Məhkəmə qərarları › İş №1(062)-42/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-42/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-42/2023 05.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Samux rayonu Qarayeri qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olan, Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti, 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 6,75 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 1 ədəd kağız bükümdə 1,04 qram çəkidə hissəsini əynində olan qara rəngli idman şalvarının sağ yan cibində və 1 ədəd ağ rəngli kağız bükümdə 5,71 qram çəkidə olan hissəsini isə sərnişin qismində əyləşdiyi Şahid4 məxsus “Kia-rio” markalı, **-CX- *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış və daşımış, xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri ərazisində saxlanılaraq Tovuz rayon polis şöbəsinə dəvət olunmuş, həmin tarixdə saat 14:20-də ünvan 1 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 6,75 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın 1 ədəd kağız bükümdə 1,04 qram çəkidə hissəsi əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən və həmin tarixdə saat 13- 15-də baxış zamanı 1 ədəd ağ rəngli kağız bükümdə 5,71 qram hisəsi isə sərnişin qismində əyləşdiyi Şahid4 məxsus “Kia-rio” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin cibliyindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 13 il olar ki, narotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə qəbul edir. xx.xx.2022-ci il tarixdə Ağstafa rayonundan Tovuz rayonuna gələn zaman Ağstafa rayonu ilə Tovuz rayonunun sərhədində avtomobili saxlayıb ayaqyoluna getmiş, yolun kənarında ağacın altında yabanı halda narkotik tərkibli çətənə kolları olduğunu görmüşdür. O, özü istifadə etmək məqsədilə həmin yabanı halda bitmiş marixuanadan bir az qopardıb cibinə qoymuşdur. Həmin narkotik vasitə olan qurudulmuş marixuana onun cibində qalmış, bir neçə gün qalandan sonra həmin marixuana qurumuş, ondan iyi gəlmişdir. O, həmin narkotik vasitəni cibindən çıxarıb evlərindəki pəncərənin qarşısında quşları yemləmək üçün quraşdırılmış dəmirin üstünə qoyub qurutmuşdur. Həmin narkotik vasitə yadından çıxıb xeyli müddət orada qalmış, tamamilə qurumuşdur. xx.xx.2022-ci il tarixdə tanışı Şahid4 xahiş etmişdir ki, avtomobili bir saatlığına istifadə etmək üçün ona versin. Şahid4 ona etiraz etməmiş və “Kia-rio” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını avtomobili idarə etmək üçün ona vermişdir. O da həmin avtomobili sürüb öz yaşadığı evə gəlmiş, evə çıxıb evdə qurudub özü istifadə etmək üçün saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı ağ kağıza büküb özü ilə götürmüş, sonra avtomobilə minib həmin evdən götürdüyü ağ kağıza bükdüyü narkotik vasitə olan qurudulmuş marixuananı avtomobilin salonunda olan “qəpik qabı” adlandırdıqları cibliyə qoymuş, bir hissəsini isə əynində olan idman şalvarının sağ yan cibinə qoymuşdur ki, rızlaya doldurub çəkər. O, Şahid4 sürmək üçün götürdüyü “Kia-rio” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib avtomobili Tovuz şəhərində bir az sürmüş, işlərini həll etdikdən sonra avtomobili Şahid4 qaytarmaq məqsədilə ona zəng vurub ondan harada olmasını soruşmuş, sonuncu ona bildirmişdir ki, Tovuz şəhər avtovağzalının yanındadır. O, Tovuz şəhər avtovağzalının qarşısına gedib orada Şahid4 maşına mindirmiş, avtomobildə Elxana demişdir ki, gəl maşını sən özün sür onun işi var. Elxan sükanın arxasına keçmiş, o qabaq oturacaqda oturmuşdur. Elxan maşını idarə edib “Xatınlı dönməsi” adlanan yerdən üzü Xatınlı kəndinə doğru hərəkət edən vaxt o cibində gəzdirdiyi narkotik vasitə olan qurudulmuş marixuananı özü çəkmək məqsədilə rızlaya doldurmağa başlamışdır. O, həmin üzərində olan narkotik vasitəni çəkmək üçün rızlaya dolduran vaxt polis əməkdaşları onların avtomobilinə işarə verib maşını saxlatmışlar. Polis əməkdaşları onların avtomobilinə yaxınlaşıb özlərini təqdim edib və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində və saxlamağında şübhəli olduğunu bildirmişlər. O, avtomobildən yerə düşəndə polis əməkdaşları əlində olan narkotik vasitə olan marixuananı görüb soruşmuşlar ki, bu nədir, o də onlara bildirmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadır, özü istifadə etmək üçün hazırlayır. Onlar ona narkotik vasitə gəzdirməyində və istifadə etməyində ondan şübhələndiklərini bildirmişlər və onu xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. O, onlara etiraz etməmiş, onlar onu Şahid4 məxsus “Kia-rio” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Tovuz rayon PŞ-nə gətirmişlər. Tovuz rayon PŞ-də ona izah edilmişdir ki, narkotik vasitə saxlayıb gəzdirməkdə şübhəlidir ona görə gətirilmişdir, üstünə və avtomobilə baxış keçiriləcəkdir. Polis şöbəsində ona vəkillərin siyahısı təqdim olunmuş və onun istəyinə uyğun olaraq Tovuz rayon vəkil bürosunun vəkili X1 onun müdafiəçisi qismində dəvət olunmuşdur. Bundan sonra baş təhqiqatçı Fikrət Mehrəliyev vəkilinin iştirakı ilə onun üzərində və avtomobildə axtarış tədbirlərinin keçiriləcəyini elan etmişdir. Daha sonra polis əməkdaşları onun üzərində əldə edilməsi saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşlar. O, özü əynində olan qara rəngli idman şalvarının sağ yan cibində narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu bildirmişdir. Bundan sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış və idman şalvarının sağ cibində özü istifadə etmək üçün saxladığı 1 ədəd kağıza bükülü narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edib götürmüşlər. O, onlara bildirmişdir ki, həmin üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin marixuananı o Ağstafa rayonu ilə Tovuz rayonunun sərhəddində yolun kənarında bitmiş narkotik tərkibli çətənə kollarından yığıb özü istifadə etmək üçün qurudub üzərində saxlamışdır. Həmin özü təqdim etdiyi bir ədəd kağıza bükülünün içərisinə vəkilinin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirmişlər və bükülünün içərisində olan kütlənin kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşlər. Həmin narkotik vasitə olan marixuana əczaçı tərəzisində çəkilmiş, bükülü ilə birlikdə ümumi çəkisi 1,52 qram olmuşdur. Bundan sonra onun və Şahid4 iştirakı ilə Şahid4 məxsus “Kia-rio” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Şahid4 ona məxsus avtomobilə baxış keçirilməsinə etirazının olub olmaması soruşulmuş, Şahid4 heç bir etirazınının olmadını bildirmiş və bu barədə ərizə yazdıqdan sonra onun Şahid4 götürüb sürdüyü, polis əməkdaşları onları polis şöbəsinə dəvət edən zaman içərisində sərnişin kimi əyləşdiyi “Kia-rio” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilə onun, vəkilinin, Şahid4 və polis əməkdaşlarının iştirakları ilə baxış və axtarış keçirilmişdir. Baxış və axtarış keçirilməzdən əvvəl ona avtomobildə qanunla saxlanılması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. O, özü bildirmişdir ki, avtomobilin salonundakı “qəpik qabı” adlanan cibliyində saxlanılması və daşınması qanunla qadağan olunmuş narkotik vasitə olan qurudulmuş marixuana var. Bundan sonra onun vəkilinin və polis əməkdaşlarının iştirakları ilə avtomobilə baxış keçirilmiş və baxış zamanı “Kia-rio” markalı, ** CX *** dövlət qeydiyyat nişanlıavtomobilin salonundakı “qəpik qabı” adlanan avtomobilin cibliyindən ağ kağıza bükülmüş vəziyyətdə olan yaşıl rəngli kəskin iyli kütlə narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilmişdir. O, bildirmişdir ki, həmin avtomobilin cibliyindən aşkar edilmiş kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin narkotik vasitə olan qurudulmuş marixuananı o Ağstafa rayonun Tovuz rayonu ilə sərhəd olan ərazisindən yığıb özü istifadə etmək üçün qurudub bir hissəsini üzərində bir hissəsini isə idarə etdiyi “Kia-rio” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı “qəpik qabı” adlanan cibliyində saxlamışdır. Həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə qurudub saxlamış və özü istifadə etmişdir. Onun üzərindən və “Kia-rio” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana vəkilinin, polis əməkdaşlarının iştirakı ilə kağız zərflərə qoyulub qablaşdırılmış və zərflərin ağzı möhürlənmişdir. Zərflərin üstü isə onun şəxsi axtarışda iştirak edən polis əməkdaşları tərəfindən imzalanmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis əməkdaşları tərəfindən video çəkiliş aparılmışdır. Bu barədə təhqiqatçı Fikrət Mehrəliyev tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, protokol doğru tərtib edildiyi üçün o və digər iştirakçılar imza etmişlər. Bir daha bildirir ki, o özü narkotik vasitə qəbul edir, həmin üzərindən və tanışı Şahid4 məxsus olan “Kia-rio” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı o özü istifadə etmək məqsədilə yığıb qurudub üstündə və idarə etdiyi Şahid4 məxsus “Kia-rio” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı “qəpik qabı adlanan” yerdə saxlamış, həmin narkotik vasitəni avtomobildə saxlamağı barədə Şahid4 bildirməmişdir. Çünki yuxarıda da qeyd etdiyi kimi o özü uzun müddətdir ki, narkotik vasitə qəbul edir. Həmin üzərindən və idarə etdiyi avtomobildə saxladığı yerdən aşkar edilmiş narkotik vasitənidə o özü istifadə etmək üçün yığıb qurutmuş, o həmin narkotik vasitəni heç kimə satmamış, heç kimə satmaq məqsədi olmamışdır. Avtomobilin salonunda olan “qəpik qabı” adlanan yerə narkotik vasitə qoymağı barədə Şahid4 heç nə deməmiş, polis əməkdaşları həmin narkotik vasitəni aşkar edib götürən zaman avtomobilində narkotik vasitənin olmasını bilmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hal hazırda Tovuz rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz şəhəri M.Zeynalov küçəsində yerləşən avtomobil təlimi məktəbinin yataqxanasında yaşayan əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs ilə heç bir qohumluq əlaqəsi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, saxlamaqda, üzərində gəzdirməkdə şübhəli olması barədə ona məlumatlar daxil olmuşdur. Buna görə də o, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və daşıması barədə soraqlaşma təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Qəbul etdiyi qərar RPŞ-nin rəisi tərəfindən təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Tovuz şəhərində Şahid4 məxsus “Kia-rio” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəzməsi barədə ona məlumat daxil olmuşdur. Onun saxlanılması məqsədilə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid3 Tahir oğlu və CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs “Xatınlı döngəsi” adlanan yerdə Tovuz Gömrük İdarəsinin yaxınlığında Şahid4 idarə etdiyi “Kia-rio” markalı **-CX-*** dövlət qeydiyyat nömrə avtomobildə müəyyən edərək həmin avtomobili saxladıb özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əlində rızla və narkotik vasitəyə bənzər kütlə olmuş, sonuncu onları görən kimi dərhal həmin əlindəki rızlanı və narkotik vasitəyə oxşar kütləni əynində olan idman şalvarının yan cibinə qoymuşdur. Onlar Vasifdən onları görəndə cibinə qoyduğu əşyanın nə olduğunu soruşduqda o özü onlara bildirmişdir ki, həmin cibinə qoyduğu narkotik vasitə olan qurudulmuş marixuana ilə rızladır, həmin narkotik vasitəni çəkmək məqsədilə rızlaya doldurmaq istəmişdir. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində ondan şübhələndiklərini bildirərək ona avtomobillə birlikdə Tovuz RPŞ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, Şahid4 də avtomobilin Tovuz RPŞ-nə aparılmasına etiraz etməmiş və onları “Kiario” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Tovuz rayon PŞ-nə gətirmişlər. Tovuz RPŞ- Təqsirləndirilən şəxs üzərində və sərnişini olduğu avtomobildə narkotik vasitə gəzdirməsində şübhəli olması barədə raportla rəisə məruzə etmişdir. Təqsirləndirilən şəxs üzərinə və Şahid4 idarə etdiyi “Kia-rio” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə şəxsi axtarış və baxış keçirilərək qanuni tədbir görülməsi RPŞnin təhqiqat bölməsinin, baş təhqiqatçısı polis mayoru Fikrət Mehraliyevə həvalə olunmuşdur. Baş təhqiqatçı Fikrət Mehralıyev tərəfindən müvafiq sənədləşdirmə aparılaraq Təqsirləndirilən şəxs öz istədiyi müdafiəçi X1 ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair qərar onun və müdafiəçi Süleyman Əliyevin iştirakı ilə oxunub onlara elan edilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılmazdan əvvəl ona üstündə əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan olunan hər hansı bir əşyanın olub olmaması soruşulmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərində Tovuz rayonunun Ağstafa rayonu ilə sərhəddindən yolun kənarından yığıb özü istifadə etmək üçün qurudub saxladığı narkotik vasitə olan qurudulmuş marixuana var. Bundan sonra vəkil Süleyman Əliyevin yanında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının qabaq sağ yan cibindən ağ rəngli kağız bükülü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ rəngli kağız parçası açılıb içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyili, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun əynində olan idman şalvarının qabaq sağ cibindən aşkar edilərək götürülmüş ağ rəngli kağıza bükülmüş vəziyyətdə olan kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin marixuananı o bir ay bundan əvvəl Ağstafa rayonun girəcəyindən yolun kənarından tapıb özü istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vastəyə oxşar kütlə əczaçı tərəzisində çəkilmişdir. Həmin kütlə kağız parçası ilə birlikdə ümumi çəkisi 1,52 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı video çəkiliş aparılmışdır. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlə kağız parçası ilə birlikdə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı bağlanaraq Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənmiş və zərfin üstü Təqsirləndirilən şəxs, vəkili Süleyman Əliyevin, iştirakçı polis əməkdaşı Şahid2, Şahid3 və onun tərəfindən imzalandıqdan sonra baş təhqiqatçı Fikrət Mehrəliyev tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bu barədə baş təhqiqatçı Fikrət Mehrəliyev tərəfindən protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs, vəkili Süleyman Əliyev və iştirakçılar tərəfindən heç bir etiraz daxil olmamışdır. Daha sonra Şahid4 onun idarə etdiyi “Kia-rio” markalı **-SX-*** dövlət qeydiyyat nömrə avtomobilə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Şahid4 ona məxsus avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və ona məxsus “Kia-rio” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazı olmamış və bu barədə ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi Şahid4 idarə etdiyi “Kia-rio” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobildə əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs “Kia-rio” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı “qəpik qabı” adlanan cibliyində saxlanılması və daşınması qanunla qadağan olunmuş narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Baxış zamanı Şahid4 idarə etdiyi “Kia-rio” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda “qəpik qabı” adlanan cibliyində bir ədəd ağ kağız parçasına bükülmüş kütlə aşkar olunmuşdur. Həmin ağ kağız parçasına bükülü açılıb içərisinə baxış keçirilən zaman içərisində kəskin iyili, yaşıl rəngli, ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “Kia-rio” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlıavtomobilin salonunda “qəpik qabı” adlanan cibliyindən aşkar edilmiş ağ kağıza bükülmüş vəziyyətdə olan yaşıl rəngli kəskin iyili kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin marxuananı bir ay əvvəl Ağstafa rayonundan yol kənarından tapıb özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs sərnişin kimi əyləşdiyi, Şahid4 idarə etdiyi “Kia-rio” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və axtarış aparılan zaman aşkar edilmiş 1 ədəd ağ kağız parçasına bükülü olan kütlə əczaçı tərəzisində çəkilmişdir. Həmin kütlə kağız parçası ilə birlikdə 6,73 qram olmuşdur. Həmin kütlə kağız parçası ilə birlikdə bir ədəd zərfə qoyulub qablaşdırılmışdır, zərfin üstü AR DİNnin 177 saylı möhürü ilə möhürlənmiş, zərfin üstü Təqsirləndirilən şəxs, vəkili Süleyman Əliyev və iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Avtomobilə baxış, axtarış və götürmənin aparılması zamanı videoçəkiliş aparılmışdır, bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol doğru tərtib olunduğu üçün heç bir etiraz daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 da ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 13:15-də Tovuz rayon polis şöbəsinin inzibati binasında şəxsi axtarış zamanı onun üzərindən kağız parçası ilə birlikdə çəkisi 1,52 qram olan narkotik vasitə - qurudulmuş marixuana əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. “Avtomobilə baxış və götürmə barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 14:20-də “Kia-rio” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılmış, axtarış zamanı avtomobilin cibliyindən kağız parçası ilə birlikdə çəkisi 6,93 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 16/1272 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kəskin iyli yaşıl rəngli kütləni qablaşdırdı” yazı və imzalar olan kağız paketdəki ,1 ədəd kağız bükümdə tütünlə birlikdə ümumi təmiz çəkisi 1,09 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 1,04 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs səmişin qismində əyləşdiyi KİA-RİO markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəpik yeri adlanan yerindən aşkar olunaraq götürülmüş kəskin iyli yaşıl rəngli kütləni qablaşdrdı” yazı və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi 5,71qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çə kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Tovuz RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 70 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(062)-71 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(062)-93 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 09 (doqquz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5ci maddəsinə əsasən 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edimiş, azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Tovuz şəhər İcra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilmişdir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6,75 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə edib özündə saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə bir məqamı da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan azadlığının məhdudlaşdırılması cəzasının məhkəmənin qərarı ilə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi cinayətlərinin residivi kimi ağırlaşdırıcı hal hesab edilə bilməz. Çünki “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndinə əsasən islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan CM-nin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzaları məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə diqqətə çatdırır ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(062)-93 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 09 (doqquz) gün hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(062)-71/2022 saylı qərarı ilə əvəz edilən 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 7 (yeddi) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır (Cinayət Məcəlləsinin 67.4-cü maddəsi). Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2022 -ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan başqa cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 70 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ona görə də onun barəsində məcburi müalicə təyin olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut – Tovuz Rayon Polis Şöbəsində saxlanılan 6,67 qram çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və onun Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(062)-71/2022 saylı qərarı üzrə həbsdə olması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(062)-93 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 09 (doqquz) gün hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.5-ci maddəsinə əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(062)-71/2022 saylı qərarı ilə əvəz edilən 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 7 (yeddi) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 (iki) gün müddət Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(062)-71/2022 saylı qərarı üzrə həbsdə olması nəzərə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsində saxlanılan 6,67 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar