Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-5/2024 10.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Tovuz rayonu, Qazqulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu, Qazqulu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan 27 avqust 2022-ci il tarixdə, saat 03 radələrində X2 məxsus olmaqla etibarnamə olmadan idarə etdiyi “VAZ-21063” markalı, **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, həmin tələbə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin tələblərə əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətini davam etdirərək həmin yolda idarəetməni itirməsi nəticəsində avtomobil səkiyə çırpılmış, nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə əyləşmiş sərnişinlərdən Zərərçəkmiş şəxs qasıq və oturaq sümüklərinin sağ bud-çanaq oynağı nahiyəsində hərəkət məhdudluğu ilə müşayiət edilən sınığı kimi dərəcəsinə görə həm ümumillikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər almaqla sağlamlığına az ağır zərər vurulmasına və Şahid1 oma büzdüm sümüyünün küt travması, başın sağ gicgah nahiyəsinin sıyrılmış yarası kimi sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər almasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun avtomobil idarə etmək üçün sürücülük hüququ verən sürücülük vəsiqəsi yoxdur. Hadisə zamanı idarə etdiyi “VAZ 2106” markalı **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobil şəhid olmuş yeznəsi Pərviz Nağıyevə məxsusdur. Hazırda avtomobilin sənədləri yoxdur, Pərviz şəhid olandan sonra sənədlər itmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, hadisə olan gün ilk dəfə olaraq görmüşdür. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən “Şam bağı” adlanan otelin qarşısında idarəetməni itirərək idarə etdiyi “VAZ 2106” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə dostu Ramin adlı şəxs onu Tovuz rayonu “dondar pereyezdi” adlanan yerdə yerləşən “777” adlanan çay evinə qonaq çağırmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə saat 02 radələri olardı o, həmin kafeyə getmişdir. Raminlə masaların birində oturub çay içmişlər. Bir müddət sonra Gülşən adlı ofisiant onların əyləşdikləri masaya yaxınlaşıb oturmuşdur. Biraz oturduqdan sonra pivə içmək istədiyini bildirmişdir. Onlar da etiraz etməmişlər. Təxminən 15-20 dəqiqə bir yerdə oturmuşlar. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Raminlə o, kafedən çıxmışlar. Ramin öz maşınına o, da öz maşınına əyləşmişdir. Gülşən isə rəfiqəsi Gülü adlı qızla taksiyə əyləşmişlər. Həmin vaxt Gülşənin rəfiqəsi Gülü qeyri-rəsmi münasibətdə olduğu şəxslə mübahisə etmişdir. Sonra hər iki rəfiqə gedib taksiyə əyləşmişlər. Taksi bir az getdikdən sonra Gülünün qeyri-rəsmi yaşadığı şəxs öz avtomobili ilə həmin taksinin qarşısını kəsmişdir. Bu vaxt o, avtomobildən düşüb taksi sürücüsünə yaxınlaşıb, ona başa salmışdır ki, onlar sərxoşdurlar yola versin. Həmin vaxt Gülşən taksidən düşüb bir kənarda durmuşdur. Taksi sürücüsü sürüb uzaqlaşdıqdan sonra Gülü adlı qızın qeyri-rəsmi münasibətdə olduğu şəxs də, taksinin dalınca sürmüşdür. Bu vaxt Gülşən ondan onu evə düşürməsini istəmişdir. O, da narazılıq etməmişdir. Gülşən avtomobilə əyləşdikdən sonra ondan, rayon ərazisində yerləşən dükanların birindən özünə su və siqaret alması üçün rayona sürməsini xahiş etmişdir. O, yenə də etiraz etməmişdir. Biraz rayona tərəf gəldikdə görmüşdür ki, yolun kənarı ilə iki nəfər şəxs gedir. O, yaxınlaşdıqda onlar əl edərək ondan avtomobili saxlamağına işarə etmişlər. O, onların yanında saxladıqda onlar ondan rayon istiqamətinə gedib-getməməsini barədə soruşmuşlar. O, rayon istiqamətinə getdiyini bildirdikdə həmin şəxslər onları da aparmağını xahiş etmişlər. O, onları da avtomobilə mindirmişdir. Magistral yolda “Şam bağı” adlanan otelin qarşısı ilə üzü rayon istiqamətinə doğru hərəkət edərkən, anidən yola 2-3 dənə it çıxmışdır. O, itləri vurmamaq üçün avtomobili sağ tərəfə çəkmişdir ki, itlərin yanı ilə ötüb keçsin. Lakin itləri keçdikdən sonra görmüşdür ki, sağ tərəfdə olan səkiyə dəyəcək. Hadisədən yayınmaq üçün yenidən avtomobili sol tərəfə çəkmişdir. Bu vaxt avtomobilin arxası sürüşmüş və avtomobil əks istiqamət zolağına çıxaraq fırlanıb həmin istiqamətdə olan səkiyə çırpılaraq dayanmışdır. Hadisə zamanı avtomobilin sağ yan hissəsi əzilmişdir. Xoşbəxtlikdən avtomobildə heç kəs ciddi xəsarət almamışdır. O, sonradan avtomobilə mindirdiyi iki nəfər şəxsin köməyi ilə, avtomobili itələyib yolun kənarına çıxartmışdır. Sonra onları müayinə olunmaqları üçün, həmin vaxt hadisə zamanı yoldan keçən avtomobillərin köməkliyi ilə xəstəxanaya aparmışdır. Lakin xəstəxanada Gülşən müayinədən keçməkdən imtina etmiş və xəstəxanaya girməmişdir. Həmin iki nəfər şəxs isə müayinədən keçsələr də heç bir xəsarətləri aşkar olunmamışdır. Sonra o, Gülşəni dostunun qeyri-rəsmi yaşadığı qızın evinə aparmışdır. Gülşən gecəni orada qalmışdır. Səhər Gülşən ona zəng edərək, gəlib onu aparmağını istəmişdir. Bununla yanaşı ondan dərman və yeyib içmək almağını da istəmişdir. O, da Gülşənin dediklərini alıb aparmışdır. Həmin gün Gülşən ondan işlədiyi kafeyə düşürməsini istəmişdir. O, da aparıb düşürmüşdür. Növbəti gün o, Gülşənlə, Gülşənin işlədiyi kafenin yaxınlığında adını bilmədiyi kafedə rastlaşmışdır. Gülşən özü onun əyləşdiyi masaya yaxınlaşmış və rəfiqəsinin ad günündən gəldiyini demişdir. Özləri isə kollektiv oturub-yeyib içirmişlər. O, Gülşənə müraciət edərək, “bəs telefonda mənə deyirsən ki, ağrıyıram, ölürəm” sözlərini işlətmişdir. Gülşən də demişdir ki, bu ad gününü heç cür qaçırda bilməzmiş. O, bir daha Gülşəndən hazırda özünü necə hiss etdiyini soruşduq da, Gülşən pis olmadığını bir az sol qolunun ağrıdığını demişdir. O, bir daha Gülşənə demişdir ki, əgər nəsə bir problemin olsa əlaqə saxla. Bir neçə gündən sonra Gülşənin rəfiqəsi öz nömrəsi ilə ona zəng edərək bildirmişdir ki, Gülşənə 500 manat pul verməlisən yoxsa ondan şikayət edəcəklər. Onun da acığı tutmuş və ondan gedib bildiklərini etmələrini istəmişdir. Çünki o, hər dəfə Gülşənlə maraqlandıqda sonuncu ona yaxşı olduğunu demişdir. Odur ki, bu kimi halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tələbatlarını ödəmək üçün “777” çay evində barmen işləyir. Zərərçəkmiş şəxs təxminən bir il olarki tanıyır, onunla eyni çay evində ofisiant işləyir. Həmçinin Təqsirləndirilən şəxs da tanıyır, onun işlədiyi kafeyə daim müştəri kimi gəlib-gedirmiş. xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrində Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən “777” adlanan çay evindən tanışı Mahmud adlı şəxslə işdən çıxıb piyada “dondar pereyezdi” adlanan yerə tərəf getmişlər. Orada durub taksi gözləyərkən İsmət idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə onların yanlarında saxlayıb oturmaqlarını istəmişdir. Onlar da etiraz etmədən İsmətin avtomobilinin arxa oturacağına əyləşmişlər. Çünki ön sərnişin oturacağında iş yoldaşı Gülşən oturmuşdur. Tovuz-Böyük Qışlaq yolu ilə hərəkət edib magistral yola çıxmışlar. Yenicə “ASAN” xidmət mərkəzinin yanını keçib “Şam bağı” adlanan otelin girəcəyinə çatmışdılar ki, İsmət anidən avtomobili sola çəkmişdir. Ardınca idarəetməni itirərək əks istiqamət zolağına çıxıb səkiyə dəyib dayanmışdır. Avtomobilin sağ yan tərəfi əzilmişdir. Hadisə zamanı heç kəs ciddi xəsarət almamışdır. Sonra onlar avtomobildən yerə düşmüşlər. Həmin vaxt yolla keçən Elvin adlı tanışları, hansı ki, onun işlədiyi çay evinin yaxınlığında “Viktoriya” çay evində işləyir, onların yaxınlığında saxlamış və avtomobildən düşüb köməklik etmək üçün onlara yaxınlaşmışdır. Sonra onlar birlikdə avtomobili itələyib yoldan çıxartmışlar. O, və Mahmud, hər ehtimala qarşı, müayinə olunmaq üçün Elvinin avtomobili ilə rayon xəstəxanasına getmişlər. O, müayinədən keçmiş və hər hansı bir ciddi xəsarət almadığı müəyyən olunmuşdur. Mahmud isə müayinədən keçməkdən imtina etmişdir. Sonradan eşitdiyinə görə Gülşəni də müayinədən keçirtmək üçün xəstəxanaya gətirmişlər, lakin Gülşən də müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Viktoriya” çay evini işlədir. Gülü kimi tanıdığı Zərərçəkmiş şəxs təxminən bir il olar ki tanıyır. Gülü onun işlədiyi çay evinin yaxınlığında yerləşən “777” çay evində ofisiant işləyir. Həmçinin Təqsirləndirilən şəxs da bir rayon sakini kimi tanıyır. xx.xx.2022-ci il tarixdə saat təxminən 03:30 radələrində o, işlətdiyi “Viktoriya” çay evini bağlayıb özünə məxsus “VAZ 21011” markalı avtomobil ilə üzü Tovuz şəhər istiqamətinə tərəf getmişdir. “Şam bağı” adlanan otelin girəcəyini keçərkən görmüşdür ki, İsmət idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə, yolnəqliyyat hadisəsi törədib. O, avtomobilini saxlayıb onlara köməklik göstərmək üçün avtomobildən yerə düşüb onlara yaxınlaşmışdır. İsmət, Aka kimi tanıdığı şəxs və Mahmud adlı pivə paylayan şəxslər xəsarət almamışlar. Lakin Gülü adlı xanım ayağını sürüyürmüş. Həmin şəxslər köməkləşib qızı onun maşınına otuzdurmuşlar, özləri də yanında əyləşmişlər. Sonra o, bunları xəstəxanaya aparmışdır. Aka həkim müayinəsindən keçsə də Gülü həkimdən keçməkdən imtina etmişdir. Sonra İsmət ondan Gülünü Semzavod qəsəbəsinə aparmağını xahiş etmişdir. O, da həmin şəxsləri düşürdüb çıxıb evə getmişdir. Onların nə cür razılaşmaqları barədə onun heç bir xəbəri olmamışdır. Onun yadında qaldığı qədər, Gülşəni onun avtomobilinə əyləşdirmişlər, Gülşəni də xəstəxanaya o, aparmışdır. Lakin Gülşən həkim muayinəsindən keçməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən “Praqa” adlandırılan çay evində ofisiant işləyir. Lakin hadisə olan ərəfələr “777” çay evində işləmişdir. Zərərçəkmiş şəxs təxminən bir ildən artıq müddətdir tanıyır, lakin münasibətləri təxminən 7-8 ay bundan əvvəllər yaranmışdır. Onlar bir yerdə həmin kafedə işləmişlər. xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində ofsiant kimi işlədiyi Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən “777” adlanan çay evinə işə gəlmişdir. İşdə olarkən ona demişlər ki, Gülşən gecə avtoqəzaya düşüb xəsarət almışdır. Həmin günü axşam saat təxminən 20 radələrində Gülşən ağsayaağsaya işə gəlmişdir. Kabinetlərin birinə keçib gah oturmuş, gah da uzanırmış. Gülşən sağ ayağının ağrıdığını, yeriməkdə çətinlik çəkdiyini demişdir. Gülşən bir neçə saat çay evində oturub sonra çıxıb evinə getmişdir. Səhəri günü 28 avqust 2022-ci il tarixdə o, özünə ad günü məclisi keçirəcəkmiş. Gülşəni də həmin məclisə dəvət etmişdir. 28 avqust 2022-ci il tarixdə saat 12 radələrində iş yoldaşları, qızlar çay evində yığılmışlar. Gülşən də yenə ağsayaağsaya kafeyə gəlmişdir. O, Gülşənə müraciət edib “istəyirsən sən gəlmə, səndən incimərəm” demişdir. Gülşən isə israrla gedəcəyini bildirmişdir. Həmçinin evdə ağrıkəsici iynə vurdurduğunu, hələki heç bir ağrı hiss etmədiyini bildirmişdir. Sonra hər biri, bir yerdə, salona getmişlər. Saat təxminən 14 radələrində salondan çıxıb, ad günü təşkil etdiyi, “Cənnət” adlanan bulağa getmişlər. Həmin məclisdə Gülşən ağsamış, demək olar ki, məclisin çox hissəsini oturaraq keçirmişdir. Arada durub oynamışdır. Çünki məclisdə Gülşən spirtli içki qəbul edirmiş. Spirtli içkinin sayəsində Gülşən ağrılarını hiss etməmişdir. Onlar yaş məclisindən qayıtdıqdan sonra hər biri evlərinə getmişlər. Səhəri günü 29 avqust 2022-ci il tarixdə Gülşən yenə ağsayaraq işə gəlmişdir. Onlar Gülşənə işləməməsini və çıxıb evinə gedib dincəlməsini məsləhət görmüşlər. Çünki Gülşən güclə özünü idarə edib yeriyirmiş. Həmin günü Gülşən biraz ortalıqda gəzib evə getmişdir. Həmin gündən sonra Gülşən işə gəlməmişdir. Ondan sonra onun Gülşənlə əlaqəsi kəsilmişdir. Hazırda da Gülşəni görmür və Gülşənin barəsində heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, toy və şənliklərdə müğənniliklə məşğuldur. Gülü kimi tanıdığı Zərərçəkmiş şəxs hadisə baş verən ərəfələr tanımışdır. Belə ki, müğənni kimi onu kafe və çay evlərinə ara-sıra oxumağa çağırırlar. O, da ilk dəfə Gülşəni “777” çay evində musiqi oxuyan ərəfələrdə görmüşdür. Gülşən həmin çay evində ofisiant işləmişdir. Sonra Gülşəni, Xəyalə adlı qızın Tovuz rayonunun dağ kəndlərinin birində ad günü məclisində, görmüşdür. Orada demək olar ki, Gülşən çox vaxt oturaqlı vəziyyətdə olmuşdur. Arada durub oynamışdır. Hamı kimi Gülşən də spirtli içki qəbul etmişdir. O, sonradan bilmişdir ki, bir-iki gün əvvəl Gülşən yol nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Başqa heçnədən xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, halhazırda tələbatlarını ödəmək üçün “Uğur” kafedə aşbaz işləyir. Təxminən iki ay “777” çay evində aşbaz kimi çalışmışdır. Zərərçəkmiş şəxs “777” çay evində işlədiyi iki ay müddət ərzində tanımış. Təqsirləndirilən şəxs isə tanımır, onunla heç bir münasibəti olmamışdır. Təxminən 2022-ci ilin avqust ayının sonlarında, o, işdə olan günü, Gülşən işə gəlməmişdir. Gülşən gün ərzində gözünə görsənmədiyi üçün o, qızlardan onun harada olduğunu və nə üçün işə gəlmədiyini soruşmuşdur. Onlar da Gülşənin ağrıdığını demişlər. Həmin günü axşam saatlarında Gülşən işə gəlmişdir. Gülşən ona yaxınlaşıb iynə vura bilib-bilməməyini soruşmuşdur. O, da vura bildiyini bildirib, harasının ağrıdığını soruşmuşdur. Gülşən də böyrəyinin ağrıdığını, özünü yaxşı hiss etmədiyini, aldığı ağrı kəsicini ona vurmasını istəmişdir. O, da adını xatırlamadığı maye dərmanı sprişə çəkib Gülşənin yan hissəsindən vurmuşdur. Səhəri günü, Xəyalə adlı işçilərinin yaş məclisi günü, Gülşən yenə ağsayaağsaya işə gəlmişdir. Həmin günü yenə ondan ona iynə vurmağını xahiş etmişdir. O, da vurmuşdur. Həmin günü hər biri dağda yerləşən bulaqların birinə, ad günü keçirməyə getmişlər. Bundan sonra demək olar ki, təxminən 3-4 gün o, Gülşənə ağrıkəsici iynə vurmuşdur. Sonra təsadüf nəticəsində, söhbət əsnasında öyrənmişdir ki, Gülşən avtoqəzaya düşübdür. Onda qızlara demişdir ki, əgər Gülşən avtoqəzaya düşübsə niyə həkimə gedib özünü göstərmir, hər gün ağrı kəsici iyrə vurdurmaqla ağrısı keçəsi deyil. Daha sonra Gülşənin həkimə gedib-getməməsindən xəbəri olmamışdır. Özü də bir neçə gündən sonra həmin kafedən çıxıb başqa kafeyə işləməyə getmişdir. Məhkəmə iclasında rəy vermiş ekspert X1 dindirilən zaman göstərmişdir ki, məhkəmə tibbi sahəsində rəy vermək səlahiyyətinə malikdir. Belə ki, bu sahədə rəy vermək üçün uzun müddətli kurs keçmiş və sertifikat almışdır. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-qasıq və oturaq sümüklərinin sağ bud-çanaq oynağı nahiyəsində hərəkət məhdudluğu ilə müşayiət edilən sınıqdan ibarət olmuşdur. Bunun müəyyən edilmə üsulu diaqnostik metod olan rentgen müayinə yolu ilə həyata keçirilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, yuxarıda qeyd olunan şəxsdəki sağ bud-çanaq oynağı nahiyəsində hərəkət məhdudluğu ilə müşayiət edilən sınığın olması onun keyidici iynə vurulmaqla hərəkət etməsinin qarşısını ala bilməz. Yənu bu hal şəxsin tamamilə hərəkətsiz qalması demək deyildir. Həmin xəsarətlə şəxs məhdud olsa belə hərəkət edə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 232 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və tibbi sənəddə yazılanlara əsasən, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-qasıq və oturaq sümüklərinin sağ budçanaq oynağı nahiyəsində hərəkət məhdudluğu ilə müşayiət edilən sınığı küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, müayinə olunan şəxsin Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həm ümumillikdə həm də ayrı-ayrılıqda sağlamlığa az-ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sərnişini olduğu avtomaşının dərəyə aşması nəticəsində əmələ gələ bilməsi istisna olunmur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 8/76 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 21063” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ 21063” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə bilavasitə tabe olan X4 İmtahan və X5 07 oktyabr 2022-ci il tarixli, 016-960 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Həmin şəxsin adı sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Naziriliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair məlumat yoxdur. Cinayət-Prosessual Məcəllənin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda məhkəmə diqqətə çatdırır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında əsas cəza kimi yalnız azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsi və bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə təqsirləndirilən şəxsə bundan da yüngül cəza növünün təyin olunmasına, yaxud onun şərti məhkum olunmasına imkan vermir. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası nisbətən yuxarı həddindən aşağı həddə təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsində göstərilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-5/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-5/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver