Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-66/2025 17.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Tovuz rayonu Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 09 mart 2025-ci il tarixdə saat 10 radələrində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Tovuz rayonu Əyyublu kəndində taxıl sahəsində Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir neçə dəfə yumruqla vurub sonuncunu döyərək ona ənsə və sol gicgah nahiyələrinin, sağ qaş nahiyəsi-sağ üst göz qapağının qançır-şişkinliyi, sol gözaltı və sol kürək nahiyələrinin qançırları kimi sağlamlığına zərər vurmayan xəsarətə aid edildiyindən dərəcəsi təyin edilməyən və sol qaş nahiyəsinin əzilmişcırılmış yarası fonunda qançır şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğul olur. Tovuz rayonu Əyyublu kənd sakini Zərərçəkmiş şəxs onun xalası oğludur. Zərərçəkmiş şəxs bacısı X1 əridir. Ülvi Reyhan ilə 18 ildir ailə həyatı qurmuş və evliliklərindən 3 uşaqları anadan olmuşdur. Evləndikdən bir neçə il sonra münasibətləri korlandığına görə boşanmaq qərarına gəlmişlər, lakin sonradan barışmışlar. Həmin gündən mütəmadi olaraq Ülvi ilə Reyhan arasında narazılıqları olmuşdur. Təxminən iki ay əvvəl yenidən Reyhan ilə Ülvi arasında narazılıq yaranmış və Reyhan uşaqları ilə birlikdə atası evinə gəlmişdir. Həmin vaxtdan Ülvi “whatsapp” mobil tətbiqi vasitəsi ilə bacısı Reyhanı nalayiq ifadələr yazaraq təhqir etmişdir. Lakin bacısı Reyhan bu barədə nə ona, nədəki ailə üzvlərinə heçnə bildirməmişdir. xx.xx.2025-ci il tarixdə qardaşı İslam Ülvinin hərəkətlərindən xəbərdar olmuş və xx.xx.2025-ci il tarixdə isə onun xəbəri olmuşdur. Həmin tarixdə saat 09 radələrində o, telefon vasitəsilə Ülviyə zəng edərək, nə üçün bacısını və onun ailə üzvlərini nalayiq ifadələr ilə söyüb təhqir etdiyini soruşmuş, bu zaman Ülvi onu təhqir etməyə başlamışdır. Sonradan Ülvi telefonu söndürərək telefon zənglərinə cavab verməmişdir. Bundan sonra o, yaşadığı evdən bayıra çıxmış, bu zaman Ülvinin onun yaşadığı evdən bir neçə metr uzaqlıqda yerləşən taxıl sahəsində suvarma işi ilə məşğul olduğunu görmüşdür. Ülvi ilə söhbət etmək məqsədi ilə onun işlədiyi taxıl sahəsinə yollanmışdır. Ülviyə yaxınlaşaraq işlətdiyi nalayiq sözlərə aydınlıq gətirməsini tələb etmişdir. Lakin Ülvi onun sözlərinə əhəmiyyət verməyərək həmin ifadələri yenidən təkrar etməyə başlamışdır. Bu zaman o, Ülvinin sözlərinə əsəbləşərək onun sifət və bədən nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi endirmişdir. Nəticədə Ülviyə sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası fonunda qançır şişkinliyi, ənsə və sol gicgah nahiyələrinin, sağ qaş nahiyəsi, sağ üst göz qapağının qançır-şişkinliyi sol gözaltı və sol kürək nahiyələrinin qançırları xəsarətlərini yetirmişdir. Bundan sonra Ülvinin səs-küy yaratdığını görərək həmin yerdən uzaqlaşmış və yaşadığı evə doğru getmişdir. Hazırda əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmış, sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və ailəsi ilə birlikdə Tovuz rayonu Əyyublu kəndində yaşayır. Tovuz rayon Əyyublu kənd sakini Təqsirləndirilən şəxs onun xalası oğludur. Rəhmanın bacısı X2 onun arvadıdır. Reyhan ilə 18 ildir evlidir, evliliklərindən 3 nəfər uşaqları var. Evləndikdən təxminən üç il sonra Reyhan ilə ailədaxili münasibətləri korlandığından boşanmaq qərarına gəlmişlər, lakin sonradan barışmışlar. Həmin gündən aralarında heç bir narazılıq olmamışdır. Təxminən iki ay əvvəl yenidən Reyhan ilə aralarında narazılıq yaranmışdır. Reyhan uşaqları da özü ilə birlikdə atası evinə aparmışdır. Həmin gündən arvadı Reyhanın qardaşları mütəmadi olaraq ona zəng edərək nalayiq ifadələr ilə onu söyüb təhqir etmişlər. 09 mart 2025-ci il tarixdə saat 09 radələrində Rəhman yenidən telefon vasitəsilə zəng edərək, onu nalayiq ifadələr ilə söyüb təhqir etməyə başlamış, o isə öz növbəsində Rəhmanı söyüb təhqir etmişdir. Bundan sonra Rəhman ondan harada olduğunu soruşmuş, o isə evlərinin yaxınlığındakı taxıl sahəsini suvardığını bildirmişdir. Təxminən 10 dəqiqə sonra Rəhman onun yanına gəlmişdir. Taxıl sahəsində Rəhman onun boğaz nahiyəsindən tutaraq ona nalayiq ifadələr işlətmişdir. Eyni ifadələri Rəhmana qarşı işlədən zaman, sonuncu onu yerə yıxmışdır. Yerə yıxılan zaman Rəhman onun sifət nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi və kürək nahiyəsinə təpik zərbəsi endirmişdir. Rəhmanın onu döyməsi nəticəsində sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası fonunda qançır-şişkinliyi, ənsə və sol gicgah nahiyələrinin, sağ qaş nahiyəsi-sağ üst göz qapağının qançır-şişkinliyi sol gözaltı və sol kürək nahiyələrinin qançırları xəsarətləri almışdır. Onu döydükdən sonra Rəhman dərhal taxıl sahəsindən uzaqlaşaraq yaşadığı evə doğru getmişdir. Bundan sonra Tovuz RPŞ-nin Qovlar PB-yə yaxınlaşaraq Rəhmanın onu döyməsi barədə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışmasını və şikayətinin olmamasını nəzərə alıb, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: МТЕ və PA X4 şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 242 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər: sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası fonunda qançır-şişkinliyi, ənsə və sol gicgah nahiyələrinin, sağ qaş nahiyəsi-sağ üst göz qapağının qançır-şişkinliyi, sol gözaltı və sol kürək nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilməsi istisna edilmir. Qeyd edilən xəsarətlərdən sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası fonunda qançır-şişkinliyi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tovuz Rayon İHB-nin Əyyublu kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Doğum haqqında şəhadətnamələrin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci ildə anadan olmuş Rahim və xx.xx.2021-ci ildə anadan olmuş Ruqəyya adlı 2 (iki) nəfər azyaşlı uşaqları var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə təqdim edərək, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və sonuncu ilə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-66/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-66/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver