Məhkəmə qərarları › İş №1(062)-69/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-69/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-69/2024 02.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Şəmkir rayonu Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Düyərli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində kirayədə yaşadığı Tovuz rayonu Əyyublu kənd sakini Zərərçəkmiş şəxs məxsus həmin kənddə yerləşən fərdi yaşayış evində olarkən sonuncunun mobil telefonunu otaqda olan stulun üzərinə qoyub həyətə çıxdığını görərək onun mobil telefonunun əsas menyusunda olan bir bank mobil tətbiqindən istifadə etməklə kart hesabında olan pul vəsaitini oğurlamaq qərarına gəlmiş, bu niyyətlə sonuncuya məxsus mobil telefonu götürərək telefonun kilidi olmadığından əsas menyusuna rahatlıqla daxil olmuş və evdə istifadə olunan “Wi-fi” nin giriş kodunu bildiyinə görə həmin giriş kodunda əks olunan rəqəmlərin sonuncunun təvəllüdü olduğunu güman edərək birbank mobil tətbiq proqramının təhlükəsizlik kodunun da eyni rəqəmlərdən ibarət olduğunu ehtimal etdiyindən həmin kodu daxil etməklə Zərərçəkmiş şəxs "xxxx" ASC-də olan 4169-7388-6627-0378 nömrəli bank hesabının mobil idarə etmə tətbiqinə daxil olmağa nail olmuş, bundan sonra sonuncuya məxsus həmin hesabdan 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaitini özünün "xxxx" KB ASC-də olan 5243-7544-4270-2633 nömrəli bank hesabına köçürməklə oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda Şəmkir rayonu Düyərli kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. Lakin, işləmək məqsədilə son vaxtlar Bakı şəhərində kirayədə qalır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq məqsədilə santexnik ustası kimi işləyir. Özü ailəlidir, lakin övladı yoxdur. Tovuz rayonu Əyyublu kənd sakini Zərərçəkmiş şəxs təxminən 10-15 gün olar ki, tanıyır. Belə ki, o aradabir Tovuz rayonu Əyyublu kəndində fəhləliklə də məşğul olmuşdur. Təxminən 2024-cü ilin yanvar ayının əvvəllərində Bakı şəhərindən Şəmkir rayonunun Düyərli kəndinə gəlib orada kirayə ev axtarmağa başlamışdır. Orada ona tanımadığı şəxslər demişlər ki, Tovuz rayonu Əyyublu kənd sakini Zərərçəkmiş şəxs evini kirayə verir. Ona görə də o, soraqlaşa-soraqlaşa gedib Zərərçəkmiş şəxs ilə danışmış və ondan xahiş etmişdir ki, ona kirayə qalmağa icazə versin. Zərərçəkmiş şəxs ilə hər 1 günü üçün 2 manat olmaqla bir ayda 60 manat məbləğində nağd pul ödəməklə kirayədə qalmağa icazə vermişdir. O, təxminən 10-12 gün onun yaşadığı evdə kirayədə yaşamışdır və yaşadığı müddətdə hər gün üçün Zərərçəkmiş şəxs 2 manat pul ödəmişdir. Səhv etmirsə ya 07 yanvar 2024-cü ildə və yaxud 08 yanvar 2024-cü ildə o, Zərərçəkmiş şəxs yaşadığı evdə olan zaman görmüşdür ki, sonuncunun istifadəsində olan mobil telefonda “Bir bank” mobil tətbiqi var. Bunu görüb onda fikir formalaşmışdır ki, onun kartının balansında olan puldan bir hissəsini ondan xəbərsiz oğurlasın. Bu məqsədlə o, məqam axtarmışdır ki, Zərərçəkmiş şəxs mobil telefonu sahibsiz qoysa tez telefonuna daxil olub oradan pulu özünün istifadəsində olan "xxxx" mobil tətbiqinə köçürsün. Səhər-səhər görmüşdür ki, Zərərçəkmiş şəxs mobil telefonu masanın üstündədir. O, mobil telefonun “Bir bank” mobil tətbiqində 1959 rəqəmlərini yığıb karta daxil olmuşdur. Tez bir vaxtda o, həmin kartın balansına diqqət yetirmiş və görmüşdür ki, kartın balansında səhv etmirsə 5000 manata yaxın pul var. Ona görə də o, qərara gəlmişdir ki, həmin pulun hamısını deyil, 2300 (iki min üç yüz) manat hissəsini öz istifadəsində olan 5243-7544-4270-2633 nömrəli "xxxx" mobil tətbiqinə bağlı olan kartına yükləsin. Həmin kartı o, təxminən 2 il olar ki, itirmişdir, lakin onun mobil tətbiqi onun mobil telefonunda qalmışdır. Ona görə də o, Zərərçəkmiş şəxs kartının balansından özü fikirləşdiyi kimi 2300 manat hissəsini öz kartının balansına köçürtmüşdür. Bundan sonra o, evdən çıxmış və birbaşa yaşadığı Şəmkir rayonu Düyərli kəndinə getmişdir. Həmin günü, yəni xx.xx.2024-cü il tarixdə həmin 2300 manat məbləğində pulu “Unibanka” məxsus digər **********8715 nömrəli kart hesabına köçürtmüşdür. O, təxminən 2 gün orada qaldıqdan sonra çıxıb getmişdir. Bakı şəhərində qaldığı müddətdə o, kartının balansına yüklədiyi 2300 manat məbləğində pulu öz tələbatına xərcləmişdir. O, həmin məbləğdə pulu, kartı olmadığı üçün mobil telefon vasitəsi ilə nağdsız formada ödəniş etməklə xərcləmişdir. O, Zərərçəkmiş şəxs kartından 2300 manat məbləğində pulu öz istifadəsində olan karta yükləyən zaman onun kartının balansında pul olmamışdır. Beləliklə o, Zərərçəkmiş şəxs oğurlamış olduğu 2300 manat məbləğində pulu 7-8 gün ərzində müxtəlif yerlərdə xərcləmişdir. Onun imkanı olmuşdur ki, o, Zərərçəkmiş şəxs kartının balansında olan 5000 manata yaxın pulun hamısını öz kartına köçürməklə oğurlasın, lakin o bunu etməmişdir, çünki onun 2300 manat pula ehtiyyacı olmuşdur. Ona görə də Zərərçəkmiş şəxs kartında olan puldan cəmi 2300 manatını öz kartının hesabına köçürməklə oğurlamışdır. O, Şəmkir şəhərində olan zaman bankomatın qarşısında tanımadığı şəxsdən xahiş etmişdir ki, mobil tətbiq vasitəsi ilə onun kartına pul köçürsün o, da pulu çıxardıb ona versin. Həmin şəxs də onun təklifi ilə razılaşmışdır və o öz mobil tətbiqinin balansında olan puldan 100 manatını həmin şəxsin kartına köçürmüşdür o, da pulu çıxardıb ona vermişdir. Bundan başqa o, oteldə, yeməkxanalarda, yanacaqdoldurma məntəqəsində və sair yerlərdə ödənişlər etmişdir. Eyni zamanda o, həmin kartdan “Azercell” şirkətinə aid olan “A” karta da bir qədər pul göndərib sonradan öz ehtiyacları üçün xərcləmişdir. O, oğurlamış olduğu puldan heç kimə verməmiş və qeyd olunan oğurluq barədə heç kimə bir söz belə deməmişdir. Onun istifadəsində olan “İphone X” modelli mobil telefonda həmin ona məxsus kartın rekvizitləri var, onun çıxarışlarını mobil telefondan çıxardıb verə bilər. O, həmin pulu tək "xxxx" KB ASC-yə aid olan karta deyil, həmçinin yuxarıda da göstərdiyi kimi həm "xxxx" KB ASC-yə aid olan “Leo kart”-a da pul köçürmüşdür. O, Zərərçəkmiş şəxs evində olan internetin giriş kodunu bilmişdir və təxmin etmişdir ki, onun mobil telefonundakı bir bank tətbiqində giriş kodu həmin kod ola bilər. Buna görə də o, həmin 1959 kodunu yazmış və tətbiqə giriş açılmışdır. Məhkəmə istintaqı dövründə o, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam ödəməklə sonuncu ilə barışıq əldə etmişdir. Hazırda əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hal-hazırda Tovuz rayonu Əyyublu kəndində yaşayır, heç bir yerdə işləmir. Şəmkir rayonu Düyərli kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs onun yaşayış evinin həyətindəki otaqda kirayədə yaşamışdır. O, 2023-cü ilin dekabr ayının sonlarından onun evində kirayədə yaşamış, o, Seymuru onun evində kirayədə qalanda tanımışdır. Seymur onunla eyni həyətdə ayrı otaqda yaşamış, onun yatdığı otağına istədiyi vaxt sərbəst formada girmişdir, birlikdə söhbət etmişlər. xx.xx.2024-cü il tarixdə saat təxminən 12-də onun telefonuna mesaj gəlmişdir ki, kartına müdaxilə olunubdur. O da telefonunda baxıb görmüşdür ki, kartının hesabında olan pulun hamısı yerindədi. Həmin günü nəvələri telefonu alıb oynamışlar, sonra o telefonunu götürüb olduğu yerə gəlmişdir. Seymurda onun otağına gəlmişdir, üşüdüyündən peçin yanında dayanmışdır. Həmin gün axşam o yatmış, Seymurda çıxıb öz otağına getmişdir, həmin günün səhəri günü saat 08 radələrində telefonunu döşəyinin altına qoyub həyətə toyuqlara dən verməyə getmişdir. O, həyətdə olan vaxt görmüşdür ki, küçəyə bir maşın gəldi, Seymur evdən çıxıb həmin maşına minib getdi. Bundan sonra o, evə gəlib telefonunu götürüb "xxxx" ASC-nin Tovuz şəhərində yerləşən filialına gəlmişdir. Orada kartını verib demişdir ki, elə bil kartı bağlanıbdır. Bankda karta baxıb demişlər ki, kartın işləyir aktivdi. Bundan sonra o, kartını "xxxx" ASC-nin Tovuz şəhər filialının qarşısındakı terminala salıb yoxlayanda görmüşdür ki, kartından xx.xx.2024-cü il tarixdə 08:18-də 2300 manat məbləğində pul çıxarılmışdır. O, dərhal "xxxx" ASC-yə yaxınlaşmış, orada kartını verib bildirmişdir ki, kartından 2300 manat məbləğində pul çıxarılıbdır. Bankda kartı yoxlayıb demişlər ki, “sənin kartından pul çıxarılmayıb, sənin "xxxx"a məxsus 4169-7388-6627-03-78 nömrəli kartından 2300 manat məbləğində pul "xxxx" KB ASC-yə məxsus 5243-7544-4270- 2633 nömrəli kartın hesabına telefon vasitəsilə köçürülübdür.” O, həmin "xxxx" KB ASC-yə məxsus kartın Şəmkir rayonu Düyərli kənd sakini Təqsirləndirilən şəxs məxsus olduğunu müəyyən etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə yenidən "xxxx" ASC-yə müraciət etmiş və kart hesabından 2300 manat məbləğində pulun "xxxx" KB ASC-yə aid kartına köçürülməsi barədə əməliyyatın çıxarışını əldə etmişdir. Həmin çıxarışdan görünür ki, həqiqətən onun kartında olan puldan 2300 manat pul xx.xx.2024-cü il tarixdə saat 08:18-də Təqsirləndirilən şəxs "xxxx" KB ASC-yə məxsus kart hesabına köçürülmüşdür. Bundan sonra o, ərizə ilə Tovuz rayon polis şöbəsinə müraciət etmişdir. Tələbi odur ki, ona dəyən ziyan ödənilsin və Təqsirləndirilən şəxs onun pulunu oğurladığı üçün məsuliyyətə cəlb edilsin. Onun evində olan internetə giriş kodu ilə telefonunda olan birbank təhlükəsizlik kodu eynidir, kirayədə qalan digər kirayənişin internetin kodunu Seymura vermişdir, ola bilsin ki, o həmin kodla onun telefonunda olan “Birbank” tətbiqinə daxil olmuşdur. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonuncudan heç bir şikayət və tələbinin olmamasını bildirdi. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Şəmkir Rayon İHB-nin Düyərli kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurlmuş 2300 manat maddi ziyan tamamilə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının 10.3-cü bəndində qeyd edilmişdir ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi tövsiyyə edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar