Məhkəmə qərarları › İş №1(062)-50/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-50/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-50/2024 28.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) nəfər azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Yanıqlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, xeyli miqdarda, yəni bir ədəd qara rəngli politelin torbada təmiz çəkisi 380 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əynində olan qara rəngli gödəkçəsinin sağ qoltuqaltı nahiyəsində saxlamış, 11 yanvar 2024-cü il tarixdə, saat 22:10-da Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu Yanıqlı kəndində yolun kənarında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə saat 22:55-dən saat 23:20-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı bir ədəd qara rəngli politelin torbada təmiz çəkisi 380 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qara rəngli qış gödəkçəsinin sağ qoltuqaltı nahiyəsindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayon Yanıqlı kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir, lakin buna baxmayaraq fəhləlik edib, özünün və ailəsinin gündəlik maddi ehtiyacını qarşılamağa çalışır. Əlilliyi yoxdur. Bununla yanaşı hər hansı bir ruhi-əsəb xəstəliyi və ya psixi pozuntuda yoxdur. Uzun müddətdir ki, narkotik vasitə aludəçisidir. Belə ki, narkotik vasitə olan marixuanadan başqa heç bir narkotik maddələrdən istifadə etmir. Sonuncu dəfə təxminən marixuanadan 2 gün əvvəl istifadə etmişdir. Həmin vaxtda istifadə etdiyi narkotik vasitə olan marixuananı yaşadığı kənddə yolun kənarından tapmış və həmin narkotik vasitə olan marixuananı özü istifadə etmək məqsədilə yaşadığı evdə saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı Tovuz rayonu Yanıqlı kəndində yerləşən evdən çıxaraq işlədiyi “Su səsi” otelinə gəlmişdir. Həmin vaxt yaşadığı kənddən yolun kənarından tapdığı narkotik vasitə olan marixuanada sellofan bükümdə əynində olan qara rəngli qış gödəkçəsinin sağ qoltuqaltı nahiyəsində olmuşdur. Həmin gün saat 22 radələrində Tovuz rayonu Yanıqlı kəndində yolun kənarında olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və özlərini Tovuz RPŞ-nin əməkdaşı kimi təqdim etmişlər. Daha sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Tovuz RPŞyə getməli olduğunu bildirmişlər. Onlara hər hansı bir müqavimət göstərmədən onlarla birlikdə Tovuz RPŞ-yə getməyə razılıq vermişdir. Beləliklə də polis əməkdaşları onu Tovuz RPŞ-yə gətirmişlər. Bundan sonra Vüsal İsmayılov üzərində şəxsi axtarış aparacağını bildirmiş və axtarış aparılmazdan əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olduğunu izah etmişdir. Ardı ilə isə hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O da həmin siyahının içərisindən vəkil kimi Müdafiəçi hüquqlarının müdafiəsini həyata keçirməsi üçün seçmişdir. Bir qədər sonra onun olduğu otağa vəkil Müdafiəçi daxil olmuşdur. Bundan sonra Tovuz RPŞ-nin inzibati binasında təqdim edilmiş vəkilin və onu Tovuz RPŞ-yə gətirmiş elə həmin iki polis əməkdaşının iştirakları ilə, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış istintaq hərəkəti aparılmışdır. Tovuz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Vüsal İsmayılov ondan üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşdur. Üzərində elə bir əşya olduğunu bildirib narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan qara rəngli qış gödəkçəsinin sağ qoltuqaltı nahiyəsindən çıxarıb təhqiqatçıya təqdim etmişdir. Beləliklə də, 11 yanvar 2024-cü il tarixdə Tovuz RPŞ-də təhqiqatçı Vüsal İsmayılov tərəfindən üzərində şəxsi axtarış aparılması həyata keçirilərkən, əynindəki qara rəngli qış gödəkçəsinin sağ qoltuqaltı nahiyəsindən bir ədəd qara rəngli politelin torbada içərisində narkotik maddə olan marixuana aşkar olunmuşdur. Həmin kütləni təhqiqatçı Vüsal İsmayılov ondan götürmüş, ardı ilə həmin torba açılaraq içərisindəki kütləyə baxış keçirilmişdir. Sorğu zamanı həmin torbanın içərisində olan kütlənin marixuana olduğunu təhqiqatçı Vüsal İsmayılova bildirmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş kütlə Vüsal İsmayılov tərəfindən elektron tərəzidə çəkilmişdir. Həmin narkotik vasitə olan marixuana politelin torba ilə birlikdə çəkisi ümumilikdə 415 qram təşkil etmişdir. Bundan sonra isə həmin kütlələr ekspertiza təyin edilməsi məqsədilə bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı isə möhürlənmişdir. Bundan sonra isə bu barədə tərtib edilmiş müvafiq protokola və həmin kağız zərfin üzərinə bütün iştirakçılar imza etmişlər. Həmin narkotik vasitəni satmaq məqsədi olmamış və bu barədə heç kimə məlumat verməmişdir. Hazırda əməlindən səmimi peşman olmasını və himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Tovuz RPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayon Yanıqlı kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 11 yanvar 2024-cü il tarixdə xidmətdə olarkən Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlayıb gəzdirməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Tovuz RPŞnin CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə əməliyyataxtarış tədbiri keçirilməsi üçün 11 yanvar 2024-cü il tarixdə saat 22 radələrində onlar məlumat əsasında avtomobilə əyləşib Tovuz rayonu Yanıqlı kəndinə doğru getmişlər. Tovuz rayon Yanıqlı kəndinə çatanda Təqsirləndirilən şəxs kəndin ərazisində tək olaraq yolun kənarında dayandığını görmüşdür. Bundan sonra avtomobili saxlayıb hər ikisi Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Ona yaxınlaşdıqdan sonra qanunun tələbinə riayət edərək xidməti vəsiqələri çıxardıb Təqsirləndirilən şəxs göstərdikdən sonra polis əməkdaşı olduqlarını bildirmişlər. Ardı ilə də ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə Tovuz RPŞ-yə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs isə heç bir müqavimət göstərmədən onlarla birlikdə Tovuz RPŞ-yə gəlmişdir. Həmin gün saat 22 radələrində Tovuz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 Fuad Sahib oğluna təqdim etmiş, ona hüquq və vəzifələrini izah edərək bildirdi ki, onun barəsində şəxsi axtarış aparılmazdan əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi tələb etmək hüquq vardır. Bundan sonra təhqiqatçı X8 rayon vəkillər bürosunun vəkillərinin siyahısını Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısından vəkil Müdafiəçi seçmiş və hüquqlarının məhz Müdafiəçi tərəfindən müdafiə edilməsini istədiyini bildirmişdir. Vəkil Müdafiəçi ilə əlaqə saxlanılaraq Tovuz RPŞ-yə dəvət olunmuş Müdafiəçi Tovuz RPŞ-yə gəldikdən sonra, o, təhqiqatçı Vüsal İsmayılov tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkil Müdafiəçi ilə tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra istintaq hərəkətinin iştirakçılarının hamısına elan edilmişdir ki, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılması həyata keçiriləcəkdir. Şəxsi axtarış istintaq hərəkəti aparılmazdan əvvəl, təhqiqatçı X9 Axundovdan üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində “marixuana” adlananan narkotik vasitə olduğunu bildirib, əynindəki qara rəngli qış gödəkçəsinin sağ qoltuqaltı nahiyəsindən bir ədəd içərisində marixuana olan qara rəngli polietilen bükülünü çıxarıb təhqiqatçı Vüsal İsmayılova təqdim etmişdir. Həmin qara rəngli polietilen bükülüdə olan kütlə təhqiqatçı Vüsal İsmayılov tərəfindən götürülmüşdür. Sonra qara rəngli polietilen bükülü açılaraq içərisinə baxış keçirilməyə başlanmışdır. Polietilen bükülüyə baxış zamanı müəyyən edildi ki, burada olan yaşıl rəngli kütlə ilkin görünüşdən narkotik vasitə olan marixuanaya bənzər kütlədir. Sorğu zamanı Təqsirləndirilən şəxs şifahi olaraq bildirdi ki, əynindəki qış gödəkçəsinin sağ qoltuqaltı nahiyəsindən aşkar edilmiş, bir ədəd polietilen bükümdə olan kütlə narkotik vasitə olan marixuanadır və həmin narkotik vasitə olan marixuana onun özünə məxsusdur və təxminən bir ay əvvəl Tovuz rayon Yanıqlı kəndi ərazisindən tapmışdır. Bundan sonra həmin polietilen sellofan bükülüdə olan kütlə büküm ilə birlikdə əczaçı tərəzisində çəkilmiş, sellofan büküm ilə birlikdə həmin kütlənin ümumi çəkisi 415 qram olmuşdur. Daha sonra həmin kütlə təhqiqatçı Vüsal İsmayılov tərəfindən gələcəkdə ekspertizaya təqdim edilməsi üçün götürülərək zərfə qoyulub zərfin ağzı bağlanmış və zərfin üzərinə Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü vurulduqdan sonra həmin zərfin üzərinə bütün iştirakçılar imza etmişlər. Eyni zamanda şəxsi axtarış və götürmənin aparılması barədə tərtib edilən protokola da bütün iştirakçıların hamısı imza etmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kiməsə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid1 göstərdiyi xüsusatı məhkəmə iclasında bir daha təsdiq etdi. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsi tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli 16/53 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə” yazı və imzalar olan kağız paketdəki, bir ədəd, üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan paketdə, təmiz çəkisi 380 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuanın ümumi təmiz çəkisi – 380 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq – 379,8 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 22 yanvar 2024-cü il tarixli 104 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Tovuz Rayon İHB-nin Yanıqlı kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu ildə anadan olmuş Kənan adlı 1 (bir) nəfər azyaşlı uşağı var. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını və himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi onun özü ilə yanaşı 1 azyaşlı uşağının da həyat şəraitinə təsir edəcəkdir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2024cü il tarixdən 13 yanvar 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 379,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dən saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 379,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar