Məhkəmə qərarları › İş №1(062)-55/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-55/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-55/2025 24.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx.xx.1993-cü ildə Tovuz rayonu Yanıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, himayəsində 1 (bir) nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Yanıqlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə 18 noyabr 2024-cü il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus sonuncunun yaşadığı Tovuz rayonu, Yanıqlı kəndinin ərazisindən hər biri 3 illik, dişi cinsli, təmiz ət çıxarı 4 kq, hər birinin qiyməti 50 (əlli) manat olan 11 ədəd qazları, hər biri 3 illik, erkək cinsli, təmiz ət çıxarı 4 kq, hər birinin qiyməti 50 (əlli) manat olan 02 ədəd qazları və hər biri 8 aylıq, dişi cinsli, təmiz ət çıxarı 2 kq, hər birinin qiyməti 27 (iyirmi yeddi) manat olan 06 ədəd qazları oğurlamaqla, Zərərçəkmiş şəxs məxsus cəmi 812 (səkkiz yüz on iki) manat dəyərində olan qazları gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu, Yanıqlı kəndində yaşayır və hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, Şahid1 tanıyır. Onunla əvvəllər qeyri-rəsmi münasibəti olmuşdur. Arzunun adına "xxxx" ASC-dən 600 (altı yüz) manat, "xxxx" KB ASC-dən 350 (üç yüz əlli) manat, “Leobank”-dan isə 500 (beş yüz) manat pul götürmüşdür. Hər birinə ümumilikdə aylıq 75 (yetmiş beş) manat pulu ödəmək üçün hər ay Arzuya verir. Bundan əlavə atası Mustafanın lombard krediti və onun adına götürülən “Azpulmat” krediti var. Bu kreditləri ödəyə bilmək üçün hər hansı bir üsulla pul tapmaq istəmişdir. 18 noyabr 2024-cü il tarixdə, təxminən saat 18 radələrində idarə etdiyi “VAZ 21099” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonu, Yanıqlı kəndində yerləşən yaşadığı evdən çıxıb Tovuz rayonu, Əhmədabad kəndi istiqamətində avtomobili idarə etməyə başlamışdır. O, həmin vaxt yolun kənarında ev quşları olan bir neçə ədəd qaz görmüşdür. O, bu zaman idarə etdiyi avtomobili bir kənara sürüb saxlamışdır. O, həmin vaxt bir qədər yolun kənarında gözlədikdən sonra qazların sahibsiz olduğunu görərək onları götürmək qərarına gəlmişdir. O, həmin qazları sataraq əldə etdiyi pula kredit borclarını ödəmək istəmişdir. Bu niyyətlə qazları yolun kənarından tutaraq avtomobilin yük yerinə tullamışdır. Qaranlıq olduğu üçün həmin vaxt qazların sayını dəqiq bilməmişdir. Sonra o, qazları saymış və 19 ədəd qaz olduğunu görmüşdür. Avtomobilin yük yerini bağladıqdan sonra o, Arzuya zəng edərək özünə məxsus təxminən 18-19 ədəd qaz olduğunu bildirib qazların satılması üçün ona köməklik etməsini Arzuya bildirmişdir. Arzu “qazlardan 10 ədədini gətir mən satacam” demişdir. Qazların satışından əldə olunan pulun isə yarısının ona çatacağını bildirmişdir. Ona təcili pul lazım olduğu üçün Arzu ilə razılaşmışdır. Ondan sonra o, qazlardan 10 ədədini deyil, 8 ədədini Arzunun yaşadığı ünvana, Tovuz rayon, Dəlləkli kəndində yerləşən evinə aparmışdır. Arzunun yaşadığı evə çatdıqdan sonra 8 ədəd qazı avtomobilin yük yerindən çıxararaq Arzuya vermişdir. Qazları Arzuya verdikdən sonra yaşadığı ünvana getmişdir. Evə getdikdən sonra Arzu ilə telefon əlaqəsi saxlamışdır. Telefon danışığı zamanı Arzu ona qazların hər birini 20 (iyirmi) manatdan satacağını demişdir. Ondan bir qədər sonra Arzu ona zəng edərək qazlardan 3 ədədini satdığını, 5 ədədini isə səhəri gün, yəni 19 noyabr 2024-cü il tarixdə satacağını bildirmişdir. O, səhəri gün, yəni 19 noyabr 2024-cü il tarixdə avtomobil ilə Gədəbəy rayonu, Saratovka kəndinə getmişdir. O, Gədəbəy rayonu, Saratovka kəndində yerləşən bazarın yaxınlığında avtomobili saxlayaraq qazları orada satmaq qərarına gəlmişdir. Avtomobilin yük yerinə baxan zaman, orada 11 ədəd qaz olduğunu görmüşdür. Bazar yaxınlığında bir qədər gözlədikdən sonra tanımadığı bir kişi və bir qadın ona yaxınlaşaraq qazları almaq istədiyini bildirmişdir. Qazlardan 1 ədədi 20 (iyirmi) manat olmaqla 11 ədədini həmin tanımadığı iki nəfər şəxsə satmışdır. Ondan sonra 19 noyabr 2024-cü il tarixdə Tovuz rayon Qovlar şəhərində yerləşən dəmiryolu keçidinin yaxınlığında Arzu ilə görüşmüşdür. Arzu ona qazların satışından 160 (bir yüz altmış) manat pul əldə etdiyini, lakin pulun yarısının ona çatacağını bildirmişdir. Sonradan əlavə olaraq Arzuya 20 (iyirmi) manat pul vermişdir. Arzu ilə sağollaşdıqdan sonra ondan götürdüyü 60 (altmış) manat pulu və Gədəbəy rayonu, Saratovka qəsəbəsində satdığı qazdan əldə etdiyi 220 (iki yüz iyirmi) manat pulu götürərək yaşadığı kəndə getmişdir. Həmin pulun 60 (altmış) manatını "xxxx" KB ASC-yə olan kredit borcunun ödənilməsi üçün atası X1 vermişdir. Pulun 50 (əlli) manatını isə “Azpulmanat”-a olan borcuna ödəmişdir. Yerdə qalan pulu isə özü üçün xərcləmişdir. Qazların kimə məxsus olduğunu bilməmişdir. O, həmin qazları yaşadığı Tovuz rayonu, Yanıqlı kəndinin ərazisində, yolun kənarında sahibsiz olduğunu görərək onları idarə etdiyi avtomobilin yük yerinə yığaraq aparmışdır. O, daha sonra oğurladığı 19 ədəd qazın həmkəndlisi Zərərçəkmiş şəxs məxsus olduğunu öyrənmişdir. Onun qazlarını oğurladığı həmkəndlisi Zərərçəkmiş şəxs və onun qardaşı, həmkəndlisi Şahid4 ilə əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, maddi çətinlikləri olduğuna görə belə hərəkətə yol vermişdir. Şahid1 Haqqverdi qızına və yaxud qazları satmış olduğu digər şəxslərə oğurladığı, Zərərçəkmiş şəxs məxsus qazların cinayət yolu ilə əldə olunduğunu bildirməmişdir. O, həmin şəxslərə qazların özünə məxsus olduğunu bildirmişdir. 18 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus qazları Tovuz rayonu, Yanıqlı kəndi ərazisindən oğurlayan zaman ona bu işdə hər hansı şəxs və ya şəxslər köməklik etməmişlər. O, bu əməli tək törətmişdir. İbtidai istintaq zamanı o, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam ödəməklə sonuncu ilə barışıq əldə etmişdir. Hazırda əməlindən peşman olmasını və himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Yanıqlı kəndində yaşayır və hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, Tovuz rayonu, Yanıqlı kəndində yerləşən yaşadığı evin həyətində özünə məxsus ev quşları olan 13 ədəd toyuq və 19 ədəd qaz saxlamışdır. Səhər saatlarında ev quşlarını evlərinin yaxınlığında yerləşən açıq əraziyə buraxmışdır. 18 noyabr 2024-cü il tarixdə, axşam saatlarında 19 ədəd qazın yaşadığı evə gəlmədiyini görmüşdür. O, həmin vaxt qardaşı Şahid4 zəng edərək bu barədə məlumat vermişdir. Məlumat verdikdən sonra qardaşı Elmar yaşadıqları evə gəlmişdir. Elmar ilə birlikdə qazları Tovuz rayonu, Yanıqlı kəndi ərazisində axtarmış, lakin qazları tapa bilməmişlər. Səhəri gün, yəni 19 noyabr 2024-cü il tarixdə yenidən Elmar ilə birlikdə axşam saatlarına kimi yaşadığı evə yaxın ərazidə qazları bir daha axtarmışlar. Qazları tapa bilmədikləri üçün qardaşı Elmar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək qazların oğurlanması barədə məlumat vermişdir. Elmar qazların itməsi barədə, həmçinin ərizə ilə Tovuz rayon polis şöbəsinə müraciət etdikdən sonra yaşadığı ünvana gələn polis əməkdaşları ilə birlikdə qazları axtarmağa getmişdir. Lakin qardaşı Elmar və polis əməkdaşları həmin gün ona məxsus qazları tapa bilməmişlər. 21 noyabr 2024-cü il tarixdə onunla qonşuluqda yaşayan Ruqiyyə adlı qadın iki baş inəklər oğurladığını öyrənmişdir. Qardaşı ona məxsus qazların da Tovuz rayonu, Yanıqlı kəndində onunla qonşuluqda yaşayan Ruqiyyə adlı qadın tərəfindən oğurlanmasından şübhələnərək 22 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonradan ona məxsus 19 ədəd qazı oğurlayan şəxsin, həmkəndlisi olan Tovuz rayonu, Yanıqlı kənd sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Ondan sonra o, Təqsirləndirilən şəxs oğurladığı qazların 8 (səkkiz) ədədini Tovuz rayon, Şamlıq-Dəlləkli kənd sakini olan Arzu adlı qadına satması üçün verdiyi, həmin Arzu adlı qadının isə 8 (səkkzi) ədəd ona məxsus qazları tanımadığı başqa iki nəfərə satdığını öyrənmişdir. 24 noyabr 2024-cü il tarixdə polislərin iştirakı ilə oğurlanmış qazlardan 3 (üç) ədədini Tovuz rayonu, Qəribli kənd sakini olan İlyas adlı şəxsdən və 5 (beş) ədədini isə Gədəbəy rayonu, Qoşabulaq kənd sakini Elçin adlı şəxsdən təhvil almışdır. Digər 11 (on bir) ədəd ona məxsus qazın kimə satılması barədə məlumatı yoxdur. Tovuz rayonu, Yanıqlı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış ona məxsus 19 ədəd qazın əlamətləri barədə bildirmişdir, ona məxsus təmiz ət çıxarı 4 kq olan, 3 illik, dişi cinsli, 11 ədəd qazın, təmiz ət çıxarı 4 kq olan, 3 illik, erkək cinsli, 2 ədəd qazın, təmiz ət çıxarı 2 kq olan, 8 aylıq, dişi cinsli, 6 ədəd qazın oğurlanması nəticəsində ona maddi ziyan dəymişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında əvvəllər hər hansı ədavət və yaxud düşmənçilik olmamışdır. O, ibtidai istintaq zamanı ərizə verərək bildirmişdir ki, baş vermiş oğurluq hadisəsi zamanı ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi qalmamışdır. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz rayonu, Yanıqlı kəndində yaşayır və hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Tovuz rayonu, Yanıqlı kənd sakini Təqsirləndirilən şəxs tanıyır. 7 ildir İlkin ilə qeyri-rəsmi münasibətləri var, ər-arvad kimi birlikdə yaşayırlar. Lakin təxminən 3-4 ay olar ki, Təqsirləndirilən şəxslə görüşmür. 18 noyabr 2024-cü il tarixdə, saat 18 radələrində İlkin ona zəng edərək özlərinə məxsus ev quşları olan qazlarını təcili satmalı olduğunu bildirmişdir. Həmin qazları satmaq üçün müştəri tapmağını ondan xahiş etmişdir. O da Tovuz rayonu, Qəribli kənd sakinləri olan İlyas və Şahin adlı şəxslərə zəng edərək tanışının 1 ədədi 20 (iyirmi) manatdan qaz satdığını bildirmişdir. 18 noyabr 2024-cü il tarixdə, saat 18 radələrində İlkin 8 ədəd qazı Tovuz rayonu, Dəlləkli kəndində yerləşən yaşadığı evə gətirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt 8 ədəd qazı ona verib çıxıb getmişdir. 18 noyabr 2024-cü il tarixdə qazların 3 ədədini, hər birini 20 (iyirmi) manatdan İlyas adlı şəxsə, 19 noyabr 2024-cü il tarixdə, səhər saatlarında isə 5 ədədini, hər birini 20 (iyirmi) manatdan Şahin adlı şəxsə satmışdır. Qazların satışından ümumilikdə 160 (yüz altmış) manat maddi qazanc əldə etmişdir. 19 noyabr 2024-cü il tarixdə, saat 11 radələrində qazların satışından əldə etdiyi 160 (yüz altmış) manat pulun 80 (səksən) manatını Tovuz rayonu, Qovlar şəhərində yerləşən dəmiryolu keçidinin yaxınlığında Təqsirləndirilən şəxs vermişdir. Çünki, Təqsirləndirilən şəxs üç ayrı-ayrı bankdan, Kapitalbank, Unibank və Leobankdan onun adına pul krediti götürmüşdür. Təqsirləndirilən şəxs onun banklara olan aylıq kredit borclarını ödəmədiyinə görə 160 (yüz altmış) manat pulun 80 (səksən) manatını pul kreditini ödəmək üçün Təqsirləndirilən şəxs verməmişdir. Ondan sonra o, bir daha Təqsirləndirilən şəxs ilə görüşməmişdir. 23 noyabr 2024-cü il tarixdə o, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarından öyrənmişdir ki, Təqsirləndirilən şəxs 18 noyabr 2024-cü il tarixdə ona satmağı üçün gətirib vermiş olduğu 8 ədəd qazları Tovuz rayonu, Yanıqlı kəndi ərazisindən oğurlamışdır. Ev quşları olan qazların oğurlaması barədə onun məlumatı olmamışdır. Çünki Təqsirləndirilən şəxs həmin qazların öz evlərinə məxsus olduğunu, Lombard krediti və onun adına olan kreditləri ödəmək üçün təcili satmalı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Tovuz rayonu, Yanıqlı kəndində yaşayır və hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, iribuynuzlu heyvan alveri ilə məşğul olur. Tovuz rayonu, Dəlləkli kənd sakini Şahid1 tanıyır. 18 noyabr 2024-cü il tarixdə, saat 18 radələrində Şahid1 (050) ***-**-** saylı mobil nömrədən ona zəng edərək 1 ədədi 20 (iyirmi) manata ev quşu olan qaz satıldığını bildirmişdir. O, həmin vaxt Şahid1 ilə razılaşaraq 5 ədəd qaz alacağımı bildirmişdir. 19 noyabr 2024-cü il tarixdə, səhər 07 radələrində o, Şahid1 yaşadığı evdə, Şahid1 100 (yüz) manat pul ödəyərək 5 ədəd qazı Arzudan almışdır. Qazı aldıqdan sonra Tovuz rayon Qəribli kəndinə, yaşadığı evə aparmışdır. 20 noyabr 2024-cü il tarixdə yaşadığı evə iribuynuzlu heyvanını almağa gələn Gədəbəy rayonu, Qoşabulaq kənd sakini olan Elçin adlı şəxs qazları görərərək almaq istədiyini bildirmişdir. O, qazın 1 ədədini 25 (iyirmi beş) manat olmaqla 5 ədəd qazı ümumilikdə 125 (yüz iyirmi beş) manata Gədəbəy rayonu, Qoşabulaq kənd sakini Elçin adlı şəxsə satmışdır. 23 noyabr 2024-cü il tarixdə ona məlum olmuşdur ki, onun Tovuz rayonu, Dəlləkli kənd sakini Arzu adlı qadından alıb Elçin adlı şəxsə satmış olduğu qazlar oğurluq olmuşdur. Qazların oğurlanması barədə onun əvvəl məlumatı olmamışdır. O, həmin 5 ədəd qazı Tovuz rayon Polis Şöbəsinin əməkdaşına Gədəbəy rayonu, Qoşabulaq kənd sakini Elçin adlı şəxsə satdığını bildirib Elçin adlı şəxsin əlaqə nömrəsini polis əməkdaşına vermişdir. Daha sonra o, eşitmişdir ki, polis əməkdaşı həmin 5 ədəd qazı Elçin adlı şəxsdən təhvil alaraq qazların sahibi, adı sonradan ona məlum olan Tovuz rayonu, Yanıqlı kənd sakini Zərərçəkmiş şəxs geri qaytarmışdır. Tovuz rayonu, Dəlləkli kənd sakini Şahid1 Haqqverdi qızı 19 noyabr 2024-cü il tarixdə yaşadığı evdə 5 ədəd qazı ona pul qarşılığında satan zaman həmin qazların oğurluq olması barədə ona hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Tovuz rayonu, Yanıqlı kəndində yaşayır və hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun bacısıdır. 18 noyabr 2024-cü il tarixdə, axşam saatlarında bacısı Aytəkin ona zəng edərək özünə məxsus olan 19 ədəd qazın yaşadığı evin yaxınlığında olan ərazidən itməsi barədə məlumat vermişdir. Məlumat verdikdən sonra o, bacısı Aytəkinin Tovuz rayonu, Yanıqlı kəndində yaşadığı ünvana getmişdir. O, həmin gün Aytəkin ilə birlikdə qazları axtarsalar da qazları tapa bilməmişlər. Səhəri gün, yəni 19 noyabr 2024-cü il tarixdə yenidən axşam saatlarına kimi o, bacısı Zərərçəkmiş şəxs ilə birlikdə onun yaşadığı evə yaxın ərazidə qazları axtarmışlar. Onlar qazları tapa bilmədikləri üçün o, həmin gün, yəni 19 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək qazların oğurlanması barədə məlumat vermişdir. Ondan sonra o, qazların itməklərini düşünüb bu barədə ərizə ilə Tovuz rayon polis şöbəsinə müraciət etdikdən sonra ünvana gələn polis əməkdaşları ilə birlikdə qazları axtarmağa getmişdir. Lakin o və Tovuz rayon polis şöbəsinin Qovlar polis bölməsinin əməkdaşlarını ilə 19 noyabr 2024-cü il tarixdə qazları tapa bilməmişlər. 21 noyabr 2024-cü il tarixdə bacısı Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayan Ruqiyyə adlı qadının iki baş dana oğurladığını öyrənmişdir. O, bacısı Zərərçəkmiş şəxs məxsus qazların Ruqiyyə adlı qadın tərəfindən oğurlanmasından şübhələnərək 22 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonradan Tovuz rayon polis şöbəsinin Qovlar polis bölməsinin əməkdaşları tərəfindən bacısı Zərərçəkmiş şəxs məxsus 19 ədəd qazları oğurlayan şəxsin, həmkəndlisi olan, Tovuz rayonu, Yanıqlı kənd sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs oğurladığı qazların 8 (səkkiz) ədədini Tovuz rayonu, Şamlıq- Dəlləkli kənd sakini olan Arzu adlı qadına satması üçün verdiyini, həmin qadın isə bacısı Zərərçəkmiş şəxs məxsus 8 (səkkiz) ədəd qazları tanımadığı başqa iki nəfərə satdığını öyrənmişdir. 24 noyabr 2024-cü il tarixdə bacısı Aytəkin Tovuz rayon polis şöbəsinin Qovlar polis bölməsinin əməkdaşlarının iştirakı ilə oğurlanmış özünə məxsus qazlardan 3 (üç) ədədini Tovuz rayonu, Qəribli kənd sakini olan İlyas adlı şəxsdən və 5 (beş) ədədini isə Gədəbəy rayonu, Qoşabulaq kənd sakini Elçin adlı şəxsdən təhvil almışdır. Digər 11 (on bir) ədəd qazın kimə satılması barədə məlumatı yoxdur. Onun Təqsirləndirilən şəxs ilə aralarında əvvəllər hər hansı ədavət və yaxud düşmənçilik olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid4 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid4 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Məhkəmə iclasında Şahid3 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz rayonu, Yanıqlı kəndində yaşayır və hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 18 noyabr 2024-cü il tarixdə, saat 18 radələrində Tovuz rayonu, Dəlləkli kənd sakini olan Arzu adlı qadın (050) ***-**-** saylı mobil nömrədən ona zəng edərək ev quşu olan qaz satıldığını, qazları satan şəxsin tanışı olduğunu və kredit ödənişi olduğu üçün təcili satdığını bildirmişdir. O, həmin gün saat 18 radələrində Arzu adlı qadının Tovuz rayonu, Dəlləkli kəndində yerləşən yaşadığı evə getmiş və Arzu adlı qadından bir ədədi 20 (iyirmi) manata olmaqla 3 ədəd qaz almışdır. O, həmin gün Arzu adlı qadına 60 (altmış) manat pulu verdikdən sonra yaşadığı ünvana, yəni Tovuz rayonu, Qəribli kəndində yerləşən yaşadığı evə gəlmişdir. Sonradan, yəni 23 noyabr 2024-cü il tarixdə ona məlum olmuşdur ki, həmin qazlar oğurluqdur. Onun həmin oğurluq hadisəsi barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. 24 noyabr 2024-cü il tarixdə, saat 14:00-da onun Tovuz rayonu, Qəribli kəndində yaşadığı evdə Tovuz rayon Polis Şöbəsinin əməkdaşına təqdim etdiyi 3 ədəd qaza Tovuz rayonu, Yanıqlı kənd sakini Zərərçəkmiş şəxs iştirakı ilə həmin əməkdaş tərəfindən baxış keçirməklə bu barədə protokol tərtib edilmiş və 3 ədəd qaz Zərərçəkmiş şəxs təhvil verilmişdir. Baxış zamanı polis əməkdaşı tərəfindən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Tovuz rayonu, Dəlləkli kənd sakini Şahid1 Haqqverdi qızı 18 noyabr 2024-cü il tarixdə yaşadığı evdə 3 ədəd qazı ona pul qarşılığında satan zaman həmin qazların oğurluq olması barədə ona hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında Şahid5 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz rayonu, Yanıqlı kəndində yaşayır və hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Tovuz rayonu, Qəribli kənd sakini Şahid2 tanıyır. Belə ki, o, Şahid2lə mütəmadi olaraq heyvan alış-verişi edir. 20 noyabr 2024-cü il tarixdə Şahid2 Tovuz rayonu, Qəribli kəndində yaşadığı evə getmişdir. Həmin gün o, Şahid2 iki baş iribuynuzlu heyvan almışdır. Heyvanları aldıqdan sonra Şahində 1 ədədi 25 (iyirmi beş) manat olmaqla 5 ədəd ev quşu olan qaz almışdır. O, qazları aldıqdan sonra Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən yaşadığı evə gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin qazlar oğurluqdur. Onun baş verən oğurluq hadisəsi barədə əvvəlcədən məlumatı olmamışdır. 24 noyabr 2024-cü il tarixdə, saat 14:00-da onun Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşadığı evdə Tovuz rayon Polis Şöbəsinin əməkdaşına təqdim etdiyi 5 ədəd qaza Tovuz rayonu, Yanıqlı kənd sakini Zərərçəkmiş şəxs iştirakı ilə həmin əməkdaş tərəfindən baxış keçirməklə bu barədə protokol tərtib edilmiş və 5 ədəd qaz Zərərçəkmiş şəxs təhvil verilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. O, Tovuz rayonu, Yanıqlı kənd sakini Zərərçəkmiş şəxs məxsus qazları oğurlayan Tovuz rayonu, Yanıqlı kənd sakini Təqsirləndirilən şəxs tanımır və onun Təqsirləndirilən şəxslə aralarında hər hansı ədavət və yaxud düşmənçilik yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2025-ci il tarixli, 9/10080 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən ev quşlarının 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 812 (səkkiz yüz on iki) manat müəyyən edilir. İş materiallarında olan Tovuz Rayon İHB-nin Yanıqlı kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurlmuş maddi ziyan tamamilə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24 avqust 2016-cı ildə anadan olmuş Gülnar adlı 1 (bir) nəfər azyaşlı uşağı var. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə barışmasını və himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının 10.3-cü bəndində qeyd edilmişdir ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi tövsiyyə edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut 08 (səkkiz) ədəd qazların Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 08 (səkkiz) ədəd qazların Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar