Məhkəmə qərarları › İş №1(062)-60/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-60/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-60/2024 08.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Sabirabad rayonu Çöl Dəllək kəndində qeydiyyatda olan, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 07 may 2024-cü il tarixdə, Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sevgi münasibətlərində olduğu, başqa şəxslə evli olan Şahid2 ilə qeyri-rəsmi münasibətindən xx.xx.2022-ci il tarixdə doğulduğunu iddia etdiyi oğlan övladını görmək məqsədilə xx.xx.2023-cü il tarixdə sonuncunun yaşadığı Tovuz rayonu Əsrik Cırdaxan kəndinə gedərək orada Şahid2 onu tanımamaqla məqsədindən xəbərsiz olan qayını X4 məxsus kiçik ərzaq dükanına daxil olub sonuncuya həmin kəndə qonaq gəldiyini və gecələmək üçün yerinin olmadığını bildirərək həmin gecəni onun evində qalmasını xahiş etmiş, sonuncu qonaqpərvərlik nümayiş etdirərək ona razılıq verdikdən sonra Şahid2 da eyni həyətdə yaşadığı Eltun Qənbərovun yaşadığı evdə qonaq qalmaqla gecələməyə nail olmuş, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində alkoqollu içkinin təsiri altında sevgi münasibətlərində olduğu Şahid2 onu görərək ailə üzvlərinin onların münasibətlərindən xəbər tutacağından ehtiyat etməklə birgə münasibətlərindən doğulduğunu iddia etdiyi uşağı götürüb evdən uzaqlaşmasına əsəbləşərək qisas almaq niyyətilə sonuncunun qayını Eltun Qənbərova məxsus olmaqla sonuncunun yaşadığı və qonaq kimi gecələdiyi Tovuz rayonu Əsrik Cırdaxan kəndinə yerləşən evi qəsdən yandıraraq məhv etmək qərarına gəlmiş, bu məqsədlə Eltun Qənbərova məxsus iki otaqlı fərdi yaşayış evinin yataq otağına daxil olaraq üzərində olan kibritlə otaqda olan çarpayının üzərindəki örtüyü alışdırmaqla qəsdən evdə olan 3 ədəd hər birinin qiyməti 60 manat olmaqla cəmi 180 manat dəyərində döşəkləri, 3 ədəd hər birinin qiyməti 30 manat olmaqla cəmi 90 manat dəyərində yastıqları, 3 ədəd hər birinin qiyməti 40 manat olmaqla cəmi 120 manat dəyərində yorğanları, 1 cüt 10 manat dəyərində olan kişi çəkməsini, 1 ədəd 5 manat dəyərində göy rəngli cins şalvarı, 1 ədəd 100 manat dəyərində qadın paltosunu, 1 ədəd 100 manat dəyərində kişi gödəkcəsini, 1 ədəd 6 manat dəyərində kişi alt paltarını, 1 ədəd 8 manat dəyərində kişi maykasını, 4 ədəd hər birinin qiyməti 50 manat olmaqla cəmi 200 manat dəyərində sviterləri, 4 ədəd hər birinin qiyməti 45 manat olmaqla cəmi 180 manat dəyərində köynəkləri, 1 ədəd şam ağacından hazırlanmış 200 manat dəyərində qapını, 2 ədəd hər birinin qiyməti 200 manat olmaqla cəmi 400 manat dəyərində şam ağacından hazırlanmış taxta çarpayıları, 1 ədəd şam ağacından hazırlanmış 40 manat dəyərində paltar dolabını, 1 ədəd şam ağacından hazırlanmış 20 manat dəyərində taxta masanı, 3 ədəd hər birinin qiyməti 15 manat olmaqla cəmi 45 manat dəyərində stulları, 1 ədəd 40 manat dəyərində “Star” markalı televizoru, 1 ədəd 13 manat dəyərində su qızdırıcısını, 1 ədəd 50 manat dəyərində xalçanı, 1 ədəd 10 manat dəyərində asılqanı, 1 ədəd 40 manat dəyərində idman paltarını, 7 ədəd hər birinin qiyməti 10 manat olmaqla cəmi 70 manat dəyərində bel kəmərlərini, 2 cüt hər birinin qiyməti 10 manat olmaqla cəmi 20 manat dəyərində idman ayaqqabılarını, 2 cüt hər birinin qiyməti 6 manat olmaqla cəmi 12 manat dəyərində hamam tərliklərini və 2 cüt hər birinin qiyməti 45 manat olmaqla cəmi 90 manat dəyərində kişi ayaqqabılarını yandıraraq ümumilikdə 2053 (iki min əlli üç) manat və həmin fərdi yaşayış evinin tikintisində istifadə olunmuş tikinti materiallarını yandıraraq 5040 (beş min qırx) manat, zərərçəkmiş şəxs X4 məxsus cəmi 7093 (yeddi min doxsan üç) manat dəyərində əmlakı yandırmaqla qəsdən məhv edərək ona xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün Gəncə şəhəri, əvvəllər “Komsomol” adlandırılan, hazırda adını bilmədiyi küçədə yerləşən avtoyuma məntəqəsində avtomobilləri yuyub pul qazanırmış. O, təxminən 5-6 ay olar ki, Gəncə şəhəri “Azərittifaq” adlanan ərazidə tək başına, kirayədə yaşayır. Əvvəllər tikintidə işləyən ərəfələr mobil telefonunda olan “tiktok” sosial şəbəkəsində Tovuz rayonu Əsrik-Cırdaxan kəndində yaşayan Şahid2 ilə tanış olmuşdur. O, 2021-ci ilin dekabr ayına kimi onunla ancaq telefon vasitəsilə yazışıb, ünsiyyət quraraq, bir-birilərini yaxından tanımağa çalışmışlar. Həmin ilin dekabr ayında o, Azərbaycan Respublikasına qayıtmış və Gülnarə ilə Gəncə şəhərində görüşmüşlər. Onunla görüşərkən Gülnarə onu yaxın rəfiqəsinin evinə aparmışdır. Orada onlar cinsi əlaqəda olmuşlar. Həmin hadisədən sonra 2022-ci ilin mart ayına qədər, həmin evdə ayrı-ayrı vaxtlarda, təxminən 3-4 dəfə də onunla görüşmüşlər. 2022-ci ilin mart ayında Gülnarə, ondan hamilə qaldığını demiş və uşağı saxlayıb-saxlamamsı barədə onun fikrini öyrənmişdir. O, isə uşağı saxlamasını istəmişdir. 2022-ci ilin dekabr ayının 19da onların qeyri rəsmi münasibətlərindən Ümüd adlı uşaq dünyaya gəlmişdir. Uşağın ondan olmasına əmin olmuş, çünki Gülnarə ona əri ilə cinsi münasibətdə olmadığını demişdir. Uşaq anadan olduqdan sonra da o, ara-sıra Gəncə şəhərində Gülnarə ilə, onun rəfiqəsinin evində görüşürmüşlər. Sonuncu dəfə onunla təxminən 2023-cü ilin sentyabr ayı ərzində görüşmüşdür. Lakin telefon vasitəsi ilə mütəmadi olaraq danışıb hal-əhval tuturmuşlar. 27 dekabr 2023-cü il tarixdə o, Gülnarə ilə danışarkən, uşağı görmək üçün Tovuz rayonuna gəlmək istədiyini demişdir. Gülnarə isə ona, yaşadığı kəndi danaraq, Tovuz rayonunun Koxanəbi kəndində yaşadığını demişdir. O, Gəncə şəhərindən gəlib Tovuz rayon ərazisində yerləşən ASAN xidmət mərkəzinin qarşısında düşmüşdür. Orada Koxanəbi kəndinə gedən marşurutu soruşmuşdur. Daha sonra avtobusa minərək, Koxanəbi kənd qəbirstanlığının yanında düşmüşdür. Piyada xeyli irəli getmişdir. Yolda bir nəfər qadından Gülnarənin qayını olan Eltunun dükanının yerini soruşmuşdur. Gülnarə ona, qaynı Eltunun kənddə, yolun kənarında, kiçik ərzaq dükanının olduğunu demişdir. O, dükanın yerini təxminən öyrəndikdən sonra, xeyli piyada hərəkət edərək, dükanı tapmışdır. Orada qarşısına çıxan bir nəfərdən həmin dükanın kimə məxsus olduğunu soruşmuşdur. Həmin tanımadığı şəxs isə ona, “Eltun çağır çıxacaqdır” demişdir. O, Eltunu səslədikdən sonra, gözündə eynək olan, bir nəfər dükana tərəf yaxınlaşmışdır. O, Eltundan yeməyə nə satdığını soruşmuşdur. Eltun isə ancaq şirin şeylərin və içkilərin olduğunu demişdir. O, Eltundan bir şüşə pivə alıb içmişdir. Daha sonra araq içmək istədiyi üçün ondan araq da verməsini istəmişdir. O, arağı açıb içəndə, Eltun ona ac qarına içməməsini, evinə qonaq dəvət edib, yemək bişirəcəyini bildirmişdir. O, da etiraz etməmişdir. Sonra birlikdə Eltunun yaşadığı evə qalxmışlar. Onun gəldiyini Gülnarə bilmişdir. Çünki telefon vasitəsi ilə xəbər etmişdir. Evdə Eltun ona yumurta bişirmişdir. Hər ikisi yemişlər. O, təxminən 250 qram spirtli içki qəbul etmişdir. Daha sonra o, yuxuya gedərək yatmışdır. Səhəri gün tezdən, yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində Eltun ona xəstə quzusunun olduğunu deyərək, onu kəsməyə köməklik göstərməsini xahiş etmişdir. O, da kəsə biləcəyini demiş və həmin quzunu kəsməyə köməklik göstərmişdir. Həmin gün saat təxminən 11 radələrində Eltun, Gülnarənin azyaşlı qızını məktəbdən gətirməyə getmişdir. O, da Eltunla getmişdi. Uşağı məktəbdən gətirib evə gəlmişlər. Sonra Eltunla birlikdə asfalt yolun kənarına düşmüşlər. Daha sonra onlar Eltunla birlikdə onun dişini çəkdirmək üçün rayona getməliymişlər. Eltun ona yas yerinə getməli olduğunu, gedib qayıtdıqdan sonra, bir yerdə gedəcəklərini bildirib, sağollaşıb onun yanından uzaqlaşmışdır. O, təxminən 30-40 dəqiqə yolun kənarında gözlədikdən sonra yenidən evə qayıtmışdır. Evdə təkcə Gülnarə və uşaqlar olmuşlar. O, bir az uşaqlarla oynamışdır. Sonra Eltunun, orada olub-olmadığına əmin olmaq üçün, dükana tərəf getmişdir. Bir müddət dayanıb yenidən evə qayıtmışdır. Bu dəfə evdə heç kəs olmamışdır. Bundan sonra o, Gülnarəni axtarmağa başlamışdır. Gülnarənin “Watsapp”ına səsli mesajlar atıb olduğu yeri soruşmuşdur. Gülnarə isə ona Gəncə şəhərinə getdiyini demişdir. Lakin o, Gülnarəyə inanmamışdır. İsrarla olduğu yeri deməsini tələb etmişdir. Olduğu yeri deməyəcəyi təqdirdə evi yandıracağını bildirmişdir. Daha sonra bağın içiylə evin həyətinə getmiş, orada da Eltunun yaşadığı iki otaqlı evin bir otağına daxil olmuşdur. Üzərində olan kibrit qutusundan bir dənə kibrit dənəsi çıxartmışdır. Kibrit dənəsini alışdıraraq otaqda olan çarpayının üzərindəki örtüyü alışdırmışdır. Örtük alışdıqdan sonra evdən çıxıb getmişdir. Sonra bir daha Gülnarəyə səsli mesaj ataraq evi yandırdığını bildirmişdir. Gülnarə isə ona heç bir cavab verməmişdir, çox guman ki, ona inanmamışdır. Sonra asfalt yolun kənarı ilə üzü Tovuz rayon istiqamətinə doğru piyada hərəkət etməyə başlamışdır. Həmin vaxt onun yanında avtomobil saxlamışdır. Həmin avtomobildən iki nəfər polis fomasında polis əməkdaşları düşüb ona yaxınlaşmışlar və onu avtomobilə oturdaraq polis şöbəsinə aparmışlar. Gələcəkdə azad olunduqdan sonra zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəyəcəkdir. Hazırda əməlindən səmimi peşman olmasını, nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Cinayət işi üzrə ifadəsi elan olunmuş mərhum X7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Tovuz rayonu Əsrik Cırdaxan kəndində, qardaşına məxsus yaşayış evi ilə, bir həyətin içərisində yerləşən, özünə məxsus digər fərdi yaşayış evində tək yaşamışdır. Sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs o, yanğın baş verməmişdən bir gün əvvəl yəni xx.xx.2023-cü il tarixdə tanımışdır. Yasin özünü ona Vüsal kimi təqdim etmişdir. 27 noyabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində o, bağda itinə yem verən zaman eşitmişdir ki, dükanın yanından kimsə, “Eltun, Eltun” deyə onu səsləyir. O, bağdan” gözlə gəlirəm” deyə cavab vermişdir. Bir az keçdikdən sonra dükana düşmüşdür. Bir nəfər, üzü saqqallı cavan oğlan, onu gözləyirmiş. O, çatarkən ondan Eltun olub-olmadığını soruşmuşdur. O, da Eltun olduğunu bildirdikdən sonra, ondan dükanda, yeməyə nə olduğunu soruşmuşdur. O, da yüngülvari şirniyyət və yumurta olduğunu demişdir. Sonra söhbət əsnasında o, Yasindən haralı olduğunu soruşmuşdur. İlk öncə Yasin tovuzlu olduğunu demiş, lakin sonra başqa rayondan gəldiyini, ama dəqiq haradan gəldiyini deməmişdir. Həmin günü Vüsal kimi özünü tanıdan Yasin adlı şəxs ondan bir gecəlik onu qonaq etməyini xahiş etmişdir. O, da narazılıq etməmiş və onu qaldığı evə aparmışdır. Yasin cibindən araq çıxartmışdır. Lakin o, namaz qıldığı üçün onu evdə araq içməyə qoymamışdır. Yumurtaları sobada bişirib onunla bir yerdə dükana getmişdir. Yasin dükanda yemək yeyib araq içmişdir. Sonra birlikdə evə qalxmışlar. Onun yaşadığı ev iki otaqdan və bir hamamdan ibarətdir. Təqsirləndirilən şəxs onunla bir otaqda, lakin ayrı olan çarpayıda yatmışdır. Səhər oyandıqdan sonra o, yenə ona yumurta bişirmiş və çay dəmləmişdir. 28 noyabr 2023-cü il tarixdə saat 10 radələri olardı o, Yasini asfalt yola kimi aparmışdır ki, onu yola salsın. Yasin göy rəngli sərnişin avtobusuna minmişdir. O, isə qardaşının qızı Gülarəni məktəbdən evə gətirmək üçün geri qayıtmışdır. O, məktəbə yenicə çatmışdır ki, Yasin onu səsləmişdir. Geri çevrilərkən görmüşdür ki, Yasin onun dalınca gəlibdir. Yasindən nə üçün çıxıb getmədiyini soruşmuşdur. Yasin “sən niyə mənə araq vermədin, mən araq içmək istəyirəm” sözlərini işlətmişdir. O, isə Yasinə “nə üçün sənə araq verməliyəm, araq içmək istəyirsənsə get kafedə ye iç” demişdir. Sonra o, uşağı da məktəbdən götürüb Yasinlə birlikdə geri evə tərəf qayıtmışlar. O, evə çatarkən Yasin bir daha ondan araq istəmiş, o, vermədikdə isə onu söyüb təhqir etməyə başlamışdır. O, isə Yasinə “bu da mənim yaxşılığımdırmı” demişdir. Sonra uşağı evə qoymuş, Yasin isə yoluna davam edərək oradan uzaqlaşmışdır. O, evdən çıxarkən baxmışdır ki, Yasin heç yanda yoxdur. Gecə onun verdiyi mobil telefona zəng etmiş, lakin zəng çatmamışdır. Yasinin çıxıb getdiyini fikirləşmişdir. Özü isə çıxıb yas yerinə getmiş, oradan da saat təxminən 13 radələrində uşağa yemək almaq üçün rayona getmişdir. Evə qayıdarkən, yolda onun qonşusu Məsdan zəng edərək, evinin yandığını demişdir. O, evə gəlib çatarkən, artıq evin çox hissəsi yanmışdır. Bir müddət sonra yanğınsöndürənlər gəlmişlər. Onun ağlına evində gecələyən və gedərkən onu söyüb təhqir edən, özünü Vüsal kimi təqdim edən Təqsirləndirilən şəxs gəlmişdir. O, Yasinin barəsində kəndin polis nəfərlərinə məlumat vermişdir. Onlar da Təqsirləndirilən şəxs saxlayıb polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs evini yandırdığını etiraf etmiş, lakin hansı səbəbə görə evini yandırdığı ona məlum olmamışdır. Bundan başqa onun yanaraq məhv olmuş 1 ədəd Çin istehsallı, təxminən 5 gün bundan əvvəl alınmış, təzə kişi idman paltarı, 40 manat dəyərində; 7 ədəd, müxtəlif vaxtlarda alınmış, Çin istehsallı, 110 sm uzunluğundakı süni dəridən hazırlanmış bel kəməri, hər birinin qiyməti 10 manat olmaqla cəmi 70 manat dəyərində; 2 cüt hər biri Çin istehsallı, təxminən 5 gün bundan əvvəl alınmış, təzə, az geyinilmiş, parça materiallı kişi idman ayaqqabısı, hər birinin qiyməti 6 manat olmaqla cəmi 12 manat dəyərində; 2 cüt, hər biri Çin istehsallı, təxminən 5 gün hadisədən əvvəl alınmış, işlənmiş (geyinilmiş), parçadan hazıranmış ev tərliy, hər birinin qiyməti 6 manat olmaqla cəmi 12 manat dəyərində; 2 cüt hər biri Türkiyə istehsallı, təxminən 5 gün hadisədən əvvəl alınmış, təzə (geyinilmiş), süni dəridən hazırlanmış kişi ayaqqabısı, hər birinin qiyməti 45 manat olmaqla cəmi 90 manat dəyərində; 1 ədəd təxminən 5 ay bundan əvvəl alınmış, Türkiyə istehsallı, işlənmiş qadın paltosu, 100 manat dəyərində; 1 ədəd təxminən 5 ay bundan əvvəl alınmış, Türkiyə istehsallı, işlənmiş (geyinilmiş) dəri kişi gödəkcə, 100 manat dəyərində; 1 ədəd təxminən 1 il bundan əvvəl alınmış, Türkiyə istehsallı, “Tutku” markalı, istifadə edilmiş (işlənmiş, geyinilmiş) kişi üçün alt paltarı, 6 manat dəyərində; 1 ədəd təxminən 1 il bundan əvvəl alınmış, Türkiyə istehsallı, “Erdem” markalı, istifadə edilmiş (işlənmiş, geyinilmiş) kişi üçün mayka, 8 manat dəyərində; 4 ədəd hər biri təxminən 5 ay bundan əvvəl alınmış, Türkiyə istehsallı, 100% pambıq (tamamilə pambıqdan olan) materialdan hazırlanmış, az istifadə edilmiş (az işlənmiş, az geyinilmiş) kişi üçün sviter, hər birinin qiyməti 50 manat olmaqla cəmi 200 manat dəyərində; 4 ədəd hər biri təxminən 1 il bundan əvvəl alınmış, Türkiyə istehsallı, 100% pambıq (tamamilə pambıqdan olan) materialdan hazırlanmış, az istifadə edilmiş (az işlənmiş, az geyinilmiş) kişi üçün düyməli köynəyin, yəni “saroçka”, hər birinin qiyməti 45 manat olmaqla cəmi 180 manat dəyərində; 1 ədəd, təxminən 30 ildir qeyd olunan evdə istifadədə olan, 3 gözlü, şam ağacından hazırlanmış paltar dolabı, 40 manat dəyərində; təxminən 30 ildir qeyd olunan evdə istifadədə olan, 12 nəfərlik, açılıb-bağlanan, şam ağacından olmaqla Azərbaycanda kustar üsulla hazırlanmış (istehsal edilmiş) taxta masa, 20 manat dəyərində; 01 ədəd “ Star” markalı, işlək vəziyyətdə olan, heç bir qırığı, sınığı və cızığı olmayan, 42 diaqonallı (PDP) boz rəngli televizor, 40 manat dəyərində; 1 ədəd Azərbaycan istehsallı, təxminən 5 gün bundan əvvəl alınmış, 3x2,5 m ölçülərə malik sintetik liflərdən toxunmuş xalça, 50 manat dəyərində olmuşdur. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, X7 onun doğma qardaşıdır. Eltun Qənbərov xroniki böyrək xəstəliyindən 14 fevral 2024-cü il tarixdə ölmüşdür. 28 noyabr 2023-cü il tarixdə yandırılaraq yararsız hala salınmış ev, mərhum Eltun Qənbərova məxsusdur. 28 noyabr 2023-cü il tarixdə qardaşı ona zəng edərək onun yaşadığı evin yandırıldığı barədə bildirmişdir. O, həmin vaxt Tovuz rayonu Dondar Quşçu kənd ərazisində işləyirmiş. Bu xəbəri eşidib, dərhal işini atıb, kəndə qayıtmışdır. Çatarkən görmüşdür ki, həqiqətən də, onunla bir həyətdə yerləşən, mərhum qardaşı Eltun Qənbərova məxsus fərdi yaşayış evi yanaraq yararsız hala düşmüşdür. Daha sonra evin kim tərəfindən yandırıldığını öyrənmişdir. Həmin şəxs ad və soyadı sonradan ona məlum olan Təqsirləndirilən şəxsdur. Həmin şəxsi rayon polis şöbəsində görərkən tanımışdır. Belə ki, bir gün öncə, yəni 27 noyabr 2023-cü il tarixdə o, Yasini kənddə evin həyətində yerləşən, mərhum qardaşına məxsus kiçik ərzaq dükanında görmüşdür. Sonradan bilmişdir ki, qardaşı onu gecələmək üçün evə dəvət edibmiş. Yasin həmin gecəni qardaşının evində qalmış, səhəri günü isə ona məlum olmayan səbəbdən evi yandıraraq uzaqlaşmışdır. Yolda onu polis əməkdaşları saxlayaraq tutmuşlar. Ona dəymiş zərər ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidir və cəzalanmasını istəyir. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. 27 noyabr 2023-cü il tarixdə o, Yasini qayını Eltunun, yolun kənarında yerləşən kiçik ərzaq dükanında, pəncərədən görmüşdür. Həmin gecəni Yasin qaynı Eltunla, onun yaşadığı evdə qalıbmış. Səhəri günü Yasini həyətdə görmüş, Yasin qayını Eltuna heyvan kəsməyə köməklik göstərmişdir. Sonra qayını ilə birlikdə evdən çıxıb getmişlər. Həmin günü saat təxminən 13 radələrində uşaqları ilə birlikdə evdən çıxıb Gəncə şəhərinə, anasına baş çəkməyə getmişdir. O, Gəncəyə evə çatarkən əri Sərxan, ona zəng edib Eltunun yaşadığı evin yandığını demişdir. Evin məhz Yasinin tərəfindən yandırıldığı barədə isə o, axşam bilmişdir. İş üzrə Şahid3 Əmiraslan oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz rayonu Əsrik Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. X5 tanıyır, həmkəndlisidir. Onlar qonşuluqda yaşayırlar. 28 noyabr 2023-cü il tarixdə saat təxminən 14 radələri olardı o, öz evində olarkən görmüşdür ki, yaxın bir yerdən, göyə, alov qarışıq tüstü qalxır. Tüstü çox sahəni əhatə etdiyindən o, belə başa düşmüşdür ki, kənddə kiminsə evi yanır. O, cəld evdən çıxıb alov qalxan yerə tərəf qaçmışdır. Yaxınlaşanda görmüşdür ki, qonşusu X3 yaşadığı ev yanır. Ona kimi qonşulardan bir neçəsi də gəlmişlər. Onlar tez əllərinə su vedrəsi alıb evi söndürməyə çalışmışlar. Ona kimi FHN-nin yanğın söndürmə məntəqəsinə zəng edib təcili yanğın söndürən dəvət etmişlər. Özləri isə bir tərəfdən alovu söndürməyə davam etmişlər. Bir müddət sonra yanğınsöndürənlər gəlmişlər. Ona qədər evin çox hissəsi yanıb kül olmuşdur. Yanğınsöndürənlər alovu söndürüb getmişlər. Sonradan öyrənmişdir ki, evi, gecə Eltunun evinə qonaq gələn, tanımadığı şəxs, qəsdən yandırıb qaçıbdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl kifayət qədər sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 186.2.2ci maddəsi ilə tövsif olunmalı və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. İşin 145-ci vərəqəsində olan ekspertiza xərclərinə dair 3-16-16/2-10/9638 saylı 23 yanvar 2024-cü il tarixli bildirişdən görünür ki, ekspertiza xərci 165 manatdır. İşin 149-cu vərəqəsində olan ekspertiza xərclərinə dair 9/807 saylı 13 fevral 2024-cü il tarixli bildirişdən görünür ki, ekspertiza xərci 50 manatdır. İşin 154-cü vərəqəsində olan ekspertiza xərclərinə dair 3-16-16/2-4/156- 4/174 saylı 12 fevral 2024-cü il tarixli bildirişdən görünür ki, ekspertiza xərci 150 manatdır. İşin 35-ci vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin 146-147-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, məhkəmə-yanğın-texniki və məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/9638 saylı 23 yanvar 2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, yanğın nəticəsində Tovuz rayonu Əsrik Cırdaxan kəndində yerləşən X4 məxsus fərdi yaşayış evinə tikinti üzrə dəymiş ziyan 5040 (beş min qırx) manat təşkil edir. Cinayət işinin 150-152-ci vərəqəsində olan 9/807 saylı 13 fevral 2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 3 ədəd hər biri 17-18 kiloqram çəkidə olan, işlənmiş, qəhvəyi rəngli üzlüyü olan, içərisi qoyun yunu ilə doldurulmuş döşək, hər birinin qiyməti 60 manat olmaqla cəmi 180 manat dəyərində; 3 ədəd hər biri 9-10 kiloqram çəkidə olan, işlənmiş, qəhvəyi rəngli üzlüyü olan, içərisi qoyun yunu ilə doldurulmuş yastığ, hər birinin qiyməti 30 manat olmaqla cəmi 90 manat dəyərində; 3 ədəd hər biri 12-13 kiloqram çəkidə, işlənmiş, qəhvəyi rəngli üzlüyü olan, içərisi qoyun yunu ilə doldurulmuş yorğan, hər birinin qiyməti 40 manat olmaqla cəmi 120 manat dəyərində; 1 cüt Rusiya istehsallı, təxminən 2 il bundan əvvəl alınmış, istifadə olunmuş (işlənmiş, geyinilmiş) dəri kişi çəkmə, 10 manat dəyərində; 1 ədəd Türkiyə istehsallı, təxminən 1 il bundan əvvəl alınmış, istifadə edilmiş (işlənmiş, geyinilmiş) kişi üçün göy rəng cins şalvar, 100 manat dəyərində; 1 ədəd, şam ağacından olmaqla Azərbaycanda kustar üsulla hazırlanmış (istehsal edilmiş), pəncərəsiz və şüşəsiz, 2,10x0,90 m ölçülərindəki, taxtası 6-7 sm. qalınlığında olan taxta qapı, 200 manat dəyərində; 2 ədəd, hər biri zərərçəkmiş şəxs tərəfindən təxminən 7 il bundan əvvəl alınmış, şam ağacından olmaqla Azərbaycanda kustar üsulla hazırlanmış (istehsal edilmiş) 2 nəfərlik taxta çarpayı, 200 manat olmaqla cəmi 400 manat dəyərində; 3 ədəd, hər biri zərərçəkmiş şəxs tərəfindən təxminən 4 il bundan əvvəl 15 manata alınmış, hər birinin ayaqları və bel hissəsi sadəcə dəmirdən hazırlanmış, oturacaq hissəsi isə sadə parçadan olan oturacaqlar, yəni stullar, 15 manat olmaqla cəmi 45 manat dəyərində; 1 ədəd Fransa istehsallı, təxminən 5 gün bundan əvvəl alınmış, “Tefal” markalı, işlək vəziyyətdə olan, heç bir qırığı, sınığı və cızığı olmayan, 2,5 litr su tutumuna malik elektrikli su qızdırıcı, 13 manat dəyərində; 1 ədəd təxminən 30 ildir qeyd olunan evdə istifadədə olan, Azərbaycan istehsallı, dəmir metaldan hazırlanmış, 2 metr hündürlüyə malik ayaqlı asılqanı, 40 manat dəyərindədir. 10 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin noyabr adına olan orta bazar qiyməti təxminən 1073 manat təşkil edir. İşin 155-158-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, məhkəmə-fonoskopik ekspertizasının 3-16- 16/2-4/156-4/174 saylı 12 fevral 2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, 1 ədəd “Bingo” markalı optik diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi- Təqsirləndirilən şəxs məxsusdur. İşin 41-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında qərardan göünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 72-74-cü vərəqələrində olan Tovuz Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 4(062)-54/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 86-cı vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə, 29 dekabr 2020-ci il tarixli sərəncama əsasən isə “Qubadlının azad olunmasına görə” medalı ilə tətlif olunmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Baş Nazirinin 21 aprel 2021-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə tətlif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, “Cəbrayılın azad olunmasına görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respubliksaı CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci və 70-ci maddələrinin tətbiq olunmasına əsaslar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 13 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılmış, Təqsirləndirilən şəxs götürülmüş “Tecno Spark” markalı mobil telefonun anası X1 qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə çəkilmiş 365 (üç yüz altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 343-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 13 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılmış, Təqsirləndirilən şəxs götürülmüş “Tecno Spark” markalı mobil telefonun anası X1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə çəkilmiş 365 (üç yüz altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Hökmün icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar