Məhkəmə qərarları › İş №1(062)-52/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-52/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-52/2023 12.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Dəmiryolaltı y/s, sahə-24, məhlə B 6 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində fəhlə işlədiyi "xxxx" MMC tərəfindən Tovuz rayonu Qandallar kəndi ərazisindən keçən elektrik şəbəkəsinin yenidən quraşdırılması işlərinin görülməsi zamanı Tovuz rayonu Qandallar kənd ümumi orta məktəbinin dövlət mülkiyyətində olan həyətyanı sahəsində meşə fonduna daxil olmayan bir ədəd diametri 16 santimetr, bir ədəd diametri 18 santimetr, bir ədəd diametri 22 santimetr, bir ədəd diametri 26 santimetr ölçülərində şam cinsli olmaqla, ümumilikdə dörd ədəd köküstə yaş halda müxtəlif cinsli şam ağaclarının elektrik xəttinin çəkilməsinə mane olduğunu əsas götürərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydaları”nın tələblərinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair ərizə ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qəsdən müraciət etmədən və yaşıllığın götürülməsi vərəqəsini almadan elektrik xəttinin sərbəst çəkilməsinə şərait yaratmaqdan ötrü həmin torpaq sahəsində olan qeyd olunan şam ağaclarının cinayətdən xəbərsiz olan və "xxxx" MMC tərəfindən əmək müqaviləsi bağlanmadan qanunsuz işə cəlb olunmuş Tovuz rayonu Qandallar kəndində yaşayan Şahid1 telefon vasitəsilə zəng edərək otuz manat məbləğində pulun müqabilində kəsilməsinə dair verdiyi qanunsuz tapşırığının icrası ilə əlaqədar torpaq sahəsində mövcud olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016cı il tarixli, 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası”nın tələblərinə uyğun olaraq hər birinin dəyəri müvafiq olaraq 300 manat, 360 manat, 400 manat və 500 manat olmaqla, ümumi dəyəri 1560 manat qiymətləndirilən, meşə fonduna daxil olmayan cəmi dörd ədəd bioloji inkşafda olan şam ağaclarını qəsdən kəsməklə ümumilikdə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə 1560 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi iş yeri yoxdur, fərdi əməklə məşğul olur. Təxminən 3 ay olar ki, şifahi razılıq əsasında, əmək müqaviləsi olmadan Gəncə şəhərində yerləşən "xxxx" MMC-də işə başlamışdır. Bununla əlaqədar olaraq qeyd edilən MMC-nin soyadını və tutduğu vəzifəsini bilmədiyi Elçin adlı əməkdaşın, mobil nömrəsi (070) 277-76-79 olan, tapşırığı ilə ona təqdim edilmiş layihə əsasında Tovuz rayonu Qandallar kəndində 10 və 0,4 kV-luq elektrik şəbəkəsinin yenidən qurulmasi ilə əlaqədar xəttin keçən hissəsində maneçilik törədən ağacların budanıb-kəsilməsi ilə məşğul olmuşdur. Həmin kənddə olarkən maraqlanıb bilmişdir ki, Qandallar kənd sakini Nabil adlı şəxsin benzinlə işləyən mişarı vardır. O, Nabillə görüşüb onunla danışıb günə muzd ağacların budanmasını xahiş etmişdir. Nabildə onun xahişi əsasında elektrik xəttinin keçən hissəsində ağacların budanmasını aparmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində Qandallar kənd orta məktəbinin kənd arası yol ilə üzbəüz olan hissədə olan şam ağaclarının 10kv-luq xəttə düşən hissədə budanması ilə məşğul olarkən məktəbin direktoru və gözətçisi işləri dayandırmağı tələb etmişdir. Həmin gün o, səhəti ilə əlaqədar olaraq kəndə getmədiyi üçün bu barədə Şahid1 zəng edib ona məlumat vermişdir. O, qeyd etmişdir ki, məktəbin həyətində 4 ədəd şam ağaclarını təxminən 2 metr hündürlükdən olan hissədən kəsmişdir. Növbəti gün o, gəlib şam ağaclarının kəsilən məktəbin direktoru ilə görüşmüş və bildirmişdir ki, işlər müvafiq layihə əsasında aparılır və ağacların budanması da çəkilən xətlərə maneçilik törədilməsi səbəbindən edilmişdir. Lakin məktəb direktoru onlarla razılaşmadığına görə işləri dayandırmağa məcbur olmuşdur. O, Nabilə ağacların yuxarı hissəsinin budanmasına göstəriş vermiş, lakin Nabil ağaca çıxmağı özünə problem bildiyi üçün ağacları aşağı hissədən kəsmişdir. Hazırda əməlindən peşmandır və vurulmuş ziyanı tam olaraq ödəmişdir. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquqlarının müdafiəsi 2 saylı RETSİ-nin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçisi-müfəttişi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xətt xidmətindən idarəyə Tovuz rayonu Qandallar kəndində həyatyanı sahələrdən bir sıra ağacların kəsilməsi, o cümlədən də həmin kənddə yerləşən orta məktəbin həyətindən 4 ədəd şam ağaclarının kəsilməsi barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar olaraq o, idarənin əməkdaşı Asəf Əsgərovla birlikdə həmin əraziyə gedib baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, yeni elektrik xəttinin çəkilməsi məqsədi ilə rekvizitləri ona məlum olmayan təşkilatın nümayəndəsinin xahişi ilə Qandallar kənd sakini Şahid1 tərəfindən 30 (otuz) manat zəhmət haqqı müqabilində həmin kənddə yerləşən orta məktəbin həyətindən 4 ədəd şam ağacları 180 sm. hündürlüyündə olan hissəsindən kəsilmişdir. Həmin ağacların diametri onlar tərəfdən ölçülərək akt tərtib edilmişdir. Eyni zamanda çəkiləcək elektrik xəttinin kənd sakinlərinin bağlarından keçən hissəsində də bir neçə ağac budanıb kəsilmişdir. Lakin həmin ağaclar kənd sakinlərinin mülkiyyətlərində olduğuna görə bu barədə onlar tərəfdən sənədləşdirmə aparılmamışdır. Daha sonra kəsilmiş 4(dörd) ədəd şam ağaclarının fotoşəkilləri çəkilib akta əlavə edilmişdir. Tərtib edilmiş sənədlər Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə göndərilmişdir. Yerində araşdırma aparılarkən həmin ağacları kəsmiş Şahid1 bildirmişdir ki, qeyd edilən şam ağaclarını soyadını, vəzifəsini və ünvanını bilmədiyi, elektrik xəttlərinin çəkilişi ilə məşğul olan əslən Gəncə şəhərindən olan Elvin adlı şəxsin sifarişi ilə kəsmişdir. O, Elvin adlı şəxsin istifadəsində olan mobil telefon nömrəsinin ***-***-**-** olmasını bildirmişdir. Dəqiqləşdirmə aparmaq üçün o, həmin nömrəyə zəng edib özünü təqdim etmişdir. Həmin Elvin adlı şəxs Qandallar kəndində işləri soyadını, vəzifəsini və təşkilatın dəqiq rekvizitlərini bilmədiyi Elçin adlı şəxsin rəhbərliyi ilə aparıldığını və şam ağacların onların göstərişi ilə kəsilməsini etiraf etmişdir. Elvin, ona rəhbərləri Elçin adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini vermişdir. O, həmin şəxsin mobil nömrəsinə zəng etdikdə o, Bakı şəhərində olduğunu bildirərək Qandallar kəndində yeni elektrik xəttinin çəkilişi ilə bağlı müvafiq layihənin olduğunu və Ekologiya və Təbbi Sərvətlər Nazirliyi ilə razılaşdırıldığını bildirmişdir. Elçindən sənədlərin idarəyə təqdim edilməsini xahiş etmiş, lakin söz versə də sonrakı müddətdə sənədləri təqdim etməmiş və telefon zənglərinə cavab verməkdən yayınmışdır. Qandallar kəndində kəsilmiş 4 ədəd şam ağaclarının dəyəri barədə onlar tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 saylı “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası “ haqqında qərarın tələblərinə uyğun olaraq cədvəl tərtib edilərək dəymiş ziyan qiymətləndirilmişdir. Hazırda dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbləri yoxdur. Odur ki, barəsində qanunamüvafiq hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid4 ifadəsində göstərmişdir ki, 2015-ci ilin dekabr ayında hal-hazıra kimi Tovuz rayonu Qandallar kənd orta məktəbinin direktoru vəzifəsində işləyir. 2022-ci ilin avqustun ayının axırı təxminən ayın 28-də məktəbin gözətçisi Şahid3 onun mobil telefonuna zəng vuraraq yaşadığı Qandallar kəndində yeni elektrik xəttinin çəkilişi ilə əlaqədar məktəbin həyətində olan şam ağaclarının kəsilməsi barədə məlumat vermişdir. Bununla əlaqədar olaraq o, təcili iş yerinə gəlmişdir. Orada görmüşdür ki, ağacları kəsən həmkəndlisi Şahid1dur. O, işlərin dayandırılmasını tələb etmiş və Şahid1 soruşanda sonuncu bildirmişdir ki, elektirik xətlərinin çəklişi ilə məşğul olan şəxslərin xahişi ilə zəhmət-haqqı müqabilində ağacları kəsmişdir. Orada maraqlandıqda müəyyən olmuşdur ki, həmin ağacların kəsilməsinə göstəriş verən iki nəfər şəxs var. Onlardan biri ona yaxınlaşıb özünü Elvin kimi təqdim etmiş və demişdir ki, guya rəsmi layihələri var və ağaclar elektirik xəttinin keçəcəyi hissədə budanıb-kəsilir. O, Elvindən müvafiq sənədləri təqdim etməyi tələb etmişdir. Lakin onlar sənəd təqdim etməyi söz versə də heç bir sənəd təqdim edə bilməmişlər. Sonra isə həmin yerdən uzaqlaşıb getmişlər və bir daha qayıtmamışlar. Bundan sonra kənd sakinlərinin müraciəti əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli əməkdaşları gəlib kəsilmiş 4 ədəd şam ağacları barədə akt tərtib etmişlər. Məktəbin həyətində kəsilmiş 4 ədəd şam ağacları kök hissəsindən deyil təxminən 2 metr hündürlükdə olan hissədən kəsilmişdir. Bu barədə məktəb işçilərinin iştirakı ilə də akt tərtib edib rayon Təhsil şöbəsinə məlumat vermşdir. Ağacların kəsilməsi ilə Şahid1 adlı şəxs əlində olan benzinlə işləyən mişarla kəsmişdir. Digər iki nəfər tanımadığı şəxslər isə həmin iş aparan təşkilatın fəhlələri olmuşlar və onlar kəsilmiş ağacları kənara çəkməklə məşğul olurmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu ildən hal-hazırki vaxta kimi Tovuz rayonu Qandallar kənd orta məktəbinin gözətçisi işləmişdir. 2022-ci ilin avqust ayının sonundan etibarən yaşadığı Qandallar kəndində yeni elektrik xəttinin çəkilişi ilə əlaqədar yolun kənarında olan ağacların kəsilib-budanması aparılmışdır. Həmin işləri Gəncə şəhərindən gələn elektrik xəttlərinin çəkilişini aparan təşkilatın iki nəfər əməkdaşı məşğul olurmuşlar. Onlardan birinin adı Elvin digərinin adı isə Elçin idi. 02 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində iş yerində olarkən həmin şəxslərin göstərişi ilə orta məktəbin giriş hissəsində olan şam ağaclarının da yuxarı hissəsinin kəsilməsini bildirmişlər. Həmin ağacların kəsilməsi həmkəndlisi Şahid1 həvalə olunmuşdur. Onun tərəfindən məktəbin giriş hissəsində yol kənarında olan 4 ədəd ağac yerdən təxminən 2 metr yuxarı olan hissəsi kəsilmişdir. Bu barədə o, məktəbin derektoru Rübabə xanıma bildirmişdir. Rübabə xanımda cəld məkətəbə gəlib ağacların kəsilməsini dayandırmışdır. Həmin şəxslər ağacları lahiyyə əsasında kəsdiklərini demişlər. Həmin vaxt Rübabə xanım onlardan müvafiq sənədləri təqdim etmələrini tələb etmişdir. Lakin onlar sənəd təqdim etməyi söz versə də heç bir sənəd təqdim edə bilməmişlər. Sonra isə həmin yerdən uzaqlaşıb getdilər və bir daha qayıtmamışlar. Bundan sonra kənd sakinlərinin müraciəti əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli əməkdaşları gəlib kəsilmiş 4 ədəd şam ağacları barədə akt tərtib etmişlər. Məktəbin həyətində kəsilmiş 4 ədəd şam ağacları kök hissəsindən deyil təxminən 2 metr hündürlükdə olan hissədən kəsilmişdir. Bu barədə məktəb işçilərinin iştirakı ilə də akt tərtib edib rayon Təhsil şöbəsinə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işi üzrə istintaqın aparılması aidiyyəti üzrə Tovuz Rayon Polis Şöbəsinə göndərilmişdir. “Cinayət işinin icraata götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8998 nömrəli rəyindən görünür ki, bir ədəd diametri 16 sm. olan şam ağacının qiyməti 300 manat, bir ədəd diametri 18 sm. olan şam ağacının qiyməti 360 manat, bir ədəd diametri 22 sm. olan şam ağacının qiyməti 400 manat, bir ədəd diametri 26 sm. olan şam ağacının qiyməti 500 manat olmaqla təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 1560,00 manat müəyyən olmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı məhkumluğu yoxdur. Doğum haqqında AZ İV 293385 və AZ 310200 nömrəli şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Fidan və xx.xx.2017-ci il təvəllüdlü Niyazi adlı uşaqların atası Təqsirləndirilən şəxs, anası isə X1r. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X2 Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Barəsində nümayəndəliyə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində göstərilmişdir ki, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin qeydində göstərilmişdir ki, bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsi 259.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsində göstərilmişdir ki, yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13.2 və 13.8-ci maddələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydaları”nın 1.1-ci bəndində təsbit edilmişdir ki, bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydaları”nın 2.1, 2.4 və 2.7-ci bəndləri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs nun əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 259.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs nun törətdiyi əməli qismən etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, habelə himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin etməyi mümkün edir. Bu nəticəyə gələn zaman məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət), təqsirkarın şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, onun ilk dəfə məsuliyyətə cəlb edilməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət nəticəsində dəymiş 1560 manat məbləğdə maddi ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilisin və ona 5000 (beş min) manat məbləğdə cərimə cəzası təyin edilsin. Cinayət nəticəsində dəymiş 1560 (bir min beş yüz altmış) manat məbləğdə maddi ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar