Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-39/2023 19.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri 2-ci Alatava küçəsi mənzil 44-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, sosial şəbəkə vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs İsrail dövlətində bariotik (mədə kiçiltmə) əməliyyatı etdirəcəyi ilə bağlı yalan vəd verib 2019-cu ilin may ayından 2019-cu ilin iyun ayına kimi olan müddət ərzində hissə-hissə olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ondan 3400 (üç min dörd yüz) manat dəyərində 2000 (iki min) ABŞ dolları məbləğində nəğd pulu 15 may 2019-cu il tarixdə İsrail dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin Bakı şəhəri, İzmir küçəsində yerləşən inzibati binasının qarşısında, onun tərəfindən Tovuz şəhərindən tanımadığı avtobus sürücüsü vasitəsilə göndərilmiş 510 (beş yüz on) manat dəyərində 300 (üç yüz) ABŞ dolları məbləğində nəğd pulu 18 may 2019-cu il tarixdə Bakı şəhərində, Tovuz şəhərində yerləşən “Ailəm market”də quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə tanışı X1 adına olan 416974******4516 nömrəli karta göndərilmiş 1700 (bir min yeddi yüz) manat məbləğində pulu 23 may 2019-cu il tarixdə Bakı şəhərində, anası Şahid vasitəsilə “Uni Bank”ın Tovuz şəhərində yerləşən filialından tanışı X2 adına açılmış UT ********** nömrəli hesaba göndərilmiş 702,80 (yeddi yüz iki manat səksən qəpik) manat məbləğində pulu 12 iyun 2019-cu il tarixdə Bakı şəhərində, cəmi 6312,80 (altı min üç yüz on iki manat səksən qəpik) məbləğində pulunu qəbul edib ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(062)-89 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və həbsdə saxlanıldığı 23 (iyirmi üç) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılması 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhəri ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Təqsirləndirilən şəxs üzərinə Zərərçəkmiş şəxs dəymiş zərəri tam ödəməsinin əlavə vəzifə kimi qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, hökmün icrasının Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmişdir. Hökmün dəlilləri ilə razılaşmayan Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətinin Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(104)-111 saylı ilkin baxış qərarı ilə baxılmasına xitam verilmiş, zərərçəkmiş şəxsin vəsatəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(062)-89 saylı hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə baxışı mərhələsində baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu Alatava ev 44də ailə üzvüləri ilə birlikdə yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. Tovuz şəhər sakini Zərərçəkmiş şəxs tanıyır, onunla təxminən 4 il bundan əvvəl internet vasitəsilə tanış olmuş, sonradan aralarında yaxın sevgi münasibətləri yaranmış və görüşməyə başlamışlar. Aybəniz Bakı şəhərinə tez-tez gəlmiş, onu qarşılamış və Bakı şəhərində onunla görüşmək üçün kirayə götürdüyü evdə bir yerdə qalmışlar. Aybənizlə təxminən 6 ay ər-arvad münasibətində olmuşlar. O özü ailəlidir, iki övladı var, ancaq Aybəniz onun ailəli olduğunu bilməmişdir. Onun bacısı və bacısının uşaqları İsrail dövlətində yaşayırlar, habelə özü də İsraildə olmuşdur. Aybəniz onun bacısının və uşaqlarının İsraildə yaşamasını bilmiş və söhbət zamanı ondan soruşmuşdur ki, şəkər xəstəsidir, onu İsrayıl dövlətində əməliyyat etdirmək mümkündürmü. O da demişdir ki, İsrayılda sığorta ilə onu əməliyyat etdirmək olar. Həmin pulun bir hissəsini Aybəniz Tovuz şəhərindən tanışı Göyərçin Yusibovanın kartına göndərmiş, o da həmin pulu Bakı şəhərində öz kartından yerini xatırlamadığı bankomatdan çıxartmışdır. Bundan sonra Aybəniz Bakı şəhərinə gələndə Bakı şəhərində oteldə ona 300 ABŞ dolları pul vermişdir. O, 1700 manat pulu və sonradan Aybənizin ona verdiyi 300 ABŞ dollarını öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra Aybənizə viza almaq məqsədilə onu İsrayıl səfirliyinə aparmış, oradan Aybəniz özü gedib İsrail səfirliyindən sənəd almış, o da həmin sənədi Aybənizdən almışdır ki, həmin sənədi İsrailə göndərsin, oradan Aybənizə viza göndərsinlər. Bu məqsədlə İsrayılda yaşayan bacısının qaynı oğlu X5 zəng vurub Aybənizi bariotrik əməliyyat etdirmək üçün İsrailə göndərmək istədiyini, ona viza göndərməsini xahiş etmiş, Fərid də demişdir ki, bu dəqiqə viza açdırmaq mümkün deyil, bir müddət vaxt verirlər, gözləyirsən sonra vizanı açırlar. O da Aybənizə demişdir ki, bir müddət gözləmək lazımdır ki, viza göndərə bilsinlər. Bundan təxminən 20 gün sonra Aybəniz demişdir ki, hamilədir, xəstələnməmiş, vaxtından keçib. O da demişdir ki, uşaq istəmir. Bunun üstündə aralarında narazılıq yaranmış, bir-biriləri ilə mübahisə etməyə başlamışlar, həmin səbəbdən aralarında soyuqluq yaranmışdır. Aybəniz münasibəti yaxın olan vaxtı ona bir ədəd “İPONE 5 S” markalı işlənmiş mobil telefon almış, aralarında mübahisə yarananda hirslənib həmin telefonu yerə vurub sındırmışdır. Bundan sonra ayrılmışlar, həmin vaxtdan bu günə kimi Aybənizlə görüşməmişdir. 22 fevral 2022-ci il tarixdə polis əməkdaşları onu Bakı şəhərində saxlayıb Tovuz RPŞ-nə gətirmişlər. Aybənizlə internetdə tanış olmuş, onunla yaxın ər-arvad münasibəti olmuş, onunla dəfələrlə Bakı şəhərində görüşmüş, kirayə tutduğu evdə onunla bir yerdə gecəni qalıb ər-arvad münasibətində olmuşdur. Aybəniz ona Tovuz rayonundan meyvə arağı gətirmiş, birlikdə yeyib içmişlər. Aybəniz onun nə işlə məşğul olmağını bilməmiş, bu barədə ondan heç nə soruşmamışdır. Aybənizdən onu İsrayıl dövlətində bariotik əməliyyat etdirmək adı ilə 1700 manat, sonra 700 manat və 300 ABŞ dolları pul almışdır. Sonradan aralarında narazılıq yarandığı üçün onunla əlaqəsi kəsilmişdir. Həmin pulları Aybənizdən almaqda məqsədi o olmuşdur ki, qohumu Fərid Həbibovdan xahiş edib Aybənizə İsrayıl dövlətinə getmək üçün viza göndərtdirsin, viza gələndən sonra özü də onunla birlikdə Aybənizi İsrayıl dövlətinə aparıb, orada yaşayan qohumlarına xahiş etsin ki, Aybənizi sığorta ilə əməliyyat etdirsinlər. Həmin pulları da İsrailə getmək üçün yol pulu və digər xərclərə görə almışdır. Həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Aybənizə deməmişdir ki, həkimdir, Aybəniz özü təklif etmişdir ki, ona köməklik etsin, əməliyyat olunsun. Aybənizə demişdir ki, 1700 manat pulu Göyərçin Yusibovanın kartına göndərsin, Aybənizdə 1700 manat pulu Göyərçinin kartına göndərmiş, o da həmin məbləğdə pulu Göyərçinin kartından Bakı şəhərində çıxartmışdır. İlham Nərimanovla bir yerdə olan vaxt Aybənizə demişdir ki, onun adına 700 manat məbləğində pul göndərsin, Aybənizdə həmin məbləğdə pulu İlhamın adına göndərmiş, İlham həmin pulu götürüb hamısını ona vermişdir. Daha sonra Aybəniz özü Bakı şəhərində 300 ABŞ dolları ona vermiş, o da həmin pulu xərcləmişdir. Hazırda aldığı bütün pul vəsaitlərini Aybənizə qaytarmışdır. Ümumilikdə Aybənizə 2900 manat vermişdir. Həmin pulun 1100 manatını bundan qabaq ləğv olunmuş hökm üzrə keçirilən məhkəmə iclasında arvadı zərərçəkmişə vermişdir. Lakin zərərçəkmiş şəxs hazırda bunu danır. Hansı ki, həmin pul vəsaiti işə baxan hakimin, dövlət ittihamçısının, habelə müdafiəçinin gözü qarşısında ödənilmişdir. Odur ki, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Tovuz TKQ-da debitor mühəndisi vəzifəsində işləyir. 30 aprel 2019-cu il tarixdə axşam saat 17 radələrində ***-***-**- ** nömrəli mobil telefonuna ***-***-**-** nömrəsindən zəng gəlmiş, telefonu açanda adını Bilal Naibov kimi və özünün də İsraildən gələn həkim kimi təqdim edən şəxs bildirmişdir ki, müxtəlif xəstəliklərlə bağlı dərman reklam edirlər. O da bildirmişdir ki, şəkər xəstəliyindən əziyyət çəkir. Həmin özünü Naibov Bilal kimi təqdim edən şəxs bildirmişdir ki, onu İsraildə bariotik əməliyyat etdirə bilər. Həmin şəxs İsrail vətəndaşı və həkim olduğunu, Azərbaycan Mərkəzi Klinikası Preontal xəstəxanaya 6 aylıq müqavilə ilə gəldiyini demişdir. Həmin şəxs ona vatsap vasitəsilə yazıb bildirmişdir ki, bacısı oğlu İsraildə həkimdi, sənəd işlərini o həll edir. Ona inandığı üçün xahiş etmişdir ki, ona kömək etsin, İsraildə əməliyyat olunsun. Həmin şəxsdə bildirmişdir ki, 2000 ABŞ dollar sənədlərin düzəlməsinə verilməlidir. Danışıb razılaşandan sonra 15 may 2019-cu il tarixdə saat 10-da həmin X8 kimi təqdim edən şəxslə Bakı şəhərində İsrail səfirliyinin qarşısında çayxanada görüşmüş, həmin şəxs ona demişdir ki, İsrail səfirliyinə Pərviz adlı şəxsin yanına getsin, ona sənəd verəcək. O da İsrail səfirliyinə girmiş, orada Pərviz adlı bir nəfər şəxslə görüşmüş, Pərviz adlı şəxs onun ad-soyadını qeyd etmiş və ona blank verib demişdir ki, İsraildə olan qohumuna göndərsin, həmin şəxs ona dəvət göndərsin. Səfirlikdən çıxıb orada səfirliyin qarşısında Bilalla görüşmüş və ona 2000 ABŞ dolları pul vermişdir. Həmin şəxs də bildirmişdir ki, həmin pulun 1000 ABŞ dollarını Pərvizə verəcək onun sənədlərini düzəltsin deyə, 1000 ABŞ dollarını isə İsrailə göndərəcək. 16 may 2019-cu il tarixdə Bilal ona zəng vurub əlavə 300 ABŞ dolları pul istəmiş, o da 18 may 2019-cu il tarixdə Tovuz rayonundan avtobusla Bakı şəhərinə, Bilal adlı şəxsə 300 ABŞ dolları pul göndərmişdir. 22 may 2019-cu il tarixdə Bilal ona zəng vurub demişdir ki, xəstəxananın pulu çatmır, əlavə 1000 ABŞ dolları da pul lazımdı, həmin pulu Göyərçin Yusibovanın adına göndərsin. O da 23 may 2019-cu il tarixdə Tovuz şəhərindən “Ailəm” marketdəki Milliön terminalı ilə Göyərçin Yusifovanın adına 1700 AZN pul göndərmişdir. Bundan sonra Niderland dövlətinə getmiş, 07 iyun 2019-cu il tarixdə Bilal onun vatsap nömrəsinə zəng vurub bildirmişdir ki, 700 manat pul göndərsə işləri düzələr, xəstəxana onu qəbul edər. Əməliyyatını isə özü öhdəsinə götürər. O da anası Şahid zəng vurmuş, ona demişdir ki, 700 manat pulu İlham Nərimanovun adına göndərsin. Anası da 12 iyun 2019-cu il tarixdə Bilalın dediyi adamın, yəni İlham Nərimanovun adına 700 manat pulu Tovuz şəhərindən “Uni Bank” vasitəsilə göndərmişdir. Bundan sonra həmin şəxsdən tələb etmişdir ki, onun işini düzəltsin. Həmin şəxs də müxtəlif bəhanələrlə aldatmışdır ki, tələsməsin gözləsin. Sonra ondan israrla tələb edəndə isə həmin şəxs onu təhqir etmiş və telefon nömrəsini bağlamışdır. X8 kimi təqdim edən şəxs onu aldadıb etibarından sui-istifadə edərək onu İsraildə əməliyyat etdirəcəyi adı ilə ümumilikdə 6310 (altı üç yüz on) manat məbləğində pulunu almışdır. Həmin vaxt Bakı şəhərində yaşayan tanışı Vüqar Nəbiyev onu aldadıb söz vermişdir ki, həmin şəxsdən pulunu alacaq və bu ad ilə 2200 manat pulunu alıb onu aldatmışdır. Buna görə də həmin vaxt hüquq mühafizə orqanlarına şikayət etməmiş, sonradan Vüqarın da onu aldatdığını görüb şikayət etmişdir. Təqsirləndirilən şəxs göstərdiklərinin bir hissəsi böhtandır, beləki heç vaxt onunla ər arvad münasibətində olmamışdır. Həmin şəxs yalandan bildirmişdir ki, guya ki, həkim işləyir, onu aldadaraq söz vermişdir ki, onu İsrail dövlətində bariotik əməliyyat etdirəcək və bunun müqabilində ondan hissə-hissə 6310 (altı min üç yüz on) manat pul almış, nə onu əməliyyat etdirməmiş, nə də ki, bunun üçün adlığı pulunu geri qaytarmamışdır. Hazırda dəymiş ziyandan ona yalnız 1800 manat ödənilmişdir. Bundan qabaq ləğv olunmuş hökm üzrə keçirilən məhkəmə iclasında isə ona heç bir pul ödənilməmişdir. Odur ki, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun doğma qızıdır və bir yerdə yaşayırlar. Qızı Aybəniz xəstə olduğu üçün bariotik əməliyyat etdirmək istəyirdi. O X8 həkim cərrah kimi təqdim edən şəxslə tanış olmuşdur. Həmin şəxs qızı Aybənizə söz vermişdir ki, onu İsrail dövlətinə aparıb orada bariotik əməliyyat edəcək. Bu məqsədlə həmin şəxs qızı Aybənizdən əvvəlcə 2019-cu ilin may ayının 15-də Bakı şəhərində 2000 ABŞ dolları pul almışdır, bundan sonra Aybəniz ona avtobusla Tovuz şəhərindən 300 ABŞ dolları pul göndərmişdir. Daha sonra o yenə zəng vurub 1000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Qızı Aybəniz ona 23 may 2019-cu il tarixdə ödəmə terminalı ilə Tovuz şəhərindən 1700 manat məbləğində pul göndərmişdir. Bundan sonra Aybəniz Niderland dövlətinə getmişdir. 07 iyun 2019-cu il tarixdə Aybəniz ona zəng vurub demişdir ki, həkim Bilal Naibov ona zəng vurub ki, təcili Bakı şəhərinə X2 adına 700 manat məbləğində pul göndərilməlidir. Bu səbəbdən 12 iyun 2019-cu il tarixdə “Uni Bank”ın Tovuz şəhərində yerləşən filialına gedib həmin bankla X2 adına 702 manat 80 qəpik pul göndərmişdir. Sonradan qızı Aybəniz Niderland dövlətindən gələndən sonra X8 kimin təqdim edən şəxsə zəng vurub onu nə vaxt İsrail dövlətinə əməliyyat etdirmək üçün aparacağını soruşanda həmin şəxs əvvəlcə Aybənizi aldatmağa çalışmış, sonradan da telefonu söndürmüşdür. Həmin şəxs qızı Zərərçəkmiş şəxs aldadaraq ondan hissə hissə ümumilikdə 6310 manat məbləğində pul alıb onu aldatmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı məhkumluğu yoxdur. “Şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmaraq Tovuz rayon X4 Saxlama Yerinə yerləşdirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi və X3 azad edilmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:00-da Beyləqan şəhərində tutularaq Tovuz RPŞ-nə gətirilmiş və xx.xx.2022-ci il tarixdə saat 01:10-da Tovuz RPŞ-nin MSY-nə yerləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində göstərilmişdir ki, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsi 178.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 07 nömrəli Qərarının birinci bəndində qeyd olunmuşdur ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 30-cu bəndində göstərilmişdir ki, dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.2.4-cü maddəsi), əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda - külli miqdarda ziyan vurmaqla (CM-nin 178.3.2-ci maddəsi), beş yüz min manatdan yuxarı olan məbləğdə olduqda isə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qisminin ödənilməsini, habelə himayəsində yetkinlik yaşına çatmamış uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayətinin xarakterini, həmin əmələ görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerində, habelə həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda məhkəmə onu da diqqətə çatdırır ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyandan 2900 manat pulun ödənilməsi nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və həbsdə olduğu 23 (iyirmi üç) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-39/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-39/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver