Məhkəmə qərarları › İş №1(062)-64/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-64/2024

08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-64/2024 08.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.2004-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Qovlar şəhəri 28 May küçəsi ev 9 ünvanında qeydiyyatda olan və ünvan 1 barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)-166/2024 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq bir ədəd zavod üsulu ilə “Zlataust” silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu, yivsiz, 16 kalibirli ZK modelli, çaxmaqlı, öz təyinatını itirmiş 16 kalibirli hamar lüləli ov tüfənginin kəsiyini əldə edib daşıyaraq gəzdirməklə idarə etdiyi “Lada Niva” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön sol oturacağının altında saxlayaraq, Tovuz rayonu Qovlar şəhəri Azadlıq prospekti 21 ünvanına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə saat 14:05-də Tovuz rayonu Qovlar şəhəri Azadlıq prospekti 21 ünvanının yaxınlığında idarə etdiyi “Lada Niva” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Tovuz şəhəri M.Musayev 27 ünvanında yerləşən Tovuz RPŞ-yə gətirilmiş, orada həmin gün saat 16:00-dan etibarən Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Niva” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman həmin avtomobilin ön sol oturacağının altında olan bir ədəd sellofan torbada bir ədəd Г-60251 nömrəli, zavod üsulu ilə “Zlataust” silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu, yivsiz, 16 kalibirli ZK modelli, çaxmaqlı, öz təyinatını itirmiş 16 kalibirli hamar lüləli ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir: Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, onun silahlara marağı vardır. Təxminən 2 ay əvvəl Qazax rayonunda magistral yolun kənarında dəmir parçası olduğunu, yaxınlaşıb baxdıqda onun lüləsi və qundağı kəsilmiş tüfəng olduğunu görmüşdür. Onun silaha marağı yarandığından götürüb bir ədəd sellofan torbanın içərisində idarə etdiyi “Lada Niva” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol oturacağının altında saxlamışdır. 30 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Tovuz şəhəri Qovlar şəhəri Azadlıq prospekti 21 ünvanının yaxınlığında idarə etdiyi “Lada Niva” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin vaxt qundağı və lüləsi kəsilmiş tüfəng avtomobilinin ön sol oturacağının altında olmuşdur. Polis əməkdaşları onun odlu silahın və döyüş sursatının qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Tovuz RPŞ-yə dəvət etmişlər. O da etiraz etmədən onlarla birlikdə Şöbəyə getmişdir. Həmin vaxt onun idarə etdiyi “Lada Niva” markalı **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobil də şöbəyə gətirilmişdir. Şöbədə onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində qanunla qadağan olan hər hansı əşyanın olduğu soruşulmuş, o isə üzərində qanunsuz olaraq odlu silah və döyüş sursatı olmadığını bildirib əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən “Samsung” markalı mobil telefonu və əynində olan göy rəngli cins şalvarının sol yan cibindən idarə etdiyi avtomobilin açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Eyni zamanda onun üzərindən aşkar edilmiş avtomobil açarı ona qaytarılmışdır. Sorğu zamanı o, üzərində odlu silah, döyüş sursatı olmasa da, idarə etdiyi “Lada Niva” markalı **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol oturacağının altında 01 ədəd lüləsi və qundaq hissəsi kəsilmiş vəziyyətdə olan ov tüfəngi olduğunu, həmin ov tüfəngini lülə və qundaq hissəsi kəsilmiş halda 2 ay əvvəl Qazax rayonunda magistral yolun kənarında yerdən tapdığını, odlu silahlara marağı olduğu üçün həmin silahı avtomobilinin ön sol oturacağının altında saxladığını, avtomobilə baxış keçiriləcəyi halda həmin silahı təqdim edəcəyini və avtomobilinə baxış keçirilməsi ilə bağlı etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra polis əməkdaşları onun, vəkilinin və digər polis işçilərinin iştirakı ilə avtomobilində baxış keçirilməsi üçün şöbənin həyətinə düşmüşdür. O, avtomobildə baxış keçirilməsinə razılıq vermişdir. Daha sonra şöbənin həyətində videoçəkilişlə baxış başlanmışdır. Baxış zamanı ona təklif edilmişdir ki, idarə etdiyi “Lada Niva” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq odlu silah, döyüş sursatı və ya hansısa qanunsuz əşya varsa könüllü sürətdə təqdim etsin. Bu təklifdən sonra o, idarə etdiyi avtomobildə lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngi olduğunu bildirib avtomobili açıb ön sol oturacağın altında olan 01 ədəd sellofan paketi və həmin sellofan paketin içərisində 01 ədəd tüfəngi təqdim etmişdir. Həmin əşyaya baxış keçirilərkən 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş vəziyyətdə olan ov tüfəngi aşkar edilmişdir. Bundan sonra onun idarə etdiyi “Lada Niva” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş vəziyyətdə olan ov tüfəngi bir ədəd sellofan torbada qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Baxış zamanı onun avtomobilindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra baxış qurtarmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda əməlindən səmimi peşman olmasını, univeristetdə təhsilini davam etdirmək istəyinin olmasını, gənc olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili kimi xidmət edir, polis leytenantıdır. 30 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə BMCMİ-nin rəhbərliyinə raportla məruzə etmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş və həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildiyindən Tovuz rayonu Qovlar şəhəri Azadlıq prospekti 21 ünvanına gəlmişlər. Təqsirləndirilən şəxs oxşar şəxsin qeyd edilən ünvanın yaxınlığında “Lada Niva” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğunu görüb 30 yanvar 2024-cü il tarixdə saat 14:05-də həmin şəxsə yaxınlaşmışdır. Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və ondan anket məlumatlarını bildirməsini xahiş etmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu və buna görə də onlarla birlikdə Tovuz RPŞ-yə getmək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə etiraz etmədən razılaşıb onlarla birlikdə şöbəyə gəlmişdir. Onun idarə etdiyi avtomobil isə şöbənin duracağına yerləşdirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmişdir. Müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah və döyüş sursatı olmadığını bildirib əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd idarə etdiyi avtomobilin açarını masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də onun üzərindən başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs 01 ədəd “Samsung” markalı mobil telefon sübut əhəmiyyətinə malik olduğu üçün təhqiqatçı tərəfindən götürülmüşdür. 01 ədəd idarə etdiyi avtomobilin açarı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində odlu silah olmasa da idarə etdiyi “Lada Niva” markalı avtomobilin oturacağının alt hissəsində 01 ədəd tüfəng saxladığını, həmin silahı avtomobilə baxış zamanı təqdim edə biləcəyini və bununla bağlı həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar, müdafiəçi və Təqsirləndirilən şəxsla birlikdə şöbənin həyətinə getmişlər. Təqsirləndirilən şəxs razılığı ilə şöbənin həyətində onun idarə etdiyi “Lada Niva” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi “Lada Niva” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq odlu silah və döyüş sursatı və ya hansısa qanunsuz əşya varsa könüllü sürətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngi olduğunu bildirib avtomobili açıb ön sol oturacağın altında olan 01 ədəd sellofan paketi və həmin sellofan paketin içərisində 01 ədəd tüfəngi təqdim etmişdir. Həmin əşyaya baxış keçirilərkən 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş vəziyyətdə olan ov tüfəngi aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Niva” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş vəziyyətdə olan ov tüfəngi bir ədəd sellofan torbada qablaşdırıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən digər hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X2 Şahid ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi məhkəmə-ballistik ekspertizasının 31 yanvar 2024-cü il tarixli 24/241 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd Г-60251 nömrəli silah, zavod üsulu ilə “Zlataust” silah zavodunda istehsal olunmuş, 16 kalibirli ZK modelli, çaxmaqlı, hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Qovlar şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan diplomdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz Dövlət Sosial-İqtisadi Kolleci kollecini fərqlənmə ilə bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 4(005)-166/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(062)-64/2024 saylı məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, həmin sanksiya daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, kolleci fərqlənmə diplomu ilə bitirməsini, univeristetdə təhsilini davam etidrmək arzularının olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, 20 yaşlı bir gəncə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun gələcək həyatına təsirsiz ötüşməyə bilməz. O, məhkəmə iclaslarında dəfələrlə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etməklə onun təhsilinin univeristetdə davam etdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, onun nəyinki ev dustaqlığında, 3 ay həbsdə qalması törətdiyi cəzaya münasibətini əsaslı şəkildə dəyişmişdir. Yəni, artıq azadlıqdan məhrum etmə cəzası təyin edilməməklə belə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Gənclər siyasəti haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial və iqtisadi problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən sosial və maddi vəziyyətindən asılı olmayaraq istedadlı və yaradıcı gənclərin təhsilini davam etdirməsinə dövlət təminat verir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, onun həbsdə və ev dustaqlığında saxlanıldığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd Г- 60251 nömrəli, zavod üsulu ilə “Zlataust” silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu, yivsiz, 16 kalibirli ZK modelli, çaxmaqlı, öz təyinatını itirmiş 16 kalibrli hamar lüləli ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 08 (səkkiz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 10 (on) ay 16 (on altı) gün ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd Г- 60251 nömrəli, zavod üsulu ilə “Zlataust” silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu, yivsiz, 16 kalibirli ZK modelli, çaxmaqlı, öz təyinatını itirmiş 16 kalibrli hamar lüləli ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar