Məhkəmə qərarları › İş №1(062)-63/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-63/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-63/2024 15.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan və haqqında «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindəın Təqsirləndirilən şəxs verilən ittihama görə o, 26 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində sərxoş vəziyyətdə Tovuz şəhəri, Həmid Sultanov adına parkda yerləşən Zərərçəkmiş şəxs2 icarə müqaviləsi əsasında istifadəsində olan kafeyə gələrək sonuncunun həmin vaxt orada olmadığı üçün kafeyə müvəqqəti nəzarəti tapşırdığı Zərərçəkmiş şəxs1 nisyə spirtli içki olan pivə tələb etmiş, sonuncu kafenin sahibinin orada olmadığını bildirərək onun tələbindən imtina etdikdə heç bir əsaslı səbəb olmadan onunla mübahisə edərək səs-küy salıb onun ünvanına nalayiq söyüşlər söyməklə orada özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərməklə, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, Zərərçəkmiş şəxs1 qanuni mənafelərinə toxunan zor tətbiq olunması ilə müşayiət edilən, hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, həmin kafedən götürdüyü pivə bakalından silah qismində istifadə edib Zərərçəkmiş şəxs1 başının sol nahiyəsinə bir dəfə qəsdən zərbə vuraraq, ona alın və sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə və Zərərçəkmiş şəxs2 məxsus 4 (dörd) manat dəyərində bakalı sındıraraq məhv edilməsi ilə müşayiət olunan xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə və Zərərçəkmiş şəxs2 əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir tanıyır. Onunla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Hətta qohumluq münasibətləri də vardır. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Tovuz şəhəri, Həmid Sultanov adına parkda yerləşən, Seymur adlı şəxsin istifadəsində olan çayxanaya pivə içməyə getmişdir. Orada Zərərçəkmiş şəxs1 tək oturub çay içməsini görmüşdür. Çay evində Rəxşandan başqa heç kim olmamışdır. Rəxşandan bir bakal içməyə pivə istəmiş, Rəxşan ona bildirmişdir ki, Seymur evinə gedib az keçmiş qayıdacaq, Seymur çayxanaya gələndə pivə verər. Lakin o Zərərçəkmiş şəxs1 əl çəkməyib təkidlə ondan pivə tələb etmiş, sonuncu isə ona irad bildirən zaman onun iradına əsəbləşmiş və ona pivə verməməsi səbəbindən aralarında mübahisə yaranmış, həmin vaxt stolun üstündə olan pivə bakalını götürüb Zərərçəkmiş şəxs1 başının sol tərəfində bir dəfə qəsdən zərbə ilə vurmuşdur. Bundan sonra Rəxşan yerə yıxılmış və başı qanamışdır. Həmin vaxt pivə bakalı sındığı üçün bakalın şüşə qırıqları onun sağ əlini kəsərək xəsarət almışdır. O Rəxşanın yerə yıxıldığını və başının qanadığını görüb, Rəxşanı kafedə qoyub çıxıb getmişdir. Sonradan bilmişdir ki, Rəxşan onun barəsində Tovuz rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. O, yalnız bir dəfə pivə bakalı ilə vuraraq Zərərçəkmiş şəxs1 xəsarət yetirmişdir. Onun Zərərçəkmiş şəxs1 daha başqa xəsarət və ya xəsarətlər yetirmək imkanı olsa da buna cəhd etməmişdir. Hadisəni sərxoş vəziyyətdə tək törətmişdir. Hadisə 2-3 dəqiqə ərzində baş vermiş və dərhal səngimişdir. Oraya başqa şəxslər toplaşmamış və hadisənin şahidi və ya şahidləri olmamışdır. Çayxanada zərərçəkmiş və o olmuşdur. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Odur ki, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Tovuz şəhəri, Həmid Sultanov adına parkda dostu Seymurun işlətdiyi çayxanada olarkən Seymurun işi olduğu üçün yaşadığı evə getmişdir. Çayxanada tək qaldığı üçün çay dəmləyib içmişdir. Həmin vaxt çayxanada heç kəs olmamışdır. Bir az keçmiş Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə çayxanaya gəlmiş, ondan bir bakal pivə verməsini istəmişdir. O, Rəşadətə demişdir ki, çayxananın sahibi gəlsin, ona pivə verər. Rəşadət ona bir bakal pivə vermədiyinə görə orada onun ünvanına ucadan nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Rəşadəti çoxdan tanıdığı üçün ona öyüd nəsihət verərək alkoqollu içkilərdən istifadə etməməsini, sərxoşluq etməməsini tövsiyyə etmiş, həmçinin ona bildirmişdir ki, spirtli içkilərdən sərxoşluq edənlərin gec tez ailəsi dağılır, nəticədə uşaqları əziyyət çəkir. Həmçinin, Rəşadətə anasının xəstə oldğunu, spirtli içkilərə verdiyi pulu onun sağlamlığına sərf etməsinin daha yaxşı olmasını demişdir. Bundan sonra Rəşadətlə aralarında mübahisə yaranmış və Rəşadət stolun üstündə olan pivə bakalını əlinə götürüb bir dəfə onun başına zərbə vurmuşdur. O, Rəşadətə qarşı heç bir zorakılıq hərəkətləri etməmişdir. Hadisə 2-3 dəqiqə vaxt ərzində baş vermiş və dərhal səngimişdir. Oraya başqa şəxslər toplaşmamış və hadisənin şahidi və ya şahidləri olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs ona yalnız bir dəfə pivə bakalı ilə vuraraq xəsarət yetirmişdir. Bundan başqa Rəşadət ona qarşı fiziki zorakılıq hərəkətləri etməmiş və ya ona daha başqa xəsarət və ya xəsarətlər yetirməmişdir. Təqsirləndirilən şəxs ona daha başqa xəsarət və ya xəsarətlər yetirmək imkanı olsa da bunu etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs çayxananın daxilində və ya xaricində hər hansı bir əmlaka zərər vurmamış, hadisə zamanı çayxananın səliqə-səhmanı pozulmamışdır. Çayxanada onlardan başqa heç kəs olmamışdır. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsi anasına və uşaqlarına xatir bağışlamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə aralarında dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs da tanıyır. Hər ikisi ilə münasibətləri normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. O, Tovuz şəhəri, Həmid Sultanov adına parkın ərazisində yerləşən, Tovuz şəhərində yaşayan Ayaz Novruzova məxsus birmərtəbəli tikilidə fəaliyyət göstərən çayxananı 2022-ci ilin fevral ayının axırlarından icarə qaydasında işlədir. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində dostu Zərərçəkmiş şəxs1 tək çayxanaya gəlmişdir. Az keçmiş təcili evə getməli olduğu üçün ondan xahiş etmişdir ki, qayıdanadək çayxanada olsun. Rəxşan etiraz etməmişdir. O, çayxanadan çıxaraq evə gəlmiş və 30 dəqiqə sonra çayxanaya qayıtdıqda görmüşdür ki, çayxananın qapısı bağlıdır. Daha sonra ona bildirmişlər ki, Rəşadət Rəşxanı pivə bakalı ilə vurmuşdur. O, həm çayxananı Rəşxana təhvil verib gedəndə, çayxanaya qayıdanda orada heç kim olmamışdır. Ona dəymiş ziyan ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, X4 atasıdır. Atası ona zəng vuraraq xəstəxanaya gəlməsini bildirmiş, lakin nə baş verdiyini deməmişdir. Xəstəxanaya gedən zaman atasının baş nahiyəsində zərbə təsiri nəticəsində xəsarətin olmasını görmüşdür. Atasına lazımi tibbi yardım göstərilmişdir. Bundan sonra Polis şöbəsinə gələrək şikayəti etmişlər. Sonradan atasından soruşmuşdur ki, nə baş verib. Atası bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində onun dostu Zərərçəkmiş şəxs2 işlədiyi Tovuz şəhəri, Həmid Sultanov adına parkın ərazisində yerləşən çayxanada olarkən Seymurun işi olduğu üçün yaşadığı evə getmiş, o isə çay evində tək qalmışdır. Bundan sonra Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə çay evinə gəlib ona içmək üçün bir bakal pivə verməyini istəmiş, o isə Rəşadətə demişdir ki, çayxananın sahibi gəlsin,ona pivə verər. Rəşadət onu bir bakal pivə vermədiyinə görə nəlayiq sözlərlə təhqir etmiş və stolun üstündən pivə bakalını götürüb qəfildən başına bir dəfə qəsdən zərbə ilə vurub xəsarət yetirməklə sağlamlığına qəsdən zərər vurmuşdur. Atası Zərərçəkmiş şəxs1 ona verdiyi məlumata əsasən hadisə 2-3 dəqiqə vaxt ərzində baş vermiş, dərhal səngimiş, oraya başqa şəxslər toplaşmamış, hadisənin şahidi və ya şahidləri olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, HK- 1/3509 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə fakta görə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 Tovuz rayon şöbəsinin verdiyi 28 noyabr 2023-cü il tarixli, 956 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində alın və sol gicgah nahiyəsinin əzilmişcırılmış yarası küt əşyanın (əşyaların) təsirindən, onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə həm ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, pivə bakalı ilə endirilmiş zərbənin təsiri nəticəsində əmələ gələ bilməsi istisna edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat cərimə cəzasına məhkum olunmuş, həmçinin Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə həmin müddət 04 il müddətə şərti hesab edilmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. «Cinayət əməlinin tövsif edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Verilmiş ittiham ilə məhkəmə razılaşmır və göstərir ki, «Azərbaycan Respublikası CMnin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli Qərar). Azərbaycan Respublikası CPM-nin 139.0.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. (CPM-nin 124.1-ci maddəsi.). Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. (CPM-nin 125.1-ci maddəsi). Azərbaycan Respublikası CPM-nin 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər (CPM-nin 126.2 və 126.6-cı maddələri). CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası Cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərindən görünür ki, cinayət prosesini həyata keçirən orqan hər hansı hadisənin baş verməsini mötəbər şəkildə sübut etməlidir, o cümlədən hadisənin baş verməsinin vaxtı, yeri, şəraiti, təqsirin forması, hadisənin baş verməsinin səbəbləri, motivi, niyyəti və sair əhəmiyyətli hallar mötəbər sübutlarla təsdiq edilməlidir. Bu məqsədlə sübutlar əldə olunmalı, yoxlanılmalı, müqayisəli şəkildə tədqiq edilməli və obyektiv şəkildə qiymətləndirilməlidir. Lakin işin hallarından görünür ki, ibtidai istintaq orqanı prosessual qanunvericiliyin qeyd olunan məqsədlərinə nail ola bilməmişdir. İstintaq orqanı hesab etmişdir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan hərəkətləri heç bir əsaslı səbəb olmadan ictimai qaydanın və ictimai asayişin kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdir, yəni xuliqanlıqdır. Halbuki, cinayət işinə baxılan zaman müəyyən edilmişdir ki, istintaq orqanının xuliqanlıq kimi təsvir etdiyi hadisə heç də xuliqanlıq zəmininda baş verməmiş, şəxsi münasibətlərin pozulması zəminində törənmişdir. Belə ki, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxsin ifadələrindən aydın olur ki, mübahisə Təqsirləndirilən şəxs içkili halda çayxanaya gələrək zərərçəkmiş Zərərçəkmiş şəxs1 pivə istəməsi, sonunucun isə onun bu tələbini yerinə yetirməməsi, habelə, ona içkili olmasının irad kimi bildirilməsi üzrə yaranmışdır. Bundan sonra təqsirləndirilən şəxs stolun üzərində olan pivə bakalını götürərək zərərəçəkmiş şəxsin baş nahiyəsinə zərbə endirmişdir. Hadisə qısa zaman kəsiyində baş vermiş və dərhal səngimişdir. Tərəflər özləri bir-birindən aralaşmışlar. Hadisə yerinə şəxslər toplaşmamış və hadisənin şahidləri olmamışdır. Cinayət hadisəsinin yuxarıda təsvir olunan şəkildə baş verməsi işdə olan mötəbər sübutlarla tam təsdiqini tapmışdır. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq kimi cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Plenum daha sonra qeyd etmişdir ki, şərh olunan maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2004-cü il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, təsvir olunan hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi CMnin 221.3-cü maddəsinin tələblərinə uyğun sayıla bilməz. Çünki istintaq orqanının təqdim etdiyi sübutlar Cinayət Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə uyğun müqayisəli şəkildə qiymətləndirilən zaman göstərilən nəticə hasil olmur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hazırki işin hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la mübahisə etməsinin səbəbi zərərçəkmiş şəxsin ona verməsini istədiyi pivə içkisini verməməsi olmuşdur. Onun zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı kini, qəzəbi və ya nifrəti, düşmənçiliyi, ədavəti olmamışdır ki, onunla əvvəldən söyüş formasında danışıb sonra mübahisəni bəhanə edib ona qarşı zor tətbiq etsin. Zərərçəkmiş şəxs1 verdiyi ifadədən görünür ki, onlar əvvəlcə normal danışmış, təqsirləndirilən şəxs ondan içməyə pivə verməsini bildirmiş, lakin zərərçəkmiş şəxs ona içməyə pivə verməkdən imtina etdiyi üçün, habelə içki içməsini irad bildirdiyi üçün təqsirləndirilən şəxs qəzəblənərək ona qarşı söyüş söymüş, daha sonra isə stoldan bakal götürərək onun baş nahiyəsinə zərbə endirmişdir. Qısa zaman içərisində isə bir-birilərindən aralanmışlar. Bundan başqa qeyd olunmalıdır ki, istər çayxanaya gələnə qədər, istərsə də zərərçəkmişin pivə verməsindən imtina edib təqsirləndirilən şəxsə içki içilməsinin irad bildirilməsi anına kimi təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 qarşı hər hansı aqressiv münasibəti olmamışdır. Bu baxımdan çayxanaya gələnə qədər və ya çayxanada Təqsirləndirilən şəxs ictimai qaydanı pozma və cəmiyyətə açıqca hörmətsizlik etmə cəhdləri, vətəndaşlar üzərində zor tətbiq etmə cəhdlərinin olması, habelə, özünü ətrafdakılara qarşı qoyma istəyi, özünün müstəsna şəxsiyyət olması istəyi kimi cəhdlərinin olması barədə ittiham tərəfin mövqeyi inandırıcı hesab oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarına görə təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, əgər şəxsin hadisənin gedişatında cəmiyyətə hörmətsizlik etmək, onlarda özünün müstəsna şəxsiyyət olması fikri yaratmaq niyyəti yoxdursa, onun bütün tərkib əlamətləri ilə konkret şəxsə yönələn zorakı davranışı xuliqanlıq cinayəti kimi qiymətləndirilə bilməz. Əks halda, xuliqanlıq cinayətinin tərkib əlaməti olan subyektiv cəhət cinayət hüquqi baxımdan öz mənasını və əhəmiyyətini itirər. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs münasibətdə xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilən şəxsin «ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən» qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmiş, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar ittihamda əks etdirilməmişdir. İttiham daha çox ehtimallar üzərində qurulmuşdur. Məhkəmə eyni zamanda hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də, əməlin xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda təqsirləndirilən şəxsin əməlini tövsif edərkən hadisənin törədildiyi yeri nəzərə almamışdır. Belə ki, hazırki iş üzrə ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (başqalarının gözü qarşısında) törədilməsi iş materialları ilə təsdiq edilmir. Əksinə müəyyən edilir ki, hadisə zamanı çayxanada təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 başqa heç kəs olmamışdır. Hadisə zamanı yalnız ikisi olmuş və özləri də hadisədən sonra bir-birindən aralanmışdır. Cinayət işi materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli dərəcədə ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Bundan başqa, hadisənin qısa zaman kəsiyində, şəxsi münasibətlər zəminində və dar bir çərçivədə baş verməsi özlüyündə hadisənin xuliqanlıq kimi qiymətləndirilməsinə əsas vermir. Çünki, cinayət qanununa görə xuliqanlıq cinayəti obyektiv cəhətdən başqa əlamətlərlə yanaşı, ictimai qaydanın kobud surətdə pozulması, belə pozuntunun cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması ilə xarakterizə olunur. Yəni hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi üçün zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə yanaşı həmin iki əlamətin olması da zəruridir. Lakin Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.2, 25.3 və 28.5-ci maddələri). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını nəzərə alıb, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir. Cinayət Məcəlləsinin 128-ci maddəsində qeyd olunmuşdur ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs tərəfindən CM-in 128-ci maddəsi ilə cinayət hadisəsinin törədilməsi zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə onu da göstərir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında zərərçəkmiş şəxslər ərizə təqdim edərək göstərmiş ki, təqsirləndirilən şəxs ilə barışmışlar. Ondan hər hansı şikayət və tələbləri yoxdur. Dəymiş bütün maddi ziyan ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişlər. Məhkəmə diqqətə çatdırır ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin cinayət əməli üzrə əvvəllər cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar