Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-49/2024 05.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Tovuz rayonu Əlibəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, X3 rayon şöbəsinin sədri, məhkumluğu olmayan, ali təhsilli, Tovuz rayonu Əlibəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Tovuz rayonu Yuxarı-Öysüzlü kəndində yaşamış X4 birinci qrup əlillik dərəcəsi təyin etdirəcəyi adı ilə yalan vəd verib onu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə dəqiq günü istintaqa məlum olmayan 2017-ci ilin dekabr ayında Tovuz rayonu Əlibəyli kəndində Təqsirləndirilən şəxs yaşadığı evdə 2600 (iki min altı yüz) manat, dəqiq günü istintaqa məlum olmayan 2017-ci ilin dekabr ayında Tovuz rayonu Əlibəyli kəndində Təqsirləndirilən şəxs yaşadığı evdə 3000 (üç min) manat olmaqla cəmi 5600 (beş min altı yüz) manat məbləğində pul vəsaitini alıb dələduzluq yolu ilə, yəni zərəçəkmiş şəxs X4 məxsus 5600 (beş min altı yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Tovuz rayonu Əyyublu kəndində yaşayan Zərərçəkmiş şəxs veteranlıq və əlillik təqaüdü düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə dəqiq günü istintaqa məlum olmayan 2021-ci ilin dekabr ayında Tovuz şəhəri, X12 küçəsi 18 nömrəli ünvanında yerləşən X3 rayon şöbəsinin inzibati binasında xidməti otağında 1500 (bir min beş yüz) manat, dəqiq günü istintaqa məlum olmayan 2022-ci ilin yanvar-fevral aylarında Tovuz şəhəri, X12 küçəsi 18 nömrəli ünvanında yerləşən X3 rayon şöbəsinin inzibati binasında xidməti otağında 1000 (bir min) manat, dəqiq günü istintaqa məlum olmayan 2022-ci ilin aprel ayında Tovuz şəhəri, X12 küçəsi 18 nömrəli ünvanında yerləşən X3 rayon şöbəsinin inzibati binasında xidməti otağında 300 (üç yüz) manat və dəqiq günü istintaqa məlum olmayan 2022-ci ilin aprel ayında Tovuz şəhəri, X12 küçəsi 18 nömrəli ünvanında yerləşən X3 rayon şöbəsinin inzibati binasında xidməti otağında 200 (iki yüz) manat olmaqla cəmi 3000 (üç min) manat məbləğində pul vəsaitini alıb dələduzluq yolu ilə, yəni zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 3000 (üç min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, etdiyi əməldən peşmandır. Hazırda vurulmuş bütün maddi ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxslərin ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs dəymiş ziyanın hamısını ödəmişdir. Təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, X1 onun doğma bacısıdır. X7 onun bacısı İlhamənin əri olub. Əsəd 2023-cü ilin yanvar ayında ölüb. Tovuz rayonu Əlibəyli kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur, onunla heç bir münasibəti olmamışdır. Əsəd 1-ci Qarabağ müharibəsində yaralanmısa da, özünə əlillik düzəltdirə bilmirdi. 2017-ci ilin dekabr ayında X7 dayısı X5 demişdir ki, Etibarla danışmışam o deyir ki, mənim əlillik işimi həll edə bilər, lakin pulu çox istəyir, sən ona de bizə biraz güzəşt etsin. Dayısı Qədir də ona demişdir ki, gəlin gedək birlikdə söhbət edək. 2017-ci ilin dekabr ayında gün dəqiq yadında qalmayıb onlar yəni dayısı X8, yeznəsi X7, bacısı İlhamə və mərhum anası Fəryadə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Orada Etibara demişlər ki, Əsədin əlillik pensiyasını düzəltdirə bilərsənmi, Etibar Əsədin sənədlərinə baxıb demişdir ki, mən düzəldə bilərəm. Etibar həmin işi düzəltmək üçün əvvəlcə Əsəddən 8000 manat məbləğində pul istəmişdir. Onlar ona bildirmişlər ki, həmin pulu Əsəd düzəldə bilməyəcək. Etibar demişdir ki, qurtaranı 6000 manata düzəldər. Onlar yenə ona demişlər ki, həmin pulu da Əsəd düzəldə bilməyəcək. Nəhayət Etibar mərhum yeznəsi Əsəd Mehdiyevə əlillik pensiyası düzəltmək üçün onlarla 5600 (beş min altı yüz) manata razılaşmışdır. Etibar demişdir ki, əvvəlcə 3000 manat verin işə başlayım. Əsədin üstündə cəmi 2600 manat pulu olmuşdur, o 2600 manat pulu Etibarın evində cibindən çıxarıb onların yanında sayıb Etibara vermişdir və ona demişdir ki, qalan 3000 manatı da düzəldib yaxın vaxtlarda verəcək. Etibar həmin 2600 pulu və sənədləri götürüb onlara söz vermişdir ki, Əsədin əlillik təqaüdünü yaxın vaxtda düzəldəcək. Bundan sonra onlar çıxıb getmişlər. Sonradan oeşitmişdir ki, Əsədlə bacısı İlhamə Etibara əlavə 3000 manat da pul veriblər. Lakin sonradan Etibar Əsədin işini düzəltmədiyi üçün Əsədlə İlhamə ondan pulu istəyəndə Etibar onların 3000 manatını qaytarıb özlərinə verib, ancaq 2600 manatlarını isə qaytarmayıb. Etibar onun yanında yeznəsi Əsəddən ona veteranlıq və əlillik təqaüdü düzəltmək adı ilə 5600 manat pul istəyib, Əsəddə onun yanında onunla razılaşıb və ona həmin günü onun, dayısı Qədirin, bacısı İlhamənin və mərhum anası Fəryadənin yanında Etibarın öz yaşadığı evdə 2600 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla aralarında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Tovuz rayonu Əyyublu kənd sakini Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Zərərçəkmiş şəxs da 1-ci Qarabağ müharibəsi iştirakçısı olub, ancaq veteranlıq düzəltdirə bilməyib. 2021-ci ilin dekabr ayında Vüqar işləyəndə daş üstünə aşıb qılçası sınmışdı onun qılçasını kəsmişdilər. Həmkəndliləri və tanışı Şahid3 ilə Cəfərov X2 yanına gələndə ona deyiblər ki, tanışımız var o sənə veteranlıq və əlillik düzəltdirə bilər sən ayda 1000-1500 manat pensiya alacaqsan. Bunu Vüqar ona deyəndə o əvvəlcə razı olmamış, sonra fikirləşmişdir ki, birdən Vüqar fikirləşər ki, o istəmir ki, onun işi düzəlsin. Buna görə də etiraz etməmişdir. Təxminən 2021-ci ilin sonlarında tarixi dəqiq yadında deyil o, yeznəsi Süleyman, həmkəndlisi Qasım və Rövşənlə birlikdə Tovuz şəhərinə Etibar müəllimin yanına getmişlər. Orada Etibar müəllim sənədlərə baxıb demişdir ki, kömək etmək olar, bu işə görə hardasa 2500 manat xərciniz çıxacaq. O, Etibar müəllimlə danışıb razılaşmışdır və demişdir ki, razıyıq ancaq düzəlsin həmin qiymətə yaxşıdı. Bundan sonra Etibar ona demişdir ki, 1500 manat pul verilməlidi bayram qabağıdı pul göndərməliyəm. O, da Qasımın, Rövşənin və Süleymanın yanında Etibara 1500 manat məbləğində pul vermiş, Etibar da həmin pulu alıb ona demişdir ki, işinizi düzəldəcəm. Həmin vaxtdan təxminən bir ay sonra o Şəmkir rayonunda olanda Qasım ona zəng vurub demişdir ki, Etibar müəllim deyir ki, 1000 manat pulu çatdırmalısınız. O, Tovuz rayon mərkəzi bazarında olan ona 1000 manat pul verəcəyi olan tanışı Qafqaz adlı tanışına zəng vurub demişdir ki, sən get veteranlar birliyinin sədri Etibar müəllimə 1000 manat pul ver mənim səndən alcağıma hesabla. Qafqaz aparıb həmin pulu verəndən sonra ona zəng vurub demişdir ki, pulu Etibar müəllimə verdim. O, da Qafqazdan alacağı 1000 manat pulu almamış, Etibara verdiyi pula hesablamışdır. Bundan sonra o Etibara pul verməmiş, ancaq atasıgil Etibara əlavə olaraq 5000 manat da pul vermişlər. O, Təqsirləndirilən şəxs özü 2500 manat məbləğində pul vermişdir. Ancaq Etibar qardaşı Vüqarın işini düzəltməmiş onu aldatmışdır, sonradan Vüqar ondan pulunu istəyəndə pulunuda qaytarıb verməmişdir. O, Etibara zəng vuranda o ona cavab verməmişdir. O, Təqsirləndirilən şəxs həmin pulu qardaşı Zərərçəkmiş şəxs veteranlıq və əlillik düzəltməsi üçün vermişdir, o da ona söz vermişdir ki, işi düzəldəcəm. Məhkəmə iclasında şahidlər Şahid3 və Nümayəndə İsə oğlu Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir, Zərərçəkmiş şəxsla 1998-ci ildə ailə qurmuş, birgə nikahdan üç övladları var. Vüqar onlar evlənməmişdən əvvəl 1992-ci ildə birinci Qarabağ müharibəsində yaralanmış, lakin həmin vaxt yaralanmağı ilə bağlı əlillik düzəltdirə bilməmişdir. Sonradan 2021-ci ilin oktyabr ayında Vüqar işləyəndə üstünə divar uçmuş, Vüqar uçqun altında qalmış, buna görə də onun sol qılçasını dizdən aşağıdan kəsmişlər. Vüqar xəstəxanadan çıxıb evə gələndən sonra qohumlar, qonşular hamısı onun yanına gəlirdilər. Həmin vaxt Vüqarın döyüşçü yoldaşı Şahid3 və həmkəndlisi Rövşən Vüqarın yanına gəlmişlər. Onlar Vüqarın qılçasının kəsildiyini görüb narahat olmuşlar, onlar demişlər ki, sənin üç uşağın var onları kim saxlayacaq. Orada danışmışlar ki, sənədlərin hamısını bizə ver qoy aparaq X3 rayon şöbəsinin sədri Təqsirləndirilən şəxs göstərək görək sənin işini düzəldə bilərmi. O, Vüqarın xəstəliklə və hərbidə yaralanması ilə bağlı bütün sənədləri Qasıma vermişdir. Bundan sonra X9 Vəliyevin yanına gediblər sənədləri ona veriblər. Təqsirləndirilən şəxs də Vüqarın sənədlərinə baxıb deyib ki, bunun bütün sənədləri var əlillik düzəltdirərəm. Qasım onlara gəlib Vüqara demişdir ki, Etibar sənin əlilliyini düzəltməyə söz verir ancaq deyir ki, bunun xərci var. Vüqar da onlara demişdir ki, onun pulu yoxdu, qapıda heyvanları var, heyvanları satıb verər, bircə düzəlsin. Qasım demişdir ki, sizdəndə bir iki nəfər adam getsin pulu özləri danışsın. Həmin gündən bir neçə gün sonra Qasım, Rövşən, qayını Aydın və baldızının əri Süleyman birlikdə Tovuz rayonuna getmişlər. Onlar Etibarla danışıb qayıdıb gəlmişlər, Aydın demişdir ki, Etibar işi düzəltməyə söz verir ancaq əvvəlcədən 1500 manat pul istəyir. Deyir ki, hardasa 2500-3000 manata qədər xərci var. O, deyib ki, qalan puluda mən dedikcə hissə hissə verərsiniz. Onlar da buna razılaşmışlar, qapılarında olan 40 baş xırda buynuzlu heyvanları satmışlar, həmin puldan Vüqar Aydına 1500 manat vermişdir ki, aparıb Etibara versin. Aradan bir neçə gün keçəndən sonra Aydın, Süleyman, Qasım və Rövşən birlikdə Etibarın yanına getmişlər və 1500 manat pulu ona vermişlər. Etibarda söz vermişdir ki, Vüqara əlillik penisyası düzəldəcək, hələ demişdir ki, qılçasınıda onun üstünə yazdıracaq ki, penisyası çox olsun hardasa 1000 manat penisya alacaq. Bundan bir neçə vaxt sonra Etibar Aydından 1000 manatda pul istəmişdir, Aydında bazarda işləyən tanışı ilə pulu ona göndərmişdir. Aydın gəlib onlardan həmin Etibara verdiyi 1000 manat pulu almış, demişdir ki, Etibar Vüqarın işinə görə 1000 manat pul istəmişdir o da tanışı ilə ona həmin pulu göndərmişdir. Bundan sonra təxminən 2022-ci ilin fevral aylarında Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanada işləyən həkimə göndərmək adı ilə Etibar onlardan 600 manat pul istəmişdir, Vüqarda həmin vaxt Etibarın kartına 600 manat məbləğində pul göndərmişdir. Bundan sonra Etibar demişdir ki, siz Bakı şəhərinə hərbi həkim komissiyasına getməlisən oradan keçəndən sonra işin dəqiq düzələcək. Vüqar həmkəndlisi Bahadur ilə Bakı şəhərinə getmişlər, orada hərbi həkim komissiyasından keçmişdir, həmin vaxt orada Etibarın dediyi adama Vüqar 800 manat pul vermişdir. Vüqar Bakı şəhərində həkim komissiyasından keçəndən sonra Vüqara imtina gəlmişdir. Vüqar Etibara zəng vurub demişdir ki, niyə mənə imtina gəldi, Etibar da Vüqara demişdir ki, elə şeylər olur təzədən birdə vuraq bu dəfə düzələcək. O, onlara demişdir ki, bir sənəd var həmin sənədi işin içərisinə qoysaq işin 100 faiz düzələcək. Həmin sənədi almağa görə Etibar Vüqardan 500 manat pul istəmişdir, ancaq onlara nə sənəd alacağını deməmişdir. O, qaynatası Yaqubla birlikdə əvvəlcə 300 manat pulu aparıb Tovuz şəhərində Etibarın iş otağında Etibara vermişlər. Qalan 200 manat pulu isə həmin 300 manat pulu verdikləri gündən 3-4 gün sonra o özü aparıb Tovuz şəhərində Etibarın iş otağında Təqsirləndirilən şəxs vermişdir. Lakin Təqsirləndirilən şəxs əri Vüqarın işini düzəltməmişdir, hər dəfə onları müxtəlif bəhanələrlə aldatmışdır. Sonradan Vüqara yenə imtina qərarı gələndə o Etibara zəng vurub demişdir ki, sən niyə bizim işimizi düzəltmədin Vüqara 2-ci dəfədə imtina gəldi. Etibar ona demişdir ki, yenə göndərək bu dəfə düzələcək. Lakin əri Vüqarın işi düzəlməmişdir, Etibar da onların pulunu qaytarmamışdır. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, özünə məxsus Ford Tranzit markalı avtomobillə kəndlərdən kartof məhsulu alıb bazarda satmaqla dolanır. Tovuz rayonu Əyyublu kənd sakini Şahid2 tanıyır, onunla heç bir qohumluq əlaqələri və ədavəti düşmənçiliyi yoxdur. O, Şahid2 nisyə kartof alır, sonra həmin kartofu satıb onun pulunu verir. Təxminən 2022-ci ilin aprel-may aylarında o Aydından nisyə kartof almışdır, Aydına 1000 manat pul borcu olmuşdur. Təxminən aprel-may aylarında vaxtı dəqiq xatırlamır, Aydın onun telefonuna zəng vurub demişdir ki, sən mənə borclu olduğun 1000 manat pulu apar Tovuz şəhərində univermağın yanında bir nəfərə ver. O, həmin şəxsin adını soyadını xatırlamır. Ancaq onu xatırlayır ki, o Aydına olan 1000 manat məbləğində pul borcunu həmin vaxt Aydının dediyi üçün aparıb Tovuz şəhərində Univermağın yanında bir nəfər tanımadığı hazırda üzünü xatırlamadığı şəxsə vermişdir. Sonrada Aydına zəng vurub demişdir ki, pulu həmin şəxsə çatdırdı. O, həmin pulu verdiyi şəxsi tanımır və onun üzünü xatırlamır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələr üzrə yenidən ittiham elan edilmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 311.2-ci maddələri ilə təqsirli bilinərək N il hərbi hissə komandiri vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 39-cu maddəsinə əsasən cəzası Qazax Hərbi Məhkəməsinin xx.xx.1998 il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə birləşdirilərək üzərində qəti olaraq N il vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CMnin 70 maddəsi tətbiq edilməklə davranışına nəzarət hərbi hissə komandirinə həvalə edilərək 04 il sınaq müddəti müəyyən olunmaqla şərti məhkum edilmiş və xx.xx.2010-cu ildə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 il 06 ay şərti sınaq müddəti və N il dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə xx.xx.2016-cı il tarixli hökm ləğv edilmiş və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsində qeyd olunmuşdur ki, əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi İlhamə Mehdiyeva məhkəmə iclasında bildirmişlər ki, təqsirləndirilən şəxslə barışmışlar, onlara dəymiş maddi ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbləri yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması və ziyanın ödənilməsi qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş « başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-49/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-49/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver