Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-37/2024 03.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.2001-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs anadangəlmə bud-çanaq oynağının osteoxondropatiyası xəstəliyindən əziyyət çəkən azyaşlı övladı X2 əvvəllər təyin olunmuş, lakin sonradan dayandırılmış tibbi-sosial təqaüdünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 7 saylı tibbi sosial ekspert komissiyasından keçirərək bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin sentyabr ayının axırlarında Bakı şəhəri, Nərimanov rayon parkı adlanan ərazidə nağd və əlbəəl şəklində 800 (səkkiz yüz) manat məbləğində, daha sonra "xxxx" ASC-də yerləşən son 8 rəqəmi 67574412 olan plastik kart hesabına xx.xx.2022-ci il tarixdə, saat 11:44 dəqiqədə Qaradağ rayonu, X5 kompleksi ərazisində yerləşən ödəmə terminalı vasitəsilə 350 (üç yüz əlli) manat məbləğində, xx.xx.2022-ci il tarixdə, saat 11:41 dəqiqədə Qaradağ rayonu, X5 kompleksi ərazisində yerləşən ödəmə terminalı vasitəsilə 100 (bir yüz) manat məbləğində, xx.xx.2022-ci il tarixdə, saat 15:07 dəqiqədə Qaradağ rayonu, X5 kompleksi ərazisində yerləşən ödəmə terminalı vasitəsilə 250 (iki yüz əlli) manat məbləğində, xx.xx.2023-cü il tarixdə Tovuz rayonu ərazisində yerləşən ödəmə terminalı vasitəsilə 400 (dörd yüz) manat məbləğində, 2022-ci ilin noyabr ayının əvvəlində Tovuz rayonu ərazisində yerləşən ödəmə terminalı vasitəsilə 520 (beş yüz iyirmi) manat məbləğində, xx.xx.2023-cü il tarixdə Tovuz rayonu ərazisində yerləşən ödəmə terminalı vasitəsilə 50 (əlli) manat məbləğində və xx.xx.2023-cü il tarixdə Tovuz rayonu ərazisində yerləşən ödəmə terminalı vasitəsilə 30 (otuz) manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs tərəfindən onlayn köçürülməsinə nail olub özününküləşdirməklə, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı müdafiə xarakterli ifadəsində özünü qismən təqsirli hesab etdiyini demişdir. Əslində Zərərçəkmiş şəxs həqiqətən də 2500 manat məbləğdə ziyan vurmuşdur. Həmin şəxsi tanışı Şahid1 vasitəsi ilə tanımışdır. Belə ki, sonuncu ondan zərərçəkmiş şəxsin qızı Nuray Əsədlinin əvvəllər tibbi sosial təqaüd aldığını, lakin hazırda həmin təqaüdün dayandırıldığını ona bildirmiş və həmin tibbi sosial təqaüdün yenidən bərpa olunmasında kömək göstərməsini ondan xahiş etmişdir. Həmin təklifi qəbul etmiş və bu əsasla zərərçəkmiş şəxsin ümumilikdə 2500 manat pulunu mənimsəmişdir. Pulun bir qismi onlayn formatda, bir qismi isə əlbəəl alınmışdır. Hansı ki, o, həmin dövrdə istər Azərbaycan Respublikası ƏƏSMN-də, istərsə də Səhiyyə Nazirliyində hər hansı vəzifəli şəxslərlə Nuray Əsədlinin sosial tibbi təqaüdünün yenidən bərpasına dair danışıqlar aparmamış, ümumiyyətlə həmin qurumlarda işləyən vəzifəli tanışı olmamışdır. Ələ keçirdiyi pul vəsaitlərini isə öz şəxsi ehtiyaclarına və gündəlik maddi tələbatlarına xərcləmişdir. Hazırda isə bütün ziyanı ödəmişdir. Zərəçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 23074114 nömrəli cinayət işi başlanmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 01 il müddətinə şərti hesab edilmişdir. xx.xx.2016-cı ildə sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 5000 manat cərimə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.4-cü maddəsi nəzərə alınmaqla üzərində qəti olaraq 4500 manat cərimə cəzası saxlanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsində qeyd olunmuşdur ki, əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək işə onun iştirakı olmadan baxılmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-1 -ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması və ziyanın ödənilməsi qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-37/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-37/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver