Məhkəmə qərarları › İş №1(062)-61/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-61/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-61/2023 06.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1978-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, məhkumluğu olmayan, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və orada yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Tovuz rayonu Aşağı Quşçu kəndində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı tanışı X3 yumruq və baş zərbələri ilə vuraraq sonuncuya sağ alt göz qapağı, sağ gözaltı nahiyə və sağ almacıq nahiyəsini əhatə edən, həmçinin sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi kimi sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə qəsdən X1 yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Aşağı Quşçu kəndində yaşayır. Rəsmi olaraq "xxxx" MMC şirkətində sürücü işləyir. X4 onun həmkəndlisidir, münasibətləri hər zaman normal olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. İşlədiyi dövürdə ayda 50-60 manat kənara pul toplamış və şəhid bulağı tikdirmək qərarına gəlmişdir. O, bulağın tikilməsi ilə bağlı həmkəndlisi olan usta Eldarla razılaşmış, tikinti materiallarını alıb kənddə yerləşən Mədəniyyət evinin yaxınlığına gətirib yığmışdır. Bundan sonra Eldar ona zəng edib həmin işi görə bilməyəcəyini və ona Samirin həmin işi görə biləcəyini təklif etmişdir. Onlar qeyd olunan yerdə görüşmüşlər, görüləcək işlərin müqabilində 150 manata razılaşmışlar. xx.xx.2023-cü il tarixdə Samir Qasımov gəlib şəhid bulağını tikməyə başlamışdır. Səhəri gün Samir işə gəlməmiş, ondan ümumilikdə 177 manat pul almış, lakin sonuncu işi tamamlamışdır. Belə ki, Samir bulağın suyunu qoşmamış, kafelləri və bulağın arxa hissəsinin suvağını vurmamışdır. O, dəfələrlə Samirdən yarımçıq qoyduğu işləri görməyi tələb etsə də, sonuncu nalayiq sözlər söyləmişdir. Bu zaman aralarında mübahisə yaranmış, lakin Samir ondan üzr istədiyindən sonuncunu bağışlamışdır. Buna baxmayaraq o, Samir Qasımovdan yarımçıq qoyduğu işləri tamamlamağı xahiş etsə də sonuncu buna məhəl qoymamışdır. xx.xx.2023-cü il tarixdə o, Samir Qasımovu küçədə görmüş, yenə yarımçıq qalmış işi tamamlamağı xahiş etmişdir. Bu zaman Samir onun tikdirdiyi şəhid bulağına nəlayiq söyüşlər söymüşdür. Bundan sonra aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı o, Samirin sifət nahiyəsinə iki sillə və bir yumruq vurmuşdur. Dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Daha sonra onları aralaşmışlar. Hazırda əməlindən peşmançılıq hissi keçirir və zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur, ev təmiri ustasıdır. Məqsud adlı şəxsi əvvəldən tanıyır. Münasibətləri hər zaman normal olmuş, aralarında heç bir ədavət və münaqişə olmamışdır. Təxminən 20 gün qabaq kəndin mərkəzində yerləşən Mədəniyyət evinin yaxınlığında Eldar adlı həmkəndlisi ona Məqsudun şəhid bulağı tikdirdiyini və həmin bulağa usta lazım olduğunu demişdir. Məqsudla kənddə görüşmüş, sonuncu ona hörük və kafel işi olduğunu demişdir. Onlar işin qiymətini 100 manata razılaşmışlar. Təxminən 10 günə həmin işi bitirmiş, Məqsud isə ona 70 manat vermişdir. xx.xx.2023-cü il tarixdə Sarı adlı şəxsin evində işləyən zaman Məqsud ona yarımçıq işi qaldığını deyərək həmin işi görməyini istəmişdir. O, sonuncuya işləməyəcəyini və yerdə qalan 30 manatı ona bağışladığını söyləmiş, sonuncu isə ona zorla işlədəcəyini və döyəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Məqsud onu evin yaxınlığında yerləşən küçədə görmüş və ona yaxınlaşaraq nə üçün onu işini yarımçıq qoyduğunu demişdir. O isə cavabında işi olduğunu və ondan uzaq durmağı söyləmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı Məqsud onun sifət nahiyəsinə sillə və yumruq vurmuşdur. O isə Məqsudu vurmamış, sonuncuya heç bir xəsarət yetirməmişdir. Həmin vaxt küçədə heç kim olmamışdır. Dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Daha sonra onları aralaşmışlar. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: МТЕ və PA X5 şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 166 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər: sağ alt göz qapağı, sağ gözaltı nahiyə və sağ almacıq nahiyəsini əhatə edən, həmçinin sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi küt əşyanın (əşyaların) təsirindən müayinədən 1 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar