Məhkəmə qərarları › İş №1(062)-57/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-57/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-57/2024 28.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə xx.xx.1976-cı ildə Tovuz rayonu Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Məşədilər kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 01 (bir) ədəd qara rəngli polietilen torbanın içərisində ümumi təmiz çəkisi 415 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək əynində olan qəhvəyi rəngli gödəkçənin içərisində, sağ qoltuqaltı hissəsində saxlamaqla daşımış, Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 12:05 dəqiqədə Tovuz şəhəri, Musa Musayev küçəsində yerləşən “Nəsimi” ticarət mərkəzinin qarşısında saxlanılaraq rayon polis şöbəsinə dəvət olunmuş, 08 yanvar 2024-cü il tarixdə, saat 12:15 dəqiqədən saat 12:55 dəqiqəyədək olan müddət ərzində ünvan 1 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında onun üzərində keçirilmiş şəxsi axtarış zamanı 01 (bir) ədəd qara rəngli polietilen torbanın içərisində ümumi təmiz çəkisi 415 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qəhvəyi rəngli gödəkçənin içərisindən, sağ qoltuqaltı hissəsindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda ünvan 3 ünvanda yaşayır. Hər hansı bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Narkotik vasitələrdən uzun müddətdir ki, istifadə edir. Əldə etdiyi müxtəlif növ narkotik vasitələrdən ancaq çəkmə üsulu ilə istifadə edir. xx.xx.2024-cü il tarixdə şəxsi işi ilə bağlı sərnişin avtobusu ilə tək Bakı şəhərinə getmiş və həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən qəbirstanlığın yaxınlığında kol dibində qara rəngli sellofan torba görüb içərisində nə olduğunu bilmək fikrinə gəlmiş və yerdə olan qara rəngli həmin sellofan torbanı götürüb içərisinə baxmışdır. Sellofan torbanın içərisinə baxdıqda içərisində kəskin iyli, nəşə olaraq bildiyi, qurudulmuş marixuana olduğunu görüb dərhal sellofanın ağzını qapamış və özü narkotik vasitə aludəçisi olduğundan öz şəxsi istifadəsi üçün götürüb saxlamaq qərarına gəlmiş və həmin sellofan torbanı götürüb həmin yerdən uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixdə gecə saat 03 radələrində o, tək Bakı şəhərindən çıxıb Tovuz şəhərinə gəlmiş və qara rəngli içərisində marixuana olan sellofanı götürüb Tovuz şəhəri “Nəsimi” ticarət mərkəzinə gedib əvvəl perajki yemiş, daha sonra evə getmək üçün dayanacaqda marşrut gözləmişdir. Həmin vaxt tanımadığı iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib, üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirərək daşımağında ondan şübhələndiklərini bildirib onu Tovuz RPŞ-yə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşlarının dəvəti ilə Tovuz RPŞ-yə getmişdir. Tovuz RPŞ-nin inzibati binasında ona hüquqlarının izahı verilmiş, daha sonra isə hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O, həmin siyahı üzrə Müdafiəçi özünə vəkil seçdikdən sonra Müdafiəçi iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qəhvəyi rəngli gödəkçənin içərisində sağ qoltuqaltı nahiyədən bir ədəd qara rəngli sellofanda üzəri yapışqanla lentlənmiş bükümü çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi bükümə açılaraq baxış keçirilmiş, qara rəngli sellofanda üzəri yapışqanla lentlənmiş bükümə açılaraq baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyənləşdirilmişdir. Bundan sonra təqdim etdiyi bir ədəd qara rəngli sellofanda üzəri yapışqanla lentlənmiş bükümdə olan kütlə 01 ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. O, həmin narkotik vasitəni yalnız öz şəxsi istifadəsi üçün Tovuz rayonuna daşımışdır. Onun həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Hazırda əməlindən peşmandır. Himayəsində yaşlı anası vardır. O 6 aydır ki, Rusiyadan Azərbaycana gəlib. Bu vaxta qədər anasına qardaşı baxmışdır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-si Qovlar polis bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi məqsədilə Tovuz RPŞ-si Qovlar polis bölməsinin polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə birlikdə 08 yanvar 2024-cü il tarixdə saat 12:05 dəqiqədə Təqsirləndirilən şəxs Tovuz şəhəri, Musa Musayev küçəsində yerləşən “Nəsimi” ticarət mərkəzinin qarşısında müəyyən edib yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edib, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Tovuz RPŞ-yə dəvət etmişlər. Tovuz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs təhqiqat bölməsinin əməkdaşı tərəfindən hüquqları izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün vəkillər siyahısını təqdim edilmiş, sonuncu təqdim edilmiş siyahı üzrə vəkil Müdafiəçi hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra vəkil Müdafiəçi və iştirakçılarla birlikdə Tovuz RPŞ-nin inzibati binasında şəxsi axtarış istintaq hərəkəti aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki palıdı rəngli gödəkçənin içərisində sağ qoltuqaltı nahiyyədən bir ədəd qara rəngli sellofanda üzəri yapışqanla lentlənmiş sellofanla birlikdə 445 qram çəkidə kütlə aşkar edilmişdir. Həmin kütləyə baxış nəticəsində kütlənin yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş kütləni, yəni narkotik vasitəni polis əməkdaşları tərəfindən tutulmazdan 3 gün əvvəl adını bilmədiyi İran İslam Respublikası vətəndaşından 300 manat məbləğində pul vəsaiti qarşılığında satın aldığını bildirmiş, lakin sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş narkotik vasitələri hər hansı bir şəxsdən satın almadığı, Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində, qəbirstanlıq ərazidə tapdığı müəyyən edilmişdir. Şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman videoçəkiliş aparılmışdır. Bundan sonra aşkar olunmuş narkotik vasitə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin ağızı bağlanaraq Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri imzalandıqdan sonra Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Məhərrəm Məmmədov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış istintaq hərəkəti zamanı aşkar edilmiş narkotik vasitəni sonuncu öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etdiyini, Təqsirləndirilən şəxs əvvəllər hər hansı bir şəxsə qanunsuz olaraq narkotik vasitə satması barədə, nə də sonuncudan qanunsuz olaraq narkotik vasitə satın alma barədə məlumatın olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsinin 09 yanvar 2024-cü il tarixli 16/30 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə...” yazılar və imzalar olan kağız paketdəki, üzəri yapışqanlı lentlə sarınmış 01 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 415 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuananın təmiz çəkisi – 415 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 414,9 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 22 yanvar 2024-cü il tarixli 101 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Tovuz Rayon İHB-nin Alakol kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar aşkar edilməmişdir. O məhkəmədə himayəsində yaşlı anasının olmasını bildirsə də, əvvəla o məhkəməyə bunu təsdiq edən sənədlər təqdim etməmişdir. Digər tərəfdən isə anasının onun himayəsində olması və onun anasına baxması inandırıcı da deyildir. Belə ki, o məhkəmədə bildirmişdir ki, o 6 aydır ki, Azərbaycana gəlmişdir. Bu vaxta qədər anasına qardaşı baxmışdır. Deyilənlərdən o hasil olur ki, anası onun deyil, qardaşının himayəsində olmuşdur. Məhkəmə onun cəmiyyətdə müsbət xarakterizə olunmasına dair kənd icra nümayəndəliyinin arayışında göstərilənləri də onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almır. Belə ki, o Ruaiyda olmaqla kəndin ictimai-sosial işlərində iştirakdan uzaq olmuşdur. Kənd camaatı arasında, cəmiyyətdə müsbət xarakterizə olunsa da belə o həmin insanın şəxsi keyfiyyətlərini xarakterizə edən məlumatlardır ki, bu hal cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından daha məqsədə müvafiq hesab edir. Məhkəmə azadlıqdan məhrum etmə cəzası təyin edərkən təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin də çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını da nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs cəza təyin edilərkən həmin 2 (iki) gün müddət nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 28 mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 414,9 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 28 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 414,9 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar