Məhkəmə qərarları › İş №1(062)-35/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-35/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-35/2024 25.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə xx.xx.1999-cu ildə Tovuz rayonu Düz Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 26 (iyirmi altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Tovuz rayonu Düz Cırdaxan kəndində qeydiyyatda olan və həbs edilənədək həmin ünvanda yaşamış, barəsində Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən həbsdə olan və hazırda Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli politelin torbada təmiz çəkisi 420 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əynində olan qara rəngli qış gödəkcəsinin sol iç tərəfində saxlamış, 30 noyabr 2023-cü il tarixdə, saat 23:10-da Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri, Mərdan Musayev küçəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə saat 23:35-dən xx.xx.2023-cü il tarixə saat 00:30-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli politelin torbada təmiz çəkisi 420 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qara rəngli qış gödəkcəsinin sol iç tərəfindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, qeyd olunan narkotik vasitə onun olmamış, ona həmin narkotik vasitəni Tovuz RPŞ-də işləyən Orxan Bayramov vermişdir. Orxan onun istifadəsində olan mobil telefona dəfələrlə zəng edərək ona hədə-qorxu gəlmişdir. O, məcbur olub həmin narkotik vasitə olan qurudulmuş marixuananı götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində Tovuz şəhər Mərdan Musayev küçəsində yolun kənarında olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və ona özlərini Tovuz RPŞ-nin əməkdaşı kimi təqdim etmişlər. Ardı ilə də üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Tovuz RPŞ-yə getməli olduğunu bildirmişlər. Onlara hər hansı bir müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə Tovuz RPŞ-nə getməyə razılıq vermişdir. Beləliklə də, həmin polis əməkdaşları onu Tovuz RPŞ-nə gətirmişlər. Tovuz RPŞ-də onun üzərinə baxış keçirilərkən qeyd olunan narkotik vasitə olan qurudulmuş marixuana onun üzərindən aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş kütlə təhqiqatçı tərəfindən elektron tərızidı çəkilmiş, narkotik vasitə olan marixuana sellofan büküm ilə birlikdə çəkisi ümumilikdə 470 qram olmuşdur. Bundan sonra isə həmin kütlələr ekspertiza təyin edilməsi məqsədilə bir ədəd kağız zərfə qoyulub qablaşdırılıb zərfin ağzı isə möhürləndikdən sonra bu barədə tərtib edilmiş müvafiq protokola və həmin kağız zərfin üzərinə bütün iştirakçılar imza etmişlər. Qeyd etdiyi kimi həmin narkotik vasitə onun olmamış, Orxan Bayramovun təzyiqi ilə götürmüşdür. Odur ki, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı xüsusi rütbəsini daşıyır. Tovuz rayon Düz Cırdaxan kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda da yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 30 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və Tovuz şəhəri, Mərdan Musayev küçəsində olması barədə məlumat alıb Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz şəhəri, Mərdan Musayev küçəsində saat 23 radələrində saxlanılmışdır. Həmin şəxs saxlanılarkən ona xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduğunu bildirərək Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə onlarla Tovuz RPŞ-yə getməli olduğunu bildirilmişdir. Təqsirləndirilən şəxs isə heç bir müqavimət göstərmədiyi üçün o avtomobil ilə saat 23:10 dəqiqədə RPŞ-nə gətirilmişdir. Tovuz RPŞyə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində Tovuz RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı polis kapitanı X7 tərəfindən şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, onun barəsində şəxsi axtarış aparılmazdan əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmuş, onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində belə bir əşya olduğunu bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkcəsinin qabaq sol iç tərəfindən bir ədəd üzəri yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli polietilen torbanı çıxardıb baş təhqiqatçı polis kapitanı X4 təqdim etmişdir. Həmin torbada olan kütlə baş təhqiqatçı tərəfindən götürülmüş və qeyd olunan bükülüyə açılaraq içərisinə baxış keçirilmişdir. Həmin bükülüyə baxış zamanı müəyyən edilmişdir ki, bükülüdə olan kütlə yaşıl rəngli, kəskin qoxulu, ilkin görünüşdən narkotik vasitə olan marixuanaya bənzər kütlədir. Sorğu zamanı Təqsirləndirilən şəxs şifahi olaraq bildirmişdir ki, təqdim etdiyi torbanın içərisində olan kütlə narkotik vasitə olan marixuanadır. Bununla yanaşı həmin narkotik vasitə olan marixuananın özünə məxsus olduğunu, onu yay aylarında Tovuz rayon ərazisindən keçən Kür çayının kənarında olarkən topladığını, narkotik vasitə olan marixunanı satmaq niyyətinin olmadığını, gələcəkdə özü istifadə etmək məqsədilə cibində saxladığını bildirmişdir. Bundan sonra həmin bir ədəd şəffaf rəngli sellofan bükümdə olan kütlənin sellofan büküm ilə birlikdə əczaçı tərəzisində çəkilmişdir. Həmin bir ədəd şəffaf rəngli sellofan kütlə bükümdə çəkisi 470 qram təşkil etmişdir. Daha sonra həmin kütlə baş təhqiqatçı tərəfindən gələcəkdə ekspertizaya təqdim edilməsi üçün götürülərək zərfə qoyulub bağlandıqdan sonra zərfin üzərinə Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü vurulmuş, bundan sonra həmin zərfin üzərinə, o cümlədən şəxsi axtarış və götürmənin aparılması barədə tərtib edilən protokola bütün iştirakçılar imza etmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 01 dekabr 2023-cü il tarixli 16/1231 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan paketdə olan digər 1 (bir) ədəd göy rəngli sellofan paketdə, təmiz çəkisi 420 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuananın təmiz çəkisi – 420 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq – 419,8 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 08 dekabr 2023-cü il tarixli 2006 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Tovuz Rayon İHB-nin Düz Cırdaxan kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs son zamanlar bir neçə dəfə qanuna zidd əməllərinə görə polis tərəfindən saxlanılmışdır. Onun əməlləri barədə nümayəndəliyə dəfələrlə valideynləri tərəfindən şifahi qaydada mürciət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 02 ay 08 gün hissəsi “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən 06 (altı) ay azaldılmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 26 (iyirmi altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(062)- 65/2021 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(010)-149/2022 saylı qərarına əsasən, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(062)-65/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrum etmə cəzasının xx.xx.2021-ci il tarixədək çəkilməmiş 01 il 02 ay 08 gün hissəsi 06 (altı) ay azaldılmışdır. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(010)-721/2022 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir ləğv edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(010)-771/2022 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 26 (iyirmi altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Tovuz RPŞ-nin “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdə tutularaq, həmin tarixdən həbsdədir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla və işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Ona görə də Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə məhkəmə tənqidi yanaşaraq, onu qeyri-səmimi hesab etməklə, onun ifadəsini mötəbər sübut kimi qəbul etmir. Belə ki, iş üzrə şahidlərin ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı dindirilərkən verdiyi ifadələrinə Təqsirləndirilən şəxs tərəfindən heç bir etiraz etmədi. Bu isə qeyd olunan narkotik vasitənin Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, sonuncunun üzərindən aşkar edilərək götürülməsini bir daha sübut edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs bildirmişdir ki, ona Orxan adlı əməliyyatçı zəng edərək onu görüşə çağırmış və görüşərkən ona narkotik vasitə vermişdir. O təzyiq altında həmin narkotik vasitəni götürmüşdür. Məhkəmə həmin dəlilləri özünü müdafiə xarakterli dəlillər hesab edir. Belə ki, bununla bağlı ibtidai istintaq zamanı hər hansı vəsatətlər verilməmiş və istintaq zamanı belə hallar aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə Tovuz Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzası 06 (altı) ay azaldılmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 26 (iyirmi altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmış, lakin cəzasını çəkib qurtardığı tarixdən sonuncu cinayət törətdiyi, yəni 30 noyabr 2023-cü il tarixədək 02 (iki) il müddət keçmədiyindən məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnaməyə qiymət verərkən, onun son zamanlar bir neçə dəfə qanuna zidd əməllərinə görə polis tərəfindən saxlanılmasını və onun əməlləri barədə nümayəndəliyə dəfələrlə valideynləri tərəfindən şifahi qaydada mürciət olunmasını onun cəmiyyətdə mənfi səciyələndirildiyi qənaətinə gəlir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, əksinə əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halı, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından daha məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs cəza təyin edilərkən həmin 2 (iki) gün müddət nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 11 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan X2 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 419,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 09 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan X2 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 419,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar