiş şəxs kafenin həyətindəki 3 nömrəli stolda oturub bir nəfər tanımadığı sonradan adını eşitdiyi Gülağa adlı şəxslə nərd oynamışdır. Həmin vaxt o kafedə böyük zal otağa girib aparatı zaryadkaya qoyub otaqdan çıxanda görmüşdür ki, Şəhniyar kafenin baş tərəfindən əlində padnos Məmməd oturan stolun yanına getdi. Orada 1-2 saniyə dayandı ətrafa sağa-sola baxdı, sonra əyilib Məmməd oturan stolun arxasından yerdən nəsə götürüb padnosa qoydu, sonra tələsik mətbəxə tərəf gedəndə o ondan şübhələnib pilləkənin yanında onun qarşısını kəsmişdir. Şəhniyar onu görən kimi padnosun üstündəki pulları götürüb tələsik cibinə qoymaq istəyəndə o ona demişdir ki, bu pullar Məmmədin pulları olar. Şəhniyar ona demişdir ki, yox bu pul Aydının pulu olacaq sən sakit dur heç kimə heç nə demə. Sonra padnosun içindən 3 ədəd 100-lük ABŞ, dollarını və bir ədəd 100 manatlıq pulu götürüb onun əlindəki padnosun içərisinə qoyub arxa tərəfə keçmişdir. O, həmin Şəhniyarın ona verdiyi 300 ABŞ dollarını və 100 manatı götürüb cibinə qoymuşdur, sonra Şəhniyarın arxasınca getmək istəyəndə Elmira xala ona demişdir ki, o qreçka qazanını mənə gətir. O, qazanı Elmiranın yanına aparmışdır, Elmira qazanın içərisindən qreçkanın bir hissəsini götürmüşdür, o qazanı qaytarıb yerinə qoymüşdür. Sonra çölə çıxmışdır görmüşdür ki, Şəhniyar pilləkənin ayaq tərəfində dayanıb. O, ona demişdir ki, bu pul 100 faiz Məmmədin puludur pulu neylədin gəl qaytar özünə ver. Şəhniyar ona söyüş söyüb demişdir ki, sakit durmasan pulu sənin boynunda qoyacam. O da qorxmuşdur ki, birdən onun boynuna atar ona görə də heç kimə heç nə deməmişdir. Ancaq Şəhniyarın ona verdiyi 300 ABŞ dollarını və 100 manatı aparıb kafenin arxasındakı kubiklərin yanında gizlətmişdir. Qayıdıb Şəhniyarın yanına gəlmişdir və ona pulu gizlətdiyi yeri göstərib demişdir ki, pulu oraya qoymuşam get götür özün neyləyirsən elə mənim başım ağrımasın. Şəhniyar ona demişdir ki, dəlisənmi heç kim biləsi deyil, o demişdir yox lazım deyil get pulunu götür. O, otağa girib aparata baxıb çölə çıxanda görmüşdür ki, Şəhniyar yoxdu, həmin vaxt kafedə kababçı işləyən Samir kafeyə gəlmişdir. O, müştərilərin yeməyini verib Samiri salona çağırmış və bildirmişdir ki, Şəhniyar Məmmədin oturduğu stolun altından pulunu götürdü, pulun 300 dollarını və 100 manatını da ona verdi. O da həmin pulu kafenin arxasındakı kubiklərin altına gizlətmişdir. Samir ona demişdir ki, get Şəhniyarı başa sal qoy pulu gətirsin, o pulu aparıb Məmmədə verim ona başa salsın ki, bilməyiblər elə biliblər ki, müştərinin puludu, üstündən xərcləyibsə deyərəm işləyib hissə hissə ödəyər. O, ona demişdir ki, qoy Şəhniyar gəlsin başa salaram. Aradan bir az keçəndən sonra Şəhniyar kafeyə gəlmişdir, o özünə təzə ayaqqabı, şalvar köynək saat və telefon almışdır. O, Şəhniyara yaxınlaşmışdır ki, onu başa salsın pulu qaytarsın. Lakin Şəhniyar ona yaxın gəlməmiş və demişdir ki, ondan aralı gəzsin. Həmin vaxt Məmmədlə nərd oynayan Güloğlan adlı şəxs durub getmişdir, o gedəndən sonra Məmməd də stoldan qalxmışdır, öz maşınına minib çıxıb getmişdir. Onlar kafedə aşbaz işləyən Elmira, kababçı Samir və o, hamısı oturub çörək yemişlər, Şəhniyar isə yemək yeməmişdir kənarda oturmuşdur. Onlar çörək yeyib qalxmışlar, kafedə aşbaz işləyən Elmira xala mətbəxə keçmişdir, sonra qayıdıb onların yanına gəlmiş, ağlaya-ağlaya demişdir ki, Məmmədin pulu itib görün burada varmı. O, bunu eşidən kimi Şəhniyarın yanına gedib demişdir ki, sən gördünmü pul Məmmədin puludu qaytar ver. O, ona demişdir ki, sənin nəyinə gərəkdi o onun o qədər pulunu kəsib ki, ona verəcəyi var, o cavabdehdir. O, axşam evə gedəndə təklikdə olanda ona deyəcək ki, mənə verəcəklərini ver sənin pulunu tapmışam, versə qaytarıb verəcək verməsə də verməyəcəyək. Onlar orada kafenin həyətində hərlənib guya pulu axtarmışlar. Bundan təxminən 25-30 dəqiqə sonra Məmməd kafeyə gəlmişdir. O, kafeni axtarmış, ancaq pulu tapmamışdır. Axşam onlar yeməyə oturanda Məmməd demişdir ki, dünya dağılsa da o pul bu kafedədi kafedən çıxmayıb pulumu verin onsuzda mən özüm tapacam. Həmin günü gecə o işdən çıxanda Məmməd onun üstünü axtarmışdır ancaq heç nə tapa bilməmişdir. Həmin günün səhəri günü o kafedə Şəhniyarın səsini telefona yazdırmışdır. Həmin günü günortadan sonra Məmmədə demişdir ki, onu harasa aparsın ona söz deyəcək. Məmməd o belə deyəndən bir az sonra onu çağırıb demişdir ki, gəl maşına min səni bir yerə aparacam. O, gedib Məmmədin maşınına minmişdir, Məmməd maşını sürüb kafedən aralanandan sonra ona demişdir maşını saxla. Məmməd maşını saxlamışdır, o telefonu çıxarıb Şəhniyarın səs yazısını Məmmədə göstərmiş və hadisəni olduğu kimi ona danışmışdır. Bundan sonra Məmməd kafeyə qayıdıb Şəhniyarı maşına mindirib polis şöbəsinə aparmışdır. O, Samirə 100 manat pul verməmişdir, ancaq ona Şəhniyarın ona verdiyi pulu qoyduğu yeri göstərmişdir ki, pulu götürüb Şəhniyara versin. Həmin vaxt o hadisəni olduğu kimi Şahid2 da danışmışdır. Sonradan Şəhniyar ona demişdir ki, sənin qoyduğun pulları Samir ona verəndə üstündən 100 manatını Samir götürmüşdür. Həmin pulu o Samirə verməmiş, həmin pulu Samirə Şəhniyar vermişdir. X1 oturduğu stolun arxasından yerdən götürmüşdür. O, bunu özü öz gözləri ilə görmüşdür ki, Şəhniyar Məmmədin arxa cibindən pul götürmədi, onun gözünün qabağında Məmmədin oturduğu stolun arxasından yerdən götürmüşdür. Digər şahidlər Şahid2 və Şahid3 məhkəməyə müvafiq olaraq ərizə və teleqram göndərərək ibtidai istintaq zamanı verdikləri ifadəni təsdiq etdiklərini bildirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən yazılmış qəbzdən görünür ki, ona məxsus oğurlanmış pulun 550 manatı onun tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyi, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir hissəsini ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış 550 manat məbləğində nağd pulun isə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1(bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 550 manat məbləğində nağd pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-35/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-35/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver