Məhkəmə qərarları › İş №1(062)-63/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-63/2025

13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-63/2025 13.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Daşkəsən şəhəri, Alunitdağ qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, Daşkəsən şəhəri, Alunitdağ qəsəbəsində qeydiyyatda olmaqla Gəncə şəhəri, Avtozavod qəsəbəsi, ünvansız evdə yaşayan, digər işlə bağlı Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə 30 noyabr 2024-cü il tarixdən 01 dekabr 2024-сü il tarixə keçən gecə, istintaqa məlum olmayan vaxtda Tovuz rayonu Əhmədabad kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evə bitişik olmaqla saxlanc yeri hesab edilən tövləyə dəmir qapını əli ilə açmaqla qanunsuz daxil olaraq, oradan sonuncuyə məxsus 01 baş, iki yaşlı, yerli və erkək cinsli, sağlam, 55 kq diri çəkiyə malik, 470 (dörd yüz yetmiş) manat dəyərində xırda buynuzlu, 06 baş, yerli cins, sağlam, hər biri 50 kq diri çəkiyə malik, hər biri ayrı-ayrılıqda 400 (dörd yüz) manat dəyərində olmaqla cəmi 2400 (iki min dörd yüz) manat dəyərində beş aylıq boğaz xırda buynuzlu və 01 baş, yerli və erkək cinsli, bir yaş yarımlıq, sağlam, 200 kq diri çəkiyə malik, 1450 (bir min dörd yüz əlli) manata dəyərində olan iri buynuzlu heyvanları oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus cəmi 4320 (dörd min üç yüz iyirmi) manat dəyərində heyvanları saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Daşkəsən rayonu, Alunitdağ qəsəbəsində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Avtozavod qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin buna baxmayaraq etibarnamə əsasında istifadəsində olan VAZ-2107 markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə Gəncə şəhərindən Şəmkir rayonuna sifariş əsasında 3 nəfər tanımadığı sərnişin götürmüşdür. Həmin sərnişinlərdən biri Şəmkir rayonu, Dəllər qəsəbəsində düşmüş, digər iki nəfəri isə Tovuz şəhər poçt küçəsində düşürtmüşdür. Daha sonra isə Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə MAXE kimi xidmət edən dayısı oğlu X3 zəng edərək Tovuz rayonunda olduğunu bildirmişdir. Elvin isə ona məzuniyyətə çıxacağını və onu gözləməyini demişdir. Elvini təxminən bir saat yarım gözləmiş və Elvin hərbi hissədən çıxmışdır. Elvin çıxdıqdan sonra onlar Tovuz şəhər ərazisində yerləşən adını bilmədiyi kafelərin birində oturaraq yemək yemişlər. Yemək yedikdən sonra Elvin onu Gədəbəy rayonuna aparmağı xahiş etmiş və Elvini Gədəbəyə aparmışdır. Elvini Gədəbəydə düşürtdükdən sonra təxminən 2 saata yaxın Gədəbəydə olmuş, sonra xx.xx.2024-cü il tarixdə saat təxminən 23 radələrində Gədəbəydən çıxaraq üzü Tovuz rayon istiqamətində hərəkətə başlamışdır. Həmin vaxt maşında tək olmuşdur. Tovuz rayon Abdal kəndi ərazisində idarə etdiyi avtomobilin xarab olduğunu görüb kənddə yolun kənarında bir tərəfdə saxlamışdır. Daha sonra avtomobilin mühərrik hissəsinə baxdıqda avtomobilin dinamosunun naqili çıxdığını görüb təkrar olaraq həmən naqili özü təmir etmişdir ki, müvəqqəti olaraq onu Gəncə şəhərinə çatdırsın. Avtomobili təmir etmək üçün yolun kənarında ağac parçası axtararkən yolun üst tərəfində saxlanc yeri olan xal-xal da xırdabuyunuzlu heyvanların olduğunu görmüşdür. Heyvanların sahibsiz olduğunu görüb həmin heyvanları oğurlamaq qərarına gəlmişdir. Sonradan tanıdığı Tovuz rayon Əhmədabad kand sakini Zərərçəkmiş şəxs yaşayış evinin həyətində yerləşən xal-xaldan 7 (yeddi baş) xırda buynuzlu və 1 baş iribuynuzlu heyvan oğurlamışdır. Oğurladığı dananın ümumi diri çəkisi təxminən 90 kq yaxın olmaqla qırmızı rəngli erkək dana olmuşdur. Oğurluq edən zaman 6 baş xırda buynuz heyvanların ayaqlarını kəndir ilə bağlamış, yeddincini bağlayan zaman heyvan əlindən çıxaraq tövləyə tərəf yox, yola tərəf qaçmışdır. Həmin heyvanın arxası ilə vaxt itkisi olmasın deyə getməmişdir. Heyvanlardan 3 başının ayağını bağladıqdan sonra gətirib avtomobilin yük hissəsinə yerləşdirmişdir. Daha sonra isə ayağı bağlanmış vəziyyətdə olan bir baş xırda buynuz heyvanı yenə avtomobilin yük hissəsinə, iki baş xırda buynuz və bir baş dananı isə avtomobilin arxa oturacağını qaldıraraq ora yerləşdirmiş və avtomobilinə əyləşərək birbaşa Gəncə şəhərində yerləşən mal bazarına gəlmişdir. Mal bazarında həmin heyvanları tanımadığı şəxslərə ümumilikdə 1980 (bir min doqquz yüz səksən) manata satıb yaşadığı evə getmişdir. Əldə etdiyi məbləği isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurluq etməyi barədə heç kəsə bildirməmiş və eyni zamanda yaşadığı evdə də heç kəsin məlumatı olmamışdır. O dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, cəza təyin edərkən bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Tovuz rayon Əhmədabad kəndində yerləşən fərdi yaşayış evinin həyətində mal tövləsi yerləşir və tövlədə özünə məxsus 13 (on üç) baş xırdabuynuzlu heyvan və 5 (beş) baş iribuynuzlu heyvan saxlayır. Həmin heyvanları qış fəsli olduğu üçün tövlədən çıxartmır, heyvanlar həmin tövlədə qidalanırlar. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində sonuncu dəfə heyvanlara baxıb daha sonra isə həmin tövlənin qapısını balayaraq yaşadığı evə getmişdir. Həmin tövlənin qapısı dəmir qapıdan ibarətdir və qapı bayırdan keçmə dəmir ilə bağlanır. 01 dekabr 2024-cü il tarixdə səhər saat 08 radələrində həmin gün uşağının ad günü olduğu üçün Saratovka bazarına bazarlıq etməyə getmişdir. Bu zaman arvadı Şahid1 istifadəsində olan mobil nömrəyə zəng edərək mal tövləsindən 7 (yeddi) baş xırdabuynuzlu və bir baş iribuynuzlu heyvanların olmadığı barədə məlumat vermişdir. Həmin vaxt dərhal yoldan geri qayıtmışdır. Evə gələn zaman ilk öncə mal tövləsinə daxil olmuş və yenidən heyvanları saydıqda heyvanlarndan 7 baş xırdabuyunuzlu və bir baş iribuynuzlu heyvanın oğurlandığını müəyyən edib arvadı Mətanəti Gədəbəy rayonunda yerləşən mal bazarına göndərmiş, özü isə Saratovkada yerləşən mal bazarına getmişdir ki, bazar dağılmamış bazara baxsınlar. Bazara baxdıqdan sonra hər ikisi evə gəlmiş və evdən DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Oğurlanan xırdabuynuzlu heyvanların əlamətləri bir baş yerli cinsli, ağ rəngli, diri çəkisi 55 kq çəkisində, iki yaşlı erkək toğlu, 6 baş isə yerli cinsli, ağ-qomral rəngli, diri cəkisi 50 kq, qarınlarında 5 aylıq balası olan, iki doğmuş qoyunlar, bir baş isə yerli cinsli, qırmızı rəngli, diri çəksi 200 kq çəkidə olan, bir yaş yarımlıq erkək dana olmuşdur. Hal-hazırda təqsirləndirilən şəxsə vurulmuş ziyandan 4000 manat məbləğində ödəniş etmişdir.300 manat isə ödəməmişdir. Düzdür ibtidai istintaq zamanı ondan şikayətçi olmadığını bildirib, istintaq orqanına bu barədə yazılı ərizə təqdim etsə də, 300 manat ödənilmədiyinə görə o Nizaməddindən şikayətçidir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əri Zərərçəkmiş şəxs ilə heyvandarlıq ilə məşğul olub ailəsini dolandırırlar. Tovuz rayon Əhmədabad kəndində yerləşən fərdi yaşayış evinin həyətində mal tövləsi yerləşir və tövlədə özlərinə məxsus 13 (on üç) baş xırdabuynuzlu heyvan və 5 (beş) baş iribuynuzlu heyvan saxlayır. Həmin heyvanları qış fəsli olduğu üçün tövlədən bayıra çıxartmır, eyni zamanda heyvanlar həmin tövlədə də qidalanırlar. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində əri Xəqani sonuncu dəfə heyvanlara baxıb daha sonra isə həmin tövlənin qapısını balğayaraq evə gəlmişdir. Tövlənin qapısı dəmir qapıdan ibarətdir və qapı bayırdan keçmə dəmir ilə bağlanır. 01 dekabr 2024-cü il tarixdə oğlunun ad günü olduğu üçün səhər saat 08 radələrində əri Xəqani Saratovka bazarına bazarlıq etməyə getmişdir. O, isə evdə olmuşdur. Xəqani getdikdən sonra tövləyə yaxınlaşıb qapını açmışdır. Qapını açıb tövləyə daxil olduqda heyvanların az olduğunu görüb saymağa başlamış və yeddi baş xırdabuyunuzlu və bir baş iribuyunuzlu heyvanın tövlədə olmadığını müəyyən etmişdir. Həmin vaxt dərhal əri Xəqaniyə zəng edib ona bu barədə məlumat vermişdir. Bir qədər sonra Xəqani evə gəlmişdir. Əri də heyvanlardan 7 baş xırdabuyunuzlu və bir baş iribuynuzlu heyvanın oğurlandığını müəyyən edib onu Gədəbəy rayonunda yerləşən mal bazarına göndərmiş, özü isə Saratovkada yerləşən mal bazarına getmişdir ki, bazar dağılmamış bazara baxsın. Bazara baxdıqdan sonra hər ikisi evlərinə gəlmişlər. Evdən əri Xəqani DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Oğurlanan xırdabuynuzlu heyvanların əlamətləri bir baş yerli cinsli, ağ rəngli, diri çəkisi 55 kq çəkisində, iki yaşlı erkək toğlu, 6 baş isə yerli cinsli, ağ-qomral rəngli, diri cəkisi 50 kq, qarınlarında 5 aylıq balası olan, iki dəfə doğmuş qoyunlar, bir baş isə yerli cinsli, qırmızı rəngli, diri çəksi 200 kq çəkidə olan, bir yaş yarımlıq erkək dana olmuşdur. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Tovuz rayon Əlibəyli kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi əməllə məşğul olur. xx.xx.2024-cü il tarixdə gecə saat 04 radələrində özünə məxsus idarə etdiyi VAZ 21011 minik markalı 10 VS 346 dövlət qeydiyyat nişanlı avtomobili ilə evdən çıxıb Gədəbəy rayon Saratovka qəsəbəsində yerləşən mal bazarına gedirdi. Avtomobildə ondan başqa həmkəndliləri Qurban, Həsən və Hafiz adlı şəxslərdə olmuşdur. Tovuz rayon Yanıqlı kəndi ərazisində avtomobili idarə edən zaman yolun mərkəzində bir ədəd xırdabuyunuzlu heyvan görmüşdür. Həmin vaxt heyvan sahibini tapmaq məqsədi ilə avtomobili yolun kənarında saxlamışdır. Avtomobili saxladıqdan sonra heyvan avtomobilin işığına tərəf gəlmişdir. Kənara baxıblar ki, heyvanın sahibi yoxdur. Güman etmişdilər ki, həmin heyvan Saratovka bazarına gedən şəxslərdən birinin olsun. Bu səbəbdən də həmin heyvanı avtomobilin yük hissəsinə qoyub özləri ilə Saratovka qəsəbəsində yerləşən mal bazarına aparmışlar. Saratovka bazarında həmin heyvanın sahibini axtarsalar da heyvanın sahibini tapa bilməmişlər. Daha sonra isə heyvanı təkrar avtomobilin yük yerinə qoyub evinə gətirmiş və heyvanı evində bir həftə saxlamış və heyvanın onda olması ilə bağlı Tovuz RPŞ-nin Qovlar PB-nə müraciət etmişdir. Qovlar PB-də həmin heyvanın oğurluq olduğunu deyib və daha sonra isə heyvanın sahibi ilə əlaqə saxlamışdılar ki, heyvanını gəlib götürsünlər. Lakin heyvanın sahibi heyvanı götürməkdən imtina etmiş, oğurlanmış 7 baş heyvanının hamısını istəmişdir. Həmin heyvan saxlamaq məqsədilə ona verilmişdir. O, da təkrar olaraq heyvanı evinə gətirmişdir. Təxminən bir həftə sonra evində həmin xırdabuynuzlu heyvan tələf olmuşdur. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ifadələrində Şahid2 bir daha təsdiq etmişlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Baxış keçirilməsi haqqında 01 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Tovuz rayon Əhmədabad kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə bitişik saxlanc yeri hesab olunan tövlədir.Tövlə Zərərçəkmiş şəxs məxsus evə bitişik yerləşir, mişar daşları ilə tikilmişdir, tövlə iki hissədən ibarətdir.Birinci hissədə heyvanalrı saxlamaq üçün nüzüərdə tutulmuş yerdir.Digər hissə isə anbar kimi istifadə olunur.Baxışda iştirak edən Zərərçəkmiş şəxs 06 baş xırdabuyunuzlu və 01 baş iri buynuzlu heyvanlarının yaşayış evinə bitişik olmaqla saxlanc yeri hesab edilən tövlədən oğurlandığını bildirmişdir. -Аzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2025-ci il tarixli, 9/152 nömrəli rəyindən görünür ki, 2024-cü ilin noyabr-dekabr aylarına Zərərçəkmiş şəxs məxsus bir baş yerli cins, sağlam, diri çəkisi 55 kq olan, iki yaşlı erkək qoyunun qiyməti 470 manat, 6 baş, yerli cins, sağlam, hər birinin diri cəkisi 50 kq, 5 aylıq boğaz qoyunların hər birinin qiyməti 400 manat olmaqla, cəmi 2400 (iki min dörd yüz) manat, bir baş, yerli cins, sağlam, diri çəksi 200 kq, bir yaş yarımlıq erkək dananın qiyməti 1450 manatdır. Beləliklə, zərərçəkmiş şəxsə 2024-cu ilin oktyabr-noyabr aylarının bazar qiymətlərinə uyğun olaraq, ümumilikdə 4320 manat zərər dəymişdir. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 03 ay 03 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -Gəncə Şəhər Probasiya Şöbəsinin məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən təyin edilmiş 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 07 ay 09 gününü hissəsini çəkmiş, çəkilməmiş 10 ay 17 gün hissəsi qalmışdır. -Daşkəsən rayon X2 hüquqi şəxsdən daxil olmuş 23 dekabr 2024-cü il tarixli, 18- 1-33/2-611/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin həkim psixatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. -Tovuz Rayon İHB-nin Əhmədabad kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. -Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon cihazından xx.xx.2024-cu il tarixində saat 00:05:48-dan saat 02:31:14-ə qədər Tovuz rayonu, Köçdərə yaşayış məntəqəsinin əhatə dairəsində, xx.xx.2024-cu il tarixində saat 02:31:14dən 02:32:59-ə qədər Tovuz rayonu, Yanıqlı yaşayış məntəqəsi əhatə dairəsində, saat 02:32:59-da isə Şəmkir rayonu, Ələsgərli yaşayış məntəqəsin əhatə dairəsində istifadə edilmişdir. -Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(042)-12/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 sentyabr 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. -Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 4000 manat ziyanı ödəmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması Cinayət Məcəlləsinin əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən bu Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 177.2.3-cu maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin xx.xx.2005-ci il tarixli Plenum Qərarının 2-ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. “Cinayət Məcəlləsinin 177.2.3-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Bundan əlavə həmin qərarda göstərilən hüquqi mövqeyə əsasən oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi zamanı təqsirkar maneələri dəf etmək və göstərilən obyektlərdə yerləşən əmlakı ələ keçirmək məqsədi ilə əlavə güc və vasitələr tətbiq edir. Bu zaman təqsirkar qıfılları, qapıları, pəncərələri və s. zədələyərək mülkiyyət obyektlərinə ciddi ziyan vurur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu və əlavə edilmiş foto-cədvəl, ifadənin yerində yoxlanılması protokolu və əlavə edilmiş foto-cədvəl, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cu maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin məhkumluğu onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə sonra ödənilmiş sayılır. Həmin Məcəllənin 83.4-cu maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın böyük hissəsini ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61.1.1-ci maddəsinə əsasən məhkəmə cinayətin residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 03 ay 03 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 mart 2015-ci ildən başlamış və 27 dekabr 2022-ci ildə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. CM-nin 83.4-cu maddəsinə uyğun olaraq məhkumluğun ödənilməsi müddəti təqsirləndirilən şəxsin cəzadan şərti olaraq azad edildiyi vaxtdan, yəni 27 dekabr 2022-ci ildən hesablanmalıdır. CM-nin 83.3.4-cu maddəsinə uyğun olaraq, təqsirləndirilən şəxs 27 dekabr 2028-ci ilədək məhkum olunmuş hesab edilir və onun tərəfindən həmin dövr ərzində törədilən qəsdən cinayətlər residiv yaradır. Göründüyü kimi təqsirləndirilən şəxs həmin dövr ərzində qəsdən cinayət törətmişdir. Ona görə də təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinə uyğun olaraq təyin edilməlidir. Bundan başqa iş materiallarından məlum olur ki, təqsirləndirilən şəxs Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının 177.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib, 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər Probasiya Şöbəsinin məktubu ilə müəyyən edilir ki, məhkum cəzanın 07 ay 09 gün hissəsini çəkmiş, 10 ay 17 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Ona görə də cəza təyin edərkən əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi hazırki iş üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə cəza təyin edilməlidir. Belə ki, CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2024-cü il tarixdən 21 yanvar 2025-ci il tarixədək həbsdə olmuş, 21 yanvar 2025-ci il tarixdən 15 fevral 2025-ci il tarixədək ev dustaqlığında olmuş, 10 mart 2025-ci il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı məhkəmə onu qeyd edir ki, o hazırda digər iş üzrə həbsdə olduğundan onun həbsdə olmağı nəzərə alınmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, yuxarıda adı çəkilən Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə 50(əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlandığı 02 (iki) ay müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş qəti cəza olan 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılmasının 10 ay 17 gün çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrumetmə cəzasınının bir gününə iki gün hesabı ilə hesablanmaqla 05 ay 08 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin olunmuş 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən qismən birləşdirilməklə, qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cu maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və onun başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Cəzasının əvvəli hökm çıxarılan tarixdən, yəni 13 avqust 2025-ci il tarixdən hesablansın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə münasibətdə isə qərar hökm təqdim olunduğu andan) 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar