Məhkəmə qərarları › İş №1(062)-56/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-56/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-56/2024 01.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhklumluğu olmayan, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə, saat 22 radələrində Tovuz rayonu rayonunun inzibati ərazisində yerləşən Ceyrançöl qış otlaq sahəsində Şahid1 məxsus çoban işlədiyi fermanın yaxınlığında sonuncuya məxsus heyvanların Zərərçəkmiş şəxs məxsus otlaq sahəsinə keçməsinin səbəblərini aydınlaşdıran zaman həmin vaxt onun orada olan həyat yoldaşı X2 Zərərçəkmiş şəxs sillə ilə vurması səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla bir neçə dəfə qəsdən zərbələr vuraraq sonuncuya hər iki gicgah nahiyələrinin qançır-şişkinliyi, sol yanaq nahiyəsinin selikli qişasına olan qansızma sahəsi, sağ almacıq nahiyəsinin qançırı, sol kürəkaltı nahiyənin sıyrığı, sol əlin İİ barmağının İ falanqasının və sağ çənə bucağının səthi yaraları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən və burun sümüyünün yerdəyişməsi olmayan sınığı ilə müşayiət edilən qançırşişkinliyi, sol gözə subkonyuktival qansızma ilə müşayiət edilən sol üst göz qapağının qançırı və sol gözaltı-sol almacıq nahiyəsinin qançır-şişkinliyi kimi dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəlsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal hazırda Tovuz rayonu Aşağı-Quşçu kəndində yaşayır, fərdi əməklə məşğul olur. Belə ki, Gədəbəy rayonu Slavyanka kənd sakini Şahid1 heyvanlarına çobanlıq edir. X1 da onunla birlikdə Şahid1 yatağında yaşayır. Tovuz rayonu Çeşməli kənd sakini Zərərçəkmiş şəxs tanıyır, o onun işlədiyi yataqla qonşu yataqda heyvan saxlayır. Onun sözügedən hadisə baş verənə kimi onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Tovuz rayonu Aşağı-Quşçu kənd sakini Şahid3 tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır, onunla münasibəti yaxşı olmuşdur, uşaqlıqdan onlar bir yerdə böyümüşlər. Onlar Şahid3la kənddə qonşu yaşayırlar. Onun Samirə 300 manat pul borcu var, o arvadı Sevilin pensiya kartını Samirə vermişdir, Samir həmin kartdan onun borcunu götürür. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində o heyvanları otaran zaman təxminən 10 baş xırda buynuzlu heyvan Zərərçəkmiş şəxs yerinə keçmişdir. Ələddin heyvanların onun yerinə keçdiyini görüb qışqırıb ona nalayiq sözlər deyərək demişdir ki, heyvanları çıxart. O da qayıdıb ona nalayiq sözlər deyərək ona demişdir ki, niyə söyüş söyürsən, heyvanların onun yerinə keçməsini bilməmişdir indi çıxardır və heyvanları onun yerindən çıxarmışdır. Bundan sonra o heyvanları aparıb yatağa salmışdır və başqa heyvanların arxasınca getmişdir. O, həmin heyvanları da haylayıb yatağa gətirmişdir. Həmin günü saat təxminən 22 radələrində o olacaqda əynini soyunub yatmaq istəmişdir. O, yerinə təzə girmişdir ki, Şahların olacağının qarşısında maşın dayandığını bilmişdir, sonra həmin maşın gəlib onların olacağının qabağında dayanmışdır. X9 çağırmış, o, alt paltarında eşiyə çıxanda görmüşdür ki, X4 maşınından onu çağırırlar. O, getmək istəməmişdir, lakin Şahlar ona demişdir ki, gəl mən də burdayam, görək bu nə məsələdi. Şahlar belə deyəndən sonra o gedib Ələddinin maşınında arxa oturacaqda oturmuşdur, Şahlar da arxa oturacaqda oturmuşdur. Samir maşında qabaq oturacaqda oturmuşdur, maşını Ələddin özü sürmüşdür. O, maşına minən kimi Ələddin maşını sürmüşdür, təxminən 30-40 metr yataqdan aralanandan sonra Samir ona demişdir, gedək Ələddin sənin başına idrar edəcək. O, belə deyəndə Şahlar Ələddinə demişdir ki, sənin fikrin nədi, bu nə sözdü sən bizi hara aparırsan saxla maşını. Ələddin əvvəlcə maşını saxlamaq istəməmişdir, Şahlar qapını açıb düşmək istəyəndə Ələddin maşını saxlamışdır. Şahlar maşından yerə düşüb Ələddinin qapısını açıb onun yaxasından tutub maşından yerdə düşürtmüşdür, ona demişdir ki, sənin fikrin nədi niyə gəlibsiniz, bizi hara aparırsınız. Bu vaxt Samir, sonra da o, maşından yerə düşüb Ələddinlə Şahların yanına getmişlər. Həmin vaxt Şahlar Samiri görüb onun yaxasından yapışmışdır. O, Samirlə Şahların arasından keçib Əlişə tərəf getmişdir. Həmin vaxt onun arvadı Sevil qışqıra-qışqıra gəlib Ələddinə söymüşdür ki, mənim ərimi yatağından qaldırıb hara aparırsan. Bu vaxt Samir Şahların əlindən çıxıb qaçmışdır Şahlar da onun arxasınca qaçmışdır. Bu zaman görmüşdür ki, arvadı Sevil qışqırıb yerə yıxıldı. Arvadının yerə yıxıldığını görüb hirslənmişdir və Ələddinə qışqırmışdır ki, sən kimsən mənim arvadımı vurursan və sağ yumruğu ilə Ələddinin burnunun üstündən sürçütmə güclü zərbə endirmişdir, sonra qarnının üstündən bir dəfə təpiklə zərbə endirmişdir. Ələddin qaçmaq istəyəndə İbrahimin arvadı əlində kapron su qabı onun arvadı Sevilin yanına gəlmişdir. İbrahimin arvadı onun arvadına yardım etmək istəyəndə Ələddin İbrahimin arvadına nalayiq söyüş söymüşdür. Həmin vaxt İbrahim şillə ilə Ələddinin qulağının dibindən bir dəfə zərbə endirmişdir, sonra təpiklə qarnından bir zərbə endirmişdir. Ələddin İbrahimin əlindən çıxıb ona tərəf gələndə o yenə sol əlinin yumruğu ilə Ələddinin sol gözünün altından güclü bir zərbə vurmuşdur və yenə təpiklə qarnından bir dəfə vurmuşdur. Ələddin arxası üstə yerə daşların üstünə yıxılmışdır, o onu ikinci dəfə vuranda bütün ağırlığı ilə arxası üstə yerə daşların üstünə yıxılmışdır. Bu vaxt Şahlar yanına gəlib onu tutub ona and vermişdir ki, daha vurma, o da onu buraxmışdır. Həmin vaxt Samir qaçıb uzaqlaşmışdır, o onlara yaxın gəlməmişdir, kənarda dayanıb Şahlara nalayiq söyüşlər etmişdir. Bundan sonra Şahlar Ələddini qaldırıb öz olacağına aparmışdır, o da İbrahimin olacağına gedib arvadı Sevili götürüb öz olacaqlarına getmişdir. Şahlar Ələddini vurmamışdır, yalnız ona demişdir ki, maşını saxla və əlini atıb maşının açarını yuvasından çıxartmışdır, sonra Ələddinin yaxasından tutub onu sükanın arxasından yerə düşürtmüşdür və ona demişdir ki, sən nə etməyə çalışırsan, sənin fikirin nədi. Suallara cavab olaraq təkrar göstərmişdir ki, Zərərçəkmiş şəxs burnundan və sol gözünün altından o vurmuşdur, sonra İbrahim ona bir şillə zərbəsi daha sonra təpik zərbəsi vurmuşdur, ancaq Şahlar Ələddini vurmamışdır, ancaq Ələddinin yaxasından tutub sükanın arxasından yerə düşürtmüşdür ki, siz nə etmək istəyirisiniz. Sonra da Ələddini öz olacağına aparmışdır. Həmin vaxt onun arvadı Sevil, İbrahimin arvadı Səbahət, İbrahimin oğlu Elcan və qızı Nuray Ələddini vurmamışlar, İbrahimin qızı Nuray həmin vaxtı orada olmamışdır, o onu orada görməmişdir. İbrahimin oğlu Elcan anası deyəndən sonra onun arvadına su gətirmişdir sonra da qayıdıb olacağa getmişdir, o onları çöldə görməmişdir. Ələddinin burnunun üstündən və sol gözünün altından yumruqla o vurmuşdur, sonrada İbrahim onun qulağının dibindən bir şillə zərbəsi daha sonra qarnına bir təpik zərbəsi vurmuşdur, Ələddini İbrahimlə ondan başqa heç kim vurmamışdır. Həmin dava dalaş təxminən 30-40 dəqiqə davam etmişdir. Həmin vaxt kənardan heç kim hadisə yerinə gəlməmişdir, həmin dava dalaş Ceyrançöl qışlaq sahəsində Şahid1 yatağından təxminən 50 metr kənarda yolun kənarında baş vermişdir. Həmin vaxt heç kim hadisənin şahidi olmamışdır. Onun Zərərçəkmiş şəxs sifət nahiyyəsinə vurduğu zərbəsi birinci dəfə burnunun üstündən sürçütmə dəymişdir, sonra ikinci dəfə vurduğu yumruq zərbəsi onun sol gözünün altından dəymişdir. Şahid1 həmin vaxt Zərərçəkmiş şəxs vurmamışdır, əksinə o yenə Ələddini vurmaq istəyəndə o ona qışqırıb and içmişdir, onu təkrar vurmağa qoymamışdır. Zərərçəkmiş şəxs olan sol qulaq seyvanının qançır şişkinliyi xəsarətini o yetirməmişdir, həmin xəsarəti İbrahim ona sillə ilə vuraraq yetirmişdir. Ələddinin pulunun yerə düşməsini görməmişdir, bu barədə onun heç bir məlumatı yoxdur. Həmçinin zərərçəkmiş şəxslə barışmaq istəsə də, o, buna imkan verməmişdir. Əməlindən peşmandır. Odur ki, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Tovuz rayonu Çeşməli kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır, özünə məxsus heyvanları saxlamaqla məşğul olur. O, qışda heyvanlarını Ceyrançöl qışlaq sahəsindəki yataqda saxlayır. Gədəbəy rayonu Slavyanka kənd sakini Şahid1 tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır, sözügedən hadisə baş verənə kimi aralarında heç bir narazılığı olmamış, münasibəti çox yaxşı olmuşdur. Şahlarla onun Ceyrançöl qışlaq sahəsində olan yataqları qonşudur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir ədavəti və düşmənçiliyi olmamışdır, onunla heç bir qohumluq əlaqələri yoxdur. Təxminən 2023-cü ilin noyabr ayının axırlarında o görmüşdür ki, təxminən 50-60 baş iri buynuzlu heyvan onun yerində otlayır, heyvanların yanında bir nəfər uşaq var, bir nəfər isə atla ətrafda hərlənir. Sonradan ona məlum olmuşdur ki, həmin atla gəzən Şahların çobanı Təqsirləndirilən şəxsdur. O, onları çağırıb demişdir ki, heyvanlarınızı yerimdən çıxarın, sonrada heyvanları haylayıb yerindən çıxartmışdır. Həmin vaxt Vüsal ona demişdir ki, axşam gələcəm görüm sən nə lotuluq edirsən. Bundan sonra o Şahlara zəng vurub demişdir ki, ayıb deyilmi belə qonşuluqmu olar sənin heyvanların mənim yerimin ortasında otlayır. Şahlar onun yanına gəlmişdir, ona demişdir ki, narahat olma bir də bizim heyvanlarımız sənin yerinə keçməyəcək. 05 dekabr 2023-cü il tarixdə saat 14 radələrində yenə Şahların heyvanları onun yerinə keçmişlər. O, heyvanların yanında olan uşağı çağırıb demişdir ki, heyvanlarınızı çıxardın, o, da heyvanları haylayıb çıxıb getmişdir. Həmin günü axşam saat təxminən 19 radələrində görmüşdür ki, Şahların itləri onun itlərini arxacın qabağında teyləyir. O, maşını sürüb Şahların heyvanlarının yanına gedib Şahları çağırmışdır. Şahlar onun yanına gəlmişdir. O, Şahlara demişdir ki, ay qonşu gecə heyvan otarırsan itini əlində saxla niyə mənim itlərimi sənin itlərin kısqalayır. Şahlar da ona demişdir ki, yaxşı razılaşarıq bir də belə şey olmaz. Bu vaxt Vüsal onların yanına gəlmişdir. Vüsal ona demişdir ki, sən nə deyirsən mən lotuyam gecə də otara bilərəm gündüzdə nə demək istəyirsən. Vüsal ona hədə-qorxu gəlmişdir ki, sən mənə söyüş söyübsən, sonra yaxasından tutanda barmağı ilə sol gözünün altını cırmışdır. O da Vüsalın yaxasından tutmuşdur, onlar əlbəyaxa olanda Şahlar onu tutmuşdur, onlar ayrılmışlar. Vüsal aralanıb kənardan ona yenə hədə-qorxu gəlmişdir ki, səni öldürəcəm. Vüsal polisə bildirənin ana bacısına söyüb ona demişdir ki, gəlirəm dalaşarıq görərsən. Bundan sonra Vüsal Daşkəsən rayonundan olan Şahların çobanının oğlu ilə birlikdə heyvanları haylayıb getmişdir, o Şahlarla qalmışdır. Onlar yenə Şahlarla öz aralarında danışıb razılığa gəlmişlər. Onlar Şahlarla söhbət edən vaxt görmüşdür ki, üç nəfər başlarında işıq onların yanına gəlirlər. Onların yanına çatanda Şahlar çıxıb getmişdir, o da öz maşınına minib sürüb öz yatağına getmişdir. O, maşına minəndə görmüşdür ki, həmin üç nəfərin biri Daşkəsənli çoban, o biri onun oğlu, bir də Vüsaldır. Onlar onun ünvanına nalayiq söyüşlər söymüşlər ki, orda dur qaçma, ancaq o onlara əhəmiyyət verməyib maşını sürüb çıxıb getmişdir. O, onlardan ayrılandan təxminən 10 dəqiqə sonra tanışı Tovuz rayonu Aşağı-Quşçu kənd sakini Şahid3 ona zəng vurub demişdir ki, Vüsalın yerini bilirsənmi, mənimlə birlikdə onun yanına gedək ondan pul alacağım var pulu ondan alım. O, da Samirə demişdir ki, hə Vüsal burda mənimlə qonşudu, gəl göstərəcəm gedərsən. Onlar telefonla danışandan təxminən yarım saat sonra Samir onun yatağına gəlmişdir. Onlar təxminən bir saat Samirlə onun yatağında söhbət etmişlər. O, Samirə demişdir ki, bizim aramızda mübahisəmiz olub mən oraya getmirəm sən özün get. Samir ona demişdir ki, eloğlusunuz bir birinizlə mübahisə etməyin. Bundan sonra o Şahlara zəng vurmuşdur, Şahlar telefonu açanda deyəsən dalğa itmişdir danışa bilməmişlər. O, Şahların qonşusu Teymura zəng vurmuşdur ona demişdir ki, sən bir qonşu kimi Şahları səhər gətir bizim yerin arasını kəsək. Teymur da ona demişdir ki, yaxşı gətirib gələrəm. Bundan sonra saat təxminən 22 radələrində o özünə məxsus Niva markalı avtomobillə Samiri götürüb Şahların yatağına getmişdir. O, Şahların yatağının qarşısında maşını saxlayıb Şahları çağırmışdır. Şahlar gəlib onun maşınında arxa oturacaqda oturmuşdur. O, Şahlardan soruşmuşdur ki, Vüsal hardadı, o da demişdir ki, öz olacağındadı. O, maşını sürüb Vüsalın olacağının qarşısına getmişdir, orada Şahlar Vüsalı çağırmışdır, Vüsal gəlib onun maşınına minmişdir. O, maşını sürüb təxminən 20 metr kənara sürmüşdür ki, səslərini arvad uşaq eşitməsin. O, maşını saxlayan kimi Şahlar maşından düşüb onun üstünə yetirmişdir ki, sən məni hara aparırsan sonra yumruqla gözündən burnunun üstündən bir neçə dəfə zərbə endirmişdir. O, maşından yerə düşmüşdür, bu vaxt Vüsal da maşından yerə düşüb onun üstünə yetirmişdir. Şahlar qışqırmışdır ki, mənim tüfəngimi mənə gətirin. Şahlar qışqıranda yataqdan arvad uşaq hamısı çıxıb onun üstünə yetirmişdir, onların hamısının əllərində lapatka, bel ağac olmuşdur. Onların hamısı onun üstünə yetirib başlamışlar əllərindəkilərlə, əlləri ilə ayaqları ilə onun bədəninə zərbələr endirməyə. O, yerə yıxılmışdır, onlar təxminən 20 dəqiqə onu yerdə döymüşlər. Sonra onu sürüyüb olacağa aparmışlar. Orada Şahlar ona demişdir ki, sən mənim qapıma basqına gəlmisən, o da ona demişdir ki, mən söhbətə gəlmişəm, əgər basqın etmək fikirim olsaydı əlimdə ağac olardı. Həmin vaxt Samir kənarda dayanıb onlara yaxın gəlməmişdir, əlindəki telefonla onları çəkmişdir. Sonra Samir onlara demişdir ki, onu buraxın qoy gəlsin, bundan sonra onlar onu buraxmışlar. O, olacaqdan çıxıb maşına minmişdir, baxıb görmüşdür ki, maşının açarı üstündə yoxdu. Həmin vaxt baxıb görmüşdür ki, şalvarının cibində olan 900 manat məbləğində pulu da cibində yoxdur. O, Şahlara demişdir ki, maşının açarı və cibində pulu yoxdu. Vüsal ona demişdir ki, maşının açarı Şahlardadı gəl götür. O, yenə açarı götürmək üçün onların yanına gedəndə Şahlar onun şəkilini çəkmişdir, onu danışdırmışdır ki, sən niyə yatağa hücum edibsən. Həmin vaxt Samir yenə onlara demişdir ki, onu buraxın gəlsin, bundan sonra onlar onu buraxmışlar. O, maşının içərisini arxa yük yerini açıb şəkilini çəkmişdir, bundan sonra piyada olacağa tərəf getmək istəyəndə yolda tanımadığı bir avtomobil gəlmişdir. Onlar həmin avtomobilə minmişlər, həmin maşın onları aparıb arxaca düşürüb çıxıb getmişdir. O, həmin avtomobilin sürücüsünü tanımamışdır, avtomobilin markasını da xatırlamır. Onun üzü, gözü bədəni yaralanmışdır, üz gözü qan içində olmuşdur, o yataqdan 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Bundan sonra şikayət ərizəsi yazmışdır. Onun burnunun üstündən və gözünün altından yumruqla Şahlar vurmuşdur, burnunu Şahlar yumruqla vurub sındırmışdır, sol qulağındakı xəsarəti ona Vüsal təpiklə əlindəki ağacla vurub yetirmişdir. Daşkəsənlilər isə ailəlikcə onun bədəninin hər yerinə ağacla əlləri və ayaqları ilə vurub xəsarət yetirmişlər. O, Şahların yatağına getmişdir ki, onunla söhbət etsin ki, sənin çobanın niyə yerini otarır, niyə ona söyüş söyür, bir də Samir Vüsaldan pulunu almağa getmişdir. Həmin hadisə Şahların yatağından təxminən 20 metr kənarda baş vermişdir, həmin vaxt Şahlar, Vüsal, Vüsalın arvadı, Şahid2 İsrafil oğlu, İbrahimin oğlu, qızı və arvadı orada olmuşlar, onların hamsını onu döymüşlər, onlardan və Samirdən başqa orada heç kim olmamışdır. Onlardan başqa heç kim hadisənin şahidi olmamışdır. Samir Şahların boğazından tutmamışdır, onu boğmamışdır, Sevili itələyib yıxmamışdır. Samir onlar onu döyəndə kənarda dayanıb onlara yaxın gəlməmiş, heç kimlə dalaşmamışdır, o ancaq telefonla onları çəkmişdir. Şahlar əvvəlcə yumurqla onun burnunun üstündən və sol gözündən bir neçə dəfə zərbə endirmişdir, sonrada onlar hamısı onu yerə yıxıb yerdə döymüşlər. Onlar ona çay verməmişlər, o olacaqda çay içməmişdir, onlar yalan danışır. Onlar olacaqda onu telefona çəkib onunla sorğu sual aparmışlar ki,sən buraya hücuma gəlibsən, o da onlara demişdir ki, o ancaq söhbətə gəlmişdir. Təqsirləndirilən şəxs ilə barışmır və ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda Gədəbəy rayonu Slavyanka kəndində yaşayır, fərdi əməklə məşğul olur, özünə məxsus heyvanlarını Tovuz rayonu Ceyrançöl qışlaq sahəsində saxlayır, fermerlər şurasının Gədəbəy rayon şöbəsinin sədridir. Tovuz rayonu Çeşməli kənd sakini Zərərçəkmiş şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır, sözügedən hadisə baş verənə kimi onunla münasibəti yaxşı olmuşdur. Tovuz rayonu Aşağı-Quşçu kənd sakini Təqsirləndirilən şəxs arvadı ilə birlikdə onun heyvanlarına çobanlıq edir. Bundan başqa Daşkəsən rayonu Əmirvar kənd sakini Şahid2 da onun heyvanlarına çobanlıq etmişdir və ailəsi ilə birlikdə onun yatağında yaşamışdır. 05 dekabr 2023-cü il tarixdə saat 18 radələrində o yatağının alt tərəfindəki gölün yanında Zərərçəkmiş şəxsla rastlaşmışdır. Ələddin ona demişdir ki, iti onun yatağına gəlir, itini buraxmasın, o da ona demişdir ki, yaxşı ancaq o gecə heyvan otarır, onda sən itini burax qoy mənim heyvanlarımı gözləsin. Həmin vaxt Ələddinlə Vüsal başlamışlar mübahisə etməyə. Onlar mübahisə edəndə o başa düşmüşdür ki, heyvanlar Ələddinin yerinə keçib ona görə Vüsalla Ələddin mübahisə edirlər. O, onları sakitləşdirmişdir, təxminən 30-40 dəqiqə Ələddinlə söhbət etmişlər. Sonra görmüşdür ki, onun çobanları Vüsalla İbrahim gəlir. Ələddinə demişdir ki, get mən də gedirəm onlara qoşulma və özü də çıxıb getmişdir. Həmin günü gecə saat təxminən 22 radələrində o öz yatağında olacaqda paltarlarını soyunub yatağına uzanmışdır. Bu vaxt olacağın qabağında maşın dayandığını eşidib çölə çıxmışdır, görmüşdür Ələddinin maşınıdır. Ələddin onu çağırmışdır ki, gəl maşına min, o da gedib Ələddinin maşınında arxa oturacaqda oturmuşdur. Ələddinin maşınında bir nəfər qabaq oturacaqda oturmuşdur, sonradan bilmişdir ki, həmin şəxs Tovuz rayonu Aşağı-Quşçu kənd sakini Şahid3dur. O, maşına minəndə Samir ondan Vüsalın olduğu yeri soruşmuşdur, o da Vüsalın olacağını göstərmişdir. Ələddin Vüsalın olacağının qabağında maşını saxlamışdır, Vüsal maşının səsinə çölə çıxmışdır. Samir Vüsalı çağıranda Vüsal gəlmək istəməmişdir, o Vüsala demişdir ki, gəl otur maşına görək nə məsələdi. O, belə deyəndən sonra Vüsal gəlib maşında arxada onun yanında oturmuşdur. Ələddin maşını sürmüşdür təxminən 20-30 metr getmişlər ki, o soruşmuşdur hara gedirsən, Samir Vüsalın ünvanına nalayiq ifadə işlədəndə o Ələddinə demişdir ki, maşını saxla sən nə fikirləşirsən. Ələddin maşını saxlamaq istəməmişdir, o qapını açanda maşını saxlamışdır, o maşından düşüb Ələddinin qapısını açıb maşının açarını yuvasından çıxartmışdır. Sonra Ələddinin yaxasından yapışıb onu maşından yerə düşürtmüşdür ki, sənin fikirin nədi gecənin bu vaxtı niyə gəlmisən. Bu vaxt Vüsal da onların yanına gəlmişdir, Samir də maşından düşüb onların yanına gələndə o Samirin yaxasından tutmuşdur ki, sən kimsən gecənin bu vaxtı mənim yatağımda nə gəzirsən. Vüsal onların arasından keçib Ələddinə tərəf gedəndə Samir onun əlindən çıxıb qaçmışdır, həmin vaxt Vüsalın arvadı Sevil qışqıra-qışqıra Ələddinə söyə-söyə oraya gəlmişdir, o bir də görmüşdür ki, Sevil qışqırıb yıxıldı, Sevil yıxılanda Vüsal başlamışdır Ələddini yumruqla vurmağa ki, niyə mənim arvadımı vurdun. Bundan sonra o Samirin arxasınca getmişdir. Samir qaçıb asfalt yolun o biri tərəfindəki təpəyə çıxmışdır, o ona söymüşdür Samir də ona söymüşdür. Həmin vaxt səs küyə onun digər çobanı İbrahim, İbrahimin arvadı Səbahət də Ələddinlə Vüsalın yanına getmişlər. Ələddin İbrahimin arvadına və İbrahimə söyəndə İbrahim də şillə ilə Ələddinin qulağının üstündən vurmuşdur. O, onların yanına gəlib qışqırmışdır ki, dayanın dalaşmayın. Sonra Ələddini yerdən qaldırıb qolundan tutub öz olacağına aparmışdır. Olacaqda Ələddinə çay süzmüşdür, sonra orda Ələddinə demişdir ki, gecənin bu vaxt sən nə gəzirsən sözün varsa səhər mənə deyərdin axı mən səninlə danışmışdım. Bundan sonra Samir gəlib Ələddini çağırmışdır, Ələddin gedəndə maşının açarını istəmişdir, o açarı ona verməmişdir demişdir ki, səhər mənim qapıma gəlməyini sübut etmək üçün maşın olduğu yerdə qalsın. Bundan sonra Ələddinlə Samir çıxıb getmişlər, o da öz olacağına gedib yatmışdır. Səhəri günü də Ələddinin maşının açarını ona göndərmişdir.O, Ələddini vurmamışdır, ona heç bir xəsarət yetirməmişdir, yalnız onun yaxasından tutub onu maşından yerə düşürtmüşdür. Ələddini onun yanında Vüsal vurmuşdur, sonra da İbrahim onun sol qulağının üstündən şillə ilə vurmuşdur. Bir daha göstərmişdir ki, o Ələddini vurmamışdır, ona heç bir xəsarət yetirməmişdir. O, Sevili kimin vurmasını görməmişdir, ancaq görmüşdür ki, o qışqırıb yerə yıxıldı, həmin vaxt o Samirlə mübahisə etmişdir, onlardan aralanmışlar, ona elə gəlir ki, Sevili Ələddin vurmuşdur çünki, Samir Sevil yerə yıxılanda onun yanında olmamışdır. Ələddini o vurmamışdır, ona heç bir xəsarət yetirməmişdir, Ələddini Vüsal yumruqla təpiklə döymüşdür sonra da İbrahim onu şillə ilə vurmuşdur. İbrahimin uşaqlarının hadisə yerinə gəlməsini Ələddini vurmalarını, Sevilin və İbrahimin arvadı Səbahətində Ələddini vurmasını görməmişdir. Ələddini Vüsal döymüşdür, İbrahim də onun qulağının dibindən şillə ilə vurmuşdur. Həmin vaxt Ələddinin pulunun düşməsindən onun xəbəri olmamışdır, Ələddin olacaqda özü ona demişdir ki, cibində heç nəyi yox idi, onun belə deməsini o telefona yazdırmışdır. Ələddin yalandan göstərir ki, guya həmin dava dalaş zamanı onun pulu düşüb. Onun pulu yerə düşsəydi onlar həmin vaxt olmasa da səhəri günü hava işıqlaşanda pulu görərdilər və götürüb onun özünə verərdilər. O, fikirləşmişdir ki, səhəri günü Ələddinin onun yatağına gəlməsini o ona subut edə bilməyəcək. Bu məqsədlə o onun maşının açarını verməmişdir ki, qoy maşın olduğu yerdə qalsın ki, hamı görsün ki, Ələddin onun yatağına basqına gəlib. Onun maşının açarlarını verməməkdə onun başqa heç bir məqsədi olmamışdır. Həmin hadisə təxminən 10-15 dəqiqə davam etmişdir, həmin hadisənin özlərindən başqa heç kim şahidi olmamamışdır, kənar heç kim hadisə yerinə gəlməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. Belə ki, Gədəbəy rayonu Slavyanka kənd sakini Şahid1 heyvanlarına çobanlıq edir. Arvadı Şahid4 qızı da onunla birlikdə çobanlıq edir. Az yaşlı uşaqları Elcan, Nuray və Eltacda onlarla birlikdə Ceyrançöl qışlaq sahəsində yataqda yaşamışlar. Hazırda o həmin yataqdan çıxıb Şəmkir rayonu Könüllü kəndinə Lətif adlı fermerin heyvanlarına çobanlıq edir. Tovuz rayonu Çeşməli kənd sakini Zərərçəkmiş şəxs tanımır, sözügedən hadisə baş verənə kimi onu tanımamışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Tovuz rayonu Aşağı-Quşçu kənd sakini Şahid3 da əvvəllər tanımamışdır, onunla da heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Tovuz rayonu Aşağı-Quşçu kənd sakini Təqsirləndirilən şəxs da onunla birlikdə Şahid1 heyvanlarına çobanlıq edir. Onunla da heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində o olacaqda əynini soyunub yatmaq üçün yerinə girmişdir. Bu vaxt qapıda maşın dayandığını eşidib çölə çıxmışdır, həmin maşınla gələn tanımadığı şəxslər Ələddinin yatağını soruşmuşlar, o da onlara demişdir ki, tanımır yatağa təzə gəlmişdir. Onlar maşını sürüb çıxıb getmişlər. Onlar gedəndən təxminən 30-40 dəqiqə sonra yenə çöldə maşın dayandığını eşitmişdir. Kimsə maşından Şahları çağırmışdır, Şahlar çıxıb həmin maşına minmişdir, sonra onlar Vüsalın olacağının qabağına getmişlər, onlar Vüsalı çağırmışlar. Vüsal çıxıb həmin maşına minmişdir, onlar maşını sürüb getmişlər. O, qayıdıb içəri girmişdir, onlar təxminən 30-40 metr yataqdan aralanmışlar, o eşitmişdir ki, maşın dayandı onların yüksəkdən səsləri gəlməyə başladı. O, onların səsini eşidib yenə qayıdıb çölə çıxmışdır, görmüşdür ki, Vüsalın arvadı Sevinc qaça-qaça onların yanına gedir. O, içəri girib paltarlarını geyinmişdir, arvadına demişdir ki, nəsə Sevinc bərk qışqırdı səsi kəsildi. O, arvadı Səbahətlə birlikdə olacaqdan çıxıb həmin maşının yanına getmişlər. Maşının yanına çatanda görmüşdür ki, Sevil yerə uzanıb qışqırıb çabalayır, Vüsalla bir nəfər kişi əlbəyaxa olub dalaşır. Sonradan bilmişdir ki, Vüsalla dalaşan şəxs Zərərçəkmiş şəxsdur. Vüsal Ələddinin sifətinə yumruqla zərbələr endirmişdir. O, baxıb görmüşdür ki, Sevinc huşunu itirib ona görə oğlu Elcanı çağırmışdır ki, bir kanistir su gətir. Elcan bir kanistir su gətirib onların yanına gəlmişlər. Həmin vaxt arvadı Səbahət də Sevincin əlindən tutub onu ayıltmağa çalışmışdır. Elcan gətirən suyu Sevincin başından tökmüşlər, həmin vaxt Ələddin söyüş söymüşdür. O, ona yaxınlaşıb demişdir ki, ayıb deyilmi burada qadın var ağsaqqal kişisən niyə söyüş söyürsən. O, belə deyəndə Ələddin onun atasının goruna nalayiq söyüş söymüşdür. O, hirslənib sağ əli ilə şillə ilə iki dəfə onun sol tərəf sifət nahiyyəsinə ardıcıl zərbələr endirmişdir, onun şillələri Ələddinin sol tərəf qulağına və sifətinə dəymişdir. Sonra təpiklə onun qılçasından bir dəfə vurmuşdur. Bu vaxt Şahlar onların yanına gəlmiş, onları sakitləşdirmişdir, Ələddinin qolundan tutub öz olacağına aparmışdır. Olacağında onlardan çay istəmişdir, o bir termos çay aparmışdır, Ələddinlə Şahlara çay süzmüşdür. X7 soruşmuşdur ki, gecənin bu vaxtı nə gəzirsən utanmırsanmı, Ələddin də demişdir ki, Vüsalın bizə borcu var onun dalınca gəlmişik. Şahlar ona demişdir ki, borcu var idi kişi kimi gələrdin oturub çay içərdik pulunu da istəyərdin. Şahlar belə deyəndə Ələddin demişdir ki, biz Vüsalı aparıb başına idrar edib onu pis günə salacaydıq. Onlar çay içmişlər, sonra Şahlar Ələddini yola salmışdır, o da çıxıb öz olacağına getmişdir. O, Şahların Ələddini vurmasını görməmişdir, Şahlar Ələddinlə birlikdə gəlmiş Samiri teyləmişdir, onun arxasınca getmişdir. Ələddini Vüsal döymüşdür, o onun gözünün qabağında Ələddinin sifət nahiyyəsindən bir neçə dəfə yumruqla ardıcıl zərbələr vurmuşdur, sonra ona söydüyü üçün o şillə ilə iki dəfə onun sol qulağının üstündən ona zərbə vurmuşdur, daha sonra təpiklə onun sağ qılçasının yuxarı oma hissəsindən bir dəfə zərbə endirmişdir. Həmin vaxt Sevil, onun arvadı Səbahət, oğlu Elcan və qızı Nuray Ələddini vurmamışlar. Oğlu Elcan onlara su gətirib sonrada qayıdıb otağa getmişdir, qızı Nuray isə heç olacaqdan çölə çıxmamışdır. Ələddini o və Vüsal vurmuşlar, onu başqa heç kim vurmamışdır. Həmin dava dalaş təxminən 30-40 dəqiqə davam etmişdir. Həmin vaxt kənardan heç kim hadisə yerinə gəlməmişdir, həmin dava dalaş Ceyrançöl qışlaq sahəsində Şahid1 yatağından təxminən 30-40 metr kənarda yolun kənarında baş vermişdir. Həmin vaxt onların özündən başqa oraya heç kim gəlməmişdir heç kim hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında Şahid4 qızı ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur, belə ki, əri Şahid2 ilə birlikdə Tovuz rayonu Ceyrançöl qışlaq sahəsində Şahid1 yatağında çobanlıq edir. Tovuz rayonu Çeşməli kənd şakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Tovuz rayonu Aşağı-Quşçu kənd sakini Təqsirləndirilən şəxs da əvvəllər tanımamış, onu Ceyrançöl qışlaq sahəsində Şahların heyvanlarına çobanlıq edəndən sonra tanımışdır. Belə ki, Vüsal və arvadı Sevinc də onlarla birlikdə Şahid1 yatağında çobanlıq edirlər. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Ceyrançöl qışlaq sahəsində Şahid1 məxsus yataqda olacaqda olan zaman, az yaşlı oğlunu olacaqdan çölə çıxartmışdır, əri İbrahim isə olacaqda uzanmışdır. Bu vaxt tanımadığı bir avtomobil olacağın qabağına gəlmiş, maşındakı bir nəfər tanımadığı kişi ondan Əlişin yatağının yerini soruşmuşdur. Bildirmişdir ki, tanımır, bura təzə gəlmişlər. Bu səbəbdən yoldaşını çağırmışdır. Həmin vaxt əri İbrahim çölə çıxmışdır. Əri İbrahim çölə çıxandan sonra o, olacağa girmiş, onların nə danışdıqlarını eşitməmiş, sonra həmin avtomobil çıxıb getmişdir. Həmin maşın gedəndən təxminən 30-40 dəqiqə sonra çöldən qışqırtı səsi eşidib çıxanda görmüşdür ki, yataqdan təxminən 40-50 metr irəlidə asfalt yolun kənarında qara rəngli Niva markalı maşın dayanıb, Vüsalın arvadı maşının yanında yerə yıxılıb yerdə qışqırıb çabalayır. Dərhal qaçıb Sevincin yanına getmiş, əri İbrahim də onun arxasınca onların yanına gəlmişdir. Sevinci ayıltmaq üçün çalışmış, əri İbrahim də ona kömək etməyə çalışmış, bu zaman isə Vüsal bir nəfərlə maşının sol tərəfində əlbəyaxa olub dalaşırmışlar. Şahları orada görməmişdir. Qışqırıb oğlu Elcanı çağırmışdır ki, su gətir. Oğlu Elcan su gətirib yanlarına gəlmiş, suyu Sevincin başından tökmüş ki, özünə gəlsin. Həmin vaxt Vüsalla dalaşan şəxs sonradan bilmişdir ki, o qonşu yataqda heyvan saxlayan Tovuz rayonu Çeşməli kənd sakini Zərərçəkmiş şəxsdur. Ələddin nalayiq söz danışıb ərinin atasına söyəndə əri İbrahim hirslənib Ələddinin üstünə yetirib onun sifətindən bir neçə dəfə şillə ilə vurmuş, sonra təpiklə onun qılçasından vurmuşdur. Həmin vaxt Vüsal da yumruqla - təpiklə Ələddinin sifətinə başına zərbələr endirmişdir. Vüsal demişdir ki, niyə arvadımı vurdun. Bu vaxt Şahlar onlara yaxınlaşmış, onları ayırmışdır, sonra Ələddinin qolundan tutub öz yatağındakı olacağa aparmışdır. Orada içəridə oturmuş və onlardan içmək üçün çay istəmişlər. O, da onlara termosda çay göndərmiş, lakin onların yanına getməmişdir. Bundan sonnra orada nə baş verməsini bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqın aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» Publik hüquqi şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 978 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərburun nahiyəsinin burun sümüyünün yerdəyişməsi olmayan sınığı ilə müşayiət edilən qançırşişkinliyi, sol gözə subkonyuktival qansızma ilə müşayiət edilən sol üst göz qapağının qançırı və sol gözaltı və sol almacıq nahiyələrinin qançır-şişkinliyi, sol qulaq seyvanının qançır şişkinliyi, hər iki gicgah nahiyələrinin qançır-şişkinliyi, sol yanaq nahiyəsinin selikli qişasına olan qansızma sahəsi, sağ almacıq nahiyəsinin qançırı, sol kürəkaltı nahiyənin sıyrığı, sol əlin İİ barmağının İ falanqasının və sağ çənə bucağının səthi yaraları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlərdən burun nahiyəsinin burun sümüyünün yerdəyişməsi olmayan sınığı ilə müşayiət edilən qançırşişkinliyi, sol gözə subkonyuktival qansızma ilə müşayiət edilən sol üst göz qapağının qançırı və sol gözaltı və sol almacıq nahiyələrinin qançır-şişkinliyi dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni həm insan bədəninin hissələri (yumruq,təpik və s.) ilə həmdə çomaqla endirilmiş zərbələrin təsiri nəticəsində əmələ gəlməsi istisna edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Hərbi Kollegiyasının xx.xx.2010-cu il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 01 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan 02 ay 01 gün müddətindən vaxtından əvvəl şərti azad olunmuşdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilmişdir ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsi 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib əməlindən səmimi peşman olmasını, habelə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, həmin əmələ görə cəzasını yüngülləşdirən halları və əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar