Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-36/2024 24.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyası, Saratov vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olan, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,89 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış, 30 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində, Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri, Nəriman Nərimanov küçəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə saat 21:35-dən saat 22:30-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,89 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 7-8 ilə yaxındır ki, narkotik vasitə aludəçisidir. Belə ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Sonuncu dəfə tutulmamışdan əvvəl istifadə etmişdir. Həmin vaxtdan da istifadə etdiyi narkotik vasitə olan marixuanananı təxminən 2-3 gün əvvəl Tovuz şəhər qəbirstanlığında işləyən zaman tapmış və özü istifadə etmək məqsədilə saxlamışdır. Həmin vaxtı ətrafda heç kim olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində Tovuz şəhəri, Nəriman Nərimanov küçəsində yolun kənarı ilə yaşadığı Tovuz rayon Yuxarı Öysüzlü kəndində yerləşən evinə gedirmiş. Bu zaman Tovuz şəhər qəbirstanlığından tapdığı bir ədəd kibrit qutusunda olan marixuana əynində olan göy rəngli cins şalvarımın sağ yan cibində olmuşdur. Həmin gün saat 22 radələrində Tovuz şəhəri, Nəriman Nərimanov küçəsində olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və özlərini Tovuz RPŞ-nin əməkdaşı kimi təqdim etmişlər. Ardı ilə də üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Tovuz RPŞ-yə getməli olduğunu bildirmişlər. Onlara hər hansı bir müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə Tovuz RPŞ-yə getməyə razılıq vermişdir. Beləliklə də həmin polislər əməkdaşları onu Tovuz RPŞ-yə gətirmişlər. Tovuz rayon polis şöbəsinin inzibati binasında Tovuz RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X3 ona üzərində narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirib hüquqlarını izah etmişdir. Bundan sonra baş təhqiqatçı Ruflan əliyev üzərində şəxsi axtarış aparacağını bildirmiş və axtarış aparmazdan əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olduğunu ona demişdir. Ardı ilə isə hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O, da həmin siyahından vəkil Şahid1 hüquqlarımın müdafiəsini həyata keçirməsi üçün seçmişdir. Bir qədər sonra olduğu otağa vəkil Şahid1 daxil olmuşdur. Bundan sonra Tovuz RPŞ-nin inzibati binasında ona təqdim edilmiş həmin vəkilin və onu Tovuz RPŞ-yə gətirmiş elə həmin 2 nəfər mülki geyimli polis əməkdaşlarının iştirakı ilə, videoçəkilişdən də istifadə edilməklə şəxsi axtarış istintaq hərəkəti aparılmasına başlanmışdır. Şəxsi axtarış aparılarkən, Tovuz RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı ondan üzərində qanunla saxlanması, daşınması, istifadəsi qadağan edilmiş hər hansı əşya olub-olmadığı soruşmuşdur. O, üzərində elə bir əşya olduğunu bildirib və üzərindəki narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təhqiqatçıya təqdim etmişdir. Beləliklə də, 30 noyabr 2023-cü il tarixdə Tovuz RPŞ-də baş təhqiqatçı Ruflan Əliyev tərəfindən üzərində şəxsi axtarış aparılması həyata keçirilərkən, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu içərisində narkotik maddə olan marixuana aşkar olunmuşdur. Həmin kütləni təhqiqatçı Ruflan Əliyev ondan götürmüşdür. Ardı ilə də həmin kibrit qutusu açılaraq onun içərisindəki kütləyə baxış keçirilmişdir. Sorğu zamanı həmin kibrit qutusunun içərisində olan kütlənin marixuana olduğunu təhqiqatçı Ruflan Əliyevə bildirmişdir. Beləliklə də üzərindən aşkar edilərək götürülmüş kütlə Ruflan Əliyev tərəfindən elektron tərəzidə ölçmüşdür. Həmin narkotik vasitə olan marixuana kibrit qutusu ilə birlikdə çəkisi ümumilikdə 10,20 qram təşkil etmişdir. Bundan sonra isə həmin kütlələr ekspertiza təyin edilməsi məqsədilə bir ədəd kağız zərfə qoyulub qablaşdırılmışdır. Həmin zərfin ağzı isə möhürlənmişdir. Bundan sonra isə bu barədə tərtib edilmiş müvafiq protokola və həmin kağız zərfin üzərinə bütün iştirakçılar imza etmişlər. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni heç vaxt satmaq fikri və məqsədi olmamışdır. Həmin narkotik vasitəni yalnız özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Üzərində narkotik vasitənin, yəni marixuananın olması barədə heç kimin məlumatı olmamışdır. Belə ki, bu barədə heç kimə heç bir söz deməmiş, məlumat verməmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsindədir. Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 30 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyat məlumatı əsasında Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 ilə birlikdə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs Tovuz şəhəri, N.Nərimanov küçəsində saxlanılmış, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə onlarla birlikdə Tovuz RPŞ-yə getməli olduğu bildirilmiş, sonuncu onlarla birlikdə RPŞ-yə getmişdir. Tovuz RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı Ruflan Əliyev tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, onun barəsində şəxsi axtarış aparılmazdan əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmuş, onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşulmuş, Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində belə bir əşya olduğunu bildirmişdir. Ardı ilə də əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda olan kütləni baş təhqiqatçıya təqdim etmişdir. Həmin bir ədəd kibrit qutusunda olan kütlə baş təhqiqatçı Ruflan Əliyev tərəfindən götürülmüş və qeyd olunan kibrit qutusu açılaraq içərisinə baxış keçirilmişdir. Həmin kibrit qutusuna baxış zamanı müəyyən edilmişdir ki, kibrit qutusunda olan kütlə yaşıl rəngli, kəskin qoxulu, ilkin görünüşdən narkotik vasitə olan marixuanaya bənzər kütlədir. Sorğu zamanı Təqsirləndirilən şəxs şifahi olaraq bildirmişdir ki, onun təqdim etdiyi kibrit qutususunda olan kütlə narkotik vasitə olan marixuanadır. Bununla yanaşı həmin narkotik vasitə olan marixuananın özünə məxsus olduğunu, onu 2-3 gün əvvəl Tovuz şəhəri, M.Musayev küçəsində yerləşən Tatlar qəbirstanlığında işləyən zaman tapdığını, narkotik vasitə olan marixuananı satmaq niyyətinin olmadığını, gələcəkdə özü istifadə etmək məqsədilə cibində saxladığını bildirmişdir. Bundan sonra həmin marixuanaya oxşar maddə kibrit qutusu ilə birlikdə elektron tərəzisində çəkilmiş və kibrit qutusu ilə birlikdə ümumi çəkisi 10.20 qram təşkil etmişdir. Daha sonra həmin kibrit qutusu kütlə ilə birlikdə baş təhqiqatçı tərəfindən gələcəkdə ekspertizaya təqdim edilməsi üçün götürülərək zərfə qoyulub zərfin ağzı bağlanmışdır. Zərfin üzərinə Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü vurulmuşdur. Bundan sonra həmin zərfin üzərinə, o cümlədən şəxsi axtarış və götürmənin aparılması barədə tərtib edilən protokola bütün iştirakçılar imza etmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimə isə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə barədə» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 21:30-da şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçisi Şahid1 iştirakı ilə və video çəkiliş aparılmaqla saat 21:35-dən saat 22:30-dək şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı sonradan məhkəmə-bioloji ekspertin rəyinə əsasən bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,89 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin X2 xx.xx.2023-cü il tarixli, 16/1232 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki, bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,89 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuanadan 0,02 qram tədqiqata sərf edildikdən sonra 6,87 qram qalıq qalmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. «Təqsirləndirilən şəxsin X1 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi» barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Həmin tarixdə o X1 azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə verilən cəza hazırki hökmlə verilən cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 ay 25 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cəzasını xx.xx.2023-cü il tarixdə tam çəkdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 2005 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilmişdir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,89 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq üzərində saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş yenidən cinayət əməli törətmişdir. Bu səbəbdən Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 06 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmçinin məhkəmə diqqətə çatdırır ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə görə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ona görə də onun barəsində məcburi müalicə təyin olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut – Tovuz Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 6,87 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbs olunsun. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 6,87 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-36/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-36/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver