Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-6/2024 25.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə xx.xx.1982-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) nəfər azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,11 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 24 mart 2023-cü il tarixində, saat 15:30 radələrində Tovuz şəhəri X6 küçəsində saxlanılaraq Tovuz rayon polis şöbəsinə dəvət olunmuş, həmin tarixdə saat 16:00-da ünvan 2 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında üzərində keçirilmiş şəxsi axtarış zaman həmin 6,11 qram təmiz çəkidə kibrit qutusunda olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə aludəçisidir. Belə ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Təxminən 20 gün bundan əvvəl Tovuz şəhər ərazisində tanımadığı küçələrin birilə piyada hərəkət edərkən, yerdə kibrit qutusunun olduğunu görüb götürmüşdür. O, həmin kibrit qutusunu açıb, içərisində olan kütlənin narkotik vasitə olan marxuanaya bənzədiyini görmüş və özü istifadə etmək üçün üzərində saxlamışdır. Sonradan həmin kibrit qutusunda olan marixuananı istifadə etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində həmin kibrit qutusunu, geyindiyi qara rəngli şalvarın sağ yan cibinə qoyaraq yaşadığı evdən çıxıb Tovuz şəhəri X6 küçəsində yerləşən el arasında “piyada keçidi” deyilən əraziyə tərəf hərəkət etmişdir. Tovuz şəhəri X6 küçəsində olan zaman 2 nəfər tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib, üzərində narkotik vasitənin saxlanılmasında şübhələndiklərini bildirib onu Tovuz RPŞ-nə dəvət etmişlər. Ardınca onu Tovuz RPŞ-nin inzibati binasının birinci mərtəbəsində yerləşən otaqların birinə aparmışlar. Daha sonra polis əməkdaşları onu nə üçün şöbəyə gətirdiklərini və hüquqlarını izah etmişlər. Sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkillərin siyahısı təqdim edilmişdir. O, həmin siyahının içərisindən Müdafiəçi seçmişdir. Müdafiəçi iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən, içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana oxşar kütlə, bir ədəd kibrit qutusu aşkar edilmişdir. Daha sonra onun üzərindən aşkar edilərək götürümüş bir ədəd kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə 8,31 qram təşkil etmişdir. Qeyd olunan narkotik vasitənin çəkisinin 8,31 qram olduğu göstərilsə də, əslində onun üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananın çəkisi 1,39 qram olmuşdur. Həmçinin cinayət işindəki sənədlərə atılmış imzalar ona məxsus deyildir. Odur ki, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə vəsatət verərək, cinayət işindəki sənədlərə atılmış imzaların ona məxsus olmadığını və onun üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin düzgün göstərilmədiyini bildirmişdir. Ona görə də qeyd olunan cinayət işi üzrə məhkəmə-xəttşünaslıq və məhkəmə-kimyəvi ekspertizalarının təyin edilməsini xahiş etmişdir. Məhkəmə həmin ekspertizaların keçirilməsi üçün qərar qəbul etmiş və müvafiq rəylər alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Tovuz rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı xüsusi rütbəsini daşıyır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. 24 mart 2023cü il tarixdə, saat 15:00 radələrində xidmətdə olan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Tovuz rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə əməliyyat-axtarış tədbirləri keçirmişdir. Onlar Təqsirləndirilən şəxs Tovuz şəhəri Ş.İ.Xətai küçəsi ilə hərəkət etdiyini görüb, yaxınlaşaraq ona üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı şübhəli olduğu bildirmiş, onu Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. Tovuz rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilmiş və üzərində şəxsi axtarış keçirilməzdən əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi tələb etmək hüququn olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Tovuz rayon Vəkil bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, sonuncu ona təqdim edilmiş vəkillərin siyahısından vəkil Müdafiəçi seçmiş və Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs vəkillə tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışdan öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşyanın və ya sair predmetin olub-olmaması sual olunmuş, olduğu təqdirdə onları könüllü olaraq təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində bir ədəd kibrit qutusunun olduğunu bildirərək həmin kibrit qutusunu əynində olan qara rəngli şalvarın sağ yan cibindən çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Kibrit qutusunun içərisindən yaşıl rəngli, ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və özünə məxsus olmaqla Tovuz şəhər ərazisindən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra bir ədəd kibrit qutusunda olan həmin kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə həmin kütlənin çəkisi 8,31 qram təşkil etmişdir. Daha sonra həmin kütlə gələcəkdə ekspertizaya təqdim edilməsi üçün götürülərək zərfə qoyulub ağzı möhürlənmişdir. Məhkəmə iclasında Şahid1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, Tovuz rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. 24 mart 2023-cü il tarixdə, saat 15:00 radələrində xidmətdə olan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Tovuz rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 İnqlab oğlu ilə birlikdə əməliyyat-axtarış tədbirləri keçirmişdir. Onlar Təqsirləndirilən şəxs Tovuz şəhəri Ş.İ.Xətai küçəsi ilə hərəkət etdiyini görüb, yaxınlaşaraq ona üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı şübhəli olduğu bildirmiş, onu Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. Tovuz rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilmiş və üzərində şəxsi axtarış keçirilməzdən əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi tələb etmək hüququn olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Tovuz rayon Vəkil bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, sonuncu ona təqdim edilmiş vəkillərin siyahısından vəkil Müdafiəçi seçmiş və Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs vəkillə tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəkdir. Şəxsi axtarışdan öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşyanın və ya sair predmetin olub-olmaması sual olunmuş, olduğu təqdirdə onları könüllü olaraq təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində bir ədəd kibrit qutusunun olduğunu bildirərək həmin kibrit qutusunu əynində olan qara rəngli şalvarın sağ yan cibindən çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Kibrit qutusunun içərisindən yaşıl rəngli, ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və özünə məxsus olmaqla Tovuz şəhər ərazisindən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra bir ədəd kibrit qutusunda olan həmin kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə həmin kütlənin çəkisi 8,31 qram təşkil etmişdir. Daha sonra həmin kütlə gələcəkdə ekspertizaya təqdim edilməsi üçün götürülərək zərfə qoyulub ağzı möhürlənmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi tərəfindən verilmiş 25 mart 2023-cü il tarixli 16/348 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 6,11 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuanın ümumi təmiz çəkisi – 6,11 qram, tədqiqata sərf edildi – 0,04 qram, qalıq – 6,07 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 03 aprel 2023-cü il tarixli 557 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 mart 2024-cü il tarixli 4/297 nömrəli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(062)-71 nömrəli cinayət işinin 10-cu vərəqində olan xx.xx.2023-cü il tarixli cinayət törətməsində şübhə yarandıqda şəxsin tutulması haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 12-ci vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsə müdafiəçi tutmaq hüququnun izah edilməsi haqqında protokolda “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 18-ci vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin hüquq və vəzifələri haqqında bildirişin aşağı sol hissəsində 1-ci imza və arxa tərəfində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 19-cu vərəqində olan xx.xx.2023-cü il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu şəxslər barədə digər məlumatların şübhəli şəxsə bildirilməsinə dair protokolda “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 20-ci vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş vərəqəsinin, tutma protokolunun və vəkillərin siyahısının verilməsi haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 21-ci vərəqində olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolun aşağı hissəsində soldan sağa doğru 2-ci imza və arxa tərəfində “3) Təqsirləndirilən şəxs” qrafasındakı imza, 24-25-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolun 1-ci vərəqində “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 2-ci vərəqində “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 27-ci vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsi ekspertiza təyin etmək barədə qərarla tanış etmə haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 40-cı vərəqində olan xx.xx.2023-cü il tarixli cinayət prosessi iştirakçılarına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli 3-16-16/2-7/323 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş kütlə” yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd kibrit qutusunda yəmiz çəkisi – 6,07 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın tərkibində narkotik aktivliyə malik komponentlər, tetrahidrokannabinol (THC), kannabinol (CBN), kannabidiol (CBD) vardır. Həmin komponentlərin laboratoriyada etalon nümunələri olmadığı üçün onların miqdarını müəyyən etmək mümkün deyil. Təqdim olunmuş marixuana çətənə bitkisinin yuxarı hissələrindən (əsasən yarpaqlarından) kustar üsulla hazırlanmışdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü ildə anadan olmuş Ayhan adlı 1 (bir) nəfər azyaşlı uşağı var. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla və işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Ona görə də Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə məhkəmə tənqidi yanaşaraq, onu qeyri-səmimi hesab etməklə, onun ifadəsini mötəbər sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs cinayət işindəki olan sənədlərdə edilən imzaların ona məxsus olmadığını bildirmiş, bu hal ekspertiza tədqiqatı ilə öz təsdiqini tapmamışdır. Belə ki, rəylə müəyyən edilmişdir ki, həmin imzalar təqsirləndirilən şəxsin özü tərəfindən icra edilmişdir. Həmçinin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin düzgün qeyd olunmadığı, əslində onun üzərində aşkar edilmiş marixuanın çəkisinin 1,39 qram olduğunu bildirsə də bu hal məhkəmə iclasında öz təsdiqini tapmamış, şahid ifadələri və cinayət işində olan digər sənədlərlə tə qsirləndirilən şəxsin irəli sürdüyü həmin dəlillərin əksi öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi onun özü ilə yanaşı 1 azyaşlı uşağının da həyat şəraitinə təsir edəcəkdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdən 26 mart 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,07 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 228,40 (iki yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dən saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,07 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 228,40 (iki yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-6/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-6/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver