Məhkəmə qərarları › İş №1(062)-38/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-38/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-38/2025 06.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 Zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə xx.xx.1983-cü ildə Ağsu rayonu Pirhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 2 (iki) nəfər yetkinlik yaşına çatmayan və 1 (bir) nəfər azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu Pirhəsənli kəndində qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Zabrat 1 qəsəbəsi Ə.Nəzmi küçəsi nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ əsasında xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində avtomobil yolu ilə dəmiryolunun kəsişməsində yerləşən yol ayrıcında idarə etdiyi “HYUNDAİ HD65” yük furqon soyuducu markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu Qovlar şəhəri istiqamətindən üzü Tovuz rayonu Aşağı Quşçu kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, həmin tələblərə əsasən, yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər və aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmaqla, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətlərini davam etdirərək, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən, yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, həmin tələbləri pozaraq həmin vaxt Tovuz rayonu, Qovlar şəhəri M.F.Axundov küçəsinin başlanğıcında “yalnız sola doğru hərəkət edən nəqliyyat vasitələri üçün üstünlük” baş yol nişanını rəhbər tutaraq sola doğru hərəkətdə olan X4 nəqliyyat vasitələrini idarə etmə hüququ əsasında idarə etdiyi “VAZ 2106” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanad və qapı hissəsi ilə toqquşmuş, nəticədə “VAZ 2106” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 dalağın və diafraqmanın sol gümbəzinin cırılması nəticəsində inkişaf edən kəskin qanitirmə, üst çənədə orta xətdən sağa İ, İİ, İİİ, İV və V dişlərin, orta xəttdən sola İ dişin sınması, alt çənə sümüyünün sınığı, sağ baldır sümüklərinin sınığı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər alaraq hadisə yerində ölməsinə səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələri, ekspert rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, sahiblik hüququ "xxxx" MMC-yə məxsus olan, lakin yol vərəqəsi ilə onun istifadəsində olan “Hyundai” markalı HD-65 model, **-JR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Tovuz rayonu, Qovlar şəhərinə gələrək köməkçisi Şahid ilə birlikdə işlədikləri şirkətə məxsus firmanın kolbasalarını paylamaq ilə məşğul olmuşlar. Onun avtomobil idarə etmək üçün B, C, D, E kateqoiyalı sürücülük hüququ vardır. 16 avqust 2024-cü il tarixdə saat təxminən 11 radələrində Tovuz rayonu, Qovlar şəhərində yerləşən “Bazar Store” ərzaq malları mağazasına gəlmişdir. Orada onlar təxminən iki saat ərzində kolbasaların sayılıb həmin mağazaya verilməsi işi ilə məşğul olmuşlar. Qovlar şəhərində yerləşən “Bazar Store” mağazasından sonra digər mağazaya kolbasa vermək üçün Tovuz şəhərində yerləşən “Bazar Store” mağazasına getməli olmuşlər. İşləri bitdikdən sonra onlar saat təxminən 13 radələrində avtomobilə əyləşərək Qovlar şəhərindən üzü Tovuz rayonuna doğru Vağzal küçəsi ilə hərəkət etməyə başlamışlar. Avtomobili o, özü idarə etmişdir. O, idarə etdiyi “Hyundai” markalı HD-65 markalı **-JR-*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə təxminən 60-65 km/saat sürətlə hərəkətdə olmuşdur. O, Tovuz rayonu Qovlar şəhəri, Vağzal küçəsi ilə hərəkət edərək Tovuz rayonu, Aşağı Quşçu kəndindən keçib Tovuz şəhərinə getmək istəmişdir. O, Vağzal küçəsi ilə eyni sürətlə yoluna davam edərək üzü Tovuz rayonu, Aşağı Quşçu kəndi istiqamətində hərəkətdə olub həmin küçənin M.F.Axundov küçəsi ilə kəsişməsinə çatanda elə zənn etmişdir ki, baş yoldadır, ona görə də heç bir tərəfə baxmadan hərəkətinə davam etmişdir. Elə həmin vaxt onun hərəkət istiqamətinin sağ tərəfindən, sürücü şəxsiyyəti sonradan ona məlum olan X10 idarə etdiyi “VAZ 2106” minik **-CA-*** dövlət qediyyat nişanlı avtomobillə dayanmadan onun hərəkət istiqamətinə çıxmışdır. Bunu gördükdə o, toqquşmadan yayınmaq məqsədilə sükanı bir qədər sola çəkmiş, lakin toqquşmadan yayına bilməmiş və onun idarə etdiyi “Hyundai” markalı HD-65 markalı **-JR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qabaq hissəsi, mərhum sürücü X4 idarə etdiyi “VAZ 2106” minik **-CA-*** dövlət qediyyat nişanlı avtomobilin sol yan tərəfindən dəyərək toqquşmuşdur. Toqquşma nəticəsində o, idarəetməni itirmiş və avtomobillər bir-birinə bitişik formada sürüklənərək onun hərəkətdə olduğu yolun əks istiqamətinə doğru təxminən 20 metrdən sonra tam dayanmışdır. Onlar dərhal özünü itirmədən avtomobildən yerə enmiş və “VAZ-2106” minik markalı avtomobilin sürücüsü mərhum X6 avtomobilin sükanı arxasında sıxışdığını görmüşdür. Həmin zaman digər avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etdiyi üçün o, öz maşınında olan bıçaq vasitəsilə təhlükəsizlik kəmərini kəsmiş və ətrafdakıların köməyi ilə sürücünü avtomobildən çıxarda bilmişdir. Zahiri görünüşdən sürücüdə ağır xəsarətinin olduğunu güman etməmiş, lakin vəziyyətinin yaxşı olmadığını bilmiş, dərhal hadisə yerinə təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım avtomobili gələnə kimi onlar sürücüyə ilkin tibbi yardım göstərmişlər. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlmişdir. Təcili tibbi yardımın həkimləri sürücüyə ilkin tibbi yardım göstərməyə başlamışlar, lakin sonradan sürücünün halı qəfil pisləşmiş və bu zaman o, polis əməkdaşları tərəfindən bir qədər oradan kənarlaşdırılmışdır. Sonradan polis əməkdaşları ona sürücü X4 vəfat etdiyini bildirmişlər. Daha sonra mərhum sürücünü təcili tibbi yardım avtomobilinə qoyaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O və Şahid hadisə yerində qalmışdır. Hadisə zamanı onun hərəkəti üçün təhlükə sürücü mərhum X4 idarə etdiyi “VAZ 2106” minik **-CA-*** dövlət qediyyat nişanlı avtomobillə onun hərəkət istiqamətinə çıxdığı andan yaranmışdır. Həmin vaxt onun idarə etdiyi avtomobil ilə sürücü mərhum X4 idarə etdiyi “VAZ 2106” minik markalı avtomobilin arasında olan mövcud məsafə təxminən 5 metr olmuşdur. O, hadisədən bilavasitə əvvəl mərhum sürücü X4 idarə etdiyi “VAZ 2106” markaıl **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun qarşısına çıxmazdan əvvəl dayanıb dayanmadığını əvvəlcədən görməmiş, çünki o, avtomobillə hərəkət edən zaman yol nişanının tələbinə fikir verməmiş, bu səbəbdən hərəkət etdiyi yolun baş yol olduğunu bilərək gəldiyi sürətlə də yolayrıcına daxil olmuşdur. Bu zaman “VAZ 2106” minik markalı avtomobilin birdən-birə onun qarşısına çıxdığını görmüş və qəzanın qarşısını almaq məqsədilə yalnız sükanı bir qədər sol tərəfə çəkə bilmişdir. Hadisə zamanı mərhum sürücü X4 idarə etdiyi “VAZ 2106” minik markalı avtomobilin surəti təxminən 15-20 km/saat olmuşdur. O, bildiyi qədər dəmiryolu keçidini yenicə keçmiş, bunun üçün onun sürəti aşağı olmuşdur. O, elə bilmişdir ki, onun hərəkət istiqamətində yolun sağ hissəsində olan “baş yol” nişanı onun hərəkətdə üstünlüyə malik olmağı anlamına gəlir. Lakin, o həmin nişanın alt hissəsində yalnız “sağa dönən nəqliyyat vasitələri üçün üstünlük” yol nişanı bərkidilməsinə fikir verməmişdir. Həmçinin ondan qabaqda da böyük yük avtomobilinin getdiyi üçün nişanı dəqiq görə bilməmişdir. O, elə bilmişdir ki, o, “baş yol”da olduğu üçün mərhum sürücü X10 idarə etdiyi “VAZ-2106” markalı **-CA-*** nömrə nişanlı avtomobillə ona yol verəcək, ona görə də öz hərəkətinə davam etdirmişdir. O, həmçinin elə zənn etmişdir ki, qarşısındakı avtomobilin sürücüsü avtomobilin sürətini bir anlıq azaltmış və sonradan yenidən sürətlənmişdir. Hazırda əməlindən peşmandır. Zərəçəkmiş şəxsin hüquqi varisinə vurmuş olduğu ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Hazırda zərəçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbi yoxdur. Həmçinin onun himayəsində 2 (iki) nəfər yetkinlik yaşına çatmayan və 1 (bir) nəfər azyaşlı uşaqları var. Odur ki, bu kimi halların nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərdi ki, o, Tovuz rayonu, Alakol kəndində qeydiyyatda olmaqla həmin kənddə X1nun qızı X9 ilə birlikdə yaşayır. 16 avqust 2024-cü il tarixdə saat 13 radələrində Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsidə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölmüş X10 onun qardaşıdır. X1 rəsmi olaraq heç bir yerdə işləmirmiş, fərdi əməklə, yəni kənd təsərrüfatı, əkinçiliklə məşğul olurmuş və bununla da ailəsinin dolanışığını təmin etmişdir. Mərhum qardaşı Şakir Abbasov 16 avqust 2024-cü il tarixdə səhər saat təxminən 11 radələrində yaşadıqları Tovuz rayonu, Alakol kəndindən evdən çıxaraq istifadə etdiyi kənd təsərrüfatı texnikası nasaz olduğu üçün həmin texnikaya ehtiyyat hissəsi almaq üçün Tovuz rayonu Qovlar şəhərinə getmişdir. Həmin ehtiyyat hissələri satılan mağaza səhv etmirsə, Tovuz rayon polis şöbəsinin Qovlar polis bölməsinin yaxınlığında yerləşir. Həmin günü onun digər qardaşı X12 da onların yanında olmuş, qardaşları Namiq və Şakirə kənd təsərrüfatı texnikasını birlikdə işlətmişdirlər. Bunun üçün də onlar xarab olan texnikanı birgə düzəldirmişlər. Qardaşı Şakir evdən çıxıb getdikdən bir qədər sonra ona zəng edərək demişdir ki, ehtiyyat hissələri satılan mağazadadır, texnikaya aid olan ehtiyyat hissələrinin hamısını almışdır, oradan çıxıb evə gəlir. Danışıqlarından təxminən yarım saat sonra qardaşı Namiqə tanışı Mehman tərəfindən zəng gəlmiş, o, telefonda bildirmişdir ki, qardaşı Şakiri vurmuşlar. Onlar bu zaman elə bilmişlər ki, qardaşları Şakir kimnənsə dalaşıbdır. Onlar bu zaman dayısı oğlu Qasımov Sədrəddinə zəng vuraraq Şakiri kiminsə vurduğunu demişlər, Sədrəddin isə ona bildirmişdir ki, “sən nə danışırsan, Şakir elə indicə mənim yanımdan keçib getdi”. Sonra o, Sədrəddinin arvadı Qasımova Elnarəyə zəng vuraraq bu barədə məlumat vermişdir. Onlar həmkəndliləri İbrahimə zəng vurmuşlar ki, onları gəlib aparsın. Bu zaman İbrahim telefonda onlara bildirmişdir ki, arvadı ilə birlikdə fəhləlikdən gəlir. Qovlar priyezində hadisə olub oradadır. Bundan sonra o, həmkəndlisi, qonşusu olan Rizvana zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermiş və demişdir ki, gəlib onu tez Qovlar şəhərinə çatdırsın, Rizvan ona demişdir ki, yas yerindən gəlir, hadisə olan yerə yaxındır, hadisə yerinə çatıb xəbər verəcəkdir. Bir qədər sonra Rizvan ona zəng vuraraq bildirmişdir ki, Şakir yol-nəqliyyat hadisəsi nəticəsində ölübdür. Daha sonra o, həmkəndlisi Nərimanla birlikdə birbaşa təzə yolla Tovuz Rayon Mərkəzi Xəstəxanasına gəlmişdir. Orada ona demişlər ki, xəstəni geri qaytarıblar, sonra isə qardaşını yenidən xəstəxanaya ekspertizadan keçirtmək üçün geri qaytarmışlar. Bir qədər sonra təcili tibbi yardım avtomobili morqa gəlmişdir. O, xəstəxanada bilmişdir ki, qardaşı Qovlar priyezini keçib evə gələn zaman **-JR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili onu vurubdur və qardaşı Şakir bunun üçün hadisə nəticəsində həyatını itiribdir. Hadisədən sonra təqsirləndirilən şəxs və onun yaxın qohumları yas mərasimində iştirak etmiş, onlara maddi və mənəvi dəstək olmuşlar. Hazırda onlara dəymiş ziyan tamamilə ödənilmişdir. O, ibtidai istintaq zamanı ərizə təqdim edərək təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Kürdəmir rayonu, Pirli kəndində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Savxoz Ramanı qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin buna baxmayaraq Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "xxxx" MMC-də sürücü köməkçisi kimi fəaliyyət göstərir. 16 avqust 2024-cü il tarixdə saat 13 radələrində Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq bildirmişdir ki, həmin tarixdə sahiblik hüququ "xxxx" MMC-yə məxsus olan, lakin yol vərəqəsi ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı HD 65 modelli, **-JR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Tovuz rayonu Qovlar şəhərinə gələrək birlikdə işlədikləri şirkətə məxsus firmanın kolbasalarını paylamaq işi ilə məşğul olmuşlar. 16 avqust 2024-cü il tarixdə saat təxminən 11 radələrində Tovuz rayonu, Qovlar şəhərində yerləşən “Bazar Store” ərzaq malları mağazasına getmişlər. Orada onlar təxminən iki saat ərzində kolbasaların sayılıb həmin mağazaya verilməsi ilə məşğul olmuşlar. Qovlar şəhərində yerləşən “Bazar Store” ərzaq malları mağazasından sonra digər mağazaya kolbasa vermək üçün Tovuz şəhərində yerləşən “Bazar Store” mağazasına getməli olmuşlar. İşləri bitdikdən sonra onlar saat təxminən 13 radələrində avtomobilə əyləşərək Qovlar şəhərindən üzü Tovuz rayonuna doğru Vazal küçəsi ilə hərəkət etməyə başlamışlar. Avtomobili bu zaman sürücü Təqsirləndirilən şəxs idarə etmişdir. O, Qovlar şəhərində yerləşən “Bazar Store” ərzaq malları mağazasından çıxdıqdan sonra həmin mağazaya verilmiş malların qaiməsinin şəkillərini çəkmiş və ümumi nə qədər mal verdikləri hesablayırmış, bunun üçün də o, avtomobilinin hərəkət istiqaməti və sürəti barədə sonradan heç bir məlumatı olmamışdır. Onlar “Bazar Store” mağazasından çıxdıqdan təxminən 4-5 dəqiqə yol qət etdikdə sonra onların içərisində olduqları “Hyundai” markalı HD-65 markalı **-JR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin nəyəsə çırpıldığını hiss etmiş və o zərbənin təsirindən cəld ətarafa baxmışdır. Onların avtomobilinin “VAZ 2106” minik markalı avtomobillə toqquşduğunu görmüşdür. Hər iki avtomobil bir-birinə bitişik vəziyyətdə təxminən 20 metr getdikdən sonra yolun sol tərəfində dayanmışdır. Onlar dərhal özlərini itirmədən avtomobildən yerə düşmüş və “VAZ 2106” markalı avtomobilin sürücüsü mərhum X6 avtomobilin sükanı arxasında sıxışdığını görmüşdür. Sürücü həmçinin təhlükəsizlik kəmərindən istifadə etdiyi üçün onu asanlıqla çıxara bilməmişlər və onlar öz maşınlarında olan bıçaq vasitəsilə təhlükəsizlik kəmərini kəsmiş və ətrafdakıların köməkliyi ilə sürücünü avtomobildən çıxara bilmişlər. Zahiri görünüşdən sürücüdə ağır xəsarətin olduğunu güman etməmiş, lakin vəziyyətinin yaxşı olmadığını zənn etmiş, dərhal hadisə yerinə təcili tibbi yardım avtomobili çağırmışlar. Təcili tibbi yardım avtomobili gələnə kimi onlar sürücüyə ilkin tibbi yardım göstərmişlər. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlmişdir. Təcili yardımın həkimləri sürücüyə ilkin tibbi yardım göstərməyə başlamışlar. Lakin sonradan sürücünün halı qəfil pisləşmiş və bu zaman onlar polis əməkdaşları tərəfindən bir qədər oradan kənarlaşdırılmışlar ki, digər sürücünün yaxın qohumları hadisə yerinə gələr və problem çıxar. Sonradan polis əməkdaşları onlara sürücü X4 vəfat etdiyini demişlər. Daha sonra mərhum sürücünü təcili tibbi yardım avtomobilinə qoyaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O və sürücü Təqsirləndirilən şəxs hadisə yerində qalmışlar. Hadisə yeri Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarına göstərilmiş və polis əməkdaşları tərəfindən hadisə yeri müayinə olunmuşdur. Hadisə zamanı onların hərəkəti üçün təhlükə sürücü mərhum X4 idarə etdiyi “VAZ 2106” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların hərəkət istiqamətlərinə çıxdığı andan yaranmışdır. O, bunu sonradan hadisə baş verib toqquşmanın təsirindən ətrafa baxan zaman görmüşdür. Hadisə zamanı sürücü X4 idarə etdiyi “VAZ 21006” markalı avtomobili hadisə baş verməmişdən qabaq görmədiyi üçün onun sürəti barədə heç bir məlumatı olmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 dekabr 2024-cü il tarixli 8/2565 nömrəli rəyindən görünür ki, “Hyundai HD 65” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdır. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyi Tovuz Rayon Şöbəsinin 16 avqust 2024-cü il tarixli 29 nömrəli ekspert rəyindən görünür ki, X4 meyitində aşkar edilmiş xəsarətlər — dalağın və diafraqmanın sol gümbəzinin cırılması nəticəsində inkişaf edən kəskin qanitirmə, üst çənədə orta xəttdan sağa İ, İİ, İİİ, İV və V dişlərin, orta xəttdən sola İ dişin sınması, alt çənə sümüyünün sınığı, sağ baldır sümüklərinin sınığı. X4 bədənində qeyd olunan xəsarətlər qərarın təsvir hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışlar, həyatidirlər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sürücüsü olduğu avtomaşının hərəkətdə olan digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi istisna edilmir. X4 ölümünə səbəb dalağın və diafraqmanın sol gümbəzinin cırılması nəticəsində inkişaf edən kəskin qanitirmə olmuşdur. X4 qanında məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və digər güclü təsir edici maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağsu Rayon İHB-nin Pirhəsənli kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 134 nömrəli arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ-21064” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 3000 (üç min) manat maddi ziyan dəymişdir. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli 388 nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin Tovuz RQİ və TB şöbəsinin xx.xx.2024-cü il tarixli ***-**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək “B1, B, C1, C, D1, D, C1E, CE” kateqoriyalı BA-067834 saylı “BC” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. xx.xx.1969-cu il təvəllüdlü Tovuz rayonu, Alakol kəndində qeydiyyatda olan X7 xx.xx.2016-cı il tarixdən 16.122026-cı il tarixədək AC-628786 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Hər iki vətəndaşın adları sürücülük hququndan məhrum olunanların siyahısında yoxdur. İş materiallarına əlavə edilən zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq zamanı verdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir, o sonuncu ilə barışmış, onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş mariallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci ildə anadan olmuş Hilay, xx.xx.2009-cu ildə anadan olmuş Aylin adlı 2 (iki) nəfər yetkinlik yaşına çatmayan və xx.xx.2019-cu ildə anadan olmuş Hüseyn adlı 1 (bir) nəfər azyaşlı uşaqları var. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə vurmuş olduğu ziyanı tam ödəməklə barışmasını, himayəsində 2 (iki) nəfər yetkinlik yaşına çatmayan və 1 (bir) nəfər azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin qanunda qeyd olunan cəzanı yüngülləşdirən hallarla yanaşı, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan “HYUNDAİ HD65” yük furqon soyuducu markalı, **-JR- *** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökmün icraya yönəldiyi vaxtdan, yəni onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “HYUNDAİ HD65” yük furqon soyuducu markalı, **-JR- *** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar