Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-45/2024 29.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs X2 və onun nümayəndəsi X3 iştirakları ilə xx.xx.1984-cü il tarixdə Tovuz rayonu Yanıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Məşədilər kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı Tovuz rayon Yanıqlı kəndində ümumi istifadədə olan bulaqdan evinə rezin boru ilə su çəkmək istəyinə mane olması səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə və baş nahiyəsinə sillə və yumruqla ardıcıl zərbələr vuraraq sonuncuya alt dodağın selikli hissəsinin sol yarısına qansızma, alt çənədə olan soldan üçüncü dişin tac hissəsinin hissəvi sınığı, hər iki said nahiyəsinin və sağ dirsək oynağının arxa səthinin sıyrıqları, sol çiyin üstü nahiyənin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən və sağ çiyin üstü və sağ bazu oynağı nahiyəsinin yumşaq toxumalarının qançır və ağrı halında əzniyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə iclasında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun qonşusudur. Firuzə ilə hər hansı düşmənçilik və ədavətləri yoxdur. Onlar dağ kəndində yaşadıqları üçün evlərinə içməli su gəlmir. Buna görə də küçələrində olan bulaq vasitəsi ilə içməli su ehtiyaclarını ödəyirlər. Həmin bulaqdan küçələrində yaşayan hər kəs istifadə edir. Bulaq qədimi bulaqdır və əzəl vaxtlardan bəri kənd əhalisi həmin bulaqdan istifadə edir. Bulaq kənd ərazisində yerləşən dərəlik ərazidə qaynayır və plastik borular vasitəsi ilə bulaqdan küçələrinə su çəkib istifadə edirlər. Firuzə və ailə üzvləri təxminən iki ildir ki, küçələrinə köçmüşlər. Həmin şəxslər köçdükləri vaxtdan bəri bulağın istifadə olunmasına problemlər yaratmışlar. Belə ki, Firuzənin əri Daşqın heç bir qonşudan icazə almadan öz təşəbbüsü ilə bulaqdan əmisi oğlunun evinə su xətti çəkmişdir. Belə olduqda onsuzda zəif gələn bulaq suyu demək olar qurumuşdur. Onlar bununla əlaqədar Daşqına bir neçə dəfə öz iradlarını bildirsələr də Daşqın onlara məhəl qoymamışdır. xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində evdə olan zaman küçədə səs-küy eşitmiş, nə hadisə baş verdiyini öyrənməkdən ötrü küçəyə çıxdıqda qonşusu Firuzənin onun əri Tanrıverdiyə daş atdığını görmüşdür. О, Firuzəyə mane olmaq üçün Firuzənin əllərinin bilək nahiyəsindən tutub onu saxlamış, Firuzə əlində olan daşları yerə atıb onun saçından tutaraq dartmışdır. О, da Firuzənin bu hərəkətlərinə əsəbləşərək əlləri ilə sonuncunun saçından tutaraq dartıb yolmağa və onu vurmağa başlamışdır. О, sillə və yumruq zərbələri ilə ardıcıl olaraq Firuzənin bədəninin müxtəlif hissələrinə, о cümlədən onun alt dodağınа, hər iki çiyinlərinə yumruq zərbələri vuraraq ona xəsarətlər yetirmişdir. Bundan sonra ətrafda olan digər qonşular onları sakitləşdirmiş, hər ikisi bir-birindən ayrılıb yaşadığı evə getmişlər. Hazırda əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğuldur. Ələkbərov Tanrıverdi qonşusudur. Tanrıverdi ilə aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Sadəcə olaraq Tanrıverdi spirtli içkilərin aludəçisidir və demək olar ki, hər gün spirtli içkilərdən qəbul edib onunla və digər qonşuları ilə mübahisə edir. Küçədə istifadə etdikləri ümumi suyun gəldiyi bulaq Tanrıverdinin yaşadığı evin qarşısında yerləşir. Həmin bulaq Tanrıverdinin şəxsi əmlakı deyil. Lakin Tanrıverdi özünü bulağın sahibi hesab edir və onlara bulaqdan normal istifadə etməyə maneçilik törətmiş və mübahisə yaratmışdır. Mübahisə zəminində ünvanlarına qarşı nalayiq və hədələyici ifadələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində o, plastik boru vasitəsi ilə həmin bulaqdan evlərinə su çəkməyə getmişdir. Bu zaman qonşusu Kəmalə də orada olmuş və Kəmalə qablarını su ilə dolduran zaman onu gözləmiş, bununla da Kəmalə qabları doldurduqdan sonra evlərinə boru vasitəsi ilə su çəkmək istəmişdir. Tanrıverdi evlərindən çölə çıxıb onlarla sözlü mübahisə etməyə başlamış, həmin şəxsin arvadı Vəsilə də ərinin yanında olmuşdur. Tanrıverdi və Vəsilə onları ələ salmağa başlamış, onlara etdikləri hərəkətə görə iradlarını bildirdikdə Tanrıverdi və Vəsilə onları söymüş, daha sonra Vəsilə onun saçından tutaraq aşağı əymiş, bundan istifadə edən Tanrıverdi boyun nahiyəsinə yumruqla bir neçə dəfə vurmuşdur. Ətrafda olan şəxslər onları ayırmış və bundan sonra hərə öz evinə getmişdir. Hazırda o, Təqsirləndirilən şəxs və onun ərindən şikayətçidir. Ona ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Məşədilər kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir və fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə qonşudurlar, Firuzə eyni zamanda əmisi oğlunun arvadıdır. Onların aralarında hər hansı bir düşmənçilik və ədavət yoxdur. xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində o, evindən çıxıb, qonşuya gedən zaman küçədə səs-küy eşidərək həmin tərəfə gəlmişdir. Səs-küy olan yerə çatdıqda Firuzənin qonşusu Tanrıverdinin arvadı Vəsilə ilə mübahisə etdiyini görmüşdür. Həmin vaxtı eltisi Kəmalədə orada olmuşdur. Tanrıverdi yaşadığı evə getdikdən sonra Firuzə Tanrıverdinin arvadı Vəsilə ilə bir-birilərinə nalayiq sözlərlə söymüşlər. Həmin vaxt Firuzə daş parçalarını yerə atıb hər iki əli ilə Vəsilənin saçından tutub dartmağa başlamışdır. Vəsilədə dava-dalaş zamanı əli ilə Firuzənin saçından tutub çəkməyə başlamışdır. Həmin dava-dalaş təxminən 10-15 dəqiqə çəkmişdir. Daha sonra Firuzə və Vəsalənin bir-birindən ayrılmadığını görüb о və eltisi Kəmalə onları ayırmaq üçün onlara yaxınlaşmışdır. Həmin vaxt о, Vəsilənin saçını Firuzənin əlindən almışdır, Kəmalə isə Firuzəni arxa tərəfindən hər iki çiynindən çəkərək Firuzəni Vəsilədən ayırmaq istəmişdir. Daha sonra isə onları bir-birindən ayrılmışlar. Ayrıldıqdan sonra Vəsilə öz yaşadığı evə getmişdir. Firuzə isə öz evlərinə getmişdir. Firuzə ilə Vəsilə arasında olan mübahisə zamanı Tanrıverdi orada olmamışdır. Tanrıverdi Firuzəni vurmamış və döyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Məşədilər kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir və fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə qonşudurlar. Onların aralarında hər hansı bir düşmənçilik və ədavət yoxdur. xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində o, su qablarını götürüb Tanrıverdinin evinin qarşısında olan bulaqdan su aparmağa getmişdir. Bu zaman qonşusu Firuzə də ondan sonra bulağın yanına gəlmişdir. Həmin vaxt su üstündə Vəsilə ilə Firuzə arasında mübahisə yaranmışdır. Mübahisə zaman hər ikisi bir-birilərinə nalayiq ifadələr işlətmiş, daha sonra qarşılıqlı olaraq saçlarından tutub dartmışlar. Bu zaman o və Zülfiyyə onları aralamışlar. Vəsilə ilə Firuzə ayrıldıqdan sonra öz evlərinə getmişlər. Firuzə ilə Vəsilə arasında olan mübahisə zamanı Tanrıverdi orada olmamışdır. Tanrıverdinin Firuzəni vurmasının və döyməsinin şahidi olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Tovuz rayonu Məşədilər kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun qonşusudur, sonuncu ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə o, bulağın yanında Şahid2 barışmaq istədiyini bildirmiş, bu zaman orada olan Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətmiş, yerdən daş götürərək ona atmış, o isə oradan qaçaraq uzaqlaşmış və evinə daxil olmuşdur. Bu zaman arvadı Təqsirləndirilən şəxs ne baş verdiyini öyrənmək üçün küçəyə çıxmışdır. Bundan sonra nə baş verdiyinin şahidi olmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” birliyi publik hüquqi şəxsin Şəmkir rayon şöbəsinin 08 iyul 2023-cü il tarixli 772 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər: alt dodağın selikli hissəsinin sol yarısına qansızma, alt çənədə soldan 3-cü dişin tac hissəsinin hissəvi sınığı, hər iki said nahiyəsinin və sağ dirsək oynağının arxa səthinin sıyrıqları, sağ çiyinüstü və sağ bazu oynağı nahiyəsinin yumşaq toxumalarının qançır və ağrı halında əzniyi, sol çiyinüstü nahiyənin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri 07 iyul 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ çiyinüstü və sağ bazu oynağı nahiyəsinin yumşaq toxumalarının qançır və ağrı halında əzniyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, alt dodağın selikli hissəsinin sol yarısına qansızma, alt çənədə soldan üçüncü dişin tac hissəsinin hissəvi sınığı, hər iki said nahiyəsinin və sağ dirsək oynağının arxa səthinin sıyrıqları, sol çiyin üstü nahiyənin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarında olan Tovuz Rayon İHB-nin Yanıqlı kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların məcmusuna obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, qeyd olunan maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-45/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-45/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver