Məhkəmə qərarları › İş №1(062)-40/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-40/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-40/2024 17.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Tovuz rayonu, Düz Qırıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işsiz, Tovuz rayonu, Düz Qırıqlı kəndində qeydiyyatda olmaqla orada yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 sentyabr 2023-ci il tarixdə, saat 05 radələrində alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda Tovuz rayonu Düz Qırıqlı kəndində yaşayan Zərərçəkmiş şəxs həmin kənddə yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı özünə məxsus “VAZ 21013 minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz ələ keçirərək idarə etmək qərarına gəlmiş, bu məqsədlə 20 sentyabr 2023-ci il tarixdə, saat 05 radələrində həmin avtomobili açar vasitəsilə işə salıb təxminən 2 saat müddətdə Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisində idarə etməklə talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayonu Düz Qırıqlı kəndində qeydiyyatda olmaqla hazırda həmin kənddə nənəsi Şəfiqə Bağırova ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. X2 onun atasıdır. Anası vəfat etdikdən sonra, atası yenidən ailə həyatı qurmuşdur. O, böyüdükdən sonra atasının ikinci arvadı onlarla yola getməmişdir. Bu səbəbdən də onlar atasının evindən çıxaraq, ana nənəsi ilə birlikdə yaşamağa başlamışlar. Ara-sıra atası evinə gedib onunla birlikdə də yaşamışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı kənd ərazisində yerləşən kafedə bir qədər spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşmüşdür. Kafedən çıxdıqdan sonra avtomobil idarə etmək istəmişdir. Bu məqsədlə piyada atasının yaşadığı evə tərəf getmiş. Fikri, atasına məxsus “Opel” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili həyətdən götürüb, kəndin arasında sürüb geri qaytarmaq olmuşdur. O, evə daxil olduqda, atasına məxsus avtomobilin həyətdə olmadığını görmüş və evdən küçəyə çıxmışdır. Qonşuları Zərərçəkmiş şəxs məxsus VAZ 21011 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin, küçədə, evlərinin yaxınlığında dayandığını görmüşdür. Avtomobil idarə etmək istədiyi üçün, həmin günü saat 05 radələrində Zərərçəkmiş şəxs avtomobilini sürmək məqsədi ilə avtomobilə yaxınlaşmışdır. Avtomobilin qapılarının açıq olduğunu və avtomobili işə salmaq üçün açarın da avtomobilin üzərində olduğunu görmüşdür. O, Zağurun, avtomobilin səsinə oyanmaması üçün, avtomobili 20-25 metr itələyərək evin qarşısından kənarlaşdırmışdır. Sonradan avtomobili işə salmış və oradan uzaqlaşmışdır. Avtomobildə, idarə olunması üçün, kifayət qədər yanacaq olmuş və o, yaşadığı kənd ərazisində avtomobili idarə etmişdir. Bir qədər sonra hava aydınlaşdığı üçün o, avtomobili kənd ərazisində bir yerdə saxlayıb uzaqlaşmaq istəmişdir. Lakin o, yaşadığı kənd ərazisində “qaradüz” adlanan əkin sahəsində avtomobili idarə edən zaman avtomobil palçıqda batmışdır və o, avtomobili oradan çıxara bilməmişdir. O, həmin vaxt qorxu içində və təlaşlı olduğu üçün nə edəcəyini bilməmişdir. Avtomobili o, da hər hansı şəxsin görəcəyini güman etmiş və qorxulu halda avtomobili yandırmaq qərarına gəlmişdir. Cibində olan alışqanla avtomobilin arxa və ön oturacağını yandırmışdır. Təxminən 7-10 dəqiqə avtomobilin yanında dayanmış və avtomobil alışdıqdan sonra orada olan xurma bağına daxil olmuş həmin ərazidən uzaqlaşmışdır. Onun əvvəlcədən həmin avtomobili yandırmaq niyyəti olmamışdır. Avtomobili kənd ərazisində Zağurun evinin yaxınlığında bir yerdə saxlayıb uzaqlaşmaq fikrində olmuşdur. Lakin avtomobil palçıqda batdığı üçün o, təlaşlı və qorxlu halda heç kəsin avtomobili onda olmasını görməməsi üçün yandırmışdır. O, Zərərçəkmiş şəxs məxsus “VAZ 21011” markalı avtomobili talama məqsədi olmadan, yalnız idarə etmək məqsədi ilə ələ keçirmişdir. Sonradan avtomobili yandırmaq da isə hər hansı bir zərər vermək kimi niyyəti olmamışdır. Sadəcə həmin an sərxoş olduğu və qorxduğu üçün nə edəcəyini bilməmiş və buna görə də avtomobili yandırmaq qərarına gəlmişdir. Etdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişin ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 20 il olar ki, 1987-ci il buraxlışlı, “VAZ 21013” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı, tünd bej rəngli avtomobilin sahibidir, həmin vaxtdan da avtomobili özü idarə etmişdir. xx.xx.2023-cü il tarixdə gecə saat 24 radələrində o, özünə məxsus qeyd edilən avtomobil ilə Tovuz rayon Alakol kəndində yaşayan dayısı oğlu Rahib adlı şəxsin evində olan “ciyar axşamı”ndan yaşadığı evə gəlmişdir. Həmin vaxt anası Şahid da onun yanında olmuşdur. O, avtomobilini yaşadığı evin qarşısında saxlamış və açarını da özüylə götürmüşdür. Lakin avtomobil köhnə olduğu üçün qapıları bağlanmır, yəni avtomobilin qapıları açıq vəziyyətdə qalmış, o, və anası yaşadıqları evə daxil olmuşlar. Səhər yəni xx.xx.2023-cü il tarixdə saat 08 radələrində o, yuxudan oyanmış və küçəyə çıxmışdır. Gecə qapının qarşısında saxladığı avtomobilin, yerində olmadığını görmüşdür. O, anasına bu barədə bildirmişdir. Evində olan şəxslər də avtomobilin harada olması barədə məlumatlarının olmadıqlarını bildirmişlər. Bu səbəbdən də o, Tovuz Rayon Polis Şöbəsinin, Qovlar polis bölməsinə yaxınlaşaraq bu barədə müraciət etmək istəmişdir. O, Qovlar polis bölməsinə gedən zaman qonşusu Tural ona zəng edərək, avtomobilinin yaşadığı kənd ərazisində “qaradüz” adlanan torpaq sahəsində yandırıldığını və polis əməkdaşlarının onu axtardığını bildirmişdir. O, həmin yerə getdikdə ona məxsus 1987ci il buraxlışlı, “VAZ 21013” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı, tünd bej rəngli avtomobilin yanaraq yararsız hala düşdüyünü görmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmkəndlisi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə sərxoş vəziyyətdə, qapısının qarşısında saxladığı avtomobili, oğurlamaq məqsədi olmadan götürərək, əkin sahəsinə tərəf sürmüş, orada avtomobilin palçığa batdığını görmüş və təşvişə düşərək avtomobili yandırmışdır. Avtomobilinin yandırılması səbəbindən ona 1500 (min beş yüz) manat maddi ziyan dəymişdir. Avtomobilindən hər hansı bir əşya və ya ehtiyyat hissəsi oğurlanmamışdır. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, oğlu Zərərçəkmiş şəxs onunla birlikdə yaşayır. Təxminən 20 il olar ki, oğlu Zağur 1987-ci il buraxlışlı, “VAZ 21013” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı, tünd bej rəngli avtomobili almış və həmin vaxtdan da avtomobili istifadə edir. xx.xx.2023-cü il tarixdə gecə saat 00 radələrində o və oğlu qeyd edilən avtomobil ilə Tovuz rayon Alakol kəndində yaşayan qardaşı oğlu Rahib adlı şəxsin evində olan “ciyar axşamı”ndan yaşadıqları evə gəlmişlər. Oğlu Zağur avtomobilini yaşadıqları evin qarşısında saxlamış və açarını özü ilə götürmüşdür. Lakin avtomobil köhnə olduğu üçün qapıları bağlanmır, yəni avtomobilin qapıları açıq vəziyyətdə qalmışdır. Səhər - xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Zağur yuxudan oyanaraq küçəyə çıxmış və geri qayıdaraq avtomobilin evin qarşısında olmadığını bildirmişdir. Eyni zamanda ailə üzvləri də avtomobilin harada olması barədə məlumatlarının olmadıqlarını bildirmişlər. Təxminən 1-2 saat keçmişdir ki, Qovlar polis bölməsinə gedən zaman qonşusu Tural Zağura zəng edərək, avtomobilin yaşadıqları kənd ərazisində “Qaradüz” adlanan torpaq sahəsində yandırıldığını və polis əməkdaşlarının onu axtardığını bildirmişdir. Daha sonra qeyd edilən yerə getmişlər. Baxmışdır ki, oğlu Zağura məxsus 1987-ci il buraxılışlı, “VAZ 21013” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı, tünd bej rəngli avtomobil yanaraq yararsız hala düşmüşdür. Sonradan onlara məlum olmuşdur ki, həmkəndlisi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə sərxoş vəziyyətdə, qapının qarşısında saxladıqları avtomobili, oğurlamaq məqsədi olmadan götürərək, əkin sahəsinə tərəf sürmüş, orada avtomobilin palçığa batdığını görmüş və təşvişə düşərək onu yandırmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Zərərçəkmiş şəxs yaşadığı Tovuz rayonu Düz Qırıqlı kəndinin ərazisində yerləşən “qaradüz” adlanan torpaq sahəsidir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus “VAZ 21013” markalı **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sahədə yanaraq məhv olmuşdur Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/8742 nömrəli rəyindən görünür ki, bir ədəd tünd bej rəngli, VAZ 21013 markalı, buraxılış ili 1987-ci il, mühərrikin həcmi 1200 sm, XTA 210130H4887602 ban nömrəli, **-BV- *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməmişdən əvvəl normal vəziyyətdə, orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 2500,00 manat müəyyən olunur. «Şübhəli şəxs qismində tutulma barədə» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. «Təqsirləndirilən şəxsin X1 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi» haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və haqqında «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 04 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəza 06 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cəzasının sonu ilə xx.xx.2023-cü ildə azad edilmişdir. Cinayət-Prosessual Məcəllənin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Dəymiş maddi ziyan ödənilmişdir. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.-1.1-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1987-ci il buraxılışlı “VAZ 21013” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zərərçəkmiş şəxsə təhvil verilməsi və zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1987-ci il buraxılışlı “VAZ 21013” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Zərərçəkmiş şəxs təhvil verilməsi və ona dəymiş 2500 manat məbləğdə maddi ziyanın ödənilməsi nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar