Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-52/2024 03.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olan, həmin ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, xeyli miqdarda, yəni bir ədəd ağ rəngli polietilen paketdə olan bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 125 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, əynində olan qara rəngli qış gödəkcəsinin sol iç hissəsində saxlamış, 17 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayon Əyyublu kəndində “Şəhidlər” abidə kompleksinin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə saat 20:30-dən saat 21:00-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı bir ədəd ağ rəngli polietilen paketdə olan bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 125 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qara rəngli qış gödəkcəsinin sol iç hissəsindən aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli hesab etməyərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus deyildir. Polis əməkdaşları tərəfindən həmin narkotik vasitə ona fiziki təzyiq edilərək üzərinə qoyulmuşdur. Tutulan vaxtı üstündə cəmi bir baş narkotik vasitə olmuşdur. Həmin narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxsdən almışdır. Çəkisi isə minimum həddə olmuşdur. Narkotik vasitənin müqabilində həmin şəxsə 10 manat vermişdir. Narkotik vasitəni çəkməmiş və özü ilə rayona gələn zaman gətirmişdir. Bundan on beş gün sonra narkotik vasitəni cibinə qoyaraq çəkmək üçün rayon ərazisinə çıxmışdır. Bu zaman onu polis əməkdaşları tutmuşlar. Lakin polis əməkdaşları ona hədə-qorxu gələrək çəkisi 125 qram olan narkotik vasitəni qarşısına qoymuşlar ki, bunu boynuna al yoxsa sənin üçün yaxşı olmayacaq. Məcbur olub onların dediyi kimi ifadə vermişdir. Polis əməkdaşlarından şikayət etməmişdir, çünki qorxmuşdur. Daha sonra isə ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə edəndir. Onun üzərindən cəmi üç baş narkotik vasitə çıxmışdır. Həmin narkotik vasitəni 31 manat müqabilində almışdır. Alan zaman dəqiq çəkisini bilməmişdir. Narkotik vasitəni Şəmkir rayon, Sabirkənd kənd sakini Qabil adlı şəxsdən almışdır. Ondan ilk dəfədir ki, narkotik vasitə almışdır. Həmin şəxsə təklif etmişdir ki, Moskva marketin yanına gəlsin. Lakin Qabil onunla razılaşmadığı üçün görüş yeri onun istəyi üzrə Əyyublu kəndində “Şəhidlər” abidə kompleksinin qarşısına təyin edilmişdir. Qabil ora özünə məxsus idarə etdiyi VAZ 2109 minik markalı, sonun xatırlamadığı əvvəli 60 BZ olan qeydiyyat nişanlı avtomobil ilə gəlmişdir. Avtomobilə yaxınlaşaraq pulu Qabilə vermiş və narkotiki ondan götürmüşdür. Bu zaman kənarda qara rəngli maşın da olmuş, hətta Qabil ondan iz itirmək üçün soruşmuşdur ki, həmin maşını tanıyırmı. Cavabında demişdir ki, tanımır. Daha sonra Qabil oradan uzaqlaşmışdır. Narkotiki götürüb geri çönən zaman kiməsə dəymişdir. Bu zaman həmin şəxs sual vermişdir ki, əlində olan nədir. Həmin şəxsdən kim olduğunu soruşmuş, polis olduğunu bildirərək onların maşınına əyləşməsini tələb etmişlər. Avtomobilə əyləşmək istəyən zaman narkotik vasitəni yerə atmaq istəmişdir. İstəyinə nail olsa da, narkotik vasitəni əlindən tutduqları üçün üç metr məsafəyə kimi uzağa ata bilmişdir. Bu zaman polis əməkdaşından biri onu yumruqla baş nahiyəsindən vurmuşdur. Huşunu itirmiş və onu maşına atmışlar. Avtomobildə ondan narkotik vasitəni kimdən aldığını soruşmuşlar və onlara da olduğu kimi danışmışdır. Daha sonra şöbəyə gətirmişlər və bildirmişlər ki, dediklərini ifadəsində göstərməsin. Razılaşmadığı üçün ona Emin adlı polis əməkdaşı şillə vurmuşdur. Hətta üzərinə silah belə çəkmişlər. Ona bildirmişlər ki, narkotik vasitəni tapdığını, üç gün qabaq abidənin qarşısına qoyduğunu və narkotik maddəni götürməyə gedən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını desin. Razılaşmadığı üçün ona hədə-qorxu gəlmişlər ki, səni narkotik maddələrin satışı ilə məhkəməyə verəcəklər. Qorxduğu üçün polis əməkdaşlarının dediyi ilə razılaşmışdır. Vəkilinə isə polis əməkdaşlarının 10 manat verməsinin şahidi olmuşdur. Odur ki, ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, Tovuz RPŞ-də narkotiklərə qarşı mübarizə qrupunda əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayon Əyyublu kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda da yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 17 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, gəzdirməsi və elə həmin tarixdə də tərəfimizdən ifşa edilməsi ilə bağlı bildirmək istəyir ki, həmin gün Tovuz RPŞ-də xidməti iş otağında olmuşdur. Həmin vaxt adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlayıb gəzdirməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Tovuz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyat-axtarış tədbiri keçirilməsi üçün həmin gün saat 20 radələrində avtomobilə əyləşib Tovuz rayon, Əyyublu kəndi ərazisində yerləşən “Şəhidlər” abidə kompleksinin yanına getmişlər. Həmin ünvana çatanda Təqsirləndirilən şəxs “Şəhidlər” abidəsinin kənarında dayandığını görmüşlər. Bundan sonra avtomobili saxlamış və abidənin kənarında tək şəkildə dayanmış Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Ardı ilə xidməti vəsiqələrini ona göstərib və polis əməkdaşı olduqlarını bildirərək özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə onlarla Tovuz RPŞ-yə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs isə heç bir müqavimət göstərmədiyi üçün onu Tovuz RPŞyə gətirmişlər. Tovuz RPŞ-yə gəldikdən sonra RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı X1 Fuad Sahib oğluna özünü təqdim etmiş, ona hüquq və vəzifələrini izah edərək bildirmişdir ki, onun barəsində şəxsi axtarış aparılmazdan əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi tələb etmək hüquq var. Bundan sonra təhqiqatçı Tovuz rayon Vəkil Bürosunun vəkillərinin siyahısını Təqsirləndirilən şəxs tədqim etmişdir. Təqsirləndirilən şəxs həmin siyahıdan vəkil X4 özünə müdafiəçi qismində seçdikdən sonra İsa Hüeynov dəvət əsasında Tovuz RPŞ-yə gəlmiş və o, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkil İsa Hüseynov ilə tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra istintaq hərəkətinin iştirakçılarının hamısına elan edilmişdir ki, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılması həyata keçiriləcəkdir. Şəxsi axtarış istintaq hərəkəti aparılmazdan əvvəl, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs üzərində elə bir əşya olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı Elmar Rüstəmov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkcəsinin sol iç hissəsindən bir ədəd ağ rəngli, üzərində “Dokta” yazısı olan sellofan torbanın içərisində bir ədəd şəffaf sellofana bükülmüş halda kütlə aşkar edilmişdir. Həmin kütlə təhqiqatçı Elmar Rüstəmov tərəfindən götürülmüş və qeyd olunan kütləyə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, sellofana bükülmüş olan kütlənin yaşıl rəngli, kəskin qoxulu, ilkin görünüşdən narkotik vasitə olan marixuanaya bənzər kütlədir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş sellofan bükülüdə olan kütlə narkotik vasitə olan marixuanadır. Bununla yanaşı həmin narkotik vasitə olan marixuananın özünə məxsus olduğunu, onu təxminən 2023-cü ilin yay aylarında Tovuz rayon Əyyublu kəndində sahədə işləyərkən “Kür” çayının kənarında yabanı çətənə kolundan toplayaraq özü istifadə etmək üçün qurutmuş, üzərində saxlamış və həmin narkotik vasitə olan qurudulmuş marixuananı gələcəkdə özü istifadə etmək üçün saxlamışdır. Bundan sonra həmin marixuanaya oxşar maddə sellofan bükülü ilə birlikdə elektron tərəzisində çəkilmiş və sellofan bükülü ilə birlikdə çəkisi 140 qram təşkil etmişdir. Daha sonra həmin kütlə təhqiqatçı tərəfindən gələcəkdə ekspertizaya təqdim edilməsi üçün götürülərək zərfə qoyulub zərfin ağzı bağlanmış və zərfin üzərinə Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü vurulmuş və zərfin üzərinə, o cümlədən şəxsi axtarış və götürmənin aparılması barədə tərtib edilən protokola bütün iştirakçılar imza etmişlər. Şəxsi axtarış və götürmə saat 20:30 dəqiqədə başlayıb saat 21:00 da qurtarmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimə isə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Əlavə olaraq onu da göstərmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki zorakılıq edilməmişdir. Bu barədə onun dedikləri həqiqəti əks etdirmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və aidiyyəti üzrə Tovuz rayon Polis şöbəsinin İstintaq Bölməsinə göndərilmişdir. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə barədə» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 20:25-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçisi X4 iştirakı ilə və video çəkiliş aparılmaqla saat 20:30-dan saat 21:00dəqiqəyədək şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol iç hissəsindən bir ədəd ağ rəngli polietilen paketdə olan bir ədəd şəffaf sellofan paketdə qanunsuz əldə edərək saxladığı sonradan məhkəmə-bioloji ekspertin rəyinə əsasən təmiz çəkisi 125 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin X5 xx.xx.2024-cü il tarixli, 16/85 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki, bir ədəd ağ rəngli polietilen paketdə olan bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 125 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuanadan 0,2 qram tədqiqata sərf edildikdən sonra 124,8 qram qalıq qalmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. «Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, Tovuz RPŞ-nin MSY-dən azad edilmişdir. Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli, 189 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni bir ədəd ağ rəngli polietilen paketdə olan bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 125 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, əynində olan qara rəngli qış gödəkcəsinin sol iç hissəsində saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı fiziki və psixoloji təzyiqlərə məruz qalması və bu səbəbdən əməli etiraf etməsi dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndi). Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir Milli qanunvericilik və məhkəmə təcrübəsi ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız qeyd edilən qaydada ölkədaxili prosedur daxilində qaldırdıqda mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23- 27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il). Hazırki cinayət işində isə təqsirləndirilən şəxs peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər onun özü, istərsə də vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin məhkəməyədək istintaq dövründə məruz qaldığı təzyiqlərlə bağlı hazırda qaldırdığı iddiaya münasibətdə məhkəmə yuxarıda istinad edilən “Məhkəmə hökmü haqqında” qərarın 26-cı bəndinə əsaslanmaqla qeyd edir ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, pis rəftarla bağlı iddialar müvafiq dəlillərlə dəstəklənməlidir, dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartını tətbiq edir və belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər (Çerneqa və Başqaları Ukraynaya qarşı, № 74768/10,§ 151, 18 iyun 2019-cu il). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə pis rəftarla bağlı qaldırılan iddia ümumi sözlərlə əsaslandırılmış, iddianın həqiqiliyinə dəlalət edən hər hansı sübut və ya onu konkretləşdirən yetərli məlumat təqdim edilməmişdir. Ona görə də, müdafiə tərəfindən bu dəlilləri qəbul edilən deyildir. Eyni zamanda vəsatət əsasında məhkəmə tərəfindən təqsirləndirilən şəxsə fiziki təzyiq edilməsinin araşdırılması üçün Tovuz Rayon Prokurorluğuna sorğu edilmiş və aparılmış araşdırma üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi müdafiə tərəfinin iddiaları əsassızdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmçinin onu da məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı tutulduğu və məhkəmə icraatı zamanı həbsdə olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Ona görə onun barəsində məcburi müalicə təyin olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut –Tovuz Rayon Polis Şöbəsində saxlanılan 124,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı 20 gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə kimi dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsində saxlanılan 124,8 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-52/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-52/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver