Məhkəmə qərarları › İş №1(062)-60/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-60/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-60/2025 18.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2 Faxrəddin oğlunun, müdafiəçilər Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi2 və Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 297.1, 312-1.1 və 320.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1 tərəfindən Tovuz Rayon Məhkəməsinə edilmiş etiraza məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 297.1, 312-1.1 və 320.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlanmış etirazında bildirmişdir ki, onlara verilmiş əsassız ittihamın epizodları Tovuz Rayon Məhkəməsində baxılan işlərlə əlaqəlidir. Dövlət ittihamçısı da bir nəfərdir. Məhkəmənin hakimlərinin icraatında olan işlərə münasibətdə ittiham verilmiş, məhkəmənin sədrinin icraatında da olan iş üzrə epizodun birinə münasibətdə də ittiham verilmişdir. Bundan əlavə məhkəmənin sədri ilə vəkillər arasında müəyyən vaxtlarda xırda narazılıqlar da baş vermişdir. Barələrində olan cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılmasına etiraz edir. Həmin etirazla bağlı məhkəmənin hazırlıq iclasında cinayət prosesi tərəflərinin fikri öyrənilmiş, Təqsirləndirilən şəxs1 etirazını müdafiə etdiyini bildirmişdir. Dövlət ittihamçısı2 Faxrəddin oğlu, müdafiəçilər Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi2 və Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 etirazın həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə iclas iştirakçılarını dinləyib, etirazı və cinayət işi materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Tovuz Rayon Məhkəməsinə edilmiş etiraz baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 109-cu maddəsinə əsasən hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun: şəxs hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə, hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda, hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda, hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə, hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştirak etdikdə, hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxması hallarını istisna etmir), hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda, hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda. Həmin Məcəllənin 109.3-cü maddəsinə əsasən etiraz məsələsini aşağıdakılar həll edir: birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən tək başına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı, həmin məhkəmənin sədri; birinci, apelyasiya və kasassiya instansiyası məhkəməsində cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala hakimlər kollegiyasından ibarət tərkibdə baxıldıqda hakimin özü-özünə və ya ona edilmiş etirazı onun iştirakı olmadan hakimlər kollegiyası; birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala tək başına baxan məhkəmə sədrinə, özüözünə və ya ona edilmiş etirazı – apellyasiya instansiyası məhkəməsinin hakimi. Həmin Məcəllənin 109.4-cü maddəsinə əsasən bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş hallarda özü-özünə etiraza və ya edilmiş etiraza baxılaraq cinayət prosesi iştirakçılarının və ya etiraz edilmiş hakimin fikri öyrənilir və müvafiq qərar çıxarılır. Bu qərardan şikayət verilə bilməz. Hakimlər kollegiyasında etirazın lehinə və ya əleyhinə verilmiş səslərin sayı bərabər olduqda hakim cinayət prosesindən kənarlaşdırılır. Həmin Məcəllənin 109.5-ci maddəsinə əsasən birinci, apellyasiya və kassasiya instansiyası məhkməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apelyasiya instansiyası tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 107, 109, 299-cu maddələrini rəhbər tutub QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 tərəfindən işə baxan Tovuz Rayon Məhkəməsinə edilmiş etiraz baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar