Məhkəmə qərarları › İş №1(062)-7/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-7/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-7/2023 23.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.2000-ci ildə Tovuz rayonu Əsrik Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Əsrik Cırdaxan kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06 mart 2022-сi il tarixdə saat 21 radələrində yol hərərkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaklarına ziyan vurmamalı, hərəkət istiqamətinin dəyişdirilməsi ilə əlaqədar apardığı manevrin təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini, eyni zamanda alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda avtomobili idarə etməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, Tovuz-Böyük Qışlaq avtomobil yolunun Tovuz rayonu Əsrik Cırdaxan kəndi ərazisində saatda 40-50 km/saat sürət həddi ilə idarə etdiyi “Vaz 2106” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolun döngəli hissəsində idarəetməni itirərək, avtomobili yolun sağ hissəsindəki dərəyə aşırmış, nəticədə ehtiyyatsızlıqdan avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs İİ bel fəqərəsinin sınığı ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu Əsrik Cırdaxan kəndində atası Məhəmməd İbrahimov, anası Səadət İbrahimova, qardaşı Elgün İbrahimov ilə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, “Qarabağ” müharibəsi veteranıdır, İİ-ci qrup əlildir. Özünə məxsus «VAZ 2106» markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Lakin sürücülük vəsiqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində o, özünə məxsus avtomobil ilə yol-nəqliyyat hadisəsi törədərək, avtomobilini dərəyə aşırtmışdır. Belə ki, həmin günü günorta saatlarında o, evdə olarkən tək başına pivə içmişdir. Sonra həmin günü saat təxminən 20 radələrində dostu Turala zəng edib bulağa getməyi təklif etmişdir. Tural onunla razılaşdıqdan sonra o, Turalı kəndin arasından götürüb onunla birlikdə Tovuz rayonu Əsrik kəndi ərazisində yerləşən “Su səsi” adlanan bulağa qalxmışdır. Bulaqda oturub birlikdə kabab yemişlər, lakin spirtli içki qəbul etməmişlər. Saat təxminən 20:30 radələrində Turalla birlikdə həmin bulaqdan çıxıb onun avtomobilinə əyləşmişlər. İdarə etdiyi həmin avtomobillə Əsrik kəndinin ərazisi ilə evlərinə tərəf qayıdırkən “Maral” bulağı adlanan bulağın yaxınlığında, yolun döngəli hissəsində, yolu dönə bilmədiyi üçün idarə etdiyi avtomobilin sağ yan təkərləri yolun ehtiyyat hissəsi sayılan daşlıq hissəyə çıxmış və o, idarəetməni itirdiyi üçün avtomobil bulağın qarşısında olan dərəyə sürüşüb düşmüşdür. O və avtomobildə sərnişin kimi əyləşmiş dostu Tural birtəhər avtomobildən yerə düşmüşlər. Hadisə zamanı onun alın nahiyəsi çapılmış və başından qan axmışdır. Dostu Tural isə belini tutub daşın üstündə əyləşmişdir. Həmin vaxt o, digər dostu Nicata zəng edib həmin yerə gəlib onlara köməklik etməsini xahiş etmişdir. Bir müddət sonra Nicat hadisə baş verən yerə gəlib onların dərədən çıxmaqlarına köməklik göstərmiş və öz avtomobil ilə onları rayon xəstəxanasına çatdırmışdır. Hər ikisi xəsarət aldıqları üçün xəstəxanada onlara ilkin tibbi yardım göstərilmişdir. O, özünə məxsus avtomobili sürücülük vəsiqəsi olmadan və sərxoş halda idarə edərək, öz günahı ucbatından dərəyə düşmüş və hər ikisi xəsarət almışlar. Hazırda əməlindən peşmandır. Odur ki, bu kimi halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Tovuz rayonu Əsrik Cırdaxan kəndində nənəsi Şəfiqə Əliyeva və dayısı Kamran Verdiyev ilə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Yol-nəqliyyat hadisəsini törədən Təqsirləndirilən şəxs onun dostudur, eyni zamanda onlar həmkəndlidirlər. xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində dostu Elşən özünə məxsus “VAZ 2106” markalı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş və avtomobil qarışıq dərəyə aşmışlar. Belə ki, həmin günü saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng edərək “Su səsi” adlanan bulağa getməklərini təklif etmişdir. O da razılaşmış və evdən çıxıb Elşənin onu gözlədiyi yerə getmişdir. Elşənə məxsus “VAZ 2106” markalı avtomobilə əyləşib “Su səsi” adlanan bulağa qalxmışlar. Bulaqda masaların birində əyləşib çay içmişlər, ardınca isə hər birinə bir şiş lülə kabab yemişlər. Lakin bulaqda spirtli içki qəbul etməmişlər. Lakin Elşən əvvəldən spirtli içki qəbul etdiyi üçün həmin vaxt sərxoş olmuşdur. Elşənin ondan qabaq harada və kimlə spirtli içki qəbul etməsindən isə onun heç bir xəbəri olmamışdır. Saat təxminən 21 radələrində həmin bulaqdan çıxıb, yenə Eləşənə məxsus avtomobilə əyləşib, evlərinə tərəf gəlmişlər. Avtomobili Elşənin özü idarə etmişdir. Əsrik kəndinin ərazisində yerləşən “Maral” bulağı adlanan bulağın yaxınlığında, yolun döngəli hissəsində Elşən yolu dönə bilmədiyi üçün idarə etdiyi avtomobilin sağ yan təkərləri yolun ehtiyyat hissəsinə çıxmış və Elşən idarəetməni itirdiyi üçün avtomobil bulağın qarşısında olan dərəyə, çayın içinə, sürüşüb düşmüşdür. O və dostu Elşən birtəhər avtomobildən yerə düşmüşlər. Həmin vaxt Elşən dostu Nicata zəng edib həmin yerə gəlib onlara köməklik etməsini xahiş etmişdir. Bir müddət sonra Nicat və Teyyub həmin yerə gəlib onların dərədən çıxmalarına köməklik göstərmiş və öz avtomobili ilə onları rayon xəstəxanasına çatdırmışdır. Hər ikisi, yəni o və Elşən yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışlar. Özü həmin hadisə zamanı belindən, dostu Elşən isə baş nahiyəsindən xəsarət almışlar. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Tovuz rayon Əsrik Cırdaxan kəndində ailə üzvləriylə birlikdə yaşayır. Rəsmi olaraq Tovuz RPŞ-nin İTB-nin sahə polis nəfəri işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, hər ikisi onun həmkəndliləridir. Heç bir ilə hazırda heç bir ədavəti yoxdur. Bir kəndçi kimi münasibətləri normal olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində o, dostu Teyyub ilə birlikdə sonuncuya məxsus “Niva” markaı avtomobil ilə Tovuz rayonu Böyük Qışlaq kəndi ərazisindən üzü Tovuz rayonu Əsrik Cırdaxan kəndinə tərəf gəlirmişlər. Əsrik-Cırdaxan kəndi ərazisi ilə hərəkətdə olarkən həmin kəndin ərazisində yerləşən “Maral” bulağının yaxınlığında baxmışdır ki, tanımadığı bir neçə şəxslər dayanıb dərəyə baxırlar. Nə baş verdiyini aydınlaşdırmaq üçün Teyyub həmin yerdə avtomobili dayandırmışdır. Hər ikisi avtomaşından yerə düşmüşlər. Həmin şəxslər bulaqdan gəlib həmin yerlə keçən şəxslər olmuşlar. Onların heç birini o, tanımamışdır. O, həmin yerə yaxınlaşanda görmüşdür ki, dərəyə “VAZ 2106” markalı avtomobil düşübdür. O və Teyyub köməklik etmək məqsədilə həmin avtomobilin yanına düşmüşlər. Yaxınlaşanda avtomobilin həmkəndlisi Təqsirləndirilən şəxs məxsus avtomobilin olduğunu görmüşdür. Elşən avtomobilin içrisində sükanın arxasında olmuşdur. Elşənin başından qan axmışdı. Tural isə avtomobilin yaxınlığında, belini tutaraq daşın üstündə oturmuşdur. Onların hər birinə kömkəlik edib dərədən asfalt yola qaldırmışlar. Sonra hər ikisini Teyyuba məxsus avtomobilə əyləşdirib rayon xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X1 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Nicat Salmanovun göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2022-ci il tarixli 8/1536 nömrəli rəyindən görünür ki, “VAZ 2106” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyi Ağstafa Rayon Şöbəsinin 26 mart 2022-ci il tarixli 121 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər — İİ bel fəqərəsinin sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə olan yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan 06 mart 2022-ci il tarixli qəbzdən görünür ki, hadisə baş verən zaman, yəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 1,398% alkoqol sərxoşluğunda olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Əsrik Cırdaxan kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ərizədən görünür ki, onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi-sosial ekspert komissiyasının verdiyi məlumat vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin Tovuz RQİ və TB şöbəsinin xx.xx.2022-ci il tarixli 016-561 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Həmin şəxsin adı sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarına əlavə edilmiş vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Tovuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə-tibbi ekspertiza təyin edilmiş və ekspertizanın xx.xx.2023-cü il tarixli T272/2023 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs barəsində verilmiş əvvəlki ekspert rəyi ilə hazırki ekspert rəyi arasında hər hansı uyğunsuzluq olmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını, vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, İİ qrup əlil olmasını və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən hallarla yanaşı gəncliyini, vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, İİ qrup əlil olmasını və zərərçəkmiş şəxslə barışmasını, cinayəti törətdikdən sonrakı davranışını nəzərə alaraq, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması inamına gəlir və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq cəzanın şərti tətbiq edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmasını zəruri hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülməlidir. İşdə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 343347, 351- 353 və 356-357-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə əsas cəza şərti tətbiq edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Əlavə cəza olan 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası icraya yönəldilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar