Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-62/2025 04.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Tovuz rayonu, Yanıqlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, orta təhsilli, Tovuz rayonu, Məşədilər kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə 2024-cü ilin iyul ayının sonunda, istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Tovuz rayonu Məşədilər kəndinin örüş otlaq sahəsindən həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus 01 baş, yerli cins, qara rəngli, buynuzlarının çıxışı arxaya doğru istiqamətlənmiş, bir yaşar, 240 kiloqram diri çəkiyə malik, ət çıxarı 120 kiloqram olan, 1600 (bir min altı yüz) manat dəyərində iri buynuzlu heyvanı oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus 1600 manat dəyərində iri buynuzlu heyvanı gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə 18 noyabr 2024-cü il tarixdə Tovuz rayonu Məşədilər kəndinin örüş otlaq sahəsindən həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus bir baş, yerli cins, qəhvəyi rəngli, alnında ağ ləkəsi olan, üç yaşar, 180 kiloqram diri çəkiyə malik, ət çıxarı 90 kiloqram olan, 1300 (bir min üç yüz) manat dəyərində iri buynuzlu heyvanı oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus 1300 (bir min üç yüz) manat dəyərində iri buynuzlu heyvanı gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə 26 yanvar 2025-ci il tarixdə, saat 13 radələrində Tovuz şəhəri, Musa Musayev küçəsində yerləşən “Nəsimi” bazarındakı gözəllik salonunda X2 məxsus 01 ədəd 10 manat dəyərində açıq çəhrayı rəngli pul qabını və həmin pul qabının içərisində olan 609,95 (altı yüz doqquz manat doxsan beş qəpik) manat məbləğində nağd pul vəsaitini oğurlamış, yəni zərərçəkmiş şəxs X2 məxsus 10 manat dəyərində pul qabını və 609,95 (altı yüz doqquz manat doxsan beş qəpik) manat məbləğində nağd pul vəsaitini gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayon Məşədilər kəndində yaşayır. Halhazırda rəsmi olaraq heç bir yerdə işləmir. O, təxminən 1997-ci ildən müxtəlif ev heyvanlarını dolanışıq üçün saxlayır. Hal-hazırda onun Tovuz rayonu Məşədilər kəndində yerləşən yaşadığı evdə tövləsində 4 (dörd) baş iribuynuzlu heyvanı və sayını dəqiq bilmədiyi müxtəlif cins ev quşları vardır. Yaşadığı evin arxası boş sahədir. O, iribuynuzlu heyvanlarını yaşadığı evin arxasında otarırmış. Həmin heyvanlardan biri balaca olduğu biri də qaçmağa meyilli olduğu üçün onları otlamaqları üçün buraxmır. Sözügedən heyvanları ya tövlədə ya da həyətyanı sahədə saxlayır. Yerdə qalan iki baş iribuynuzlu heyvanı isə otlamaları üçün buraxırmış. Həmin heyvanlar axşam tərəfi özləri onları saxladığı tövləyə geri qayıdırlarmış. xx.xx.2024-cü il tarixdə o, hər zamanki kimi iki baş iribuynuzlu heyvanını otlamaları üçün boş sahəyə buraxmışdır. Axşam saatları olduqda heyvanlarından biri geri qayıtsa da digəri geri qayıtmamışdır. O, geri qayıtmayan heyvanını axtarmışdır. Lakin, tapa bilməmişdir. Bundan sonra gecə saatları olduğu üçün yaşadığı evə geri qayıtmışdır. Ertəsi gün yəni xx.xx.2024-cü ildə həmkəndlisi Cəmilə adlı qadının yas mərasiminə getmişdir. Yasdan qayıtdıqdan sonra saxladığı hind quşlarını otarmaq üçün onları saxladığı hindən çıxarmış və otlamaları üçün yaşadığı evinin qarşısında olan boş sahəyə aparmışdır. Bir müddət sonra yəni günorta saatlarında su içmək üçün yaşadığı evə geri qayıtmışdır. Bu zaman axşam geri gəlməyən iribuynuzlu heyvanını görmüşdür. Ancaq, həmin heyvanın yanında başqa bir iribuynuzlu heyvan da olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində o, hind quşlarını yuxarıda qeyd etdiyi yəni yaşadığı evin qarşısında yerləşən boş sahələrdə otaran zaman həmkəndlisi Şəhla adlı qadınla rastlaşmışdır. Söhbət zamanı Şəhla ona arıx formada balaca bədən quruluşlu olan, yaxın vaxtlarda bala salmış bir baş iribuynuzlu heyvan olan düyəsini yəni dişi inəyinin itmiş olduğunu və onu axtardığını bildirmişdir. Həmin zaman o, Şəhlaya izah etdiyi formada və görünüşdə inək görmədiyini demişdir. Lakin, onun bir baş iribuynuzlu erkək heyvanı ilə gələn heyvanı gördükdə dəqiqliklə bilməsə də elə zənn etmişdirki, həmin heyvan Şəhlanın ona dediyi heyvan olmuşdur. Bu səbəbdən həm öz heyvanını həm də sonradan gələn və Şəhlaya məxsus olduğunu düşündüyü heyvanı ona məxsus tövləyə salmışdır ki, yenə də qaçmasınlar. Bundan sonra o, otlamaqda qoyduğu hind quşlarının yanına getmişdir ki, onları geri gətirsin. O, sözügedən hind quşlarını geri, yaşadığı evin həyətinə gətirmişdir. Onun yaşadığı evin həyətindən yol görünür. O, hind quşlarını saxladığı hinə salmamış, Şəhlanın əri Aqilin yol ilə getdiyini görmüşdür. Bu zaman o, Aqilə onların heyvanının onun tövləsində olmasını demişdir. Sonra isə üzünü çevirib hind quşlarını onları saxladığı hinə salmaq üçün hinin qapısını açmışdır. Hind quşları hinə girməmiş o, görmüşdür ki, polis əməkdaşları artıq yaşadığı evin qarşısına gəlmişlər. Polis əməkdaşları ona məxsus tövləyə baxmaq istədiklərini bildirmişlər. O, da polis əməkdaşlarına etiraz etməmişdir. Onlar da həmin tövləyə baxmışlar. Aqil öz heyvanını tanımış və təsdiq etmiş ki, onun qeyd etdiyi heyvan Aqilə məxsusdur. Aqil ona irad bildirmişdir ki, neçə gündür itmiş olan heyvanını axtarır nə üçün o, həmin heyvanı tapmağı barədə ona məlumat verməmişdir. O da Aqilə özünə məxsus heyvanın da itmiş olduğunu, Aqilə məxsus heyvanın həmin heyvanla birlikdə gəldiyini, hind quşlarını hinlərinə saldıqdan sonra Aqilə xəbər edəcəyini bildirmişdir. Söz-söhbətə ətrafda olan şəxslər onun yaşadığı evin qarşısına toplaşmışlar. Bu zaman həmkəndlisi İlham adlı şəxs də oraya gəlmişdir. İlham da ona məxsus tövləyə baxmaq istədiyini bildirmişdir. İlham tövləyə baxdıqda ona məxsus qara rəngli dananın guya özünə məxsus olmasını demişdir. O, İlhama həmin dananı Tovuz rayonunda yerləşən heyvan bazarından keçən ilin yəni 2023-cü ilin dekabr ayının əvvəllərində almış olduğunu bildirmişdir. Lakin, İlham yenə də əsassız olaraq sözügedən dananın özünə məxsus olmasını təkidlə demişdir. O, 4(dörd) baş iribuynuzlu heyvan saxlayır. Onlardan bir başı erkək dana, iki başı dişi inək, bir başı isə dişi buzovdur. O, heyvanının itməsi barədə heç kəsə heç bir məlumat verməmişdir. O, nə heyvanının itməsi, nə də onun yanında gələn başqa bir heyvanın olması barədə heç kəsə heç bir məlumat verməmişdir. O, Zərərçəkmiş şəxs2 özünə məxsus olmasını əsassız olaraq iddia etdiyi bir baş iribuynuzlu heyvanı 2023-cü ilin dekabr ayının əvvəllərində heyvan bazarından almışdır. O, Zərərçəkmiş şəxs2 onun olmasını əsasız olaraq iddia etdiyi bir baş iribuynuzlu dananı aldıqdan sonra həmin dananı qaçmağa meyilli olduğu üçün ya tövlədə, ya da yaşadığı evin həyətyanı sahəsində saxlamış, bu səbəbdən sözügedən dananı heç kəs görməmişdir. Bu səbəbdən həmin heyvanı saxlamağına heç kəs şahidlik edə bilməmişdir. Bundan başqa o, xx.xx.2025-ci il tarixdə daimi müştərisi olduğu Tovuz şəhəri Musa Musayev küçəsində yerləşən “Nəsimi” adlı bazarın daxilində yerləşən qadın gözəllik salonuna getmişdir. O, həmin bazara təxminən 12 radələrində getmişdir. Həmin salonda olan işçilərin məşğul olmasını yəni ondan əvvəl gəlmiş müştərilərə xidmət etdiyini görüb sonra gələrəm demiş və salondan çıxmışdır. Salondan çıxdıqdan sonra bazara gedib mandalin meyvəsi almışdır. Əlində içərisində almış olduğu mandalin meyvəsi olan polietilen torba qadın salonuna geri qayıtmışdır ki, həmin torbanı salona qoysun. Bu barədə salonda işləyən əvvəlcədən tanıdığı Sevinc adlı qadına demişdir. Sevinc Həsənovada torbanı salona qoymağına etiraz etməmişdir. O da tobanı salonda olan divanın üzərinə qoyub yenidən alışveriş etmək üçün bazara qayıtmışdır. Ev üçün lazım olan ərzaqları aldıqdan sonra o, yenidən Sevincin işlədiyi salona qayıtmışdır ki, qaşını aldırsın. Salona daxil olduqda sonradan aldığı ərzaqları da daha əvvəl salonda olan divanın üzərinə qoymuş olduğu içərisində mandalin meyvəsi olan torbanın yanına qoymuşdur. Lakin, Sevincin və orada olan digər işçinin hələ də işlərini yekunlaşdırmadığını yəni digər müştərilərin işlərini bitirmədiyini gördükdə “sizin işiniz çoxdur əliniz boş deyil” demişdir. Bundan sonra o, yaşadığı evə getmək üçün divanın üzərinə qoyduğu içərisində etdiyi bazarlıqlar olan torbaları götürmüşdür. Onun torbaları qoyduğu yerdə qara rəngli qadın çantası olmuşdur. Sevinc Həsənovaya məxsus pul qabını təsadüfən götürmüş və özü ilə gətirmişdir. Daha sonra isə içərisində pul olduğunun şahidi olmuşdur. Yəni niyyəti oğurluq olmamışdır. Odur ki, ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Tovuz rayon Düz Qırıqlı kəndində ailəsi ilə birlikdə yaşayır. O, günə muzd işləməkdən əlavə həyətində dolanışıq üçün səkkiz baş iribuynuzlu heyvan saxlayır. Həmin heyvanları kəndlərində olan boş sahələrə və örüş torpaqlarına otarmaq üçün buraxırmış. Həmin heyvanlar gün ərzində otladıqdan sonra axşam saatlarında yaşadıqları evə geri qayıdırlar. xx.xx.2024-cü il tarixdə o, Kəlbəcər rayonunda işdə olmuşdur. Həmin gün axşam saatlarında arvadı Şahid1 ona zəng edərək bir baş, üç yaşar, yerli cins, qəhvəyi rəngli, alnında ağ ləkəsi olan, diri çəkisi təxminən 180 kiloqram, ət çıxarı isə təxminən 90 kiloqram, ümumi dəyəri 1260 (min iki yüz altmış) manat olan iribuynuzlu heyvanlarını saxladıqları yaşadıqları evin bağ sahəsindən qapı açıq olduğu üçün öz başına çıxıb gedərək itmiş olduğunu, hələ də geri qayıtmadığını bildirmişdir. O, da Həqiqətə narahat olmamasını bildirərək geri gələr demişdir. Çünki, bəzən olur ki, heyvan otlamaqdan ya ertəsi gün ya da gecə gec saatlarda gəlirlərmiş. Ertəsi gün yənə də Həqiqət ilə mobil telefon ilə danışan zaman o, həmin heyvanın hələ də gəlmədiyini demişdir. O, biraz da gözləməyi tövsiyyə etmişdir. Həmin gün yəni xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində bir daha arvadı Həqiqət ilə danışan zaman Həqiqət hər yeri axtardığını, lakin hələ də həmin heyvanı tapa bilmədiyini demişdir. Bu səbəbdən o, işdən icazə alıb yaşadığı kəndə sözügedən bir baş iribuynuzlu heyvanınını axtarmaq üçün qayıtmışdır. Ertəsi gün yəni xx.xx.2024-cü il tarixdə və ondan sonraki gün yəni xx.xx.2024-cü il tarixdə günorta saatlarına qədər həmin heyvanımı kəndin ətrafındaki sahələrdə axtarmışdır. Ancaq nə heyvanı nə də hər hansı bir iz tapa bilməmişdir. Həmin zaman arvadı Həqiqət də heyvanlarını axtarmaqla məşğul olmuşdur. Kəndin heyvanları boş sahə olduğu üçün onlarla qonşuluqda yaşayan həmkəndliləri Ruqiyyə adlı qadının yaşadığı evin ətrafı istiqamətinə də getmiş olduğundan o və arvadı həmin istiqaməti də axtarmışdır. Axtarış zamanı arvadı Həqiqət ona Ruqiyyədən şübhələndiyini demişdir və şübhələnməsinə əsas kimi isə Ruqiyyənin cəmi üç baş iribuynuzlu heyvanının olmasını bildirmiş, həmin heyvanların isə otlaqda olmasını, lakin Ruqiyyənin bir neçə dəfə tövləyə su aparmasını müşahidə etdiyini bildirmişdir. Belə ki, Ruqiyyənin həyətyanı sahəsinin ətrafı hasarlı olmadığından Ruqiyyənin yaşadığı evin həyətində etdiyi hərəkətlər görünür. O da Ruqiyyənin bu hərəkətlərindən şübhələnmişdir. Həm Ruqiyyənin şübhəli hərəkətləri, həm heyvanının Ruqiyyənin yaşadığı evin yaxınlığında otlaması və həmin istiqamətdən itməsi onda əsaslı şübhələr doğurduğundan o, bu barədə polisə müraciət etmişdir. Polis əməkdaşları gəlmiş və Ruqiyyəyə özlərini təqdim etdikdən sonra Ruqiyyənin razılığı ilə onun heyvan saxladığı tövləyə baxmışlar. Bu zaman o, ona məxsus 01(bir) baş, üç yaşar, yerli cins, qəhvəyi rəngli, alnında ağ ləkəsi olan, diri çəkisi təxminən 180 kiloqram, ət çıxarı isə təxminən 90 kiloqram, ümumi dəyəri 1260 (min iki yüz altmış) manat olan iribuynuzlu heyvanının Ruqiyyənin tövləsində olmasını görmüşdür. O, həmin qara rəngli bir baş iribuynuzlu heyvanın itməsi barədə rəsmi olaraq polisə müraciət etməsə də, kəndlərinin icra nümayəndəsinə, bələdiyyəsinə və ümumilikdə bütün qohumlara və tanışlara demişdir. O, heyvanını rəngindən, alnında olan ağ rəngli ləkədən və bədən quruluşundan tanımışdır. Həmin qəhvəyi rəngli, alnında ağ ləkə olan bir baş dişi cinsindən olan iribuynuzlu heyvanın, yəni inəyin ona məxsus olmasını bütün qonşuları və ailə üzvləri təsdiq edə bilər. Onun Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış heyvanı oğurlanan zaman 01(bir) baş, üç yaşar, yerli cins, qəhvəyi rəngli, alnında ağ ləkəsi olan, diri çəkisi təxminən 180 kiloqram, ət çıxarı isə təxminən 90 kiloqram, ümumi dəyəri 1260 (min iki yüz altmış) manat dəyərində olmuşdur. Hazırda ona dəymiş maddi ziyan ödənilmişdir. Hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Tovuz rayon Düz Qırıqlı kəndində ailəsi ilə birlikdə yaşayır. 2024-cü ilin iyul ayının sonlarında ümumilikdə 18 baş iribuynuzlu heyvanı olmuşdur. O və digər iribuynuzlu heyvanı olan həmkəndliləri hər zaman heyvanlarını kəndlərinin ətrafındakı boş torpaqlara otlamaları üçün buraxmışlar. Axşam olduqda isə həmin heyvanlar özləri evə qayıdırlar. 2024-cü ilin iyul ayının sonlarında o, yenə də heyvanlarından 10 başını Ruqiyyə adlı həmkəndlilərinin evinin yaxınlığındakı boş sahələr istiqamətə, yerdə qalan 8 başını başqa istiqamətə otlamaları üçün buraxmışdır. Axşam saatları 8 baş bir buraxdığı iribuynuzlu heyvanları tam olaraq geri qayıtsa da, Ruqiyyə adlı həmkəndlilərinin evinin yaxınlığında ki, boş sahələr istiqamətə buraxdığı 10 baş iribuynuzlu heyvanından 9 başı geri qayıtmış, lakin 01 baş, yerli cins, qara rəngli, buynuzlarının çıxışı arxaya doğru istiqamətlənmiş, bir yaşar, diri çəkisi təxminən 240 kiloqram, ət çıxarı təxminən 120 kiloqram, ümumi dəyəri 1600 (min altı yüz) manat olan erkək danası geri qayıtmamışdır. O, da həmin dananı tapmaq üçün ətraf əraziləri axtarmış, ancaq heç bir iz tapa bilməmişdir. O, həmin danadan hər hansı bir izi xx.xx.2024-cü il tarixədək axtarmışdır. xx.xx.2024-cü il tarixədə həmkəndlisi Aqilə məxsus itmiş olduğunu düşündükləri bir baş iribuynuzlu heyvanın Ruqiyyə adlı digər həmkəndlilərinin tövləsindən tapılmış olduğunu eşitmişdir. O da gedib Ruqiyyə adlı qadının heyvan saxladığı tövləsinə baxdıqda təxminən 4 ay bundan əvvəl itmiş olduğunu düşündüyü bir baş dananın da Ruqiyyə adlı qadına məxsus tövlədə olmasını görmüşdür. O, həmin heyvanı görən kimi tanımışdır. Belə ki, sözügedən heyvanın buynuzunun digər heyvanlardan fərqli olaraq yəni geriyə doğru istiqamətlənərək çıxması onun fərqləndirici əlamətidir. Sözügedən heyvanın əlamətinə görə bütün kənd həmin heyvanın ona məxsus olmasını bilirmiş. O, həmin qara rəngli bir baş iribuynuzlu heyvanın itməsi barədə rəsmi olaraq polisə müraciət etməsə də, kənd icra nümayəndəsinə, bələdiyyəsinə və ümumilikdə bütün qohumlara və tanışlara demişdir. O, heyvanını özünə məxsus buynuz formasından yəni buynuzlarının geriyə doğru istiqamətlənmiş olmasından və rəngindən tanımışdır. Həmin qara rəngli buynuzları geriyə doğru istiqamətlənmiş dananın ona məxsus olmasını bütün qonşuları və ailə üzvləri təsdiq edə bilərmiş. Onun Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış heyvanı oğurlanan zaman 01(bir) baş olmaqla, yerli cins, qara rəngli, buynuzlarının çıxışı arxaya doğru istiqamətlənmiş, bir yaşar, üç aylıq, diri çəkisi təxminən 240 kiloqram, ət çıxarı təxminən 120 kiloqram, ümumi dəyəri 1600 (min altı yüz) manat dəyərində olmuşdur. Hazırda ona dəymiş maddi ziyan ödənilmişdir. Hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, ailəsini Tovuz şəhəri, M.Musayev küçəsində yerləşən “Nəsimi” ticarət mərkəzinin (bazarın) içərisində yerləşən qadın gözəllik salonunda işləməklə dolandırır. O, Tovuz rayon Yanıqlı kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs çalışdığı qadın gözəllik salonunun müştərisidir. Ruqiyyə xx.xx.2025-ci il tarixdə təxminən 12 radələrində çalışdığı gözəllik salonuna gəlmiş və qaşını aldırmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs nə onun nə də birlikə çalışdığı Nərmin Məmmədova adlı şəxsin boş olmadığını yəni digər müştərilərlə məşğul olduqlarını görüb salondan çıxıb getmişdir. Bir müddət sonra əlində içərisində mandalin meyvələri olan polietilen torba ilə geri qayıtmışdır. O, həmin torbanı salonda olan divanın yanına qoyub yenidən çıxıb getmişdir. Bir müddət sonra Ruqiyyə hər iki əlində içərisində müxtəlif meyvə və ərzaq malları olan torbalarla geri salona qayıtmış və həmin torbaları divanın üzərinə qoymuşdur. Sonra isə onlara tərəf çevrilib “əliniz boş deyil” demiş və həm sonuncu dəfə gətirdiyi həm də əvvəldən qoymuş olduğu mandalinlər olan torbaları götürüb salondan çıxıb getmişdir. Bir müddət sonra o, müştəriyə pul qaytarmaq üçün Ruqiyyənin torbalarını üzərinə qoyduğu, həmçinin onun da qara rəngli çantası üzərinə qoyduğu divana tərəf gəlmişdir. Divanın üzərindən çantası götürmüş və içərisinə baxıb açıq çəhrayı rəngli pul qabını axtarmışdır. O, pul qabının çantasının içərisində olmadığını gördükdə düşünmüşdür ki, pul qabını Ruqiyyə oğurlamışdır. Həmin pul qabını xatırlamadığı vaxtda 10 manata almışdır. O, Ruqiyyə Əmədovanın əvvəllər nə oğurluq etməyinin şahidi olmamış nə də eşitməmiş, lakin o, çantasını götüməmişdən əvvəl sonuncu dəfə Ruqiyyənin onun çantasını yanına etmiş olduğu bazarlıqlar olan torbaları qoyması səbəbindən düşünmüşdür ki, pul qabını məhz Ruqiyyə götürümüşdür. Onun Təqsirləndirilən şəxs tərəfindən oğurlanan pul qabının içərisində sürücülük və şəxsiyyət vəsiqələri, etibarnaməsi, anasının pensiya ödənişlərini aldığı ABB aid plastik kartı, ona məxsus Kapital banka aid bir bank plastik kartı və məbləğini dəqiq bilmədiyi miqdarda kağız və metal pulları olmuşdur. Həmin zaman pul qabında dəqiq olaraq hansı məbləğdə pul olmasını bilmirmiş. Həmin zaman onun çantasında öz pulundan əlavə anasının pensiya pulu da olmuşdur. Bu səbəbdən pul qabında olan pulun məbləği barədə dəqiq məlumatı olmadığından o, təhqiqat araşdırması zamanı pul qabında təxminən 1000(min) manat pul olmasını bildirmişdir. Lakin, sonradan evə gedib hesabladığı zaman həqiqətəndə pul qabında anasının pensiyası ilə birliktə təxminən 610 (altı yüz on) manat pul olmasını hesablamışdır. Hazırda ona dəymiş maddi ziyan ödənilmişdir. Hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilən zaman şahidlər Şahid2, Şahid4 və Şahid3 ifadələrində Zərərçəkmiş şəxs2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu, Şahid1 Zərərçəkmiş şəxs1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu, şahid X3 isə zərərçəkmiş şəxs X1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadələr vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ********** nömrəli cinayət işi başlanmışdır. «Hadisə yerinə baxış keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Tovuz rayonu Məşədilər kənd sakini Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin ətrafı daş hasarla əhatə olunmuş, fərdi yaşayış evinin arxasında tövləsi yerləşmiş, tövlə bir mərtəbəli, iç-içə olmaqla iki otaqdan ibarətdir. Tövlədə bir baş, yerli cins, qara rəngli, buynuzları arxaya doğru istiqamətlənmiş və bir baş, yerli cins, qəhvəyi rəngli, alın nahiyyəsində ağ ləkəsi olan heyvanlar vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bir baş, yerli cins, qara rəngli, buynuzları arxaya doğru istiqamətlənmiş iri buynuzlu heyvanın ona məxsus olduğunu və baxışda iştirak edən Zərərçəkmiş şəxs1 isə bir baş, yerli cins, qəhvəyi rəngli, alın nahiyyəsində ağ ləkəsi olan iri buynuzlu heyvanın ona məxsus olduğunu bildirmişdir. Həmin heyvanlar sahiblərinə təhvil verilmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxsnun hər hansı məhkumluğu yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025ci il tarixli 9/9779 saylı nömrəli rəyindən görünür ki, 01 baş diri çəkisi 180 kiloqram, təmiz ət çıxarı 90 kiloqram olan, 3 yaşar, yerli cins bir dəfə doğmuş dişi inəyin 2024-cü ilin noyabr ayına-1300,00 manat, 01 baş diri çəkisi 240 kiloqram, təmiz ət çıxarı 120 kiloqram olan, 1 yaşar 3 aylıq, yerli cins, erkək dana 2024-cü ilin iyul ayına-1600,00 manatdır Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsi 177.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür.https://e-qanun.az/framework/16706 Həmin Qərarın 17-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsnun əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus bir baş iribuynuzlu heyvan olan erkək dananın, Zərərçəkmiş şəxs1 məxsus bir baş iribuynuzlu heyvan olan dişi inəyin, X2 məxsus 10 manat dəyərində pul qabı və 609,95 manat məbləğində nağd pul vəsaitinin qanuni sahiblərinə qaytarılması və onlara dəymiş maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilən «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus bir baş iribuynuzlu heyvan olan erkək dananın, Zərərçəkmiş şəxs1 məxsus bir baş iribuynuzlu heyvan olan dişi inəyin, X2 məxsus 10 manat dəyərində pul qabı və 609,95 manat məbləğində nağd pul vəsaitinin qanuni sahiblərinə qaytarılması və onlara dəymiş maddi ziyanın ödənilməsi nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №1(062)-62/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-62/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver