Məhkəmə qərarları › İş №1(062)-68/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-68/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-68/2024 27.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci ildə Tovuz rayonu, Əlibəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olan, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, xeyli miqdarda, yəni bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,43 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibində saxlamış, 03 mart 2024-cü il tarixdə, saat 23 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən “Karat” qızıl evinin yanında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında xx.xx.2024-cü il tarixdə saat 23:40-dan xx.xx.2024-cü il tarixə saat 00:03-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,43 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik maddələrdən istifadə etmir. Belə ki, dostu Murad ona bildirmişdir ki, «Tiktok» sosial şəbəkəsində qız ilə tanış olmuşdur. Həmin qız özünü Mələk adlı ilə təqdim etmişdir və Gəncə şəhərindən olduğun bildirmişdir. Dostuna tanış olduğu qız demişdir ki, narkotik tapsın. Dostu ona demişdir ki, həmin qızın rəfiqəsi də vardır. Səni də götürüb onlarla görüşməyə gedək. O da, öz növbəsində dostu ilə razılaşmışdır. Görüş Karat qızıl evinin arxa tərəfinə görüş təyin etmişlər. Lakin üzərlərində narkotik vasitə olmamışdır. Bu zaman polis əməkdaşları gəlib onları şöbəyə aparmışlar. Şöbənin dördüncü mərtəbəsində ona polis əməkdaşları təzyiq eləmiş, habelə, döymüşdür. Üzərində olan bütün paltarları çıxarmışlar. Ona bir qutu narkotik maddə vermişlər ki, bu sənindir. Əksini bildirdikdə yenidən döyülməyə məruz qalmışdır. Bu səbəbdən narkotik maddəni götürmüş və polis əməkdaşları onu şöbənin birinci mərtəbəsinə düşürüb video çəkiliş etmişlər. Prokurorun yanına aparan zaman isə onu daha da qorxutduqları üçün orada da heç nə deməmişdir. Polis əməkdaşlarına bildirmişdir ki, dayısı şəhiddir. Lakin ona demişlər ki, şəhid adından istifadə etdiyi üçün başqa cinayət işi də başlayacaqlar. Onu döyən polis əməkdaşlarının adların bilmir. Bildiyi qədər onlar dörd nəfər olmaqla əməliyyat müvəkkilləri olmuşlar. Üzlərindən tanıyır. Döyülmə nəticəsində elə də ciddi xəsarət almamış, bədənində izlər olmamışdır. Dostunu da şöbəyə aparsalar da onun barəsində cinayət işi başlanmamışdır. İbtidai istintaq zamanı qorxduğu üçün ifadəni olduğu kimi verə bilməmişdir. Həmin ifadə onun iradəsinə zidd olmuşdur. Döyülməsi barədə müvafiq orqanlara müraciət etməmişdir. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 Şövqü oğlu ifadəsində göstərmişdir ki, Tovuz RPŞ-nin CABdə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsini daşıyır. Tovuz rayon Yuxarı Öysüzlü kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda da yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 03 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz şəhəru H.Əliyev prospektində yerləşən “Karat” qızıl mağazasının qarşısında olması barədə məlumat alıb Tovuz RPŞ-nin PPXB-də polis nəfəri işləyən polis serjantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz şəhəri H.Əliyev prospektində “Karat” qızıl evini qarşısında saat 23:25-də saxlanılmışdır. Həmin şəxs saxlanılarkən ona xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduğunu bildirərək Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə onlarla Tovuz RPŞ-yə getməli olduğunu bildirilmişdir. Təqsirləndirilən şəxs isə heç bir müqavimət göstərmədiyi üçün o avtomobil ilə saat 23 radələrində RPŞ-nə gətirilmişdir. Tovuz RPŞ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində Tovuz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X1 tərəfindən şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah olunmuş, onun barəsində şəxsi axtarış aparılmazdan əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmuş, onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşulmuş, Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində belə bir əşya olduğunu bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs əynindəki, açıq göy rəngli cins şalvarın sağ yan cibindən üzəri şəffav rəngli sellofanla örtülmüş bir ədəd kibrit qutusunda olan kütləni çıxardıb təhqiqatçıya təqdim etmişdir. Həmin kibrit qutusu təhqiqatçı tərəfindən götürülmüş və qeyd olunan kibrit qutusu açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, kibrit qutusunun içərisində olan kütlə yaşıl rəngli, kəskin qoxulu olduğu, ilkin görünüşdən narkotik vasitə olan marixuana bənzər kütlədir. Sorğu zamanı Təqsirləndirilən şəxs şifahi olaraq bildirmişdir ki, təqdim etdiyi kibrit qutusunun içərisində olan kütlə narkotik vasitə olan marixuanadır. Bununla yanaşı həmin narkotik vasitə olan marixuananın özünə məxsus olduğunu, onu bir ay əvvəl Tovuz rayonu əraisindən keçən Kür çayının kənarında tapıb, özü istifadə eləmək üçün üzərində saxladığını bildirmişdir. Narkotik vasitə olan marixunanı satmaq niyyətinin olmadığını, gələcəkdə özü istifadə etmək məqsədilə cibində saxladığını bildirmişdir. Bundan sonra həmin kütlə təhqiqatçısı polis kapitanı X1 tərəfindən elektron tərəzidə çəkilmişdir. Bükümlə birlikdə cəmi çəkisi 9,32 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərində əlavə olaraq bir ədəd narkotik vasitə hesab edilən marixuananı doldurub çəkmək üçün nəzərdə tutulmuş içərisi boş olan bir ədəd “kazbek” dənəsi aşkar edilmişdir. Daha sonra həmin kütlə və bir ədəd içərisi boş olan “kazbek” dənəsi təhqiqatçı tərəfindən gələcəkdə ekspertizaya təqdim edilməsi üçün götürülərək zərfə qoyulub bağlandıqdan sonra zərfin üzərinə Azərbaycan Respublikası DİNnin 177 saylı möhürü vurulmuş, bundan sonra həmin zərfin üzərinə, o cümlədən şəxsi axtarış və götürmənin aparılması barədə tərtib edilən protokola bütün iştirakçılar imza etmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimə isə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da ifadəsində Şahid1 Şövqü oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, İmran onun dostudur. «Tiktok» sosial şəbəkəsində ona Gəncəli bir qız yazmışdır. Bir həftə həmin qız ilə sosial şəbəkədə yazışmışdır. Qız ona bildirmişdir ki, görüşək və görüş zamanı marixuana tap. Bundan sonra aralarında görüş təşkil olunmuş və özü ilə dostu İmranı da həmin görüşə aparmışdır. Lakin özləri ilə narkotik vasitə aparmamışlar. Qız Karat qızıl evinin arxa tərəfinə gəlmiş və bildirmişdir ki, evdə işi vardır onu həll edib qayıdacaqdır. Bundan sonra polis əməkdaşları gəlmişdir. Gələn polis əməkdaşları Röyal və Elşad olmuşdur. Onları polis şöbəsinə apararaq həm onun, həm də İmranın üzərinə bir kibrit narkotik vasitə qoymuşlar, daha sonra isə başa salmışlar ki, narkotik maddəni Kür çayı kənarından tapdıqlarını desinlər. Lakin ona bildirmişlər ki, sənlik heç nə yoxdur. Eyni zamanda həm onu, həm də İmranı polis şöbəsində döymüşlər. İmranın döyülən zaman səsini otaqdan eşitmişdir. Polisdə verdiyi ifadəni təhrif etmişlər. O və İmran narkotik vasitələrdən istifadə etmirlər. Döyülməsi barədə hər hansı orqana məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə barədə» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 23:35-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçisi X4 iştirakı ilə və video çəkiliş aparılmaqla 03 mart 2024-cü il tarixdə saat 23:40dan 04 mart 2024-cü il tarixə saat 00:03-dək şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən üzəri şəffav rəngli sellofanla örtülmüş bir ədəd kibrit qutusunda sonradan məhkəmə-bioloji ekspertin rəyinə əsasən təmiz çəkisi 6,43 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd içərisi boş olan “kazbek” dənəsi aşkar edilərək götürülmüşdür. Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin 04 mart 2024-cü il tarixli 16/302 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş kütlə”və bir ədəd rızla” yazı və imzalar olan kağız paketdəki,bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6,43 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuanadan 0,04 qram tədqiqata sərf edildikdən sonra 6,39 qram qalıq qalmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. «Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Tovuz RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli, 424 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Yuxarı Öysüzlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Onun barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,43 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibində saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyası, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» və 19 dekabr 1988-ci il tarixli «Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı fiziki və psixoloji təzyiqlərə məruz qalması və bu səbəbdən əməli etiraf etməsi dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndi). Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir Milli qanunvericilik və məhkəmə təcrübəsi ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız qeyd edilən qaydada ölkədaxili prosedur daxilində qaldırdıqda mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23- 27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il). Hazırki cinayət işində isə təqsirləndirilən şəxs peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər onun özü, istərsə də vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin məhkəməyədək istintaq dövründə məruz qaldığı təzyiqlərlə bağlı hazırda qaldırdığı iddiaya münasibətdə məhkəmə yuxarıda istinad edilən “Məhkəmə hökmü haqqında” qərarın 26-cı bəndinə əsaslanmaqla qeyd edir ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, pis rəftarla bağlı iddialar müvafiq dəlillərlə dəstəklənməlidir, dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartını tətbiq edir və belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər (Çerneqa və Başqaları Ukraynaya qarşı, № 74768/10,§ 151, 18 iyun 2019-cu il). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə pis rəftarla bağlı qaldırılan iddia ümumi sözlərlə əsaslandırılmış, iddianın həqiqiliyinə dəlalət edən hər hansı sübut və ya onu konkretləşdirən yetərli məlumat təqdim edilməmişdir. Ona görə də, müdafiə tərəfindən bu dəlilləri qəbul edilən deyildir. Eyni zamanda vəsatət əsasında məhkəmə tərəfindən təqsirləndirilən şəxsə fiziki təzyiq edilməsinin araşdırılması üçün Tovuz Rayon Prokurorluğuna sorğu edilmiş və aparılmış araşdırma üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi müdafiə tərəfinin iddiaları əsassızdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə bir məqamı da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü üzrə tətbiq edilmiş şərti məhkumetmə ləğv edilməlidir. Çünki, Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə görə şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1 və 67.4-cü maddələrinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, göstərilən hal cinayətlərin residivi hesab edilə bilməz. Bu yanaşma Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsindən qaynaqlanır. Həmin normaya görə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs tərəfindən məhkum olunmasına əsas olmuş cinayət əməli yetkinlik yaşına çatmayan zaman törədilmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm əvvəlki cinayət işi üzrə, həm də hazırki cinayət işi üzrə tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Ona görə Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut – Tovuz Rayon Polis Şöbəsində saxlanılan 6,39 qram çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmə ləğv edilsin. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə olaraq 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 05 ay 07 gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbs olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsində saxlanılan 6,39 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar