Məhkəmə qərarları › İş №1(062)-49/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-49/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-49/2023 25.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə 25 aprel 2023-cü il tarixdə, Tovuz şəhərində xx.xx.1977-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz şəhəri Vaqif küçəsi ev 4 mənzil 10-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01(bir) ədəd qara rəngli sellofan torbaya bükülmüş təmiz çəkisi 35,13 qram narkotik tərkibli maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranı, 01(bir) ədəd göy rəngli sellofan bükümdə isə təmiz çəkisi 355 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 29 yanvar 2023cü il tarixdə üzərində saxlamış, həmin tarixdə saat 11:30 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayon Semzavod qəsəbəsində saxlanılaraq Tovuz rayon polis şöbəsinə dəvət olunmuş və Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə saat 11:45-dən 12:20-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı bir ədəd qara rəngli sellofan torbaya bükülmüş təmiz çəkisi 35,13 qram narkotik tərkibli maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranı əynindəki boz rəngli şalvarın sağ yan cibindən, 01(bir) ədəd göy rəngli sellofan bükümdə isə təmiz çəkisi 355 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana isə əynində olan boz rəngli qış gödəkcəsinin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, özü rəsmi olaraq heç bir yerdə işləmir, fəhləçilik ilə məşğul olur. Narkotik vasitə audəçisidir. Müxtəlif növ narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə təxminən bir ay əvvəl istifadə etmişdir. Həmin vaxtda istifadə etdiyi narkotik vasitə olan marixuananı Tovuz şəhər Semzavod qəsəbəsində yolun kənarından tapıb istifadə etmişdir. Belə ki, həmin vaxt yəni bir ay əvvəl qeyd olunan yerdə yəni Tovuz şəhər Semzavod qəsəbəsində yolun kənarı ilə gedən zaman yerdə iki ədəd biri göy rəngli, digəri isə qara rəngli sellofan bükülü görüb yerdən götürdüyünü, göy rəngli sellofan bükülünü açıb baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, digər qara rəngli sellofan bükülünü açıb baxan zaman isə içərisində həşiş qətranı olduğunu görüb. Daha sonra ətrafa baxıb və ətrafda heç kəsin olmadığını görüb həmin narkotik vasitə olan marixuana və həşiş qətranını əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoyaraq özü istifadə etmək məqsədilə götürüb. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində yaşadığı Tovuz rayon Semzavod qəsəbəsində olan zaman 3 nəfər mülki geyimdə olan şəxsin ona yaxınlaşdığını və özlərini Tovuz RPŞ-nin əməkdaşı kimi təqdim etdilər. Ardı ilə də üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğum üçün onlarla birlikdə Tovuz RPŞ-yə getməli olduğunu bildirdilər, o da polislərlə birlikdə Tovuz RPŞ-yə getməyə razılıq vermişdir. Tovuz RPŞ-nin inzibati binasının birinci mərtəbəsində olarkən özünü ona Tovuz RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı kimi təqdim edən Məhərrəm Məmmədov üzərində narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirib hüquqlarını izah etmişdir. Bundan sonra Məhərrəm Məmmədov üzərində şəxsi axtarış aparacağını bildirmiş və axtarış aparılmazdan əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olduğunu ona demişdir. Hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O da həmin siyahının içərisindən vəkil seçmişdir. Tovuz RPŞ-nin inzibati binasında ona təqdim edilmiş vəkilin və onu Tovuz RPŞ-yə gətirmiş 3 nəfər mülki geyimdəki polis işçilərinin iştirakı ilə, video-çəkilişdən də istifadə edilməklə şəxsi axtarış istintaq hərəkəti aparılmasına başlanmışdır. Barəsində şəxsi axtarış aparılmamışdan öncə üzərindəki narkotik vasitəni əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə olan həşiş qətranı olan qara rəngli sellofan bükülünü və əynində olan boz rəngli qış gödəkçəsinin içərisində göy rəngli sellofan bükümdə narkotik maddə olan marixuananı isə çıxarıb təhqiqatçıya təqdim etmişdir. Daha sonra isə göy rəngli sellofan bükülü açılaraq onun içərisindəki kütələyə baxış keçirilmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə elektron tərəzidə çəkilmişdir. Həmin narkotik vasitə olan marixuana sellofan büküm ilə birlikdə çəkisi ümumilikdə 365 qram, digər narkotik vasitə olan həşiş qətranı sellofan büküm ilə birlikdə 36,21 qram təşkil etmişdir. Narkotik vasitəni yalnız özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra isə həmin kütlələr ekspertiza təyin edilməsi məqsədilə iki ədəd kağız zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı isə möhürləndikdən sonra tərtib edilmiş müvafiq protokola və həmin kağız zərfin üzərinə bütün iştirakçılar imza etmişlər. Törətdiyi əməldən peşmandır. Hazırda əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət işi üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 29 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında Tovuz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Tovuz RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. 29 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Tovuz şəhəri Semzavod qəsəbəsində saxlanılmış, ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə onlarla birlikdə Tovuz RPŞ-yə getməli olduğunu bildirilmiş, sonuncu onlarla birlikdə RPŞ-yə getmişdir. Tovuz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı X1 tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah olunmuş, onun barəsində şəxsi axtarış aparılmazdan əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmuş, onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşulmuş, Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində belə bir əşya olduğunu bildirdi. Belə ki, o, üzərində “marixuana” və “həşiş” adlanan narkotik vasitə olduğunu bildirib, boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümdə olan həşiş qətranını və əynində olan boz rəngli qış gödəkcəsinin iç döş cibindən isə göy rəngli sellofan bükümdə olan narkotik vasitə olan marixuananı çıxarıb təhqiqatçı Məhərrəm Məmmədova təqdim etdi. Həmin qara rəngli sellofan bükülüdə olan kütlə və göy rəngli sellofan bükümdə olan kütlə təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən götürülmüşdür. Qara rəngli sellofan bükülü açılaraq içərisinə baxış keçirilməyə başlanmışdır. Qeyd olunan sellofan bükülüyə baxış zamanı müəyyən edildi ki, həmin qara rəngli kütlə ilkin görünüşdən narkotik vasitə olan həşişə, göy rəngli sellofan bükümdə olan narkotik vasitə marixuanaya bənzər kütlədir. Sorğu zamanı Təqsirləndirilən şəxs şifahi olaraq bildirdi ki, rəngli kütlə narkotik vasitə olan həşiş, göy rəngli sellofan bükümdə olan isə narkotik vasitə marixuanadır, onun özünə məxsusdur. Həmin narkotik vasitə olan həşiş qətranı və marixuananı təxminən bir ay əvvəl Tovuz rayonu, Semzavod qəsəbəsi ərazisindən tapmışdır.Bundan sonra təhqiqatçı tərəfindən həmin iki ədəd sellofan bükülülər sellofan bükülü ilə birlikdə əczaçı tərəzisində çəkilmişdir. Qara rəngli sellofan bükülüdə olan həşiş qətranı sellofan bükülü ilə birlikdə ümumi çəkisi 36,21 qram, göy rəngli sellofan bükülüdə olan marixuana isə sellofan bükülü ilə birlikdə 365 qram olmuşdur. Daha sonra həmin kütlələr ayrı-ayrılıqda təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən gələcəkdə ekspertizaya təqdim edilməsi üçün götürülərək zərfə qoyulub zərfin ağzı bağlanmış, zərfin üzərinə Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü vurulmuş və həmin zərfin üzərinə bütün iştirakçılar imza etmişlər. Şəxsi axtarış və götürmənin aparılması barədə tərtib edilən protokola da bütün iştirakçıların hamısı imza etmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimə isə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. İş üzrə Şahid2 və Şahid3 ifadəsi Şahid1 məhkəmə iclasında verdiyi ifadəsi ilə eyni məzmunludur. Cinayət işinin 35-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli 16/155 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertizanın dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil edir. Cinayət işinin 38-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli 16/156 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertizanın dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil edir. Cinayət işinin 36-cı vərəqəsində olan 30 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 16/155 saylı rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 35,13 qram olan maddə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır. Cinayət işinin 39-cu vərəqəsində olan 30 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 16/156 saylı rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd göy rəngli sellofan paketdə təmiz çəkisi 355 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İşin 74-cü vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. Cinayət işinin 83-cü vərəqəsində olan 13 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 233 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 8-ci vərəqəsində olan şübhəli şəxsi tutma haqda 29 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 54-cü vərəqəsində olan 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 70-ci vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı müəyyən edilir. Cinayət işinin 76-cı vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunduğu müəyyən olunur. İşə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2010-cu ildə Aylin adlı uşağı anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl tam sübuta yetirilir, onun bu əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdən 31 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlağın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifəlri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər. 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. Alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2023-cü il tarixli 233 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin olunmalıdır. Eyni zamanada Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədiqiqata sərf edildikdən sonra qalmış 354.98 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 34.93 qram çəkidə narkotik maddə həşiş qətranı məhv edilməlidir. Cinayət işi üzrə çəkildmiş 60 (altmış) manat 80 (səksən) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzaddan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayon ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədiqiqata sərf edildikdən sonra qalmış 354.98 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 34.93 qram çəkidə narkotik maddə həşiş qətranı məhv edilsin. Azərbaycan Respublikası CM-nin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə çəkilmiş 60 (altmış) manat 80 (səksən) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar