Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-55/2023 03.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs (mülki iddiaçı) X1 nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, xx.xx.1992-ci ildə Tovuz rayonu, Mülkülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Tovuz rayonu, Mülkülü kəndində qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə, saat 16 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol maddələrin təsiri altında özünə məxsus olmaqla idarə etdiyi “Ford Fusion” markalı, “MK 458TR21” tranzit dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz-Mülkülü avtomobil yolunun Tovuz rayonu Mülkülü kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələbini pozaraq, həmin tələbə əsasən relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verildiyi halda bu tələblərə əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətini davam etdirməklə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq həmin tələbə əsasən avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saat sürətdən artıq, yəni 120-130 km/saat sürətlə idarə edərək, həmin yolda ondan qabaqda öz hərəkət zolağı ilə Tovuz rayonu Mülkülü kəndi istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olan Şahid2 idarə etdiyi “Mercedes Benz-190” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ tərəfdən ötmək istəyərkən həmin avtomobilin arxa sağ hissəsi ilə toqquşaraq hər iki avtomobillərin aşması nəticəsində ehtiyatsızlıqdan idarə etdiyi “Ford Fusion” markalı, “MK 458TR21” tranzit dövlət qeydiyyat nişanlı avtomobildə ön oturaqcaqda əyləşmiş sərnişin X1 açıq kəllə beyin travması və baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət edilən, pnevmosefaliya ilə fəsadlaşan sağ frontal sümüyünün orbitanın damına keçən xətti sınığı, Xİ döş fəqərəsinin kompression, qəlpəli, fəsadlaşmış sınığı və onurğa beyinin ağır dərəcəli əzilmiş, Vİ və Vİİİ döş fəqərə cismlərinin sağ ön yuxarı hissəsinin yerdəyişməmiş sınığı, Vİİ və X döş fəqərə cismlərinin ön yuxarı küncünün yerdəyişməmiş sınığı, X-Xİ döş fəqərələr arası travmatik disk yırtığı ilə müşayiət edilən aşağı paraplegiya, çanaq üzvlərinin funksiyalarının pozulması ilə nəticələnmiş, onurğanın döş şöbəsinin qapalı fəqərə sütunu-onurğa beyni travması, hər iki ağciyərlərin kontuziyası, iki tərəfli hemotoraks, döş sümüyü cisminin aşağı hissəsinin və aşağı sol yan kənarının minimal yerdəyişmiş sınığı, sağ maksilyar sinusun divarlarının ciddi yerdəyişmə göstərməyən sınığı, sağ gözün alt və üst göz qapaqlarının və sağ gözətrafı toxumalarının həmin gözə subkonyuktival qansızma ilə müşayiət edilən küt travması kimi ümumilikdə həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid, “Mercedes Benz-190” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 sol əl nahiyəsinin sıyrığı ilə müşayət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və “Mercedes Benz-190” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan Şahid1 başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşayət olunan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almalarına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, onun avtomobil idarə etmək üçün sürücülük hüququ verən sürücülük vəsiqəsi yoxdur. “Ford Fusion” markalı, MK 458TR21 tranzit dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. xx.xx.2021-ci il tarixdə, saat 12 radələrində o, günorta yeməyi yemək üçün xalası oğlu Elnar Ələkbərov və əmisi oğlu Təbrizi özünə məxsus avtomobilə mindirib Tovuz rayon Düz Cırdaxan kəndi ərazisində yerləşən kafeyə aparmışdır. Həmin kafedə oturub yeyib-içmişlər. 3 nəfərə bir litr araq içmişlər. Sonra Elnarla o, kəndə qayıdası olmuşlar. Həmin vaxt Əhməd adlı tanışları onların oturduqları yerə gəlmişdir. Təbriz Əhmədlə həmin kafedə qalmışlar. O, isə Elnarla ona məxsus avtomobilə oturub kəndə qayıtmışlar. O, avtomobili Tovuz-Mülkülü avtomobil yolunda saatda 120-130 km/saat sürətlə idarə etmişdir. Hərəkətdə olarkən qarşıda həmkədlisi İlqar adlı şəxsin özünə məxsus “Vaz 2107” markalı avtomobillə hərəkət etdiyini görmüşdür. O, İlqarın avtomobilini ötüb keçmək qərarına gəlmişdir. Öz avtomobili ilə ötmə əməliyyatı yerinə yetirmək üçün əks istiqamət zolağına çıxmış və dərhal öz hərəkət zolağına qayıtmışdır. Bu zaman həmin zolaqla üzü Mülkülü kəndi istiqamətinə doğru digər həmkəndlisi Beyfud adlı şəxsin özünə məxsus “Mercedes 190” markalı avtomobillə hərəkət etməsini görmüşdür. O, avtomobili sürətlə idarə etdiyi üçün onların aralarında məsafə az qalmış, ilk öncə o, yoldan çəkilməsi və onun rahat ötüb keçməsi üçün Beyfuda siqnal vermiş, lakin aralarındaki məsafə təxminən 30-40 metr qaldığı üçün o, anidən həmin avtomobili sağ tərəfi ilə ötüb keçmək qərarına gəlmişdir. Bu fikirlə o, öz hərəkət istiqamət zolağına qayıtmış və “Mercedes Benz-190” markalı avtomobili sağ tərəfindən ötüb keçmək istəyərkən anidən Beyfud sağ istiqamət zolağına qayıtmışdır. Həmin vaxt onun hər hansı bir tədbir görməyə nə vaxtı nə də imkanı olmamış və onların avtomobilləri toqquşmuşdur. Belə ki, onun avtomobilinin qabaq sol yan hissəsinə Beyfudun avtomobilinin arxa sağ yan hissəsinə dəymişdir. Toqquşmanın nəticəsində hər ikisi idarəetməni itirmişlər. Onun avtomobili yolun kənarında olan, yolun səviyyəsindən təxminən bir metr aşağıda yerləşən dərəyə düşmüşdür. Avtomobilinin ön hissəsi torpağa girmiş və avtomobil arxası üstə aşmışdır. O və Elnar həmin vaxt xəsarət almışlar. Avtomobildən onları oraya toplaşan şəxslər çıxartmışlar. Zadisə zamanı Beyfudun avtomobili də yolun kənarındakı dərəyə aşmışdır. Hazırda əməlindən peşmandır. Mülki iddia ilə bağlı göstərdi ki, mülki iddianı qəbul etmir və müalicə üçün tələb olunan məbləğlər həddən artıq şişirdilmişdir. Bununla belə özü aylıq 100-200 manat civarında zərərçəkmişə maddi yardım edəcəkdir. Odur ki, bu kimi halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) X1 nümayəndəsi (vəkil) Nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hüquqlarını təmsil etdiyi şəxsin həmkəndlisidir. Aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Hüquqlarını təmsil etdiyi şəxs xx.xx.2021-ci il tarixdə Turqaya məxsus “Ford Fusion” markalı avtomobil ilə Tovuz rayonu Mülkülü kəndi ərazisində qəzaya düşərək beli qırılmışdır. Belə ki, hüquqlarını təmsil etdiyi şəxs həmin gün günorta saatlarında evə nahat etməyə getmiş, nahat edib küçənin ayağına tərəf getmiş, həmin vaxt dostu Elşadla rastlaşmışdır. O, Elşadı evlərinə nahar etməyə dəvət etsə də Elşad getməmişdir. Həmin ərəfələrdə Turqay özünə məxsus avtomobillə onun yanından keçmiş, Turqay onu görüb avtomobili saxlamış, ona maşına oturmasını demişdir. Həmin vaxt Turqayın avtomobilində əmisi oğlu Təbriz də əyləşmişdir. O, avtomobilin arxa oturacağında əyləşmişdir. Hüquqlarını təmsil etdiyi şəxs elə başa düşmüşdür ki, Turqay onu dükanlarının qarşısında düşürdəcəkdir. Lakin, Turqay yolu dönmədən düzünə keçmiş, o, Turqaydan avtomobili saxlamağını istəmiş, Turqay isə onunla birlikdə Tovuz rayonu Düz Cırdaxan kəndinə dəyib 10 dəqiqəyə qayıdacaqlarını demişdir. O, da heçnə deməmişdir. Birlikdə Tovuz rayonu Düz Cırdaxan kəndi ərazisində yerləşən kafeyə gəlmişlər. Təbrizin atası Musa da kafedə olmuşdur. Onlar da Musanın oturduğu masaya əyləşmişlər. Birlikdə yeyib içmişlər. O, isə içki içmədiyi üçün spirtli içki qəbul etməmişdir. Bir müddət sonra Musa və qardaşı oğlu Babək masadan durub getmişlər. Onların dalınca Turqay da masadan durub çölə çıxmış, ardınca o, da durub çölə çıxmışdır. Həmin vaxt Turqayın öz avtomobilinə əyləşmək istədiyini görmüş, o, yaxınlaşıb Turqaydan kəndə qayıdıb-qayıtmayacağını soruşmuş, Turqay ona kəndə qayıtdığını demiş, Turqaya əgər yavaş sürəcəksə onunla gedəcəyini demiş, Turqay da avtomobili yaşav sürəcəyinə söz verdikdə o, Turqayın idarə etdiyi avtomobilə əyləşmişdir. Lakin, yolda Turqay verdiyi sözü tutmamış və avtomobili yüksək sürətlə idarə etməyə başlamışdır. O, bir iki dəfə Turqaya avtomobili asta sürətlə idarə etməsini demişdir. Onlar Tovuz-Mülkülü avtomobil yolunun Mülkülü kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkək mobil telefonuna baxmış, anidən başını qaldırıb yola baxdıqda Turqayın sürətlə idarə etdiyi avtomobilin, öndə üzü Tovuz rayonu Mülkülü kəndi istiqamətində hərəkətdə olan həmkəndliləri Beyfuda məxsus “Mercedes Benz-190” markalı avtomobilin arxa hissəsi ilə toqquşduğunu görmüş, qəza zamanı başı avtomobilin salonunda harasa dəydiyi üçün huşunu itirmiş və uzun müddət sonra Bakı şəhərində xəstəxanada ayılmışdır. Qəza zamanı ciddi xəsarət alaraq beli qırıldığı üçün təxminən bir ilə yaxın Turkiyədə əməliyyat olaraq müalicə almış, hazırda Bakı şəhərində müalicələrini davam etdirir. Təqsirləndirilən şəxs tərəfindən hüquqlarını təmsil etdiyi şəxsə hər hansı maddi yardım edilməmişdir. Ona görə də onlar tərəfindən mülki iddia verilmişdir. Mülki iddia ilə bağlı qeyd etdi ki, hüquqlarını təmsil etdiyi şəxs törədilmiş cinayət nəticəsində aldığı xəsarətlər üzrə Bakı şəhərində yerləşən “X5 Hospitalı”nda, “Premium Clinic” xəstəxanasında, “Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu”nda, “Vertex” ROM Revmatologiya və Osteopatiya Mərkəzində, “Medera Hospital”da, habelə Türkiyə Respublikasında “RomAtem Fizik Tedavi və Rehabilitasyon Hastanesi”ndə müxtəlif müalicələr almışdır. Ümumilikdə bütün müalicələrə 10171 manat və 72822,75 ABŞ dolları pul xərclənmişdir. Ona görə də həmin pul vəsaitləri təqsirləndirilən şəxsdən alınaraq hüquqlarını təmsil etdiyi şəxsə verilməlidir. Qeyd olunanlara əsasən cinayət işi üzrə təqsirləndirilən şəxsə cəza verilməsi və mülki iddianın təmin olunması barədə hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində işdən çıxaraq özünə məxsus “Mercedes 190” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz-Mülkülü avtomobil yolu ilə yaşadığı Tovuz rayonu Mülkülü kəndinə getməyə başlamış, Tovuz rayon Cəlilli kəndində həmkəndlisi Şahid1 görmüş və onu da götürmüşdür. İsrafil avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. O, hərəkətini davam etdirərək Tovuz-Mülkülü avtomobil yoluna çıxıb yaşadıqları Mülkülü kəndi istiqamətində avtomobili saatda 60 km/saat sürətlə idarə etmişdir. Həmin yolun kəndlərindən keçən hissəsində olduğu zaman avtomobilin yan güzgülərindən arxasında onunla eyni istiqamətə hərəkətdə olan, sonradan kimə məxsus olduğunu bildiyi, həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Fusion” markalı, MK458TR21 tranzit dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə gəldiyini görmüşdür. Turqay idarə etdiyi avtomobilli sürətlə idarə edərək onun avtomobilini sağ yan tərəfdən ötüb keçmək istəmiş, lakin keçə bilməmiş və avtomobilinin qabaq sol tərəfi ilə onun idarə etdiyi avtomobilin arxa sağ tərəfindən vurmuşdur. O, toqquşma zamanı idarəetməni itirmiş, avtomobil sola istiqamətlənmiş, lakin o, sükanı bərk tutaraq öz yoluna qayıtmaq istədikdə avtomobil oynamış və yolun hərəkət hissəsindən çıxaraq yolun Mülkülü kəndi istiqamətinə görə sağ kənarında olan dərəyə düşmüşdür. Onun avtomobili dərəyə düşdükdən bir neçə saniyə sonra Turqayın avtomobilinin də onun avtomobilindən təxminən 4-5 metr aralıda əzinik vəziyyətdə dayandığını görmüşdür. O, bir təhər avtomobilinin arxa oturacağından yerə düşmüş, sonra Turqayın avtomobilinə yaxınlaşmış və ona avtomobildən düşməyə köməklik etmişdir. Sonra ayaq üstə durmağa taqəti qalmamış və yerə yıxılmışdır. Toqquşma zamanı o, sinəsindən və sağ ayağından, yanında olan İsrafil isə başından və sinəsindən xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə günorta saatlarında özünə məxsus “VAZ 2107” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz-Mülkülü yolu ilə üzü Tovuz rayonu Mülkülü kəndi istiqamətind saatda 50 km/saat sürətlə hərəkət etmiş, bu vaxt qohumu Turqay özünə məxsus “Ford Fusion” markalı avtomobil ilə sürətlə onun yanından ötüb keçərək uzaqlaşmışdır. Təxminən bir kilometr yol qət etdikdən sonra o, Turqayın və həmkəndlisi Beyfutun avtomobillərinin yolun sağ tərəfində olan əkin sahəsinə düşdüklərini görmüşdür. Hər iki avtomobillər əzinik halda olmuş, o, avtomobili saxlayıb yerə düşmüş və onlara köməklik etməyə getmişdir. Eyni zamanda o, tanışları və qohum əqrəbəyə zəng edib bu barədə bildirmiş və köməklik etmələri üçün oraya çağırmışdır. O, hadisənin necə baş verdiyini görməmiş, yol enişli olduğundan və Turqay onu ötüb keçdikdən sonra daha çox məsafə qət etdiyindən o, hadisə baş verən anı görə bilməmişdir. O, yalnız Turqayın surətlə onun yanından ötüb keçdiyini görmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, HK 1-3215 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla, hadisə baş verən zaman quru, hamar, düz olmaqla hər iki istiqamətə hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisə baş vermiş avtomobil yolunun ümumi eni 06 (altı) metrdir. Yolun hər iki tərəfində piyadaların hərəkəti üçün səki nəzərdə tutulmamışdır. Yolun orta hissəsində bir hərəkət istiqamətini digərindən ayıran qırıq-qırıq xətt vardır. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yolun Tovuz rayonu Mülkülü kəndindən keçən hissəsində Şahid2 idarə etdiyi “Mercedes Benz-190” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisənin baş verdiyi ərazi yol kənarı şam ağacları olmaqla əkin sahəsidir. Hadisə yerinə yaxın ərazidə heç bir üstünlük və yaxud hərəkəti məhdudlaşdıra biləcək yol nişanları aşkar edilməmişdir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Hadisə yerinə baxış keçirilmiş, hadisə yerinə baxış protokolu tərtib edilərək şəkli və sxemi çəkilmişdir. Baxış zamanı qəzaya uğramış “Mercedes Benz- 190” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı və “Ford Fusion” markalı, MK458TR21 tranzid dövlət qeydiyyat nişanlı avtomobillər hadisə yerində müəyyən edilmişlər. Həmin avtomobillər yararsız hala düşmüşlər. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/1395 nömrəli rəyinə əsasən “FORD FUSİON” markalı, “MK 458TR21” tranzit dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “FORD FUSİON” avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq həmin tələbə əsasən avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saat sürətdən artıq, yəni 120-130 km/saat sürətlə idarə etmişdir. Sürücü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə tibbi-ekspertizasının xx.xx.2023-cü il tarixli, 03 saylı rəyindən görünür ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədənində açıq kəllə beyin travması və baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət edilən, pnevmosefaliya ilə fəsadlaşan sağ frontal sümüyünün orbitanın damına keçən xətti sınığı, Xİ döş fəqərəsinin kompression, qəlpəli, fəsadlaşmış sınığı və onurğa beyinin ağır dərəcəli əzilmiş, Vİ vəVİİİ döş fəqərə cismlərinin sağ ön yuxarı hissəsinin yerdəyişməmiş sınığı, Vİİ və X döş fəqərə cismlərinin ön yuxarı küncünün yerdəyişməmiş sınığı, X-Xİ döş fəqərələr arası travmatik disk yırtığı ilə müşayiət edilən aşağı paraplegiya, çanaq üzvlərinin funksiyalarının pozulması ilə nəticələnmiş onurğanın döş şöbəsinin qapalı fəqərə sütunu-onurğa beyni travması, hər iki ağciyərlərin kontuziyası; iki tərəfli hemotoraks; döş sümüyü cisminin aşağı hissəsinin və aşağı sol yan kənarının minimal yerdəyişmiş sınığı; sağ maksilyar sinusun divarlarının ciddi yerdəyişmə göstərməyən sınığı; sağ gözün alt və üst göz qapaqlarının və sağ gözətrafı toxumalarının həmin gözə subkonyuktival qansızma ilə müşayiət edilən küt travması kimi xəsarətlər aşkar edilmişdir, həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən onun Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. X1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sərnişini olduğu avtomobilin toqquşaraq dərəyə aşması nəticəsində əmələ gələ bilməsi istisna olunmur. X2-İmtahan və X3 alınmış xx.xx.2022-ci il tarixli, 016-365 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Həmin şəxsin adı sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur. İN-640994 modelli alkotester texniki cihazın nəticəsi üzrə çıxarılmış qəbzdən görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisəni törədərkən 1,015 promil sərxoşluq dərəcəsində olduğu müəyyən edilmişdir. Mülkülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Onun barəsində nümayəndəliyə hər hansı şikayət ərizəsi daxil olmamışdır. Nümayəndəlik tərəfindən keçirilmiş tədbirlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir (“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsi və 37-ci maddəsinin 1-ci hissəsinin 8ci bəndi). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndində görə nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013–cü il tarixli Qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263-1.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, habelə onun ehtiyatsızlıqdan az ağır cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda məhkəmə diqqətə çatdırır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında əsas cəza kimi yalnız azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsi və bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə təqsirləndirilən şəxsə bundan da yüngül cəza növünün təyin olunmasına, yaxud onun şərti məhkum olunmasına imkan vermir. Lakin məhkəmə təqsirləndirilən şəxslə bağlı yuxarıda sadaladığı cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, həmçinin təqsirləndirilənin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası nisbətən yuxarı həddindən aşağı həddə təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsində göstərilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Mülki iddia ilə bağlı məhkəmə diqqətə çatdırır ki, Cinayət Prosessual Məcəllənin 179.1 və 179.2-ci maddələrinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Cinayət Prosessual Məcəllənin 183.3-cü maddəsində qeyd olunmuşdur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə verilmiş mülki iddiaya münasibətdə geniş şəkildə zəruri araşdırmaların mövcud olması əsası ilə onun baxılmamış saxlanması qanunamüvafiqdir. Çünki mülki iddianın dəlillərindən göründüyü kimi zərərçəkmiş şəxs həm ölkə daxili, həm də ölkə xaricində müalicə və müayinə olunmuşdur. Tələb edilən məbləğ isə kifayət qədər yüksəkdir. Bu baxımdan məhz göstərilən zərərçəkmişin istifadə etdiyi tibb xidmətlərinin ölkə ərazisində mövcud olub-olmaması, zərərçəkmişin hansı tibbi meyarlar üzrə nə üçün xaricdə müalicə alması, həmin müalicənin ölkə ərazisində fəaliyyət göstərən tibb müəssisələrində həyata keçirilib-keçirilməməsi üzrə ətraflı araşdırılma aparılmalıdır. Bu isə cinayət işinin baxılmasının uzanmasına, habelə təqsirləndirilən şəxsin daha uzun müddət məsuliyyət altında qalmasına gətirib çıxaracaqdır. Ona görə də mülki iddianın mülki mühakimə icraatı çərçivəsindən verilməsi daha qanunauyğun hesab edilir. Məhkəmənin bu yanaşması “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 72-ci bəndindən qaynaqlanır. Həmin bənddə təsbit edilmişdir ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, obyektivlik və məqsədyönlülük baxımından hazırki mülki iddiaya daha çox mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinə əsasən mülki iddia baxılmamış saxlanmalıdır. Həmin normada göstərilmişdir ki, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması barədə qərar əks etdirilir. Cinayət Prosessual Məcəllənin 180.3-cü maddəsində qeyd olunmuşdur ki, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. İş üzrə maddi sübut olan “Ford Fusion” markalı, “MK 458TR21” tranzit dövlət qeydiyyat nişanlı və “Mercedes-Benz” 190 markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə mülki iddia baxılmamış saxlanılsın və mülki iddiaçıya һəmin iddianı sonradan mülki müһakimə icraatı qaydasında verə biləcəyinə dair hüququnun olması izaһ edilsin. İş üzrə maddi sübut olan “Ford Fusion” markalı, “MK 458TR21” tranzit dövlət qeydiyyat nişanlı və “Mercedes-Benz” 190 markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-55/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-55/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver