Məhkəmə qərarları › İş №1(062)-41/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-41/2025

18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-41/2025 18.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1960-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, 3-cü X5 döngəsi, ev 4, özbaşına tikilidə qeydiyyatda olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli hökmünə əsasən 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, o, özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Tovuz rayonu Abulbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs sonuncunun oğlu Şahid3 Tovuz rayonunda fəaliyyət göstərən Təcili tibbi yardım stansiyasına sürücü işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 13:11-də Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-də olan tanışı Şahid2 məxsus 4098 0944 2035 1866 nömrəli kart hesabına 3000 (üç min), xx.xx.2023-cü il tarixdə, saat 13:17-də Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-də olan oğlu X2 məxsus 4169 7388 1048 4075 nömrəli kart hesabına 2000 (iki min) və xx.xx.2023-cü il tarixdə, saat 13:20-də Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-də olan oğlu Şahid1 məxsus 4098 5844 6460 7819 nömrəli kart hesabına 4000 (dörd min) manat məbləğində pul vəsaitlərinin köçürülməsinə nail olub ələ keçirməklə, Zərərçəkmiş şəxs ümumilikdə 9000 (doqquz min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, ifadəsində göstərmişdir ki, 2023-cü ilin əvvəlində Zərərçəkmiş şəxs ona zəng edərək övladının təcili tibbi yardım xidmətində sürücü kimi işə düzəldilməsi üçün kömək etməsini xahiş etmişdir. Zərəçəkmişin atası onun müəllimi olmuş, məktəbdə ona dərs demişdir. Bir qədər danışdıqdan sonra onunla tanış çıxmışdır. Buna görə Natalya xanıma kömək etməyi qərara almış və həmin vaxt yanında olan “Fikrət müəllim” adlı şəxsdən Natalya xanıma kömək etməyi xahiş etmiş, həmin şəxs də kömək etməyi öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2023-cü il tarixdə Natalya xanım onun övladının və dostunun bank kartına cəmi 9000 manat pul göndərmiş, o da həmin pulları çıxarıb işi həll etməsi üçün “Fikrət müəllim” adlı tanışına vermişdir. Bundan sonra işlə “Fikrət müəllim” məşğul olmuş, Natalya xanmın övladını işə düzəltmək adı ilə müxtəlif yerlərə aparmış, lakin işi həll etməmişdir. Natalya xanım bundan sonra ona zəng edərək işin həll edilmədiyini bildirmiş, o da buna görə “Fikrət müəllim”ə zəng edərək ondan işin həll edilməsini tələb etmiş, lakin nəticə olmamışdır. Bir müddət sonra həm o, həm də “Fikrət müəllim” həbs edilmiş, “Fikrət müəllim” həbsdə dünyasını dəyişmişdir. Əlavə olaraq bildirmişdir ki, Natalya xanımla ilk dəfə danışarkən və pulu alarkən işi “Fikrət müəllim” adlı şəxsin vasitəsilə həll edəcəyini, pulu “Fikrət müəllim”ə verəcəyini ona deməmişdir. Natalya xanım ona zəng edərək işin həll edilmədiyini bildirib narazılıq etdikdə pulu “Fikrət müəllim”ə verdiyini demişdir. İşi 3 aya həll edəcəyini vəd vermiş, lakin vədini yerinə yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Tovuz rayonu, Adil Qasımov adına tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsində işləyir. Övladı Şahid3 işsiz olduğu üçün onu düzəltmək istəmişdir. O, işlədiyi məktəbdə müəllimlər kollektivində bu barədə söhbət edən zaman müəllim yoldaşı, işlədiyi məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şahid4 ona bildirmişdir ki, onun qardaşı oğlu İsmayıl Bakı şəhərində nəşriyyatda işləyir, kimi hara düzəltmək istəsə onunla danışsa köməklik edə bilər. Həmin zaman Ceyran müəllimə ona demişdir ki, “axşam İsmayıl ilə danışaram sənin əlaqə nömrəni ona verərəm”. Həmin günün axşamı İsmayıl adlı şəxs ona zəng edərək axşam onunla telefonda bir qədər söhbət etmiş və İsmayıl ona bildirmişdir ki, Ceyranın ona dediyi məsələni o, həll edə bilər. Həmçinin İsmayıl ona demişdir ki, ancaq bununla bağlı gərək müəyyən məbləğdə pul verilsin. O, İsmayıla demişdir ki, oğlunu “TƏBİB”də təcili tibbi yardıma sürücü kimi düzəltsin. Bu zaman İsmayıl ona demişdir ki, “TƏBİB”ə sürücü kimi düzəltmək üçün 12000 (on iki min) manat pul lazım olacaqdır. Sonra o, bir qədər İsmayılla söhbət etmiş və onun İsmayılı, İsmayılın da onu tanıdığı üçün onlar 9000 (doqquz min) manata razılaşmışlar. İsmayıl onunla mehriban danışdığı və vəd verdiyi üçün o, İsmayılın bu sözlərinə inanmışdır. Daha sonra o, İsmayılla razılaşdığı üçün xx.xx.2023-cü il tarixdə Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən “Ok” marketdə quraşdırılmış ödəniş terminalı vasitəsilə İsmayılın ona göndərdiyi “Unibanka” məxsus olan Şahid2 Maarid oğlunun adına olan 4098 0944 2035 1866 saylı hesabına 3000 (üç min) manat, “Kapital Banka” məxsus olan X1 adına olan 4169 7388 1048 4075 saylı kart hesabına 2000 (iki min) manat və “Leobanka” məxsus Şahid1 adına olan 4098 5844 6460 7819 saylı kart hesabına isə 4000(dörd min) manat pul göndərmişdir. Pulu göndərdikdən sonra İsmayıl ona zəng edərək bildirmişdir ki, pulların hamısı gəlib çatmışdır. İsmayıl tezliklə işin düzələcəyini, hətta mart ayında ona ad günü hədiyyəsi edəcəyini bildirmişdir. Daha sonra o, İsmayılla tez-tez əlaqə saxlamış və işin nə zaman düzələcəyini ondan soruşmuşdur. 2023-cü ilin mart ayının əvvəllərində isə Təqsirləndirilən şəxs verdiyi söz baş tutmamışdır. Bundan sonra isə o, bir il ərzində İsmayılla dəfələrlə telefonla əlaqəsi saxlamış, hər dəfə telefon əlaqəsi saxlanılan zaman İsmayıl ona demişdir ki, narahatçılıq yoxdur, işiniz tez bir zamanda düzələcəkdir. Sonradan İsmayıl onun zənglərinə cavab verməmişdir. May ayında bir nəfər ona zəng edərək özünü Fikrət kimi təqdim etmiş və nömrəni İsmayıldan aldığını bildirmişdir. Həmin şəxs ona demişdir ki, İsmayıl ondan iş barədə maraqlanmasını xahiş etsə də heç bir məbləğdə pul verməmişdir. Ceyran adlı iş yoldaşına yalvarışlarından sonra İsmayıl onun kartına 400 manat pul göndərmişdir. 2024-cü ilin iyun ayında Təqsirləndirilən şəxs başqa şəxslərə qarşı dələduzluq etdiyi üçün Bakı şəhərində tutulduğunu öyrənmişdir. O, İsmayılın tutulduğunu eşitdikdən sonra bilmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu Muradı işə düzəldəcəyini vəd edərək 9000 (doqquz min) manat pulunu ələ keçirərək dələduzluq etmişdir. O, daha sonra bu barədə Tovuz rayon polis şöbəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Fikrət adlı şəxs görməmiş, yalnız onunla telefonda danışmışdır. Həmin şəxsə pul verməmişdir. Pulu Təqsirləndirilən şəxs vermiş, o da məsələni şəxsən həll edəcəyini vəd vermişdir. Fikrət adlı şəxsi nə o, nə də övladı görməmiş, yalnız telefonla danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin əvvəllərində anası Zərərçəkmiş şəxs ona demişdir ki, məktəbdə Ceyran müəllimə adında müəllim yoldaşı var, onun da yaxın qohumu olan İsmayıl Bakı şəhərində yaşayır və nəşriyyatda işləyir, kimi hara desən işə düzəldə bilir. Bundan sonra o, anası ilə razılaşmış və Təqsirləndirilən şəxsla telefon əlaqəsi qurmuşlar. Onlar Təqsirləndirilən şəxsla telefonda danışan zaman İsmayıl onlara müxtəlif peşələr olduğunu bildirmiş və həmin peşələr içərisdində polis, qida, fövqəladə və.s kimi peşələr sadalamışdır. O isə bu işlərdən “TƏBİB”–in tabeliyində olan təcili tibbi yardıma sürücü kimi düzəltməsini istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, TƏBİB-ə sürücü kimi işə düzəlmək üçün 9000(doqquz min) manat pul lazımdır. Sonra o və anası Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsla razılaşmış və Təqsirləndirilən şəxs ondan müxtəlif sənədlər istəmişdir. İsmayılın ondan istədiyi sənədləri o, “Whatsapp” vasitəsilə İsmayıla göndərmişdir. 09 fevral 2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs ona 3 ədəd müxtəlif banklara olan müxtəlif şəxslərə məxsus olan kart hesabları göndərmişdir. O da 09 fevral 2024-cü il tarixində Təqsirləndirilən şəxs ona atdığı bank kartlarına pul vurmaq üçün anası Zərərçəkmiş şəxs ilə birlikdə Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən “OK” marketə getmişdir. Həmin marketdə Təqsirləndirilən şəxs ona göndərmiş olduğu "xxxx" ASC-də olan Şahid2 məxsus 4098 0944 2035 1866 nömrəli kart hesabına 3000 (üç min), "xxxx" ASC-də olan oğlu X2 məxsus 4169 7388 1048 4075 nömrəli kart hesabına 2000 (iki min) və "xxxx" ASC-də olan oğlu Şahid1 məxsus 4098 5844 6460 7819 nömrəli kart hesabına 4000 (dörd min) manat məbləğində pul vəsaitini göndərmişdir. Pulu vurduqdan sonra isə əldə etdiyi çekləri götürərək yaşadığı evə gəlmiş və Təqsirləndirilən şəxs həmin çekləri göndərmişdir. Bu zaman Təqsirləndirilən şəxs pulların hamısının kart hesablarına köçdüyünü ona demiş və ona bildirmişdir ki, “mart ayının 18-nə kimi səni işlə təmin edəcəklər”. Həmin vaxtdan sonra isə 2023-cü ilin mart ayının 18-nə kimi Təqsirləndirilən şəxs ona və anası Zərərçəkmiş şəxs bir neçə dəfə zəng edərək bildirmişdi ki, “narahat olmayın, martın 18-nə kimi işiniz düzələcəkdir”. 2023-cü ilin mart ayının 18-i gəlib çatdıqda isə Təqsirləndirilən şəxs söz verdiyi iş alınmamışdır. İsmayıl isə yenə də zəng edərək bildirmişdir ki, narahat olma tez bir zamanda düzələcəkdir. Lakin buna baxmayaraq yenədə onun işi düzəlməmişdir. Bir il ərzində o və anası dəfələrlə Təqsirləndirilən şəxsla danışan zaman bildirmişdir ki, narahatçılıq yoxdur iş düzələcəkdir. Lakin bunlara baxmayaraq onun işi hal-hazıradək düzəlməmiş və Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək onun xeyli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirilmişdir. Əlavə olaraq bildirmişdir ki, Fikrət adlı şəxs anasına zəng edərək işlə maraqlansa da həmin şəxsi görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşının övladıdır. Zərərçəkmiş şəxs ilə eyni məktəbdə müəllim işləyir. 2024cü ilin fevral ayında Zərərçəkmiş şəxs məktəbdə olarkən övladının işə düzəlməsi ilə bağlı söz açdıqda o, qardaşı övladı Təqsirləndirilən şəxs ona kömək edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs xahişi ilə İsmayılın nömrəsini ona vermişdir. Bundan sonra onlar arasında olan söhbətlərlə maraqlanmamışdır. Sonradan bilmişdir ki, Zərərçəkmiş şəxs övladını işə düzəltməsi üçün Təqsirləndirilən şəxs 9000 manat pul vermiş, lakin İsmayıl vədini yerinə yetirməmişdir. Məhkəmə iclasında Şahid2 və Şahid1 ibtidai istintaq zamanı verilmiş şahid qismində ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ödəmə qəbzlərinin surətlərindən görünür ki, 09 fevral 2023-cü il tarixində Tovuz rayonu, H.Əliyev prospektində yerləşən “Ok” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə "xxxx" ASCdə olan Şahid2 məxsus 4098 0944 2035 1866 nömrəli kart hesabına 3000 (üç min), "xxxx" ASC-də olan oğlu X2 məxsus 4169 7388 1048 4075 nömrəli kart hesabına 2000 (iki min) və "xxxx" ASC-də olan oğlu Şahid1 məxsus 4098 5844 6460 7819 nömrəli kart hesabına 4000 (dörd min) manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri zərərçəkmiş tərəfindən təqdim edilmiş ödəniş qəbzləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş və zərərçəkmiş şəxsdən övladını işə düzəltmək adı ilə aldığı pulu şəxsiyyəti məlum olmayan “Fikrət” adlı şəxsə veridiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq bunu özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında tədqiq edilmiş bir-birini tamamlayan sübutlarla tam təkzib edilir. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin övladının təcili tibbi yardım avtomobilinin sürücüsü kimi işə düzəldəcəyini vəd verilməsi və bunun müqabilində zərərçəkmiş şəxsdən 9000 manat pul alması, verdiyi vədi şəxsən həyata keçirəcəyini bildirməklə cavabdehliyi öz üzərinə götürməsi, pulu alarkən görüləcək işin üçüncü şəxs tərəfindən həyata keçiriləcəyi barədə zərərçəkmiş şəxsə məlumat verməməsi araşdırma zamanı mübahisəsiz olaraq təsdiqini tapmışdır. Kimisə hər hansı vəzifəyə təyin etmək hüququnun və imkanının olmadığını bilə-bilə təqsirləndirilən şəxsin pul müqabilində həmin məzmunda real olmayan vəd verməsi məhkəmə tərəfindən zərərçəkmiş şəxsi aldatmaqla onun pulunu ələ keçirməyə yönəlmiş hərəkət kimi qiymətləndirilir. Uzun müddət məqsədli olaraq yubadıldıqdan sonra aldadıldığını anlayan zərərçəkmiş şəxsin israrlı tələblərinə qarşılıq olaraq sonradan hər hansı başqa şəxsin ortaya atılması təqsirləndirilən şəxsin hərəkətinin mahiyyətini dəyişmir və törədilmiş əməli başqasının üzərinə yönəltməklə məsuliyyətdən yayınmaq məqsədi güdür. Üstəlik təqsirləndirilən şəxs həmin adamın şəxsiyyəti barədə dəqiq məlumat verməmiş və onun artıq öldüyünü bildirməklə yoxlanılması mümkün olmayan arqument irəli sürmüşdür. Bundan başqa “Fikrət” kimi təqdim edilən həmin şəxsi zərərçəkmiş şəxs və övladı heç zaman görməmiş, həmin şəxs zərərçəkmiş şəxsə işə düzəltməklə bağlı heç bir vəd verməmiş, pulun onda olmasını zərərçəkmiş şəxsə bildirməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Yasamal rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən ********** və ********* nömrəli cinayət işləri üzrə Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həbs olunmuş və cinayət işləri baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-42/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 25 iyun 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi (AR CM- 59.1.14) məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən hal, cəzasını ağırlaşdıran halın olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəza ona Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 1(004)-42/2025 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə AR CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 25 iyun 2024-cü il tarixdən hesablanmalı, başqa cinayət işi üzrə cəza çəkməklə həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza ona Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 1(004)-42/2025 saylı hökmünə əsasən təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2024-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2025-cü il tarixli, 1(004)-42/2025 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkməklə həbsdə olması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar