Məhkəmə qərarları › İş №1(062)-56/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-56/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-56/2023 06.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1981-ci ildə Tovuz rayonu Kirən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Kirən kəndində qeydiyyatda olan və orada yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Tovuz rayonu Kirən kəndində yaşadığı evdə arvadı X3 ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun sol qoluna qaynar su tökərək ona sol dirsək oynağının İ-İİ dərəcəli yanığı dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə qəsdən X1 yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Kirən kəndində yaşayır. X3 onun arvadıdır. Anası Ceyran və arvadı Kamilə onun 17 yaşlı qızı Nəzakəti Tovuz rayonu Bayramlı kənd sakini 35 yaşlı Yusif adlı oğlana ərə vermək istəyirlər. O isə buna razı olmadığından evdə anası və arvadı ilə mübahisələri olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o, evə gəlmiş evdə anası Ceyrana demişdir ki, “mənim qızım ərə getmir, nəyə görə qızı zorla ərə vermək istəyirsiz?” Bu səbəbdən anası ilə mübahisə etmiş, Kamilə onların arasına keçərkən o, sonuncu ilə də mübahisə etmişdir. Bu zaman o, əsəbləşərək sobanın üstündəki qaynar suyu götürüb arvadı Kamilənin sol qolunun üstündən tökərək yandırmışdır. Hazırda əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxslə barışmış və bir evdə yaşayırlar. Odur ki, material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əri olmaqla ailəsi ilə birlikdə Tovuz rayonu Kirən kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində evdə olarkən qaynanası Ceyran ona havanın soyuq olduğunu və inəkləri nə üçün tez suladığını demişdir. Bu səbəbdən aralarında qısa mübahisə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində evdə sobanın üstünə qab yumaq üçün su qoyub qızdırmışdır. Bu zaman əri Aqil evə gələrək ondan anası ilə nə üçün dalaşdığını soruşmuş, o isə anası ilə dalaşmadığını, sadəcə aralarında qısa mübahisə olduğunu bildirmişdir. Əri Aqil ona inanmamışdır. Bundan sonra Aqil sobanın üstündəki qaynar suyu qəsdən onun sol qolunun üstünə töküb yandırmışdır. Həmin gün o, yaşadığı evdə qalmış, səhəri, yəni xx.xx.2023-cü il tarixdə atası evinə gedərək qardaşı Şahid1 Aqilin onun qoluna su tökərək yandırdığını demişdir. Daha sonra qardaşı bu barədə DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur, bir evdə yaşayırlar. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: МТЕ və PA X5 şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 128 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər: sol dirsək oynağının İ-İİ dərəcəli yanığı qaynar mayenin (suyun) termiki təsiri nəticəsində, sol bud nahiyəsinin qançırı isə şişkinliyi küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi. Həmin xəsarətlərdən sol dirsək oynağının İ-İİ dərəcəli yanığı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol bud nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar