Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-58/2024 30.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə xx.xx.1998-ci ildə Şəmkir rayonu İrmaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu İrmaşlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 1,44 qram və 4,42 qram olmaqla, ümumi təmiz çəkisi 5,86 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək həmin narkotik vasitəni 01 (bir) ədəd ağ rəngli kağız bükümündə və 01 (bir) ədəd gümüşü rəngli falqa bükümündə əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 23:08 dəqiqədə Tovuz şəhəri, Heydər Əliyev prospektində yerləşən “Karat” qızıl evinin qarşısında saxlanılaraq rayon polis şöbəsinə dəvət olunmuş, 08 yanvar 2024-cü il tarixdə, saat 23:20-dən, 09 yanvar 2024-cü il tarixə, saat 00:05-dək olan müddət ərzində ünvan 1 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında onun üzərində keçirilmiş şəxsi axtarış zamanı 01 (bir) ədəd ağ rəngli kağız bükümündə və 01 (bir) ədəd gümüşü rəngli falqa bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,44 qram və 4,42 qram olmaqla, ümumi təmiz çəkisi 5,86 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməyərək ifadəsində göstərdi ki, bükümlərdən 1,44 qram narkotik vasitə onun özünün olmuş, digər bükülünü isə o polis əməkdaşlarının təkidi ilə götürmüş və qorxduğundan həmin bükümün də ona aid olduğunu qeyd etmişdir. O 1,44 qram narkotik vasitəni üzərində gəzdirərək Tovuzda bir qadınla görüşmək, əylənmək üçün Tovuza gəlmiş və polis əməkdaşları tərəfindən saxlanılmışdır. 1,44 qram narkotik vasitə olan qurudulmuş marixuananın daşınması, üzərində gəzdirilməsi cinayət məsuliyyəti yaratmadığından barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Tovuz RPŞ-si CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi üçün Tovuz RPŞ-si CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Tovuz RPŞ-si PPXB-nin polis nəfəri Şahid4 ilə birlikdə 08 yanvar 2024-cü il tarixdə saat 23:08 dəqiqədə Təqsirləndirilən şəxs Tovuz şəhəri, Heydər Əliyev prospekti ərazisində, “Karat” qızıl evinin qarşısında müəyyən edib yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edib, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Tovuz RPŞ-nə dəvət etmişlər. Tovuz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs təhqiqat bölməsinin əməkdaşı tərəfindən hüquqları izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün vəkillər siyahısını təqdim edilmiş, Təqsirləndirilən şəxs təqdim edilmiş siyahı üzrə vəkil Müdafiəçi hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra vəkil Müdafiəçi və iştirakçılarla birlikdə Tovuz RPŞ-nin inzibati binasında şəxsi axtarış istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, bükümlə birlikdə çəkisi 1,85 qram olan və 01 (bir) ədəd gümüşü rəngli falqa bükümündə, bükümlə birlikdə 5,40 qram çəkidə kütlələr aşkar edilmişdir. Həmin kütlələrə baxış nəticəsində kütlələrin yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş kütləni, yəni narkotik vasitələri 06 yanvar 2024-cü il tarixdə Şəmkir rayonu ərazisində “Şəmkir rayon parkı”nın yaxınlığında tapdığını və həmin narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman videoçəkiliş aparılmış, bundan sonra aşkar olunmuş narkotik vasitə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin ağızı bağlanaraq Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri imzalandıqdan sonra Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Məhərrəm Məmmədov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadələr verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hər hansı bir yerdə işləmir. Taksi sürücüsü olaraq işləyib özünün və ailə üzvlərinin maddi ehtiyyaclarını qarşılamağa çalışır. Təqsirləndirilən şəxs həmkəndlisi, eyni zamanda da dostudur. 08 yanvar 2024-cü il tarixdə saat 20 radələrində dostu Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək birlikdə ona məxsus avtomobil ilə Tovuz rayonuna getməyi təklif etmişdir. O, Təqsirləndirilən şəxslə razılaşıb idarə etdiyi “Kia Rio” markalı minik avtomobili ilə dostu Təqsirləndirilən şəxslə birlikdə Tovuz rayonuna getmişlər. Həmin vaxt idarə etdiyi avtomobil texniki baxışdan keçmədiyi üçün o, Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində “Priyezd” adlanan ərazidə avtomobilini dayandırıb həmin ərazidə dostu Təqsirləndirilən şəxslə tanımadıqları taksi avtomobili ilə Tovuz şəhəri, Heydər Əliyev prospekti ərazisinə getmişlər. Tovuz şəhəri, Heydər Əliyev prospekti ərazisində o, Təqsirləndirilən şəxslə taksi avtomobilindən düşmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs ona bir neçə dəqiqə sonra geri qayıdacağını deyib ondan bir neçə addım uzaqlaşmağa başlamış, həmin vaxt tanımadığı üç nəfər mülki geyim formasında olan şəxslər Təqsirləndirilən şəxslə ona yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim etmişlər və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsində şübhələndiklərini deyib onları Tovuz RPŞ-yə dəvət etmişlər. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə Tovuz RPŞ-yə getmişlər. Sonradan həmin gün Təqsirləndirilən şəxs onunla Tovuz rayonuna gələrkən üzərində narkotik vasitə gəzdirdiyi ona məlum olmuşdur. Bu barədə Təqsirləndirilən şəxs özü də sonradan ona etiraf etmiş, lakin onun nə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmasından, nə də üzərində qanunsuz olaraq saxlamasından məlumatı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli 16/31 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ kağız və bir ədəd gümüşü rəngli bükümdə kütlələr...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə və 1 (bir) ədəd gümüşü rəngli falqa bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 1,44 qram, 4,42 qram, ümumi təmiz çəkisi 5,86 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuanın təmiz çəkiləri – 1,44 qram, 4,42 qram, tədqiqata sərf edildi – 0,04 qram (hər ob. 0,02 qr), qalıq – 1,42 qram, 4,40 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 22 yanvar 2024-cü il tarixli 102 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şəmkir Rayon İHB-nin İrmaşlı kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla və işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Ona görə də Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə məhkəmə tənqidi yanaşaraq, onu qeyri-səmimi hesab etməklə, onun ibtidai istintaqda verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsini sübut kimi qəbul edir. Belə ki, təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirsə də, bu hal şahid ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi, o cümlədən təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi barədə protokol və bununla bağlı həyata keçirilmiş video görüntülərlə təkzib edilir. Həmin sübutları şübhə altına alan hər hansı hallar məhkəmə istintaqı zamanı aşkar edilməmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı irəli sürdüyü dəlillər özünü müdafiə xarakterli ollmaqla cinayət məsuliyyətindən kənarda qalmağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2024cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,82 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dən saat 07:00-dək və yaşadığı Şəmkir rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,82 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-58/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-58/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver