Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-61/2024 24.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Tovuz rayonu, Alakol kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Alakol kəndində qeydiyyatda olmaqla orada yaşayan, haqqında «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə, saat 21 radələrində yaşadığı Tovuz rayonu Alakol kəndində yerləşən fərdi yaşayış evinin həyətində məhkəmənin müvafiq qərarı ilə keçmiş arvadının himayəsində olmaqla görüş üçün yaşadığı evə gətirdiyi azyaşlı övladı Şahid1 aparmaq üçün gəlmiş keçmiş arvadı Zərərçəkmiş şəxs1 və sonuncunun anası Zərərçəkmiş şəxs2 ilə icazə verilmiş müddətin başa çatması və uşağın geri qaytarılması ilə bağlı aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı orada olan dəmir materiallı stul ilə keçmiş arvadı Zərərçəkmiş şəxs1 qəsdən bir dəfə zərbə ilə vuraraq ona sağ qulaq seyvanın və sağ bazu nahiyəsinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən və sağ said nahiyəsinin əzilmiş yarası halında qançır-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin stulla daha sonra isə onun bu hərəkətinin qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə sonuncunun qızı Zərərçəkmiş şəxs1 gözü qarşısında, ona əzab verdiyini dərk edərək rəhmsiz və qəddarcasına zərbələr vuraraq Zərərçəkmiş şəxs2 sağ dirsək oynağı, sağ said və sağ mil-bilək oynağının qançır-şişkinliyi, sağ bazu oynağı və sol dirsək oynağının qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən və sağ əlin V əl darağı sümüyünün iki qəlpəli sınığı ilə müşayiət edilən qançırşişkinliyi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən yüngül zərər, Zərərçəkmiş şəxs2 sağlamlığına xüsusi amansızlıqla qəsdən az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tovuz rayonu Alakol kəndində yaşayır. Tovuz rayon Köhnəqala kənd sakini Zərərçəkmiş şəxs1 ilə 2011-ci ildə evlənmiş, onların birgə nikahlarından 3 övladı doğulmuşdur. 2022-ci ilin iyul ayında arvadı ilə boşanmışlar. Əslində boşanmaları formal olmuşdur. Bundan sonra faktiki olaraq bir müddət bir yerdə yaşamışlar, 2022-ci ilin avqust ayında işləmək üçün Rusiya Federasiyasına getmişdir. Ailəsi isə evdə qalmışdır. Həmin vaxt anası Səfurə ilə aralarında söz-söhbət olması səbəbindən həyat yoldaşı Rəna hər üç övladını da götürüb evdən çıxıb getmiş və kirayədə yaşamış, xx.xx.2024-cü il tarixdə səhər saatlarında evdə olmadığı zaman Rəna hər üç övladını da götürüb Tovuz rayon Köhnəqala kəndinə anasının evinə getmişdir. xx.xx.2024-cü il tarixdə anası Səfurə onun oğlu Hüseyni görmək istədiyini bildirmiş, əmisinin gəlini Səfiyyə və əmisi arvadı Zərri ilə birlikdə oğlu Hüseyni gətirmək üçün keçmiş qayınanası Müşgünazın evinə getmiş, Rənaya anasının xəstə olduğunu və oğlu Hüseyni görmək istədiyini bildirmiş, Rəna da razılaşmış və gün ərzində geri qaytarmağını istəmişdir. Sonra gec olduğu üçün Rənanın qardaşı arvadı Yeganəyə mesaj yazaraq oğlu Hüseyni sabah gətirəcəyini bildirmiş və Yeganə də onunla razılaşmışdır. Bundan təxminən 1 saat sonra Rəna, Səfiyyə və Rənanın anası onun yaşadığı evə gəlmişlər. Səfiyyə ona Rənanın Hüseyni aparmaq üçün gəldiyini bildirdikdə Rənanın Hüseyni aparmağı ilə razılaşmışdır. Səfiyyə evindən çıxıb getmişdir. Hüseynin paltarını geyindirən zaman Rənadan Hüseyni hansı avtomobil ilə aparacağını soruşduqda Rəna Hüseyni piyada aparacağını bildirmişdir. O, da hava soyuq olduğu üçün Hüseyni piyada aparması ilə razılaşmamışdır. Bu zaman Rəna yaşadığı evin həyətində olan vedrəni ona tərəf atıb Hüseyni aparacağını bildirmişdir. Lakin vedrə ona dəyməmişdir. Həmin vaxt Müşgünaz evin həyətində olmuşdur. Bacısı Türanə də onun yanında olmuşdur. Rəna və anası Müşgünaz evinin həyətində səs-küy salmışdır. Aralarında yaranmış mübahisə zamanı onları stul ilə vurmuşdur. Lakin bu zaman onlar ciddi xəsarət almamışlar. Lakin hər bir halda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Odur ki, barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Tovuz rayon Köhnəqala kəndində anası Müşgünaz və üç azyaşlı övladları ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Tovuz rayon Alakol kənd sakini Təqsirləndirilən şəxs ilə rəsmi olaraq 2011ci ildən 2022-ci ilə qədər ailəli olmuş, birgə nikahdan Zeynəb,Yağmur və Hüseyn adlı üç azyaşlı uşaqları doğulmuşdur. 2022-ci ilin iyul ayında Rəşad ilə rəsmi olaraq boşanmışlar. Belə ki, Tovuz rayon Məhkəməsinin qərarına əsasən boşandıqdan sonra hər üç övladı onunla birlikdə qalmışdır. Boşandıqdan sonra övladları ilə birlikdə kirayədə yaşamışdır. 2023cü ilin mart ayında Rəşadın qohumlarının təkidi ilə yenidən Rəşad ilə barışmışdır. Lakin nikaha girməmişlər. Rəşad ilə barışdıqdan sonra əvvəllər olduğu kimi yenə də Rəşad və anası Səfurə onunla heç bir səbəb olmadan mübahisə etmiş, Rəşad və anası ona normal münasibət göstərmədikləri üçün xx.xx.2024-cü ildə hər üç övladını da götürüb Tovuz rayon Köhnəqala kəndinə anası Zərərçəkmiş şəxs2 evinə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Rəşad əmisinin arvadı Zərri və onun gəlini Səfiyyə ilə birlikdə anasının evinə gəlmişlər. Sonuncular Rəşadın anasının səhhətinin pisləşdiyini və nəvələrini görmək istədiyini bildirmişlər. O da övladlarının aparacaqları təqdirdə tez bir zamanda geri qaytarmalarını istəmişdir. Böyük qızı bacısının evində olmuşdur. Digər qızı isə onlarla getmək istəmədiyini bildirmişdir. Sonuncular 2015-ci il təvəllüdlü oğlu Hüseyni özləri ilə aparmışlar və 1-2 saat müddətində geri qaytaracaqlarını vəd etmişlər. Lakin Rəşad övladını geri qaytarmamışdır. Saat 22 radələrində o, anası ilə oğlu Hüseyni gətirmək üçün Rəşadın yaşadığı evə getmişlər. İlk olaraq Rəşad ilə qonşu yaşayan əmisi gəlini Səfiyyənin evinə getmiş və ondan oğlu Hüseyni ona qaytarmasını istəmişdir. Səfiyyə də onunla birlikdə Rəşadın evinə getmiş, Rəşadı səsləmiş və Hüseyni aparmaq üçün gəldiklərini bildirmişdir. Həmin zaman o, anası ilə evin həyətinin giriş qapısında gözləmişlər. Səfiyyə isə digər qonşunun evinə getmişdir. Rəşad ilk olaraq Hüseynin onunla getməsinə razılıq vermişdir. Evin giriş qapısının pilləkəninə doğru yaxınlaşaraq Hüseynin ayaqqabısını və gödəkcəsini geyindirmək istəmişdir. Bu zaman Rəşad onun qolundan itələyərək özü uşağı geyindirəcəyini demişdir. Anası da Rəşadın yaşadığı evin qarşısında, küçədə onu gözləmişdir. Rəşad ondan Hüseyni hansı avtomobil ilə aparacağını soruşduqda o, Rəşada piyada gedəcəklərini bildirmişdir. Bu zaman Rəşad Hüseynin əlindən tutub Hüseyni ona verməyəcəyini demişdir. Həmin vaxt o, küçəyə çıxaraq yenidən Səfiyyəni çağırmaq istədikdə Səfiyyənin onlara tərəf yaxınlaşdığını görmüşdür. X2 alıb ona verməsini istəmiş və Səfiyyə ilə Rəşadın evinin həyətinə daxil olmuşlar. Rəşad Hüseyni verməyəcini bir daha bildirmişdir. O da əsəbləşmiş və Rəşadın evinin həyətində olan vedrəni yerə çırparaq oğlu Hüseynin ona verməsini istəmişdir. Rəşadın bacısı X3 onların səsinə evin həyətinə çıxmışdır. Hüseyn də ağlayaraq onun yanına gəlmişdir. Bu zaman Rəşad pilləkənin üzərindəki dəmir materialdan olan stulu götürərək ona tərəf gəlmişdir. Səfiyyə və Türanə Rəşadın əlindən stulu almaq istəsələr də, Rəşadın əlindən stulu ala bilməmişlər. Anası Müşgünaz da Rəşadın əlində stul ona tərəf gəldiyini gördüyü üçün onlara yaxınlaşmışdır. Anası onlara çatanadək Rəşad stul ilə onun baş nahiyəsinə zərbə endirmək istədikdə sağ əlini irəli tutduğu üçün stul sağ qoluna, stulun ayaq hissəsi isə burun və baş nahiyəsinə dəymişdir və o, sağ qolundan, sağ qulağından eyni zamanda sağ bazu nahiyyəsindən xəsarətlər almışdır. Həmin vaxt burun nahiyəsindən qan axmağa başlamışdır. Rəşad ona növbəti dəfə zərbə endirmək istəyən zaman anası Müşgünaz onun qarşısına keçmiş və stulun onun baş nahiyəsinə dəyməməsi üçün əli ilə onun baş nahiyəsini qorumağa çalışmışdır. Bu zaman stul onun anasının sağ əl və qol nahiyəsinə dəymişdir.Rəşad növbəti dəfə yenə anası Müşgünazın baş nahiyəsinə zərbə endirmək istədikdə anası Müşgünaz yenə sağ qolunu irəli uzatmış, bu dəfə stul anası Müşgünazın yenə sağ qoluna və nisbətən də baş nahiyəsinə dəymişdir. Həmin vaxt Rəşadın anası Səfurə da evdən həyətə çıxmışdır. Səfiyyə, Türanə və Səfurə Rəşadı aralamışlar. O isə anası Müşgünazla birlikdə dərhal oğlu Hüseyni də götürüb oradan piyada uzaqlaşıb evə gəlmişlər. Rəşadın anası Səfurə də onların arxasınca nəlayiq ifadə işlətmişdir.Rəşad ilə aralarında olan mübahisə və Rəşadın onların döyməsi ümumilikdə təxminən 10-12 dəqiqə davam etmişdir. Kənardan onların səsinə heç kəs toplaşmamışdır. Hazırda təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Tovuz rayon Köhnəqala kəndində övladı Zərərçəkmiş şəxs1 və qızının üç azyaşlı övladları ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir. X10 rayon Alakol kənd sakini Təqsirləndirilən şəxs ilə rəsmi olaraq 2011-ci ildən 2022-ci ilə qədər ailəli olmuşdur. Birgə nikahlarından üç uşaqları doğulmuşdur. 2022-ci ilin iyul ayında Rəşad ilə rəsmi olaraq boşanmışlar. Tovuz Rayon Məhkəməsinin qərarına əsasən boşandıqdan sonra hər üç övladı Rənanın himayəsində qalmışdır. Boşandıqdan sonra Rəna bir müddət övladları ilə birlikdə kirayədə yaşamış, 2023cü ilin mart ayında Rəşadın qohumlarının təkidi ilə Rəna yenidən Rəşad ilə barışmış, Rəşad ilə barışdıqdan sonra əvvəllər olduğu kimi yenə də Rəşad və anası Səfurə Rəna ilə heç bir səbəb olmadan mübahisə etmiş, Rənaya normal münasibət göstərmədiyi üçün xx.xx.2024-cü il tarixdə Rəna hər üç övladını da götürüb Tovuz rayon Köhnəqala kəndinə onun yaşadığı evə köçmüşdür. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Rəşad əmisinin arvadı Zərri və onun gəlini Səfiyyə ilə birlikdə evinə gəlmişlər. Sonuncular Rəşadın anasının səhhətini pisləşdiyini və nəvələrini görmək istədiyini bildirmişlər. Rəna da övladlarını aparacaqları təqdirdə tez bir zamanda geri qaytarmalarını istəmişdir. Həmin vaxt böyük nəvəsi digər qızının evində olmuş, Rənanın o biri qızı isə onlarla getmək istəmədiyini demişdir. Bu balda nəvəsi Hüseyni özləri ilə aparıb 1-2 saat müddətə geri qaytaracaqlarını bildirmişlər. X9 deyilən vaxtı geri qaytarmamışdır. Saat 22 radələrində qızı Rəna ilə Hüseyni gətirmək üçün Rəşadın evinə getmişlər. İlk olaraq Rəşad ilə qonşu yaşayan əmisi gəlini Səfiyyənin evinə getmişlər, ondan Hüseyni geri qaytarmasını istəmişlər. Səfiyyə də onlarla birlikdə Rəşadın evinə getmişdir. Rəşadı səsləyib Hüseyni aparmaq üçün gəlindiyini bildirmişdir. Rəna ilə evin həyətinin giriş qapısında gözləmişlər. Səfiyyə isə sonra qonşunun evinə getmişdir. Rəşad ilk olaraq Hüseynin onlarla getməsinə razılıq verdikdən sonra Rəna evin həyətinə daxil olmuşdur. O, isə Rəşadın evinin qarşısında, küçədə gözləmişdir. Rəna yenidən küçəyə çıxmışdır. Həmin vaxt Səfiyyənin onlara tərəf yaxınlaşdığını gördükdə X4 Rənaya verməsini demişdir. Səfiyyə və Rəna yenidən Rəşadın evinin həyətinə daxil olmuşlar. Bu zaman evin həyətindən səs-küy səsləri eşidib həyətə keçmişdir. Burada Rəşadın əlində stul ilə Rənaya zərbə endirmək istəməsini, Rəşadın bacısı Türanənin və Səfiyyənin isə Rəşadın əlindən stulu almaq istədiklərini görmüşdür. Onlara yaxınlaşanadək Rəşad stul ilə Rənaya zərbə endirmişdir. Stul Rənanın sağ qoluna, stulun ayaq hissəsi isə burun və baş nahiyəsinə dəymişdir. Həmin vaxt Rənanın burun nahiyəsindən qan axmağa başlamışdır. Rəşad növbəti dəfə Rənaya zərbə endirmək istəyən zaman onun qarşısına keçib sağ əlini stula tərəf uzatmışdır. Nəticədə stul onun sağ əl və qol nahiyəsinə dəymişdir və o, sağ əlinin 5-ci barmağından, sağ dirsəyindən, sağ biləyindən və sol dirsəyindən xəsarət almışdır. Rəşad növbəti dəfə onun baş nahiyəsinə zərbə endirmək istədikdə yenə sağ qolunu özünü müdafiə etməkdən ötrü irəli uzatmışdır. Stul bu dəfə də sağ qoluna və nisbətən də baş nahiyəsinə dəymişdir. Bu zaman Rəşadın anası Səfurə da evdən həyətə çıxmışdır. Səfiyyə, Türanə və Səfurə Rəşadı aralamışlar. Rəna isə dərhal Hüseyni də götürüb oradan uzaqlaşmışlar. Rəşadın anası Səfurə onların arxasınca nalayiq sözlər demişdir. Rəşad ilə aralarında olan mübahisə və Rəşadın onların döyməsi ümumilikdə təxminən 10-12 dəqiqə davam etmişdir. Kənardan heç kəs gəlməmişdir. Hazırda təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin, həmçinin, Tovuz rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı ilə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2015-ci ildə anadan olmuş və Tovuz rayon Köhnəqala kəndində anası Rənanın himayəsində yaşayır, Tovuz rayon Köhnəqala kənd orta məktəbinin 3-cü sinifində təhsil alır. Təqsirləndirilən şəxs atası, Zərərçəkmiş şəxs1 isə anasıdır. xx.xx.2024-cü il tarixdə ana nənəsi Müşgünazın evində olan zaman atası Rəşad, Səfiyyə və Zərri adlı qadınlar onu atasının Tovuz rayon Alakol kəndində evinə aparmışlar. Orada qalmaq istəməsə də atası ona onlarla qalmağını bildirmiş və növbəti gün onu anasının yanına aparacağını demişdir. Bir neçə saatdan sonra Səfiyyə adlı qadın gələrək atası Rəşada anası Rənanın onu aparmaq üçün gəldiyini bildirmişdir. Atası da ona paltarını geyinməyini demişdir. Kurtkasını geyinib həyətə çıxdıqda anası Rəna ona yaxınlaşmış, atası ilə nəsə danışmış, sonradan atası onun əlindən tutmuş və anası Rənaya onu verməyəcəyini bildirmişdir. Nənəsi Müşgünaz da kənardan onlara baxmışdır. Bu zaman anası Rəna əsəbiləşmiş və həyətdə olan vedrəni yerə atmışdır. Bibisi Türanə də səsə evdən həyətə çıxmış, eyni zamanda Səfiyyə də evin həyətində olmuşdur. Atası onun əlini buraxmış və qorxmamasını demişdir. Atası Rəşad pilləkənin üzərindəki dəmir materialdan olan stulu götürərək anasının üzərinə getmiş və anası Rənanın qol və burun nahiyəsinə stul vurmuşdur. Nənəsi Müşgünaz da onlara yaxınlaşmış, atası Rəşad nənəsi Müşgünazın da qol və baş nahiyəsinə stul ilə vurmuşdur. Bibisi Türanə və Səfiyyə atasının əlindəki stulu almağa çalışmışlar. Bu zaman nənəsi Səfurə də həyətə çıxmış və kənardan onlara baxmışdır. Atası Rəşadın anası Rənanı vurduqdan sonra anasının burun nahiyəsindən qan axmışdır. Səfiyyə və Türanə atası Rəşadı aralayan zaman anası onu götürmüş və küçəyə çıxmışlar. Bundan sonra oradan uzaqlaşıb piyada Köhnəqala kəndinə nənəsi evinə gəlmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK- 1/236 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X6 rayon şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 45 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər-sağ əlin V əl darağı sümüyünün iki qəlpəli sınığı ilə müşayiət edilən qançır-şişkinliyi, sağ dirsək oynağı, sağ said və sağ mil-bilək oynağının qançır-şişkinliyi, sağ bazu oynağı və sol dirsək oynağının qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlərdən sağ əlin V əl darağı sümüyünün iki qəlpəli sınığı ilə müşayiət edilən qançır-şişkinliyi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, digər xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Onun barəsində məlumat yoxdur. «Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə başlanmış cinayət işi həmin Məcəllənin 127.2.2 və 128-ci maddələrinə tövsif edilmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.2 və 128-ci maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-cimaddəsində göstərilmişdir ki, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsi 127.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 127.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, onun hər hansı şikayət və tələbinin olmamasını, habelə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, həmin əmələ görə cəzasını yüngülləşdirən halları və əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-61/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-61/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver