Məhkəmə qərarları › İş №1(062)-48/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-48/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-48/2024 17.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Tovuz rayonu, Məşədilər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işsiz, Tovuz rayonu, Məşədilər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, xx.xx.2023-ci il tarixdə, saat 20 radələrində sərxoş vəziyyətdə Tovuz rayonu, Məşədilər kəndinin mərkəzi hissəsində fəaliyyət göstərən icarə müqaviləsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan “Sərxan” marketə daxil olub səs-küy salaraq, heç bir səbəb olmadan ictimai qaydanı pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik etməklə, marketin fəaliyyətini 5 dəqiqə ərzində pozmaqla ona nisyə spirtli içki (pivə) verməkdən imtina edən marketin satıcısı Tovuz rayonu, İbrahimhacılı kənd sakini Şahid2 əlindəki silah qismində istifadə olunan bir ədəd bıçaqdan istifadə edib, yəni bıçağı əlində nümayiş etdirməklə zor tətbiq olunması hədəsi ilə hədələmiş, yaranmış münaqişə səbəbindən həmin vaxt hadisə yerinə gəlmiş sonuncunun dayısı Zərərçəkmiş şəxs ilə mübahisə edərək marketdə vitrində olan bəzi ərzaq məhsullarını yerə töküb dağıtmış, daha sonra küçəyə çıxaraq orada özünü ətrafda olan şəxslərin fövqündə qoyub heç bir səbəb olmadan sonuncu ilə mübahisəni davam etdirmiş və sonuncunun ünvanına nalayiq ifadələr işlətmiş, eyni zamanda Zərərçəkmiş şəxs iti uca malik əşyanın (alətin) təsirindən əmələ gəlmiş sağ əlin İV barmağının orta falanqasının iç səthinin səthi yarası və küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmiş sol ayaq pəncəsinin qançır şişkinliyi kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirib, bundan sonra küçədə qeyri-işlək vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz 200” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini işə salıb idarə etməklə qaçıraraq həmin avtomobili Tovuz-Gədəbəy avtomobil yolunun Tovuz rayonu Məşədilər kəndi ərazisindən keçən hissəsində yol kənarında yerləşən bərbərxana köşkünə vurub Zərərçəkmiş şəxs əmlakı olan “Mercedes Benz 200” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini zədələyərək ona 790 (yeddi yüz doxsan) manat, avtomobilin təmir-bərpa xərci ilə əlaqədar 570 (beş yüz yetmiş) manat, cəmi 1360 (bir min üç yüz altmış) manat məbləğində, digər zərərçəkmiş şəxs Şahid4 əmlakı olan bərbərxana köşkünü zədələyərək sonuncuya 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla, silah qismində istifadə olunan əşyadan istifadə edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi hədəsi və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 1(062)-48/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 03 oktyabr 2023-cü il tarixdə saat təxminən 20 radələrində o, Tovuz rayonu, İbrahimhacılı kəndi ərazisində fəaliyyət göstərən “Aygün” şadlıq sarayında keçirilən toy məclisindən sərxoş vəziyyətdə tək çıxaraq hazırda xatırlamadığı taksi avtomobili ilə yaşadığı Məşədilər kəndinin mərkəzi küçəsinə getmiş, həmin küçədə, yəni yerli sakinlər arasında “Dördyol” olaraq tanınan ərazidə taksi avtomobilindən düşərək “GO” içkisi almaq üçün həmkəndlisi Zərərçəkmiş şəxs məxsus “Sərxan” marketə daxil olmuşdur. O, marketə daxil olmazdan əvvəl küçədə və marketin qarşısında hər hansı bir şəxsin olub-olmadığına diqqət etməmişdir. Bundan sonra tək marketə daxil olmuş, ardınca həmin vaxt marketdə satıcı olaraq işləyən tanışı, Tovuz rayonu, İbrahimhacılı kənd sakini Şahid2 kassanın arxasında olduğunu görüb sonuncudan ona nisyə 01 ədəd “GO” içkisi verməsini tələb etmişdir. Həmin vaxt üzərində hər hansı bir bıçaq olmamış, yalnız özünə məxsus mobil telefon olmuşdur. O, Şahid2 nisyə 01 ədəd “GO” içkisi satmasını tələb etdikdə sonuncu ona çox içdiyini, hazırda sərxoş halda olduğunu bildirib verməkdən imtina etmişdir. O, Şahid2 niyə ona 01 ədəd “GO” içkisi vermək istəmədiyini soruşmuşdur. Bu zaman aralarında mübahisə yaranmış və onunla yaxalaşmışdır. Bundan 4- 5 dəqiqə sonra o, marketin qarşısında Zərərçəkmiş şəxs məxsus Mercedes markalı, **-UV- *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb marketdən küçəyə çıxmışdır. O, marketin giriş qapısından çıxıb küçəyə daxil olan anda Zərərçəkmiş şəxs da idarə etdiyi avtomobildən düşmüşdür. O, Zərərçəkmiş şəxs görən anda aralarında zarafatları olduğundan sonuncunun ünvanına küçədə nalayiq ifadə işlədərək babasının goruna nalayiq formada küçədə söymüş və sonuncudan ona niyə nisyə “GO” içkisi satmadıqlarını, əvvəllər nisyə və nağdı olmaqla hər zaman alverini Elməddinin marketindən etdiyini, indi alveri, işi yaxşı getdiyi üçün onu niyə saymadığını demişdir. Həmin vaxt ətrafda hər hansı şəxsin toplaşdığını xatırlamır. Ardınca Zərərçəkmiş şəxs ona yaxınlaşaraq “Yenə içibsənmi ?” demiş, Zərərçəkmiş şəxs həmin sözü ona bir qədər pis təsir etdiyindən o, həmin ifadəyə görə Zərərçəkmiş şəxs ağızına, üzünə küçədə söymüşdür. Həmçinin onunla tutuşmuşdur. Bundan sonra ətrafda olan hazırda dəqiq xatırlamadığı şəxslər Zərərçəkmiş şəxs onun yanından kənarlaşdırmışlar. Həmçinin Zərərçəkmiş şəxs məxsus “Mercedes” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarının üzərində olduğunu gördükdə həmin avtomobili müvəqqəti olaraq dayanaraq durduğu yerdə işə salaraq qaçırmaq qərarına gəlmişdir. Bu məqsədlə avtomobilə əyləşdikdən sonra avtomobilin mühərrikini işə salmış və idarə edərək marketin qarşısından Tovuz-Gədəbəy avtomobil yoluna daxil olmuşdur. Həmin avtomobil yoluna daxil olub üzü Qovlar şəhərinə doğru təxminən 200-250 metr məsafə qət etmişdir. Avtomobilin işıq fənərlərini işə salmağa çalışsa da bacarmamış və həmin formada da idarə etmişdir. Təxminən dördyol deyilən ərazidən üzü Qovlar şəhərinə doğru 200-250 metr məsafə qət etdikdən sonra anidən idarəetməni itirmiş, nəticədə avtomobilin sükanı əlindən çıxmış və idarə etdiyi avtomobilin ön hissəsi yolun üzü Qovlar şəhərinə doğru sağ tərəf ehtiyat hissəsində yerləşən həmkəndlisi Sara adlı qadına məxsus 01 (bir) ədəd bərbərxana köşkünə vurulmuşdur. Əlavə olaraq göstərmişdir ki, barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə iş olduğu üçün həmin hadisədən sonra heç vaxt üzərində bıçaq gəzdirməmişdir. Hadisə yerində içkili olduğu üçün hansı hərəkətlər etməsini xatırlamır. Lakin üzərində bıçaq olmadığına əmindir. Çünki evdən çıxan zaman özü ilə bıçaq götürməmişdir. Zərərçəkmiş şəxsdəki xəsarətlər aralarında olan çəkişmə zamanı baş vermişdir. Ancaq yenə də göstərir ki, bıçaqla zərərçəkmişə xəsarət yetirməmişdir. Əlində tutduğu qara rəngli düyməli mobil telefonu olmuşdur. Əməlindən peşmançılıq hissi keçirir. Odur ki, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Məşədilər kəndi ərazisində yerləşən icarə əsasında onun istifadəsində olan “Sərxan” marketi işlədir. Bəzi vaxtlar həmin marketə bacısı oğlu, Tovuz rayonu, İbrahimhacılı kənd sakini Şahid2 gələrək ona satıcı olaraq kömək edir. Təqsirləndirilən şəxsi tanıyır. Belə ki, həmin şəxs onun həmkəndlisidir. Aralarında bir həmkəndli kimi münasibətləri normal olmuş və ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində o, Tovuz rayonu, Məşədilər kəndi ərazisində yerləşən yaşadığı evdə olan zaman “Mosu” ləqəbi ilə tanıdığı həmkəndlisi mobil telefon vasitəsilə ona zəng edərək, Təqsirləndirilən şəxs sərxoş halda ona məxsus Tovuz rayonu, Məşədilər kəndi ərazisində fəaliyyət göstərən marketə daxil olaraq orada bacısı oğlu ilə dava etməsini bildirmişdir. Telefon danışıqlarından sonra o, dərhal özünə məxsus olan “Mercedes E200” markalı, **-UV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə tək Tovuz rayonu, Məşədilər kənd ərazisində yerləşən icarə əsasında istifadəsində olan marketə getmişdir. Mağazanın qarşısında idarə etdiyi avtomobili dayandırıb, açarını avtomobilin üzərində qoyub avtomobildən düşmüş və mağazaya daxil olmuşdur. Həmin vaxt ona məxsus avtomobilin qapıları açıq olmuşdur. O, mağazanın içərisinə daxil olduqda Təqsirləndirilən şəxs bir əli ilə onun bacısı oğlu Şahid2 boğazından tutub, bir əlinin havada olmasını görmüşdür. Mağaza da Canpolad tərəfindən dağıdılmış halda olmuşdur. Həmçinin Canpolad bacısı oğluna “səni vuraram, öldürərəm” deyirmiş. Canpoladın əlində qara əşya olduğunu görmüş və zənn etmişdir ki, bıçaqdır. Çünki, Canpoladın əvvəl də bıçaqla cinayət hadisəsi olmuşdur. Ona görə Canpoladı marketdən qucaqlayaraq çölə çıxarmışdır. Bu zaman isə onunla itələşmişdir. Xəsarət ola bilsin elə itlələşmədən yaranmışdır. Canpoladın əlində bıçaq olmasını dəqiq görməmişdir. Qara rəngli əşyanın arxa hissəsini görmüşdür yalnız. Daha sonra isə oraya yığışan kənd camaatı onu Canpoladdan uzaqlaşdırmışlar. Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verən zamanda bıçaqla bağlı hər hansı fikir söyləməmişdir. Bir nəfər şəxsin mağazanı dağıtmasını bildirmişdir. Tovuz rayon Polis şöbəsinə yazılmış ərizə isə yalnız onun tərəfindən imzalanmışdır. Bütöv yazı ona məxsus deyildir. Həmçinin ərizə təqdim edərək göstərmişdir ki, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş maddi ziyan tam ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs digər həmkəndlisi Zərərçəkmiş şəxs məxsus “Mercedes E200” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saat təxminən 21 radələrində ona məxsus, yaşadığı evin qarşısında, yəni Gədəbəy-Saratovka avtomobil yolunun Tovuz rayonu, Məşədilər kəndi ərazisindən keçən hissəsində yolun üzü Qovlar şəhərinə doğru sağ tərəf ehtiyyat hissəsində yerləşən bərbərxana köşkünə vuraraq hadisə törətmişdir. Həmin bərbərxana köşkü olan tikilinin mülkiyyət hüququnun ona məxsusdur. Baş vermiş hadisədən sonra təqsirləndirilən şəxs ona dəymiş 300 manat məbləğində maddi ziyanı tam ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid2 Əli oğlu verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında əvvəllər ədavətləri olmamışdır. O, boş vaxtlarında dayısı Zərərçəkmiş şəxs Tovuz rayonu Məşədilər kənd ərazisində yerləşən “Sərxan” marketinə gedərək, dayısı Zərərçəkmiş şəxs satıcı olaraq kömək etmişdir. Əvvəllər Təqsirləndirilən şəxs bir neçə dəfə Tovuz rayonu, Məşədilər kənd ərazisində yerləşən dayısına məxsus marketə gələrək nisyə və bəzən nağd olmaqla alver etmişdir. 03 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində o, Tovuz rayonu, Məşədilər kənd ərazisində yerləşən dayısı Zərərçəkmiş şəxs məxsus marketdə tək olan zaman Təqsirləndirilən şəxs tək və sərxoş vəziyyətdə həmin marketə gələrək ondan 01 ədəd nisyə spirtli içki satmağını tələb etmişdir. O, isə market sahibi, dayısı Zərərçəkmiş şəxs nisyə məhsul satılmasına icazə vermədiyini bildirmiş, bundan sonra Canpolad Xanmirzəzyev bir əli ilə onun yaxa hissəsindən tutaraq onu marketdə olan ərzaq malları istiqamətində itələmişdir. Bu zaman oradakı soklar və s. dağılmışdır. Canpolad bu zaman onu nalayiq sözlərlə də təhqir etmiş, habelə hədələmişdir. Həmin vaxt mağazanın qarşısında olan Şahid1 dayısı Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə zəng edərək, Təqsirləndirilən şəxs mağazaya gəldiyini və mağazanı dağıtdığını bildirmişdir. Qısa vaxtda dayısı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə mağazanın qarşısına gəlib idarə etdiyi avtomobili mağazanın qarşısında saxlayıb avtomobildən düşmüş və mağazaya daxil olmuşdur. Ardınca Təqsirləndirilən şəxs tutaraq marketdən küçəyə çıxartmışdır. Bu vaxt Canpolad dayısı ilə itələşmişdir. Oraya gələn şəxslər dayısını Canpolad Mirzəyevdən kənarlaşdırmışlar. Canpoladın əlində bıçaq olduğunu dəqiq görməmişdir. Sadəcə ehtimal eləmişdir ki, onun əlində bıçaq vardır. Əlində qara cisim olduğunu görmüşdür. Sonradan bilmişdir ki, Canpoladın əlindəki telefon olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onun həmin şəxslə münasibəti normal olmuş, aralarında ədavətləri olmamışdır. 03 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Tovuz rayonu Məşədilər kənd ərazisində yerləşən, həmkəndlisi Zərərçəkmiş şəxs məxsus “Sərxan” marketin yaxınlığında olan zaman marketdən səs-küy gəldiyini eşitmişdir. Oraya gələn zaman artıq aranın sakitləşməsinin şahidi olmuşdur. Ümumiyyətlə Elməddin ilə Canpoladın itələşməsini də görməmişdir. Canpolad Mirzəyevin əlində bıçaq olmasının şahidi olmamışdır. Elməddinə yaxınlaşmışdır ki, nə baş verdiyini öyrənsin. Bu zaman küçədən avtomobilin keçməsini görmüşlər, hansı ki, Elməddinə məxsus avtomobili Canpolad idarə etmişdir. Əlavə olaraq göstərdi ki, polisdə verdiyi ifadəni dəqiq oxumamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onun həmin şəxslə münasibəti normal olmuş və aralarında ədavət, düşmənçilik olmamışdır. 03 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində o, siqaret almaq məqsədilə tək, Tovuz rayonu Məşədilər kənd ərazisində fəaliyyət göstərən “Sərxan” marketə getmiş, o marketin qarşısına çatdıqda marektin içərisindən səs-küy eşitmiş və nə baş verdiyini aydınlaşdırmaq üçün marketə daxil olmaq istəmişdir. Bu vaxt Canpoladın mağazaçı ilə yəni Qəzənfər ilə mübahisə etdiyini görmüşdür. Canpolad spirtli içki tələb edirmiş. Canpoladın əlində qara cisim var imiş. Ammaq bıçaq olduğunu dəqiq görməmişdir. Zənn etmişdir ki, bıçaqdır. Marketin tam içərisinə daxil olmamışdır. Mağazanın qapısı açıq olduğu üçün olanları görmüşdür. Tez mağaza sahibi Elməddinə zəng vurub çağırmışdır, qısa zamanda Elməddin gəlmişdir. Elməddin marketə daxil olub Canpoladı çölə çıxarmışdır. Canpolad onu təhqir etmiş və itələmişdir. Kənd camaatı onları aralamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onun həmin şəxslə münasibəti normal olmuş və aralarında ədavət, düşmənçilik olmamışdır. 03 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində o, Tovuz rayonu, Məşədilər kənd ərazisində yerləşən yaşadığı evə gedən zaman qeyd olunan kənd ərazisində yerləşən Məşədilər kənd sakini Zərərçəkmiş şəxs məxsus “Sərxan” marketin qarşısında Təqsirləndirilən şəxs sərxoş halda olduğunu və Zərərçəkmiş şəxsla sözlü mübahisə etdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs əlini göydə yumulu vəziyyətdə tutaraq Elməddini nalayiq ifadələrlə təhqir etdiyini görmüşdür. Onlara yaxınlaşıb aralamaq istəyəndə Canpolad onun sağ göz nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Canpoladın əlində bıçaq görməmişdir. Ola bilsin əlində onun nəsə olmuşdur, amma dəqiqliklə bıçaq olduğunun şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 221.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Eyni zamanda barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işi vardır. Cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və patoloji anatomiya birliyi” X2 04 oktyabr 2023-cü il tarixli, 797 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağ əlin İV barmağının orta falanqasının iç səthinin səthi yarası iti uca malik əşyanın (alətin) təsirindən, sol ayaq pəncəsinin qançır şişkinliyi isə küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni sağ əlin İV barmağının orta falanqasının iç səthinin səthi yarası iti uca malik əşyanın (alətin) eləcə də bıçağın tiyəsinin uc hissəsinin təsirindən, sol ayaq pəncəsinin alt səthinin qançır-şişkinliyi isə Zərərçəkmiş şəxs ayağının yerin bərk səthinə vurması nəticəsində əmələ gələ bilməsi istisna edilmir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə əməlin tövsifi ilə bağlı diqqətə çatdırır ki, istintaq orqanı tərəfindən şəxsin əməli Cinayə Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi bu şəxsin qeyd edilən maddə ilə cinayət məsuliyətinə cəlb edilməsinə səbəb olur. Cinayət Məcəlləsinin 221.2-ci maddəsinə görə eyni əməllərin, yəni həmin Məcəllənin 221.1-ci maddəsində təsbit edilmiş xuliqanlıq əməllərinin bir qrup şəxs və ya təkrar törədilməsinə, habelə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 221.3-cü maddəsində isə Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Bu maddənin məzmunundan görünür ki, şəxsin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməli olması haqqında nəticəyə gəlmək, yəni törədilmiş əməlin göstərilən maddə ilə tövsif edilməsi üçün aşağıdakı üç halın birgə mövcudluğu müəyyən edilməlidir: əməlin xuliqanlıq cinayətinin əlamətlərini özündə ehtiva etməsi (CM-in 221.1-ci maddəsi), yaxud xuliqanlığın tövsifedici əlamətlərlə törədilməsi (CM-in 221.2-ci maddəsi); belə əməllərin törədilməsi zamanı silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməsi; şəxsin ikinci bənddə göstərilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsi, yaxud özgənin əmlakını məhv etməsi və ya zədələməsi; Cinayət Məcəlləsinin 221.3-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərər çəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşaiyət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərər çəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər, və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək olsun. Əks təqdirdə, yəni yuxarıda göstərilən üç haldan birinin müəyyən edilməməsi törədilmiş əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsinə əsas vermir. Belə olan halda, xuliqanlığın törədilməsi zamanı təqsirkar şəxsin silah və ya silah qismində istifadə olunan əşyaları yalnız nümayiş etdirməsi, yaxud həmin əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə hədə-qorxu gəlməsi, yaxud onun silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsinin və ya özgənin əmlakının məhv etməsinin və ya zədələməsinin qarşısının başqa şəxslər tərəfindən alınması, habelə qeyd edilən əşyaları tətbiq etmiş şəxsin onun iradəsindən asılı olmayan digər səbəblərdən zərər çəkmişə şəxsə zor tətbiq edə, əmlakı zədəyə və ya məhv edə bilməməsi hallarında əməl CM-in 221.3-cü maddəsi ilə deyil, işin hallarından asılı olaraq Cinayət Məcəlləsinin 221.1 və 221.2-ci maddəsi ilə tövsif edilir. Göründüyü kimi şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərər çəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir. Əks halda şəxsin əməli CM-in 221.3-cü maddəsi ilə tövsif edilə bilməz. İstintaq orqanı ittiham irəli sürərkən göstərmişdir ki, təqsirləndirilən şəxs silah qismində istifadə olunan bir ədəd bıçaqdan istifadə etmişdir. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında xüsusi qiymət vermişdir. X1 Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, CM-in 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Eyni zamanda, silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin CM-in 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Qərarda daha sonra göstərilmişdir ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Hazırki işin müəyyən olunmuş hallarına, eləcə də dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin və təqsirləndirilən şəxsin ifadələrinə əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq hərəkətləri olsa da, o, bu əməli törədərkən silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməmişdir. Belə ki, dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən görünür ki, onlar heç biri Təqsirləndirilən şəxs əlində silah və ya silah qismində istifadə edilən əşyanı – yəni bıçağı görməmişlər. Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərmişdir ki, «Canpoladın əlində bıçaq olmasını dəqiq görməmişdir. Qara rəngli əşyanın arxa hissəsini görmüşdür yalnız. Canpoladın əlində qara əşya olduğunu görmüş və zənn etmişdir ki, bıçaqdır. Çünki, Canpoladın əvvəl də bıçaqla cinayət hadisəsi olmuşdur.» Həmçinin işdə olan üzləşdirmə istintaq hərəkətinin protokolundan (iş materialları səhifə 148-149) görünür ki, Zərərçəkmiş şəxs qeyd etmişdir ki, «Canpoladın əlində olan əşyanın yalnız arxa hissəsini görmüş, kəsici və orta hissəsini görməmişdir. Dəqiq bıçaq olduğundan əmin deyildir.» Marketin içərisində olmuş satıcı - Şahid2 Əli oğlu məhkəmə iclasında göstərmişdir ki, «Canpoladın əlində bıçaq olduğunu dəqiq görməmişdir. Sadəcə ehtimal eləmişdir ki, onun əlində bıçaq vardır. Əlində qara cisim olduğunu görmüşdür. Sonradan bilmişdir ki, Canpoladın əlindəki telefon olmuşdur.» Həmçinin işdə olan üzləşdirmə istintaq hərəkətinin protokolundan (iş materialları səhifə 146-147) görünür ki, Şahid2 Əli oğlu qeyd etmişdir ki, «Canpoladın əlində olan əşyanın yalnız arxa hissəsini görmüş, kəsici və orta hissəsini görməmişdir. Dəqiq bıçaq olduğundan əmin deyildir.» Mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq zərərçəkmiş şəxsi hadisə yerinə çağırmış Şahid1 məhkəmə iclasında göstərmişdir ki, «Canpoladın əlində qara cisim var imiş. Ammaq bıçaq olduğunu görməmişdir. Zənn etmişdir ki, bıçaqdır. » Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, «Zərərçəkmiş şəxs məxsus “Sərxan” marketin yaxınlığında olan zaman marketdən səs-küy gəldiyini eşitmişdir. Oraya gələn zaman artıq aranın sakitləşməsinin şahidi olmuşdur. Ümumiyyətlə Elməddin ilə Canpoladın itələşməsini də görməmişdir. Canpolad Mirzəyevin əlində bıçaq olmasının şahidi olmamışdır.» Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs sərxoş halda Zərərçəkmiş şəxsla sözlü mübahisə etdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs əlini göydə yumulu vəziyyətdə tutaraq Elməddini nalayiq ifadələrlə təhqir etdiyini görmüşdür. Onlara yaxınlaşıb aralamaq istəyəndə Canpolad onun sağ göz nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Canpoladın əlində bıçaq görməmişdir. Ola bilsin əlində onun nəsə olmuşdur, amma dəqiqliklə bıçaq olduğunun şahidi olmamışdır.» Dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, habelə, mövcud iş materiallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə törətməsi heç bir mötəbər sübutla sübuta yetirilmir. Belə ki, dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs əlində bıçaq görməmişlər. Bıçaq olduğunu zənn etmişlər. Bir sözlə təqsirləndirilən şəxsin əlində bıçaq olması nəticəsinə gəlinməsi ehtimallardan ibarətdir və hər hansı bir mötəbər sübuta əsaslanmamışdır. Yuxarıda təsvir olunan sübutları məcmu şəklində qiymətləndirərək məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittihamı mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə ki, ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülərkən iş materiallarında olan sübutlar birbiri ilə əlaqəli şəkildə təhlil edilməmiş, gəlinmiş nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarının tələblərinə uyğun olmamışdır. Avropa İnsan hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə 29 sentyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha umumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarın 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPMin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbera, Messegue və Habardo İspaniyaya qarşı» iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. «Hoanq Fransaya qarşı» işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan sübutların məcmusu ilə sübuta yetirilmir. Belə ki, onun silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə hazırki cinayət əməlini törətməsinə dair iş materiallarında ittiham tərəfinin heç bir sübutu yoxdur. Cinayət Prosessual Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Cinayət Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul olunur. Məhkəmə diqqətə çatdırır ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən silah və ya silah qismində istifadə edilən əşyanı tətbiq etməsi ümumiyyətlə iş materiallarında olan heç bir mötəbər sübutla təsdiq olunmur və həmin hal da işin şübhəli və mübahisəli halıdır. Cinayət Prosessual Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə, məhkəmə bu qənaətdədir ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsinən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərar). Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Belə ki, iş materialları ilə tam sübut edilir ki, Təqsirləndirilən şəxs xuliqanlıq cinayət əməlini, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri törətmişdir. Bu da işin mübahisəsiz və tam sübuta yetirilmiş halıdır ki, istər ittiham, istərsə də müdafiə tərəfi bunu mübahisələndirmir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Zor tətbiq etmə ilə hədələmə dedikdə isə, zərərçəkmiş şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla, onun şüuruna və iradəsinə psixi təsir göstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə, sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və s. ilə qorxuda bilər. Hədənin icra ediləcəyi üçün real əsaslar olmadıqda, qeyd olunan hərəkətlərdə Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin zərərçəkəni öldürməklə və ya sağlamlığına ağır zərərvurma ilə hədələməsinə görə əməlinin əlavə olaraq, Cinayət Məcəlləsinin 134-cü maddəsilə tövsüf edilməsinə ehtiyac qalmır. Əmlakı məhv etmək dedikdə, mülkiyyət formasından asılı olmayaraq, əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə, ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, habelə himayəsində azyaşlı uşaqların olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə maddi sübut – Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz 200” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Şahid4 dəymiş maddi ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində olan «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz 200” minik markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Şahid4 dəymiş maddi ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar