Məhkəmə qərarları › İş №1(062)-51/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-51/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-51/2023 13.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vıətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində iki nəfər azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Xatınlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Tovuz rayonu Xatınlı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus əmlakı oğurlamaq, yəni gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək olan müddət ərzində dəqiq müəyyən edilə bilməyən gündə, saat 18 radələrində sonuncuya məxsus Tovuz rayonu Xatınlı kəndində yerləşən fərdi yaşayış evinin çəpərindən qanunsuz olaraq evin həyətinə, daha sonra isə qanunsuz olaraq həmin evin həyətində olan yardımçı tikiliyə daxil olaraq oradan bir ədədinin qiyməti 60 (altmış) manat məbləğində olmaqla cəmi 480 (dörd yüz səksən) manat dəyərində olan səkkiz ədəd çuqun metaldan olan istilik radiatorlarını, bir ədədinin qiyməti 35 (otuz beş) manat məbləğində olmaqla cəmi 175 (bir yüz yetmiş beş) manat dəyərində olan beş ədəd alüminium materiallı bidonu, 150 (bir yüz əlli beş) manat dəyərində olan bir ədəd dəmir materiallı dəmirçi zindanını və bir ədəd alüminium metaldan olan qazan, bir ədəd alüminium metaldan olan aftafa və bir ədəd alüminium metaldan olan nəhrə daxil olmaqla hər kiloqramı bir manat dəyərində olan 200 (iki yüz) kiloqram çəkidə, cəmi 200 (iki yüz) manat dəyərində dəmir kəsiklərini oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1005 (bir min beş) manat dəyərində əmlakı gizli olaraq talayaraq oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 17 iyun 2014-cü ildən N sentyabr 2022-ci ilədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin İİ tank taborunun maddi-texniki təminat tağımının sürücüsü vəzifəsində işləmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar xx.xx.2022-ci il tarixdə təxris olunmuşdur. Vətən müharibəsinin iştirakçısı olsa da heç bir əlilliyi yoxdur. Barəsində şikayət ərizəsi ilə rayon polis şöbəsinə müraciət edən Zərərçəkmiş şəxs onun qohumudur. X2 əmisi oğludur. Onunla münasibətləri normal olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs Tovuz rayonu Xatınlı kəndində onunla qonşuluqda atası evi yerləşir. Arzunun atası uzun illərdir vəfat etmişdir. Həmin vaxtdan da evə nəzarəti Arzu edir. Arzunun atası evi ilə onun yaşadığı evi setka çəpər ayırır. Onun həyətdən Arzunun atası evinə qapı var. O, həyətyanı torpaq sahəsində işləyərkən Arzunun atası evinin həyətində, çəpərin kənarına dəmir radiator başlıqları atıldığını görmüşdür. Həmin əşyaların tullantı kimi oraya yığıldığını fikirləşmişdir. Bu səbəbdən o, təxminən 2022-ci ilin oktyabr ayının 10-15 arası saat təxminən 18 radələrində arada olan qapıdan həyətə keçmiş, çəpərin dibində olan 07 ədəd dəmir istilik panelini (radiator) götürmüşdür. Bundan sonra Arzunun atası evinin həyətində olan köhnə tikilinin qapısını açıb oraya daxil olmuşdur. Orada olan 04 ədəd alüminium bitonu və dəmir zindanı götürmüşdür. Həmin əşyaları ona məxsus “Xəzər” markalı **-DX-*** qeydiyyat nişanlı avtomobilinə yükləyib Tovuz şəhəri M.Musayev küçəsində yerləşən əlvan və qara metal qəbulu məntəqəsində işləyən Misir adlı şəxsə satmışdır. Alüminium bitonların kiloqramını 1 manat 50 qəpikdən, dəmirləri isə kiloqramını 0,50 qəpikdən satmışdır. Ümumilikdə Zərərçəkmiş şəxs atası evindən oğurladığı əşyaları sataraq 300 manata yaxın pul əldə etmişdir. Həmin pulu şəxsi istifadəsinə sərf etmişdir. Tovuz rayonu Xatınlı kəndində yerləşən Arzu adlı qohumunun atası evindən əşyaları götürmək barədə o, Arzudan icazə almamışdır. Pula ehtiyacı olduğu üçün həmin dəmir və alüminium əşyaları götürmüşdür. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmiş və etdiyi əməldən peşmançılıq hissi keçirir. Odur ki, bu kimi halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Onunla əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Onun Tovuz rayonu Xatınlı kəndində ata evi yerləşir. Həmin evdə təxminən 4 il olar ki, yaşayış yoxdur. Ara-sıra o, həmin evə gedib, evin içinə və həyətinə nəzarət edir. Sonuncu dəfə evə nəzarəti xx.xx.2022-ci il tarixdə etmişdir. Həmin vaxt evdə və evin həyətində olan hər bir əşyalar yerində olmuşdur. Üstündən 20 gün keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə o, yenidən evə nəzarət etmək üçün atası evinə getmişdir. Evin həyətində olan kiçik əldamı kimi istifadə etdikləri tikiliyə baxdıqda, orada olan 08 ədəd köhnədən qalmış, çuqun metaldan hazırlanmış radiatorların, 05 ədəd 40 litrlik alüminiumdan hazırlanmış bitonun, təxminən çəkisi 100 kiloqram olan zindan dəmir (dəmirçilər istifadə etdiyi) və təxminən 200 kiloqrama yaxın dəmir metalın oğurlandığını aşkar etmişdir. Həyətdə tikilmiş əldamında gündəlik istifadə etdikləri əşyalar saxlanılır. Oğurluq nəticəsində ona təxminən 1000 manat dəyərində maddi ziyan dəymişdir. Oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində baş vermişdir. Həmçinin o, bildirmişdir ki, metal qəbulu məntəqəsində əşyaya baxış zamanı aşkar olunan 01 ədəd alüminium metaldan olan qazan, 01 ədəd alüminium metaldan olan aftafa və 01 ədəd alüminium metaldan olan nəhrə də özünə məxsudur. Oğurluq olan zaman oğurlanan əşyaları o, tam olaraq yadına sala bilmədiyi üçün digər əşyaları 200 kiloqram əlvan metalın içərisinə aid etmişdir. Hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X3 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq "xxxx" MMC-də (metal qəbulu məntəqəsi) müdir vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs ağ rəngli arxa şüşəsində “XTQ qazi” yazılmış “Azsamand- Khazar” markalı avtomobil ilə onun işlətdiyi metal qəbulu məntəqəsinə gələrək, “Vətən müharibəsi” qazisi olan qardaşı Hüseynin müalicəsinə pul lazım olduğu üçün öz evində olan alüminium qabları satmaq istədiyini demişdir. Arif ona 2 ədəd alüminium bidon, 1 ədəd alüminium nəhrə, 1 ədəd aftafa vermişdir. Bütün bunlar cəmi 40 manat təşkil etdiyi üçün o, Arifə həmin məbləği də vermişdir. xx.xx.2022-ci il tarixdə isə saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs təkrar onun yanına getmişdir. Bu dəfə 1 ədəd “zindan” (70 kiloqramlı) və 6 ədəd dəmir atapleniya radiatorunu ona 140 manata satmışdır. Onun dövlət tərəfindən verilmiş avtomobil idarə etməsi, özünü qazi kimi təqdim etməsi və yaralı olan qardaşına pul lazım olduğuna görə satır deməsi, onda Arifə qarşı inam yaratmış və onun satdığı əşyaların oğurluq olmasından şübhələnməmişdir. Arifdən aldığı əşyalar hal-hazırda da onun məntəqəsində saxlanılır. Həmin əşyaların oğurluq olması barədə onun heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8999 saylı rəyindən görünür ki, 08 ədəd 12 seksiyalı, keçmiş SSRİ dövlətində istehsal olmuş, istifadəyə tam yararlı, çuqun metaldan hazırlanmış qızdırıcı radiatorlar 480,00 (8x60man) manat; 05 ədəd, Rusiya Federasiyasından istehsal olmuş, alüminiumdan hazırlanmış, heç bir zədəsi, sınığı olmayan, istifadəyə tam yararlı olan, 40 litrlik bidon 175,00 (5x35man) manat; təxminən çəkisi 100 kiloqram olan zindan dəmirin (dəmir döyəçələmək üçün qurğu) 150 manat; təxminən 200 kiloqrama yaxın müxtəlif ölçülərdə və çəkilərdə olan dəmir metalların - 200 (200x1man) manat, ümumilikdə 1005 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 049 saylı Hərbi Hissənin 27 dekabr 2022-ci il tarixli 2756 saylı arayışından görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs 14 iyul 2014-cü il tarixdən N sentyabr 2022-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət edib və N nömrəli hərbi hissə komandirinin N sentyabr 2022-ci il tarixli 087əç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu ildə anadan olmuş Heydar və xx.xx.2016-cı ildə anadan olmuş Fidan adlı 2 nəfər azyaşlı uşaqları var. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, ekspert rəyi, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli iptidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışmasını, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını və uzun müddət həqiqi hərbi xidmətdə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətinin xarakterini, həmin əmələ görə cəzasını yüngülləşdirən halı, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə maddi sübut olan 04 ədəd çuqun metaldan olan istilik radiatorlarının, 01 ədəd alüminium metaldan olan nəhrənin, 01 ədəd alüminium metaldan olan aftafanın, 01 ədəd alüminium metaldan olan qazanın və 02 ədəd alüminium metaldan olan bidonların sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 04 ədəd çuqun metaldan olan istilik radiatorların, 01 ədəd alüminium metaldan olan nəhrənin, 01 ədəd alüminium metaldan olan aftafanın, 01 ədəd alüminium metaldan olan qazanın və 02 ədəd alüminium metaldan olan bidonların sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar