Məhkəmə qərarları › İş №1(062)-54/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-54/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-54/2025 02.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, xeyli miqdarda, yəni 1 ədəd qara rəngli sellofan paketdə təmiz çəkisi 385 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək əlində olan qara rəngli sellofan torbada saxlamış, 03 yanvar 2025-ci il tarixdə, saat 19:40 dəqiqədə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri, Musa Musayev küçəsində saxlanılaraq həmin tarixdə saat 19:40 dəqiqədən saat 19:55 dəqiqəyədək olan müddət ərzində üzərinə keçirilmiş baxış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı 1 ədəd qara rəngli sellafon torbanın içərisində üzəri yapışqan lentlə bağlanmış qara rəngli paketdə cəmi 385 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əlində olan qara rəngli sellofan torbadan aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, halhazırda Gəncə şəhəri Atatürk prospekti 197, ev1, mənzil 121-də qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır, heç bir yerdə işləmir, yeni ailə həyatı qurmuşdur. Uzun müddətdir ki, narotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təxminən 3-4 ay bundan əvvəl Samux rayonu, Kür qəsəbəsinə işləməyə getmişdir, oradan keçən Kür çayının sahilindən yabanı halda bitmiş çətənə kollarından yığıb qurudub saxlamışdır ki, həmin narkotik vasitəni özü istifadə etsin. 03 yanvar 2025-ci il tarixdə işləmək üçün Tovuz rayonuna gəlmişdir. Tovuz rayonuna gələn zaman həmin Kür çayının sahilindən yığıb qurutduğu narkotik vasitəni də qara rəngli sellafona büküb üzərini yapışqan lentlə bağlamış və həmin kütləni özü ilə götürmüşdür ki, istifadə etsin. Həmin günü yəni xx.xx.2025-ci il tarixdə saat 20 radələrində, Tovuz rayonu ərazisində Tovuz şəhəri Musa Musayev küçəsi ilə təkcə hərəkətdə olan vaxt mülki geyimdə 3 nəfər tanımadığı şəxs ona yaxınlaşaraq özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində və saxlamağında ondan şübhələndiklərini demişlər. Onlardan biri mobil telefonla çəkiliş aparmışdır. Onlar ona üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. Cavabında bildirmişdir ki, üzərində saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana var və əlində olan qara rəngli sellafon torbada olan üzəri yapışqan lentlə bağlanmış kütləni onlara təqdim etmişdir. Həmin təqdim etdiyi qara rəngli sellafon torbaya açılaraq içərisinə onun və iştirakçıların iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən aşkar edilərək götürülmüş qara rəngli sellofan bükülünün içərisindəki yaşıl rəngli, kəskin iyili ilkin baxışdan narkotiok vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin onun təqdim etdiyi kütlə onun yanında elektron tərəzidə çəkilmişdir, ümumi çəkisi bükülü ilə birlikdə 445 qram gəlmişdir. Bundan sonra həmin kütlə qablaşdırılaraq möhürlənmişdir və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onu xx.xx.2025-ci il tarixdə saat 19:40-da Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. O, onlara etiraz etməmişdir və onu Tovuz rayon PŞ-nə gətirmişlər. Tovuz rayon PŞ-də ona izah edilmişdir ki, narkotik vasitə saxlayıb gəzdirməkdə şübhəlidir, ona görə gətirilmişdir, üstündən aşkar edilərək götürülmüş əşyaya baxış keçiriləcəkdir. Polis şöbəsindəona vəkillərin siyahısını təqdim etmişlər və onun istəyinə uyğun olaraq Tovuz rayon vəkil bürosunun vəkili X1 onun müdafiəçisi qismində dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı Ruflan Əliyevin vəkilinin iştirakı ilə onun hüquqlarını ona izah edib nə üçün gətirildiyini bildirdikdən sonra onun üzərindən aşkar edilərək götürülmüş əşyaya baxış keçirilmişdir. Baxış zamanı üzərindən aşkar edilərək götürülmüş kütlənin yaşıl rəngli, kəskin iyili, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. O,özü polis əməkdaşlarına bildirmişdir ki, həmin üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin marixuananı bir neçə ay bundan əvvəl Samux rayonunun ərazisindən keçən Kür çayının kənarından yığıb özü istifadə etmək məqsədilə qurudub saxlamışdır. Polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmışdır. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur, protokol doğru tərtib edildiyi üçün o və digər iştirakçılar imza etmişlər. Bir daha bildirir ki, o,özü narkotik vasitə qəbul edir, həmin üzərindən aşkar edilmiş narkotik vasitəni o,özü istifadə etmək məqsədilə üstündə gəzdirmişdir. Çünki yuxarıda da qeyd etdiyi kimi o, özü narkotik vasitə qəbul edəndir.Həmin narkotik vasitəni də o, özü qəbul etmək üçün üzərində gəzdirmişdir, o, həmin narkotik vasitəni heç kimə satmamışdır, heç kimə satmaq məqsədi olmamışdır.O, heç vaxt heç kimdən narkotik vasitə almamışdır, heç kimə də narkotik vasitə satmamışdır, istifadə etdiyi narkotik vasitəni o, kənar rayonlardan tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Hazırda üzərində gəzdirdiyi narkotik vasitə olan qurudulmuş marixuananı da bir neçə ay bundan əvvəl Samux rayonunun ərazisindən keçən Kür çayının kənarında bitmiş narktik tərkibli çətənə bitkilərinin yarpaqlarından yığıb özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Hazırda əməlindən səmimi peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verən zaman göstərdi ki, Gəncə şəhəri Nizami rayonu Atatürk prospekti 197, ev 1 mənzil 121-də yaşayan Təqsirləndirilən şəxs ilə heç bir qohumluq əlaqələri, ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq narkotik vasitə saxlaması, gəzdirməsi və narkotik vasitədən istifadə etməsi barədə onlara məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və onun yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış və qrupun tərkibinə daxil edilmişdir. Qərar Tovuz rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiq olunduqdan sonra xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Tovuz şəhəri ərazisində üzərində narkotik vasitə gəzdirməsi barədə onlara məlumat daxil olmuşdur. Məlumat onlara daxil olan kimi o, dərhal Tovuz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 və CABnin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Tovuz şəhəri M.Musayev küçəsinə getmiş və 03 yanvar 2025-ci il tarixdə saat 19:40-da Təqsirləndirilən şəxs Tovuz şəhəri M.Musayev küçəsində yerləşən avtoyuma məntəqəsinin yaxınlığında yolun kənarında piyada hərəkətdə olarkən müəyyən etmişlər. Ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər və ona qanunsuz olaraq narkotik vasitə saxlamasında və üzərində gəzdirməsində şübhəli olduğunu, buna görə də onun üzərinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs onların onun üzərinə baxış keçirməyinə etiraz etməmişdir. Bundan sonra onun üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan edilmiş narkotik vasitə olub olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana var və əlində olan bir ədəd qara rəngli sellofana bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan torbada olan üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofanda olan kütləyə açılaraq içərisinə Təqsirləndirilən şəxs və iştirakçıların iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qara rəngli üzəri yapışqan lentlə bağlanmış sellofanın içərisindəki yaşıl rəngli kəskin iyili ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu-sual zaman Təqsirləndirilən şəxs özü bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin narkotik vasitəni o 3-4 ay bundan əvvəl Samux rayonu Kür qəsəbəsində işləyən zaman Kür çayının kənarında bitmiş narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarını yığıb özü istifadə etmək məqsədilə qurudub saxlamışdır. Həmin Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə onun özünün yanında elektron tərəzidə çəkilmişdir, ümumi çəkisi sellofan ilə birlikdə 415 qram gəlmişdir. Bundan sonra həmin kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı AR DİN-nin 177 saylı möhürü ilə möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır və götürülmüşdür. Daha sonra onlar Təqsirləndirilən şəxs Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmişdir və onlar onu xx.xx.2025-ci il tarixdə saat 19:40-da Tovuz rayon PŞ-nə gətirmişlər. Araşdırmanın davam etdirilməsi TB-nin baş təhqiqatçısı polis mayoru X5 həvalə edilmişdir. Bundan sonra Tovuz rayon PŞ-nin TB-nin baş təhqiqatçısı Ruflan Əliyev tərəfindən ona izah edilmişdir ki, narkotik vasitə saxlayıb gəzdirməkdə şübhəlidir ona görə gətirilmişdir, üstündən aşkar edilərək götürülmüş əşyaya baxış keçiriləcəkdir. Polis şöbəsində ona vəkillərin siyahısını təqdim etmişlər və onun istəyinə uyğun olaraq Tovuz rayon vəkil bürosunun vəkili X1 onun müdafiəçisi qismində dəvət olunmuşdur. Bundan sonra baş təhqiqatçı Ruflan Əliyev vəkilinin iştirakı ilə onun hüquqlarını ona izah edib nə üçün gətirildiyini bildirdikdən sonra ona üzərindən aşkar edilərək götürülmüş əşyaya baxış keçiriləcəyini bildirmişdir. Bundan sonra vəkili Mirqasım İsmayılovun və polis əməkdaşlarının iştirakı ilə onun üzərindən aşkar edilərək götürülmüş əşyaya baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş əşyanın yaşıl rəngli kəskin iyili, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi aşkar edilmişdir. O, özü bildirmişdir ki, həmin üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin marixuananı o, bir həftə bundan əvvəl Samux rayonu ərazisində Kür çayının kənarında bitən narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarından yığıb özü istifadə etmək məqsədilə qurudub saxlamışdır. Həmin baxış zamanı tərəflərindən videoçəkiliş də aparılmışdır. Bu barədə təhqiqatçı Ruflan Əliyev tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur, protokol doğru tərtib edildiyi üçün Təqsirləndirilən şəxs, müdafiəçisi Mirqasım İsmayılov, o, digər iştirakçı polis əməkdaşları Şahid1 və Şahid3 imza etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə məlumat yoxdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni onun haradan və kimdən alması barədə onda məlumat yoxdur, onun özünün deməsinə görə həmin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni o, saxlanıldığı gündən 3-4 ay əvvəl Samux rayonu ərazisindən keçən Kür çayının kənarında bitən narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarından yığıb özü istifadə etmək məqsədilə qurudub saxlamışdır. Məhkəmə iclasında Şahid3 da digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə barədə» 03 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19:40-dan saat 19:55-dək polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və baxış zamanı onun əlində olan bir ədəd qara rəngli sellofan torbada sonradan məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən təmiz çəkisi 385 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin X4 verdiyi xx.xx.2025-ci il tarixli, 16/8 saylı rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd üzəri yapışqandan lentlə bağlanmış qara rəngli sellofan paketdəki təmiz çəkisi 385 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.Marixuanadan 0,2 qram tədqiqata sərf edildikdən sonra 384,8 qram qalıq qalmışdır «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. «Təqsirləndirilən şəxsin X2 azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və haqqında «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2025-ci il tarixli, 148 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs istintaqa istintaqa məlum olmayan vaxt və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, xeyli miqdarda, yəni 1 ədəd qara rəngli sellofan paketdə təmiz çəkisi 385 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-сü il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib əməlindən səmimi peşman olmasını, habelə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2025-ci il tarixli, 148 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ona görə onun barəsində məcburi müalicə təyin olunmalı, eyni zamanda Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsi ilə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Cinayət işi üzrə maddi sübut – Tovuz Rayon Polis Şöbəsində saxlanılan 384,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsində saxlanılan 384,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar